LGBTİ+ fəalının müsahibəsi birmənalı qarşılanmayıb
“Gender və Tərəqqi” maarifləndirmə ictimai birliyinin sədri Kamran Rzayevin DALAN 18+ Youtube verilişinə verdiyi müsahibə LGBTİ+ fəalları və icma arasında birmənalı qarşılanmayıb
24/Feb/21
2344
LGBTİ+ fəalının müsahibəsi birmənalı qarşılanmayıb
“Gender və Tərəqqi” maarifləndirmə ictimai birliyinin sədri Kamran Rzayevin DALAN 18+ Youtube verilişinə verdiyi müsahibə LGBTİ+ fəalları və icma arasında birmənalı qarşılanmayıb.
15 fevral bazar ertəsi günü yayımlanan müsahibədə Kamran Rzayev Azərbaycanda LGBTİ+lər mövzusu haqqında danışmışdır. Veriliş “Azərbaycanda LGBT fərdi olmaq” mövzusuna toxunmuş və Azərbaycan və digər İslam ölkələrində aqressiv qarşılanan LBGTİ+lərin ölkəmizdə qarşılaşdıqları problemləri, diskriminasiya və bütün sferalarda onlara qarşı olan rəftarı, yanaşma tərzi və onlar haqqında yaranmış stiqmaları təfərrüatı ilə müzakirəni hədəfləmişdir.
Qeyd edək ki, DALAN verilişi müsahibə ilə bağlı açıqlama hissəsində məqsədlərinin “bu fərdləri və mövzunu təbliğ etmək” olmadığını və “problemi gizlətmək əvəzinə çıxış yollarını göstərmək və cəmiyyəti məlumatlandırmaq” olduğunu bildirmişdir.
LGBTİ+ fəalı Əli Məlikov öz Facebook səhifəsində izləyicilərinə “qətiyyən həmin buraxılışı izləməməyi” tövsiyə etmişdir. Onun sözlərinə görə, “cis-heterolara ‘natural’ deyən, seks işçilərini ‘anormal düşüncəli’ olaraq damğalayan birinin” “Gender və Tərəqqi” maarifləndirmə ictimai birliyinin sədri vəzifəsində çalışması gülüncdür.
LGBTİ+ hüquq müdafiəçisi Vahid Əliyev verilişdə səsdirilən sualların KİV-lərdə müzakirə olunmasını yaxşı hal kimi qiymətləndirsə də, “aparıcının LGBTİ+lər əvəzinə tez-tez ‘onlar’, ‘bunlar’, ‘bu insanlar’ deməyini kuirfobiya olduğunu” qeyd etmişdir. “Təəssüflər olsun ki, bu cür imkandan istifadə edərək cəmiyyətə LGBTİ+lərin qarşılaşdığı çətinlik və problemləri çatdırmaq əvəzinə, müsahibədə icma haqqında mənfi rəyin yaranmasında seks işçiliyi ilə məşğul olanlar ittiham etdilib”, - deyə hüquq müdafiəçisi əlavə etmişdir.
Nəfəs LGBTİ Azərbaycan Alyansından olan fəal Turana Nuri də müsahibə ilə bağlı narahatlığını ifadə etmiş və müsahibənin LGBTİQ+ mübarizəsi üçün heç bir dəyər kəsb etmədiyini bildirmişdir. “Sadəcə, ölkədəki vəziyyəti analiz etmək üçün bu tip materialların olması yaxşıdır”, - deyə əlavə etmişdir.
Vahid Əliyevin sözlərinə görə, ölkədə LGBTİ+lər kütləvi şəkildə ayrı-seçkiliklə üzləşirlər. Onların hüquqlarını qoruyacaq qanunlar yoxdur, anti-diskriminasiya aktı qəbul olunmalıdır. Translar üçün bu, gündəlik həyatlarını davam etdirməyin təhlükədə olduğunu göstərir, təkcə keçən il bir neçə bıçaqlanma hadisəsi baş vermişdir. “Ən həssas qrup olan transgenderlər iş tapmaqda çətinlik çəkdikləri üçün əksər hallarda seks işçiliyi ilə məşğul olurlar”, - deyə qeyd etmişdir.
Qeyd etmək istərdik ki, İLGA-Avropa təşkilatının 2020-ci ildə dərc olunan hesabatına əsasən, Azərbaycan LGBTİQ+ hüquqlarına və ölkədəki LGBTİQ+lərin vəziyyətinə görə, Avropanın ən pis ölkələri siyahısındadır.
Powered by Froala Editor