Kuirləşmiş Molla Nəsrəddin
Tarix nədir? E. H. Carr eyni sualı təxminən yarım əsr əvvəl səsləndirmiş və tarixin qayğılarını müəyyən edərək, sualı keçmişlə bu günümüz arasında heç vaxt bitməyən bir dialoq kimi təqdim edərək araşdırmışdı
03/Feb/21
3030
Kuirləşmiş Molla Nəsrəddin
Giriş
Tarix nədir? E. H. Carr eyni sualı təxminən yarım əsr əvvəl səsləndirmiş və tarixin qayğılarını müəyyən edərək, sualı keçmişlə bu günümüz arasında heç vaxt bitməyən bir dialoq kimi təqdim edərək araşdırmışdı. Carr-a görə, sualı şərh etmək üçün cavabımızın “şüurlu və ya şüursuz şəkildə zamanda mövqeyimizi əks etdirdiyini və … yaşadığımız cəmiyyətdə hansı mövqeyi tutduğumuzu nəzərə almalıyıq[1].”
Tarixçi sosial məfhum olan bir fərddir. Buna görə də, tarixçi həm “mənsub olduğu cəmiyyətin məhsuludur, həm də şüurlu və ya şüursuz natiqidir[2].” Tarix nədir? adlı kitabında Carr sosial elm adamlarının “tarixin təkraredilməz və spesifik, elmin isə ümumi və universal” şeylərlə əlaqəli olduğu fikrinə istinad edir[3], Aristotelin də eyni əsaslarla "poeziyanın tarixdən ‘daha fəlsəfi’ və ‘daha ciddi’ olduğu” fikrini qeyd edir[4].
Tarixçilərin hadisələri araşdırmaq üçün müraciət etdikləri vasitələr fərqli və genişdir: arxiv materialları, sənədlər, qanunlar, bioqrafiyalar, xatirələr və s. Tarix isə yalnız naşirin yazma fəaliyyətinin nəticəsidir[5]. Başqa sözlə, qeydiyyatdan keçmiş sənədlərdən belə tarixçinin icazə verdiyi dərəcədə istifadə edilə bilər. Buna görə, tarixçilərin tarixi yazıçılar kimi şərh etdiyini deyə bilərik. Tarixçinin qiymətləndirməsindən nəyin saxlanılmalı olduğunu öyrənirik. Belə bir səlahiyyətə sahib olmasalar da, onların hadisələri necə və hansı üsulla qiymətləndirməsinə əsasən tarixi məlumatlar alırıq.
Yaxşı aparılmış tədqiqat tarixi bilik yaradan tarixi tədqiqatın əsasını təşkil edir. Collingwood-un da qeyd etdiyi kimi, bu bilik “zehnin keçmişdə etdiklərini bilməkdir və ... bunu təkrar etmək, keçmiş hərəkətlərin indiki dövrdə davam etdirilməsidir[6].” Üstəlik, tarixi araşdırmaların nəticələri olan tarixi biliklər yalnız tarixi mənbələrin təhlilinə deyil, eyni zamanda, ehtimal olunan “qabaqcadan biliyə”[7] və tarixçilər tərəfindən şərh edilməsinə də bağlıdır. İstehsal olunan tarixi biliklər həm də tarixçinin yaşadığı və işlədiyi dövrün ictimai-siyasi və mədəni kontekstindən də asılıdır.
Tarixçilər 'tarixi mövzuları' (subyektləri) əhatə edən romanla qarşılaşdıqda, ilk növbədə, onun peşəkar qiymətləndirilməyə ehtiyacı olmayan 'yaradıcı bədii’ hissəsini 'tarixi toxumasından' ayırmağa çalışırlar. Bədii ədəbiyyatı tarixi həqiqətdən ayırmaq yanaşması tarixi mövzuları ələ alan hər bir sənət əsərinə tətbiq olunur.
Molla Nəsrəddin və Kuir
Azərbaycanın LGBTİ tarixini araşdırmaq üçün arxivlərin açılması və əlaqəli sənədlərin tapılması demək olar ki, mümkün deyil. Azərbaycanda kişi homoseksuallığı 2000-ci ildə Avropa Şurasına üzvlüyün ilkin şərtlərinə əsasən dekriminallaşdırılsa da[8], icmanın vəziyyətində heç bir dəyişiklik baş verməyib. Bundan əlavə, mətbuatda bu mövzuda hər hansı cinayət aktı barədə məlumat olmadığına görə, dekriminallaşmadan əvvəl qanunların tətbiq olunduğunu bilmək və araşdırmaq mümkün deyil.
Azərbaycanda kuir mövzularını müzakirə edərkən tarixçilər əsasən fobik perspektivdən yazılmış roman və poeziyaya müraciət etməli olurlar. Burada Eve K.Sedgwick tərəfindən istifadə olunan və ayrı-seçkiliyi, eyni zamanda paradoksları əhatə edən ‘homososial kişi nəfsi’ terminini xatırlamaq vacibdir. Termin həm sosial, həm də tarix elmlərində eyni cinsdən olan şəxslər arasındakı sosial əlaqələri təsvir etmək üçün istifadə edilir. Güclü homofobiya, homoseksuallığa qarşı qorxu və nifrətlə xarakterizə olunan “kişi bağlılıqları” kimi fəaliyyətlərə tətbiq olunur[9].
Homososial ifadəsi Eve Kosofsky Sedgwick tərəfindən kişi homososial istəyi mövzusundakı müzakirədə istifadə olunduqdan sonra populyarlaşıb[10]. Sedgwick bu ifadəni "homoseksual" terminindən ayırmaq və homoseksuallıq qorxusu (fobiyası) və ya nifrəti daşıyan kişilər arasındakı bağ (əlaqə) formasını ifadə etmək üçün istifadə etmişdir[11]. Jean Lipman-Blumen daha əvvəl (1976) homososiallığı cinsiyyətdən çox sosial olaraq öz cinsinin nümayəndələri ilə sosiallaşmağa üstünlük olaraq təyin etmişdir[12].
Azərbaycan jurnallarının tarixində ən vacib mərhələlərdən biri 1906-cı ildən üç dildə - Azərbaycan, bəzən də rus və ərəb dillərində çap olunan Molla Nəsrəddin jurnalıdır. Jurnal əsasən siyasət, müstəmləkəçilik, qadınlara qarşı şiddət, müasirləşmə və Qərbləşmə (Qərbə inteqrasiya) və təhsil (və ya təhsil çatışmazlığı) haqqında mövzuları işıqlandırırdı. Jurnalın baş redaktoru, XX əsrin görkəmli yazıçılarından olan Cəlil Məmmədquluzadə satirik yazılarında bir neçə dəfə kuir təcrübələri qeyd etmişdir. Jurnalın 2 oktyabr 1907-ci ildə çap edilmiş 37-ci nömrəsində ‘homososial kişi nəfsi’ kimi qiymətləndirilən oğlanbazlıq “Ay camaat, totux-motux oğlan uşaqlarınızı qoruyun, qoymayın yad əllərə düşsün” başlıqlı felyetonda qeyd edilib:
“… indiyədək heç kəs deməyibdi ki, uşaqbazlıq pis şeydir, mən də cürət eləmirəm deyəm ki, uşaqbazlıq pis şeydir. …Biz ancaq müsəlman millətlərini tanıyırıq və bundan savayı bir şey görmürük. Amma xudavəndi-aləm yuxarıdan aşağı baxanda millətlərin hamısını əl içi kimi görür və əlbət ki yaxşı da tanıyır. Və xudavəndi-aləm görür ki, cəmi millətlərin heç birinin içində oğlanbazlıq adət deyil, savayı biz müsəlman millətindən."
Bəlkə də, Molla Nəsrəddin kuir(ləşmiş) mövzuları işıqlandırarkən, müzakirələrdə strukturlaşmış ‘homososial kişi nəfsi’ mövzusuna müraciət edə bilməmişdir. Bunun əvəzinə, ‘eynicinsli istəklərin repressiyasını əks etdirən’ kişi homoseksuallığı haqqında ‘paranoya’ mövzusunu əhatə etmişdir[13]. Kuir tənqidi üslub nəzəriyyəçisi Sedgwick esselərində mədəni tənqidin performans incəsənətinə transformasiyasının şəxsi və həddindən artıq siyasi olduğunu ifadə etmişdir[14]. Sedgwick ədəbi tənqid çərçivəsində intellektual kuir icma quruculuğunda xüsusi rol oynamışdır. Ədəbi tənqidi nəzərə alsaq, Molla Nəsrəddin jurnalının kuirfobik satirik yazılarını tarixçilər üçün maraqlı nümunə kimi istifadə etmək olar. Jurnalda yer almış kuirfobik satirik yazıları öyrənməklə həm də kuir təcrübələri və ya Michel Foucault-un Şərq seksuallığını xarakterizə etdiyi kimi ‘erotik incəsənəti’ (ars erotica) araşdırmaq mümkündür[15].
‘Nə qədər fikirləşirəm, heç başa düşmürəm’ adlı felyetonda Cəlil Məmmədquluzadə Xorasandan Tiflisə bir neçə günlük səyahət edən dostu Məşədi İmamqulunun ona göstərilən kirayə evləri bəyənməməsinə cavab tapa bilmir. Buna baxmayaraq, İmamqulu kirayə ev axtarışına tək gedərkən bəyəndiyi evi rahatlıqla bir günün içində tapır.
“Bəli, getdim Meşədi İmamqulunun mənzilinə və gördüm ki, dostum oturub və hər iki cibindən hər iki əlləri ilə fındıq və kişmişi ovuclayır və tökür on iki yaşında bir rus uşağının ətəklərinə. Haman uşaq ev sahibinin oğludur.”
Jurnalda yayımlanan satirik yazıların hər ikisi kuir təcrübələrini özünəməxsus bir şey kimi ortaya qoyur və ya onları müəmmalı homoseksual xəstəlik kimi xarakterizə edir. Zümrüd Cəlilovanın da təsvir etdiyi kimi: “Azərbaycanda … valideynlərin uşaqlarını təcrid etməsi, psixiatriya klinikalarına, dəyişilmə mərkəzlərinə yerləşdirməsi … hekayələrindən də gördüyümüz kimi homoseksualların rədd edilməsi geniş yayılıb[16].” Molla Nəsrəddinin satirik yazılarında kuir təcrübələri müzakirə etmək üçün kuir nəziyyəçi və tarixçiləri ‘paranoyanı’ mübahisələndirə bilərlər. Bununla da, Hokinqemin “Homoseksual Arzu” kitabında da söylədiyi kimi, paranoyadan homoseksuallığın özünü işıqlandırmaq üçün deyil, homofob və heteroseksist təsir mexanizmlərini vurğulamaq üçün istifadə edilə bilər[17]. Kimliyin siyasi diskursu kimi paranoya “homoseksuallıq ətrafındakı fobik dinamika ilə əlaqəlidir”, bu əlaqəni Sedgwick Roman Baxışında (Novel Gazing) qeyd etmişdir[18]. Buna görə, ‘ontoloji məkanları’ sorğulamaqla, tarixçilər “gender konfiqurasiyalarının çoxalmasına (yayılmasına), substantiv kimliyin yaranmasına və məcburi heteroseksuallığın təbiiləşdirmə hekayələrinin kənarlaşdırılmasına təsir edən” gender normalarını mübahisələndirə bilərlər[19].
Nəticə olaraq
Homososial kişi nəfsi və ya kuir(ləşmiş) paranoya Azərbaycan ədəbiyyatının xüsusiyyətlərindən biri olaraq, bəzi ontoloji məkanların izaholunmaz homoseksual davranışı kimi müəyyən edilir. Bu davranışların əsas subyektivlikləri a) homoseksuallığın müsəlmanlar arasında yayılan bir xəstəlik olması və b) Judith Butler-in performativlik ideyalarına görə, kuir ehtimallar mədəni mümkün olmayan və ağlasığmaz şəkildə konstruksiya olunmuş sahələrdə (mühitlərdə) mövcud idi.
Tarixin yazılmasında interpretasiyanın rolu qəbulolunandır. Buna baxmayaraq, tarixçilər ədəbi fantaziya və təsvirlərdən istifadə etmədiklərini və obyektiv qaldıqlarını, həqiqəti ifadə etdiklərini iddia edirlər. Obyektivliyi və həqiqəti hədəf alan tarix sənədləri və tarixi sübutları başlanğıc nöqtəsi kimi götürdüyü üçün elmi kimliyə malikdir. Halbuki yazıçıların tarixi materialları qiymətləndirmə üsulu tarixçilərin düşüncə tərzindən fərqlidir, çünki yazıçılar həqiqət ifadə etdiklərini və ya obyektiv olduqlarını iddia etmirlər.
[1] Edward H. Carr, What is History? (London: Palgrave Macmillan, 2001), 1.
[2] Ibid., 29.
[3] Ibid., 56.
[4] Ibid
[5] Ibid., 1-15.
[6] Robin G. Collingwood, The Idea of History (Oxford: Oxford University Press, 1976), 218.
[7] Bir növ araşdırılacaq hadisənin hər hansı “əvvəlcədən bilinən” nəticələrini təxmin etmək.
[8] Zumrud Jalilova, “Homosexuality is not a disease”, Baku Research Institute (2019) https://bakuresearchinstitute.org/homosexuality-is-not-a-disease/
[9] Sedgwick E. Kosofsky, Between Men: English Literature and male homosocial desire (New York: Columbia University Press, 1985), 1.
[10] J. Childers/G. Hentzi eds., The Columbia Dictionary of Modern Literary and Cultural Criticism (New York 1995) p. 138
[11] Yaeger, Patricia S. (December 1985). "Eve Kosofsky Sedgwick, Between Men: English Literature and Male Homosocial Desire". MLN. 100 (5): 1139–1144.
[12] Merl Storr, Latex and Lingerie (2003) p. 39-40
[13] Sedgwick E. Kosofsky, Novel Gazing: Queer readings in fiction (Durham: Duke University Press, 1997), 6.
[14] Sedgwick E. Kosofsky, Tendencies (London: Routledge, 1994).
[15] Michel Foucault, The History of Sexuality: Vol. 1 (London: Penguin Book, 1998), 57-58.
[16] Zumrud Jalilova, “Homosexuality is not a disease”, Baku Research Institute (2019) https://bakuresearchinstitute.org/homosexuality-is-not-a-disease/
[17] Guy Hocquenghem, Homosexual Desire (Durham: Duke University Press, 1993).
[18] Sedgwick E. Kosofsky, Novel Gazing: Queer readings in fiction (Durham: Duke University Press, 1997), 7.
[19] Judith Butler, Gender Trouble: feminism and the subversion of identity (London: Routledge, 2007), 200.
Powered by Froala Editor