Nəsrin Cavadzadə ilə müsahibə
Nəsrin Cavadzadə Türkiyədə yetərincə məşhur aktrisa və həmyerlimizdir.
10/Jan/19
12360
"Qadın da, kişi də çox homoseksual dostlarım var və onları çox sevirəm. Bu dünyaya və hiss etdiklərinə nabələd deyiləm."
1. Bildiyimiz qədərilə 1993-cü ildən Türkiyədə yaşayır və orada çalışırsınız. Türkiyə sizdən nə aldı və sizə nə verdi?
1992-ci ildə anamla birlikdə İstanbula köçdük. Həkim ailəsindənəm. Anam da uşaq həkimidir, rəhmətlik nənəm də. Ata tərəfimdən də hər kəs həkimdir. Dünyaca məşhur cərrah Miri Cavadzadə babamın doğma qardaşıdır. Qısacası, köklü bir ailədənəm və bu səbəbdən hər zaman yaxşı məktəblərdə, yaxşı şərtlər altında oxudum. Bu anlamda uşaqlığımı bir cənnət baxçası kimi xatırlayıram. Doğmalarımın ətrafımda pərvanə olduğu, sevgidə boğulduğum bir uşaqlıq…Deyərkən anam ani bir qərarla Azərbaycandan köçməyə qərar verir və mən 11 yaşında bir uşaq olaraq, mədəniyyətini, dilini (təəssüf ki, ailəmizdə rusca danışılırdı) tərzini bilmədiyim başqa bir ölkədə sıfırdan başlamaq məcburiyyətində qalıram. Üstəlik bütün ailəmizi geridə qoyaraq. Biz burada anamla bir-birimizin hər şeyi olduq. O, mənim anam, atam, sirdaşım, dostum və hardasa təkbaşına geridə qoyduğum vətənim oldu. Amma, yenə də çox çətin bir şey idi o yaşda. Nəticə etibarilə isə iki mədəniyyəti də yaxşı bilən bir dünyagörüş qazanırsan, daha dərin bir insan olursan, amma hər zaman bir az əskik, bir az köksüz qalırsan. Kim nə deyir desin, insanın doğulduğu torpaq parçasında bağ salması, kök atması, bəslənməsi, doğulduğu mədəniyyətlə zənginləşməsi çox qiymətli bir şeydir. Mənim bütün bu hisslərim bir az bölünmüş vəziyyətdədir. Hara daha çox aid olduğumu özüm də bilmirəm. Hər halda bütün miqrantların ortaq taleyidir bu.
2. Müasir həyatımızı kinolarsız təsəvvür etmək mümkün deyil. Sizcə bir film ilə cəmiyyətin fikrini hansısa mövzuda dəyişmək mümkündürmü?
Sözsüz mümkündür. Bəlkə çox Don Kixot kimi romantikləşdirmək lazım deyil bu fikri, amma mən sənətin dəyişdirici gücünə inanıram. Güclü sənət əsərləri ilə qarşı-qarşıya qaldığımızda bir də eyni insan ola bilmərik. Sənət sizi yönəldər, dəyişdirər, qavranışınızı açar, baxış tərzinizi sual altına qoyar. Bəzi əsərlərə şah əsər deyilməsinin özündə də bu gizlənib. Bir sənətçi çıxıb bir iş görər və cəmiyyətdə və yaxud sənət aləmində o günə qədər var olan düşüncəni alt-üst edər. Suyun axın istiqamətini dəyişdirər. İnsan övladının Allahın gözünə girmə cəhdidir sənət və həddindən artıq güclüdür.
3. Aktrisa olmaq çox zaman başqa birinin həyatını yaşamaq deməkdir, bəs sizin ruhunuza, zehninizə hopan və təsirindən uzun müddət ayıla bilmədiyiniz rolunuz olubmu?
Mən oynadığım rolların təsirində qalmıram. İşimə sənətkar kimi yanaşıram. Lazım olanı edib, kənara çəkilirəm. Onu sənət halına gətirəcək olanlar izləyənlərdir. Gördüyüm iş bir insanın qəlbinə, ruhuna, ağlına gedən yolu açıb, onu təsir altına alırsa, sənət o zaman yaranır. Yəni oynayarkən mən indi sənət yaradıram deyə bilməzsiniz. Sənət ancaq onu seyr edənlərlə ortaya çıxır. Yəni bir izləyənə və dolayısı ilə çevrilənə ehtiyac var. Bütün bunlarla yanaşı, aktyorların ağlı başında olmaları kimi bir öhdəliklərinin olduğunu da düşünürəm. İşinizə psixoterapiya seansı kimi baxmamalısınız. Bir aktyorun vəzifəsi mətanətlə, səbrlə, təvəzökarlıqla bir qəhrəmanı canlandırmağa çalışmaqdır. Bunun üçün də xüsusi texnikalar mövcuddur. İşinizdə ustalaşmağınız bu texnikaya nə qədər hakim ola bilmənizlə ölçülür. Məsələnin bu tərəfində bir müəmma yoxdur. Aktyorlar bir gizəm, mistisizm yaradıb bundan mükafat ummağı sevərlər, mənə isə çox gülünc gəlir. Bir piano ifaçısı gündə 12 saat barmaqlarını çalışdırıb sənətində ustalaşmağa çalışarkən bir gizəm pərdəsi yaratmağa niyyətlənmir, sən də aktyor olaraq niyyətlənməməlisən. Mən bu cür düşünürəm.
4. Türkiyə və Azərbaycanı insan haqları mövzusunda müqayisə etsəniz, hansı fərqləri və oxşarlıqları qeyd edərdiniz?
Hər ikisinin çox ciddi problemləri var. Hələ gediləcək və qət ediləcək çox məsafələr var. İkisi də son dərəcə gənc və dinamik cəmiyyət quruluşundan ibarətdir. Bir çox anlamda hələ də körpəlik dönəmlərini yaşayırlar. Haqq, hüquq, ədalət, azadlıq, bərabərlik… Bütün bu qavramlar dünyanın digər müasir mədəniyyətləri yanında çox aradan gələn vəziyyətdədir. Çox böyük problemlərimiz var hər iki ölkə adına da. Dövlətlərin ən böyük öhdəliyi hər bir vətəndaşının rəngi, dili, dini, irqi, yaşı, sosial statusu, iqtisadi statusu, cinsi yönəlimi və s.-dən asılı olmayaraq onları güvəndə hiss etdirməkdir. Vətəndaş bu güvənlə yaşamalıdır: “Mənə heç nə edə bilməzlər, çünki arxamda dövlətim var”… Ancaq təəssüf ki, iki ölkə bir çox anlamda vətəndaşına bu güvəni verə bilmir. Biz bir çox məsələdə, xüsusilə insan haqları mövzusunda dünyanın bir çox ölkəsindən geridə qalırıq və bunun üçün çalışmaq hər birimizin ayrı-ayrılıqda vəzifəsidir.
5. Film sektorunda kifayət qədər təcrübəsi olan şəxs kimi sizə ən çox təsir edən LGBT məzmunlu hansı film olub?
Pedro Almadovarın çox böyük heyranıyam. Onun filmlərinin demək olar ki, hamısının mövzusu LGBT-dir. Ən son olaraq isə Danish Girl-u izləmişəm və film mənə “bir insanın əsl kimliyini tapmaq iztirabı” anlamında çox təsir etdi. Yəni bəzən ayrılmaz parçamız olaraq gördüyümüz kimliyimiz bizi tərk edə bilir və içimizdə başqa birinin varlığını hiss edə bilirik. İllər bir-birini əvəzləmiş, eşitməzliyə vurmuş və ya hiss etməmiş olsaq da, bir gün gəlir və özünə dair düşüncələrin alt-üst olmağa başlayır.Yəni heç bir kimlik əslində ayrılmaz parçamız deyil. Necə ki, düşüncələrimiz, hisslərimiz, qavrayışımız dəyişə bilirsə, kimliyimiz də elə dəyişə bilər. Heç bir şeyə ölümünə yapışıb qalmırıq. Kim oldğumuza belə. Çünki, həyat demək, dəyişmək deməkdir və eyni suda iki dəfə yuyuna bilmərik. Əsas olan o dəyişimi qucaqlaya bilməkdir.
6. Sizcə niyə Türkiyədə ictimai insanlar, sənət adamları LBGT mövzusunda danışmaqdan çəkinmirlər və əksinə, bu mövzuda öz açıq dəstəklərini göstərirlər? Azərbaycanda isə bu mövzu hələ də tabu hesab edilir.
Bu anlamda iki ölkə arasında böyük oxşarlıqlar görürəm. Türkiyədə bir az daha çox danışılan olması mövzunun tabu hesab edilməməsi anlamına gəlmir. Baxın, Türkiyə qadın cinayətləri, namus cinayətləri mövzusunda hər zaman dünyada ən ön sıralardadır. Ümumilikdə bir dözümsüzlük atmosferi mövcuddur. Səhv etmirəmsə, Orlando hadisəsindən sonra LGBT icmasına mesaj göndərən təkcə Sezen Aksu oldu. Bəli, bəlkə bizim Pride yürüşümüz bir az daha izdihamlıdır, daha canlıdır və ya sənət aləmində insanlar kimliklərini daha asan ifşa edirlər, amma bu işin sadəcə makiyaj tərəfidir. Altından sanki Azərbaycandakı kimi çox da xoş olmayan bir üz ifadəsi çıxır. Hüquqi baxımdan hər iki ölkə hələ də geridədir.
7. Homofobiyanın əsas səbəbi, sizcə nədir?
Özündən fərqli olanlara qarşı tolerant ola bilməmək, qorxmaq, onları təhlükəli olaraq görmək. İnsan ancaq qorxduğu şeyə hücum etmək ehtiyacı hiss edir. Özünü təhlükə altında hiss edirsə, hücuma keçir. Homofobiya başqa kimliklərin, heteroseksual kimliyi sarsıtdığı yönümündəki yalnış düşüncədən yaranır. “Belə bir şey varsa, o zaman mən onlardan biri olmadığımı dünyaya necə elan edəcəm?” vəziyyəti… Öz kimliyini güvənə almaq üçün də özünə oxşamayanları yox etməyə cəhd edər. Hər şey eyni rəngdə olmalıdır ki, varlığın şübhə altına alınmasın. Bu, çox acınacaqlı və bəsit düşüncə tərzidir. LGBTI insanlar vardırlar və bir gün mütləq qalib gələcəklər. Çünki, sevgi daim qalib gəlir. (Love always wins!)
8. Sizə eşq elan edən qadın olubmu?
Eşq deməyək, amma qadın heyranlarım çoxdur. Və bir qadından kompliment eşitmək məni hər zaman ikiqat xoşbəxt edir. Bizə təəssüf ki, bir-birimizi rəqib olaraq görmək öyrədilib. Üstəlik, ən acınacaqlı tərəfi də işdəki uğurlar və ya iradəli olmaq məsələsində yox, kişilərin diqqətini çəkə bilmək məsələsində rəqib olmalıyıq. Qadınlara öyrədilən budur. Bu, çox kədərli bir haldır və qadınların irəli gedə bilməsinin önündə ən böyük əngəldir. Mən özümü feminist olaraq görürəm. Yəni ən təbii halda qadınların kişilərlə bərabər haqlara sahib olmalarının vacibliyinə inanıram. Dolayısı ilə güclü qadınlar məni özlərinə rəqib görməyib, gözəlliyimə və ya sənətdəki uğurlarıma görə iltifat etdikləri zaman özümü daha güclü hiss edirəm.
9. Gələcəkdə hansısa filmdə lezbiyan bir qadını canlandırmalı olsanız, o rolun maksimum uğurlu alınması üçün nə edərdiniz?
Mənim bir çox gey dostum var. Qadın da, kişi də çox homoseksual dostlarım var və onları çox sevirəm. Bu dünyaya və hiss etdiklərinə nabələd deyiləm. Çətinlik çəkmədən oynaya biləcəyimə inanıram.
10. Sosial mediada bəylərin sizə göndərdiyi çılpaq şəkillərdən ibarət sərgi etmək niyyətindəsiniz. Qadın olmaq sizcə bu qədərmi çətindir və bu cür sərgi nəyi dəyişəcək?
Mən daha öncə qeyd etdiyim kimi, sənətin dəyişdirici gücünə inanıram. Bu çalışma hər şeydən əvvəl bir məsələyə diqqət çəkəcək ki, bunun özü də bir uğurdur. Müsahibədən tam anlaşılmadı, ona görə də buradan bir şeyə aydınlıq gətirmək istəyirəm. Mənim məqsədim Əhmədi, Məhmədi şikayət etmək, X, Y, Z, profillərini ifşa etmək deyil. Bu problem bir çox sosial media profillərindən daha böyük həcmi əhatə edir. Məsələnin özündə dözümsüzlük və nifrət, özündən fərqlilərə hücüm var. Dolayısı ilə mənim görəcəyim şey bir sosial öhdəlik proekti deyil, mən bir partiya sədri deyiləm, sənət adamıyam və öz mövqeyim var. Yaratdığım şey də sənət dəyəri olan bir əsər olacaq və gücü yetdiyincə məni bir fərd olaraq narahat edən məsələyə diqqət çəkəcək.
11. Azərbaycan LGBT icmasına və jurnalımızın oxucularına sözünüz?
Güclü qalmalarını arzu edirəm və sevgilərimi, salamlarımı çatdırıram.