Qız yoxsa oğlan?
Gözümüzü açdığımız andan hər saniyə çoxsaylı informasiya qəbul edirik. Ölçə bilmədiyimiz qədər çox məlumat axınına məruz qalsaq da, onlardan qərar qəbul edərkən istifadə etməyi bacarırıq.
10/Jan/19
7838
Gözümüzü açdığımız andan hər saniyə çoxsaylı informasiya qəbul edirik. Ölçə bilmədiyimiz qədər çox məlumat axınına məruz qalsaq da, onlardan qərar qəbul edərkən istifadə etməyi bacarırıq. Bu necə baş verir? Və bizim ətraf mühiti dərk etmə üsullarımızın önyarğılarımızla necə bir əlaqəsi var? Bizi həyatda tutan beynimiz elə həmin yolla da bizi bir-birimizdən ayırırmı?
Niyə gördüyümüz hər şeyi əvvəlcədən haqqında bildiyimiz nə iləsə əlaqələndirməyə çalışırıq? Niyə birinə baxdığımız zaman onun erkək, yoxsa dişi olduğunu səylə ayırd etməyə cəhd göstəririk, xüsusilə həmin insan bizim standart saydığımız cinsi özəllikləri daşımayanda?
Sxema termini ilk dəfə İsveç psixoloqu Jean Piaget tərəfindən irəli sürülmüşdür. Həyatının 50 ilini uşaqların düşüncə və koqnitiv bacarıqlarını necə inkişaf etdirdiklərini araşdırmağa həsr edən alim təklif etmişdir ki, uşaqlar bunu dünyadakı təcrübələrini sxematikləşdirməklə bacarırlar.
Yəni əgər yaddaşımızı geniş bir kitabxana kimi təsəvvür etsək, içəridəki hər kitab rəfi bir sxemaya uyğun gələr. Bu xəyali kitabxananın çox böyük olduğunu vurğulamaqda fayda var, belə ki, hüdudları tam olaraq məlum deyil. Beynimiz qəbul etdiyi məlumatları idarə edə bilmək üçün oxşar informasiyanı bir qruplaşdırmağa müəyyən mənada məcburdur. Məsələn, “sinema” adlı rəfdə sinemaya getməklə bağlı malik olduğumuz bütün biliklər yığılmış olur: bilet almaq, qaranlıqda oturmaq, kinoya baxmaq, popkorn yemək və s. Beləliklə, insan əgər tanışlığı olmayan bir sinemaya gedəsi olsa, yenidən nə etmək lazım olduğunu bir-bir düşünüb tapmalı deyil. “Sinemaya getmək”lə bağlı rəfdə bu informasiya artıq hazır vəziyyətdə var, fərqli bir sinema binasına getsək belə, söhbət yenə də sinemadan getdiyi üçün həmin sxema (rəf) bizi lazımi məlumatla təmin edir.
Sxemalar və qruplaşdırmalar əslində bizim həyatımızdakı adi, gündəlik hadisələri və öhdəlikləri sadələşdirməkdən daha böyük bir məqsədə qulluq edir. Bizim mümkün təhlükələrə daha tez reaksiya verməyimizə, hansısa bir şeyin bizim sağlamlığımız və ya təhlükəsizliyimiz üçün risk təşkil edib-etmədiyini qısa zamanda müəyyənləşdirməyə imkan yaradır. Bu, təkcə uşaqların dünyanı anlamaq mexanizmi deyil, təkamül prosesi boyu insanların qazandığı sağqalma instinktidir. Əgər sxemalarımızı darmadağın edə biləcək məlumat alsaq, beynimiz buna çox sərt reaksiya verə bilər. Həmin məlumatı sistemə daxil etməkdən imtina edə bilər ki, ətraf mühit bizim gözümüzdə indiyə qədər təsəvvür etdiyimiz şəkildə qalsın. Əks halda öz reallığımızı yenidən konstruksiya etmək məcburiyyətində qalarıq və bu bizi çaş-baş sala bilər. Nəyin nə olduğunu, necə ola biləcəyini bilmək istəyirik ki, onunla necə rəftar edəcəyimizi, ondan nələr gözləyə biləcəyimizi əvvəlcədən özümüz üçün müəyyənləşdirək.
Gordon Allport qeyd edirdi ki, insanların gördüklərini kateqoriyalara salmaq tendensiyasının qarşısını almaq demək olar ki, mümkün deyil. Adi yaşayışımız belə bir sistemin üstündə qurulub. Təəccüblüsü isə odur ki, reallıqda bir-birindən tamamilə ayrılan iki kateqoriya demək olar ki, mövcud deyil. Hətta ölümlə həyat arasında dəqiq bir xətt yoxdur: həyat son nəfəslə bitir, yoxsa son ürək döyüntüsü ilə, yoxsa beyin bütün fəaliyyətləri tam olaraq dayandırandan sonra?
Qısası, insanlar qəbul etdikləri informasiyanı daha yaxşı qavramaq üçün qruplaşdırır. Beynimiz də bu zaman bir qrupa aid etdiyimiz şeylər arasındakı fərqləri olduğundan daha az, qruplar arasındakı fərqləri isə olduğundan çox qəbul edərək məlumatları dərk etməyimizi asanlaşdırır.
Bu, düşüncələrimizin, ətrafımızı anlama şəklimizin psixoloji konstruksiya olduğunu yadımızda saxladığımız müddətcə gündəlik həyatda fəaliyyətimizə o qədər də maneə olmur, əksinə prosesləri sadələşdirir. Amma sistem bir nöqtədən sonra əleyhimizə işləməyə başlayır. İnsanlar.
Məsələn, oğlan nədir? Bir çox insanın “oğlan” rəfində bu məlumatlar toplanıb: penis və xayası olur, süd vəziləri yoxdur, çox vaxt qısa saçları olur, makiyaj sevmir, futbol, basketbol, güləş, boks, cüdo tipli idman növlərinə yatqın və maraqlıdırlar, çox vaxt maşınlardan başları çıxır, emosional deyillər, aqressiv olmaq ehtimalları böyükdür, sərt üz xətləri olur, səsləri qalın olur, qızlardan xoşları gəlir, seksə daha meyilli olurlar və s. Bildiyim sterotiplərin bir hissəsini sadaladım. Əlbəttə, bu cür rəfə sahib olan hər insan hər oğlandan bu fayldakı hər şeyə uymağını gözləmir. Amma çox vaxt öz rəfinə yerləşdirdiyi xüsusiyyətlərin ən azı bir neçəsinin dəyişməz olduğuna inanır və onları istinasız qəbul edir. O qrupu digərlərindən fərqləndirən hanısa özəllikləri saxlamalıdır ki, o rəf bir rəf olaraq beynində qalmağa davam edə bilsin, ya da gələn dəfə oğlan görəndə onun oğlan olduğunu o dəqiqə “anlasın”. Amma iş orasındadır ki, yuxarıda saydığım xüsusiyyətlərdən heç biri bir oğlanı təyin etmək üçün sabit bir faktor deyildir. Bunlardan heç bir dənəsinin də istinasız hər oğlana aid olması mümkün olmur. Buna görə də insanlara gəldiyimiz zaman artıq rəflərə yığdıqlarımız fayl olmaqdan çıxıb narahatedici stereotiplərə çevrilir.
Onda sabit bir faktor kimi nəyi götürək? Necə bilək ki, düşündüyümüzdən nə qədər fərqli görünsə də, həmin şəxs oğlandır?
Mən deyərdim ki, heç bir faktoru əsas götürməyə ehtiyacımız yoxdur. Öyrənməyə ehtiyacımız var. Cins və genderə spesifik olmayan sözlər öyrənməyə ehtiyacımız var ki, gələn dəfə kiminsə genderini təyin edə bilməyəndə ona səhvən aid olmadığı qruplara xas sözlərlə müraciət etməyək. Ya da bir qrupa aid olduğundan əmin olduğumuzu düşündüyümüz şəxs əslində həmin qrupun nümayəndəsi olmadığını deyəndə onunla söhbəti normal şəkildə daha uyğun söz və xitablarla davam edə bilək. Təkamül boyu yiyələndiyimiz bəzi “məlumat”lar artıq həyatımızda o qədər də vacib bir rol oynamır və bəziləri də artıq aktual deyil. Bəzi şeyləri, xüsusilə insanları qruplara ayırmaq kimi bir qabiliyyətdən asılı deyilik. Bizim indi ehtiyacımız olan başqa qabiliyyətlərdir: ünsiyyət, tolerantlıq, anlayış və insanların həyatlarına, haqlarına hörmət edə bilmək.
Psixoloji və sosioloji faktorları kənara qoysaq belə (ki onlar kənara qoyulmayacaq qədər vacibdir), bioloji cəhətdən də məsələ XX (dişi xromosom dəsti olaraq bilinir), XY (erkək xrmosom dəsti olaraq bilinir) ilə bitmir, ayrılmır. Biologiyanın bu qədər sadə olduğunu düşünmək lazım deyil. Cinsimizə və genderimizə təsir edən onlarla (bəlkə də daha çox) faktorlar var.
İnsanların bir hissəsi bir çox mədəniyyətlərdə özünə yer etmiş “qadın” və “kişi” qutularının ümümiyyətlə heç birinə aid deyil, ilk baxışdan insanlar öz rəflərindəki hansısa xüsusiyyətlərə görə onları bu iki qutudan birinə sala bilsələr belə. Ya da bəzən bu iki qutudan birinə aid olan şəxsi başqaları səhvən digər qutuya aid etməkdə israr da edə bilirlər. Qruplarımızın dağılması, dünyanın bizim gördüyümüzdən fərqli olmaq ehtimalı hər nə qədər bir çoxlarımıza dəhşətli görünsə də, sərhədlərimizi aşmağa qərar verdiyimiz andan başlayaraq, qarşımızda sonsuz ehtimallarla dolu maraqlı yollar açıla bilər. Həyatdan həzz almaq üçün hər şeyi anlamaq vacib deyil, anlamadığımızı bilmək yenilikləri öyrənməyə gedən ilk addımdır. Öyrəniləcək o qədər şey, tanınacaq o qədər insan var ki.
Nəyisə anlamadığımızı etiraf etmək, öyrənməyə çalışmaq, anlamasaq belə, bəzi şeylərin bizim həyatımıza aid olmadığını qəbul edərək sadəcə hörmətlə yanaşmaq qruplaşdırmadan daha effektli, hüzurlu və humanist metoddur. Gordon həyatda qalma üsullarımızın yan təsiri olan önyarğı və sterotiplərdən nə vaxtsa yaxa qurtara biləcəyimizə inanmırdı. Amma o, həmin kitabı 1954-cü ildə yazmışdı. Bu gün birdən-birə uzun illər boyu topladığımız faylları rəflərimizdən ata bilməsək də, onların effektiv olmadığını, səhvlərlə, qeyri-dəqiq ümümiləşdirmələrlə dolu olduğunu qəbul edərək nə vaxtsa daha rahat, daha proqressiv, tolerant və dəyişməyə, öyrənməyə açıq bir cəmiyyətdə yaşamağımız o qədər də əlçatmaz görünmür.
“Dünya ağ-qara deyil,”- deyirlər həmişə. Ağ nədir, qara nədir? Nəyə əsasən təyin olunur? Hansı faktorlardan asılıdır nəyinsə ağ, yaxud qara görünməyi? Harda ağ bitir və qara başlayır?
Müəllif: Günel Cəbrayılova
Powered by Froala Editor