Azadlıq və azad ruh naminə!
Amma bu bir həqiqət idi ki, atam adam öldürmüşdü. O gecə atam mənim homoseksual övlad ola bilmə ehtimalımın başını bədənindən ayırmışdı.
24/Oct/19
4351
Amma bu bir həqiqət idi ki, atam adam öldürmüşdü. O gecə atam mənim homoseksual övlad ola bilmə ehtimalımın başını bədənindən ayırmışdı.
Azadlıq və azad ruh naminə!
Keçən günlərdə ultrahomofob olan ailə üzvlərimdən fərqli olaraq eynicinsli məhəbbət janrlı filmləri izlədiyim, homoseksual adamların musiqilərinə qulaq asdığım üçün evdə yavaş-yavaş qara kölgə kimi izlənildiyimin fərqinə vardım. Atam yanımda tez-tez özündə şiddət ehtiva edən homofobik sözlər, söyüşlər, təhqirlər işlətməyə, anam da "ağıllı-ağıllı" suallar verməyə başlamışdı: niyə kişi kimi geyinirsən? Saçlarını niyə qız kimi yığmırsan? Sabah biri gün evlənəcəksən, ev işlərini öyrən və sair.
Hansısa bayramlardan biri idi. Eyni, lokanik, hər il təkrarlanan bayram rutininə əsaslanan yemək süfrəmizin sonunda atamın həmişəki "təntənəli" çıxışı başladı. Bu dəfə mövzu fərqli idi. Bu dəfə bütü ailə qoyun sürüsü kimi atamın ağzına yox, mənə baxırdı. Son cümlə belə oldu: "Bilsəm ki, ailə üzvlərimdən kiminsə "özükimilərə meyli" var, bir kəlmə deməmiş boğazını üzərəm.” Başımda şimşək çaxdı. Boğazım qurudu, nəfəsim təntidi, otağın divarları daraldı, evdəkilərin gözləri hədəqədən çıxıb üstümə yeridi, qulaqlarım tutuldu. Atamın gözləri düz gözlərimin içinə baxırdı. Udqundum. Kirpiklərim heyrətdən qeyri-ixtiyari nəmləndi. Bunu təsəvvür edirdim, amma söz kimi eşitməyi gozləmirdim. Ən azı həmin an gözləmirdim. Gözlərimi düz atamın qıpqırmızı qızarmış, alovlanan, ünvanlı, qəzəbli, cinayətkar gözlərinə zillədim. Bəli, o gözlər bir adam öldürmək iqtidarında idisə, demək artıq həmin akt reallaşmışdı. Atama bu rakursdan heç baxmamışdım. Elə bilirdim, həyat daha asandı. Dilim bu balaca sözü hecaladı:
- Niyə?..
Sualım hamının köksündən heç kimin eşitməyəcəyi, ancaq mənim duya biləcəyim bir heyrət ahı çalxalayıb püskürdü. Sualımın gözlənilməz effektindən hələ də zillədiyim atamın gözlərində ildırım kimi gurladı, elektrik zolaqlarının yanıb-söndüyünü, o cinayətkar gözlərin get-gedə bərəldiyini hiss elədim. Bir də masanın altından kiminsə ayağıma möhkəmcə ilişdirdiyini. Yəqin anam idi. Atam əlinin altındakı çəngəli əyib iki qatladı, stuldan durub mənə sarı əyildi, üzündən od, hərarət yağırdı:
- Dedim ki... başını bax bu əllərimlə... bədənindən ayıraram...
Anam hövlnak ayağa qalxdı. Sözləri ora-bura yıxıla-yıxıla bir-iki söz sayıqladı. Biz atamla hələ də baxışırdıq. Hiss edirdim ki, yanaqlarımdan yaş süzülür. Anam hey nəsə danışırdı. "Əşi bizim nəsildə-kökdə belə şey olmuyub ha, bu uşaqda da ola", "a kişi, otur yerinə, bayramımızı zəhərə döndərmə", "ay qız, sən də yum da bu ağzını" və sair.
Söhbətdən bir neçə ay keçdi. Mən homoseksual deyildim. Amma əgər belə olsam, atam məni öldürmək potensialında idi. Çox oxumuşdum, çox dikbaş idim. Yəqin öz cinsimə meyilli olsam, qorxmazdım, evdən qaçar, ailəmdən imtina edərdim. Atam da boğazımı üzmək üçün məni axtarana kimi ya insultdan ölər, ya da övladlıqdan çıxarardı. Amma bu bir həqiqət idi ki, atam adam öldürmüşdü. O gecə atam mənim homoseksual övlad ola bilmə ehtimalımın başını bədənindən ayırmışdı. Çıxış yolu yenə vardı. Nə özümə qəsd, nə onlarla mübarizə. Imtina etmək və çıxıb getmək. Təhlükəsiz olan yerlərə. Əgər qurtulmaq ehtirasın varsa, bunu mütləq bacarırsan. Indiki halda atamın o hədəsi də sadəcə gülünc görünür, ikrah hiss oyadır. Güclü valideyn olsa, övladına qıymaq istərdimi? Övladının həqiqətini qəbullanmayan, onu yox etməyə hazır olan valideyn o övlada layiq idimi? Xeyr!
Ailəmdən imtina etdim. Onlar da məndən. Uzun müddətdir xəbərim yoxdur. Axı onlar məni öldürməyə hazır homofob cahillər idi. Məni isə heç bir bioloji gerçək, genetika, kodlara bağlı hisslər onlara bağlaya bilməzdi. Indi onlardan uzaqdayam. Həyatımda heç bir homofob, qəddar, insan düşməni saxlamıram. Insanları sevirəm, onların seçimlərini müzakirə etmək haqqını özümdə görmürəm. Necə ki, homoseksuallar niyə məndən hetero münasibətimi sorğulamır, mən də elə. Hamınızı sevirəm! Azadlıq və azad ruh naminə!
Müəllif: Leyla