“Mavi” fikir dərnəyi qeyd edir ki, insanlar, onların fikirləri, düşüncə axınları, hərəkatlar, partiyalar, cəmiyyətlər dəyişir, dünya əvvəlki qəlibində dura bilmir, kuirləşir. 

Bu dərnək Azərbaycanda da bir müddətdir ki, başlamış bu dəyişimə öz tədqiqatları və maarifçilik layihələri ilə təkan vermək məqsədi ilə təsis edilmişdir. Mavi seksuallıq və gender, kuir tarixi və nəzəriyyələri, sosiologiya və siyasəti ilə əlaqədar müxtəlif növ tədqiqatlarla məşğul olur və bu yöndə maarifləndirici layihələr həyata keçirir.

Dərnəyinin təsisçisi Vahid Əliyev bu təşəbbüs barədə aşağıdakıları qeyd edib:

“Bu fikir dərnəyini yaratmaqla ölkədə seksuallıq və gender haqqında olan müzakirələrə kuir - Mavi yanaşması təqdim etmək istəyirik. Son illər Azərbaycanda feminizm, LGBTİ, gender və seksuallıq mövzuları haqqında yazı və layihələr artır, və müxtəlif təşkilatlar və ictimai təşəbbüs qrupları müxtəlif tədbirlər, seminarlar və layihələr  təşkil edirlər. Təəssüflər olsun ki, ölkədə seksuallıq və gender barəsində akademik yazılar demək olar ki, yazılmır. Bundan əlavə, xarici tədqiqatçıların yazıları ilə də tanış ola bilmirik. Bu isə öz növbəsində seksuallıq və gender haqqında bəzən yalnış informasiyaların yayılmasına səbəb olur. Məsələn, kimsə homoseksuallığın doğuşdan olmasını sübut edirmiş kimi danışır. Və ya kimsə seksuallığın və genderin sosial konstruksiya olmasını deməklə kifayətlənir və bunu mütləq həqiqət kimi təbliğ edir.



"Biz Mavi fikir dərnəyi olaraq inanırıq ki, həm kuirlərə, həm də ictimaiyyətə faydalı məqalələr yazacaq, eyni zamanda əhəmiyyətli olduğunu hesab etdiyimiz bir çox  əcnəbi araşdırmaçıların işlərini yerli auiditoriyaya təqdim edə biləcəyik.”


Qeyd edək ki, Mavi fikir dərnəyi bu yaxınlarda Mişel Fukonun Seksuallığın tarixi kitabından “Diskursa təhrik” fəslinin tərcüməsini dərc edib. Fuko bu fəsildə 17-ci əsrdən başlayaraq müasir insan istəyininin, seksin və seksuallığının diskursa çevrilmə prosesini izah edir.


Yaxın günlərdə isə təşəbbüs qrupu 17 May - IDAHOT (Ümumdünya Homofobiya və Transfobiyaya Qarşı Mübarizə Günü) gününə həsr ediləcək vebinarın elanını paylaşacaq. 

Bu Teleqram kanalı vasitəsiylə dərnəyin digər fəaliyyətləri ilə tanış ola bilərsiniz. 

Powered by Froala Editor