Gömrük əməkdaşlarının uydurduğu yeni qanun
Bu hadisədən mənə məlum oldu ki, intim əşyalarının gətirilməsini gömrük əməkdaşları pornoqrafiya qadağandır adıyla qanunsuz olaraq saxlayır, və ölkəyə buraxmırlar.
17/Sep/20
7959
Salam, həssas mövzular olduğu üçün adımı hallandırmayacağam. Trans kişiyəm, 3 aydır ki, hormon qəbul edirəm. Disforiyalarım (gender kimliyi ilə bioloji cins üst-üstə düşməyəndə yaranan sıxıntı hissi) çoxaldığından Türkiyədən trans kişilər üçün nəzərdə tutulmuş packer (penis qabarıqlığı yaratmaq üçün istifadə olunan əşya) almışdım. Aldığım mağazadan soruşmuşdum ki, problemsiz gələcək? Cavabında dedilər ki, bu vaxta kimi hardasa 2-3 dəfə Azərbaycana göndərim ediblər və problemsiz çatıb. Sifarişi verdim və izlənmə kodu ilə hər gün Azərpoçtun saytından bağlamanı izləyirdim.
Sentyabrın 3-ü mesaj gəldi ki, bağlamanız İmport gömrüyündə saxlanılıb, səbəb kimi isə 'Mənşəyi haqqında sertifikatı yoxdur AZ9095" yazılmışdı. Zəng vurub maraqlandım, dedilər ki, Poçtdaşıma mərkəzinin Gömrük idarəsinə getməlisiniz. Elə həmin gün getdim ora. 1 saat gözlədim, daha sonra izlənmə koduma baxdılar, və bağlamanı arxadan gedib gətirdilər, açmağa çalışanda dedim ki, mütləq açmalısınız? Oğlan dedi ki, əgər şəxsi əşyadırsa, içəridə aça bilərik. Razılaşdım içəridə açılmağına, amma elə içəridə də müştərilər olmasa da, öz işçiləri kifayət qədər idi. Qutunu oğlan açdı, packer və.s olduğunu görüb bildirdi ki, bunların ölkəyə girməsi qadağandır, bağlamanı geri göndərəcəyik. Səbəbini soruşdum və bildirdim ki, aldığım satıcı bir neçə dəfə Bakıya göndərə bildiyini deyib. O cavabında elə bir şey ola bilməz, kim o sözü deyirsə gəlsin, burda danışaq, qanuna əsəsən qadağandır dedi. Mən trans kişi olduğumu və mənim üçün bunu almağımın çox normal olduğunu vurğuladım, amma o öz sözündə durdu. Həmin gün bunun qanunsuz olduğuna oğlan məni inandırdı və ərizə yazmağımı tələb etdilər ki, bağlama geri qayıtsın. Ərizəni yazdım. Digər əməkdaşların hamısı təkrar-təkrar oğlandan nə var ki, nə var ki içində soruşurdular. Özümü yaxşı hiss etmədim və çıxdım tez ordan. Həqiqətən çox məyus olmuşdum ki, necə ola bilər ki, bu qadağan olsun və üstəlik həmcinsimin qarşısında qürurumun sındığına görə də ayrı üzülürdüm.
Düşündüm ki, mən axı niyə orda onlarla dirənmədim, qanunu göstərmələrini tələb etmədim. Bu bir az intim mövzu olduğuna görə insan çox səs-küy sala bilmir, çünki kiminsə kameraya çəkməyindən, insanların baxışların çəkinirsən. Üstəlik disforiya yaşadığın üçün məhsulu alırsan, amma gəlib orda disforiyanın pik həddinə çatırsan.
Sonra ağlıma gəldi ki, Azərbaycanda yeganə online sex shop var - Buta Shop. Düzü Buta shopun saytındakı məhsullara diqqət yetirsəniz əsasən cisgender insanlar üçün nəzərdə tutulmuş məhsullardır, amma hər bir halda onları gətirib gömrükdən keçirə bilirlərsə, mənim məhsullarım niyə keçməsin düşündüm. Əgər qadağandırsa, onlar necə olur illərdir ki, fəaliyyət göstərirlər? Saytlarında qeyd ediblər ki, məhsulu sifariş etdikdən 5-10 gün sonra poçt vasitəsilə sizə çatır. Əgər elə bir qadağa olmuş olsaydı, o saytı çoxdan bağlatdırardılar dedim və onların email adressinə məhsul almaq istəyirəm başlıqlı yazı yazdım.
Bir gün sonra cavab yazdılar ki, boxer (alt paltarı) keçirə bilərsiniz gömrükdən, lakin digərlərini saxlayacaqlar. Soruşanda ki sizdə axı satışda var onun kimi məhsullar, sizin saytdan alanda da saxlayırlarsa, onda niyə saytda var? Cavablarında bu tip məhsullar qanunla qadağan deyil. Saxlanılmağının səbəbi gömrükçülərin özbaşınalığıdır, müştərilər var, sifariş edir və saxlanıldıqda gedib tələb edir, təhvil alır dedilər.
Mən elə bu mesajı oxuyan kimi 9 sentyabr yenidən getdim gömrüyə. Məhsulumun harda olduğunu və nəyə əsasən məhsulumu buraxmadıqlarını soruşdum. Başqa bir gömrük işçisi (keçən dəfəki əməkdaş orda yox idi) cavab verdi ki, "Depodadır, reys olan kimi Türkiyəyə geri-qayıdacaq və əgər ərizə də yazmısınızsa, qəti geri qaytarmaq mümkün deyil. Bağlamınızın içində nə var idi deyə soruşdu və şəxsi əşya deyə cavabladım. Dedi əgər pornoqrafikdirsə, qadağandır. Hardadı o qanun, göstərin bildirdim və divardakı maddəni göstərdi mənə. Maddədə qeyd olunub ki, pornoqrafik material və əşyaların gətirilməsi qadağandır. Bu maddəni Buta Shopa göndərdim və onlar bildirdi ki, Sex Shop məhsualları pornoqrafik əşyalar deyil, intim əşyalarıdır. Dünyanın heç bir ölkəsi pornoqrafiyaya demək olar ki, icazə vermir. Lakin hər yerdə sex shoplar var. Gürcüstana göndəririk məhsul, heç saxlayan yoxdur. Bu o demək deyil ki, orda pornoqrafiyaya icazə var.
Bu hadisədən mənə məlum oldu ki, intim əşyalarının gətirilməsini gömrük əməkdaşları pornoqrafiya qadağandır adıyla qanunsuz olaraq saxlayır, və ölkəyə buraxmırlar. Bu həmçinin hava və quru yolla ölkəyə girəndə də keçərlidir. Əgər baqajınızda dildo olacaqsa, onu gömrük sizdən alacaq.
Azərbaycan Respublikası qanunvericiliyində intim əşyalara dair konkret heç bir şey qeyd olunmasa da pornoqrafik materialların izahı yer alır. "Pornoqrafik materiallar - əsas məzmunu seksual münasibətlərin anatomik və fizioloji cəhətlərinin kobud və ləyaqətsiz təsviri olan bədii, foto, rəsm əsərləri informasiyalar və digər materiallar."
Minority Azerbaijan komandası bu məsələni araşdırır.
Powered by Froala Editor