“Bədənim belə istədi”

Roman

Müəllif: Aylin Wise

Tərcümə etdi: Günel Mövlud

Proloq

Samir soyunmağıma kömək eləsə də, onun hərəkətlərində heç bir həyəcan hiss etmirdim. O, gəlinlik paltarımın kip korsetinin bağlarını açanda da, parlayan daşların və çoxqatlı tüllərin ağırlığından əynimə cəngavər paltarı kimi bir sərtliklə oturan paltarı soyunmağıma kömək edəndə də olduqca sakit idi. Hətta sonda öz qalstukunu açanda və paltarlarını tələm-tələsik soyunub, ora-bura atanda belə, Samirin tələskənliyində ehtirasdan daha çox, vərdiş hiss olunurdu. Mən isə bundan öncə dəfələrcə ehtirasımın qurbanı olmuşdum,fərqli yataqlar, fərqli sevgililər, fərqli həyat adı ilə.. Ətrafım, əsas da feminizim məni ölümə çatdırmışdı. Xilasım evlilik idi, ancaq kimisə bədbəxt etdiyimi, öldürdüyümü anlamırdım. Bəlkə də, anlayırdım amma mənə belə sərf edirdi.

Krujevalı ağ alt paltarımı özüm soyundum. Nədənsə, bu an bütün toyqabağı alış-veriş boyu yanımda olan, mənimlə bütün ticarət mərkəzlərini gəzən, alt paltarları dükanlarına belə dəstə-dəstə girib, əllərinə düşən alt tumanlarını, gecə köynəklərini götürərək, bir az da olsa utanıb-çəkinmədən nə vaxt, hansı paltarı geyinmək lazım olduğunu, nə vaxt “abırlı-ismətli”, nə vaxt ehtiraslı görünmək lazım olduğunu hündür səslə mənə izah edən çoxsaylı xalalarımı xatırladım.

Gözlərimin qabağında canlanan bu yarınaqolay-yarıgülməli səhnələr mənə neçə aydır, daha dəqiq desəm, toy günümüz bəlli olandan bəri, hər dəfə zifaf gecəsini təsəvvürümdə canlandıranda məni rahat buraxmayan həyacanın öhdəsindən, az da olsa, gəlməyə kömək etdi. 

Yatağa uzananda utanırdımmı? Yox. Bir azdan sevişəcəyimə görə az da olsa, sıxılmırdım. Sərt, müsəlman bir ailədə böyümüş gənc qız olaraq, toydan əvvəl sevişə bilməyəcəyimi anlayırdım. Buna görə də, indi ürəyimdə kiminlə gəldi deyil, öz nikahlı, qanuni ərimlə yatağa uzandığımın verdiyi qürur və arxayınlıq vardı. Valideynlərimin mənimlə məsləhətləşmədən cehiz kimi aldıqları, xalalarımın öz zövqlərinə görə bəzədikləri yatağıma baxdım. İndi bu yataqda ayaqlarımı aralayanda, mən heç kimin “namusuna xələl gətirmirdim”, heç kimi “rüsvay etmirdim” və bu hiss məni şiddətli bir şəkildə arxayınlaşdırırdı. Edə biləcəyim tək şey, gözlərimi yumub, illərdir bütün bədənimin arzusunda olduğu şeyi etmək – sevişmək idi. 

İllər sonra Lena ilə tanış olduğum an, onunla ilk dəfə yaxınlaşdığım dəqiqələrdə ehtirasdan bədənim titrəyəndə qəfildən anlayacaqdım ki, illər əvvəl toy gecəsində hiss etdiyim şeyin adı ehtiras deyil, maraqmış...

Biz yatağa girəndən cəmi bir neçə dəqiqə sonra hönkürüb ağlamamaqdan özümü güclə saxlayırdım. Başgicəlləndirən, adamın içində tufanlar qoparan hisslərin yerinə, ərimin sadəcə ayaqlarımın arasında qurdalandığını hiss edirdim. Onun hərəkətləri sonralar keçəcəyim bütün ginekoloq müayinələri kimi, mümkün qədər tez bitməsini arzuladığım, ağrılı, zəhlətökən duyğulardan başqa heç nə oyatmırdı. Sızıldayan ağrıdan başqa heç nə hiss etmirdim. Üstəlik, Samirin döşlərimə toxunmağı, bədənimi oxşamağı, öpüşləri məni bərk qıcıqlandırırdı. Hətta özümə etiraf etmək istəməsəm belə, ikrah yaradırdı. O anlarda istədiyim tək şey, yaşadıqlarımın mümkün qədər tez bitməyi idi. 

İlk gecəki məyusluğumu, heç bir zövq ala bilməməyimi, hələ üstəlik, ərimi ikrahla qarşıladığımı öz təcrübəsizliyimə və keçirdiyim “ilk gecə qorxusu”na bağladım. Düşünürdüm ki, ağrı qızlıq pərdəsinin yırtılmasının verdiyi ağrıdır, ikrah ərimin bədəninə öyrəşmədiyimə, onu təzə tanıdığıma görədir. Axı toy gününə qədər bədənlərimizin bir-birini tanıması bir tərəfə, biz heç əməlli-başlı öpüşməmişdik də...Buna görə də, ümid edirdim ki, zaman keçdikcə hər şey qaydasına düşəcək. Düşünürdüm, ərimə, onun bədəninə öyrəşəcəm, zamanla o mənə daha yaxın, daha doğma olacaq. Beynimdə və ürəyimdə bu arzularla ayağa qalxıb, vanna otağına keçdim. 

Gecələr bir-birini əvəz etdi. Biz artıq evli idik, bir evdə yaşayırdıq. Hər gecə sevişirdik. Amma heç nə dəyişmirdi. Artıq tamamilə yanıldığımı anlayırdım. ərimin bədəninə öyrəşə bilmir, onun toxunuşlarından xoşhallanmağı bacarmırdım. Samir əvvəlki kimi məni qıcıqlandırır, ikrah doğururdu. Gecələr artıq əzablı bir şeyə çevrilmişdi, hər dəfə onun mümkün qədər tez qurtarmağını, üzünü çevirib yatmasını, mənə daha toxunmamasını arzulayırdım. Sonra qalxıb, vanna otağına keçir, masturbasiya edir və ağlayırdım. Özümlə, bədənimlə nə baş verdiyini anlaya bilmirdim.

Bununla belə, ərimə həzz yaşatmaq istəyirdim. Beynimdə dəqiq, əksi mümkün olmayan bir qanun vardı – ərinlə sevişməlisən, bu, sənin borcundur. Nə bahasına olur-olsun, ərimi yanımda saxlamalı və ailəmi qorumalı idim. Yaxşı ailədə böyümüş bir qız kimi, özümdən əvvəl ərim və onun ehtiyacları barədə düşünməli idim. Buna görə də, ona həzz yaşatmaq üçün minet etməyi öyrənmişdim. Samir mənə xoş olmadığını anlamasın deyə, orqazmı da imitasiya edirdim, düşünürdüm ki, qoy ərim özünü natamam hiss etməsin. 

Amma bu, doğru çıxış yolu deyilmiş. Özümü yalandan orqazm olurmuş kimi göstərdiyim üçün Samir yataqda hər şeyin qaydasında olduğunu düşünür və mən onunla bu barədə danışmağa çalışanda heç nə anlamırdı. Bir neçə dəfə ona kunilinqus etməyi təklif elədim, ümid edirdim ki, heç olmasa, belə həzz ala bilərəm. Amma Samir ikrahla üzünü turşutdu və mən bir daha bu mövzuya qayıtmadım. 

Günlər keçirdi və mən hələ də problemin özümdə olduğunu düşünürdüm. Elə bilirdim ki, mən tamamilə hissiyyatsız olduğum üçün cinsi əlaqədən heç bir həzz ala bilmir və orqazm yaşamağı bacarmıram. Oxuduğum bəzi elmi məqalələrdə deyilirdi ki, qadınların bir qismi cinsi yaxınlıq zamanı təbii yolla vaginal orqazm yaşaya bilmir, bunun üçün onların əlavə stimulyasiyaya ehtiyacı var. Bu məqalələr məni bir az da yanıldır və mən özümün bu kateqoriya qadınlara aid olduğumu düşünürdüm. 

Bəs niyə heç ağlıma gəlmirdi ki, bəlkə mən sadəcə kişi bədənindən həzz ala bilmirəm? Bəlkə yataqda qadınla olsam, hər şey dəyişər? Niyə anlamırdım ki, məsələ bədənimin hissiyyatsızlığında deyil, orientasiyadadır? Niyə axı heç bir halda belə bir şeyi ağlıma gətirmir, belə fikirləri özümə yaxın belə buraxmırdım? 

Məncə bu yerdə, necə bir ailədə, necə bir mühitdə doğulub-böyüdüyümü təsvir etməyimin yeri olardı. Uşaqlığım, yeniyetməliyim, aldığım tərbiyə, yaşadığım ölkə və ətrafım, özümün və ailəmin bağlı olduğu din və ənənələr, məni bir şəxsiyyət kim kərpic-kərpic hörən bütün bu amillər məndən daha çox şey danışa bilər... 

***

Erkən uşaqlığım, daha dəqiq desəm, yeddi yaşıma qədər keçən illər yaddaşımda qırıq-qırıq xatirələrlə qalıb. 

Əvvəlcə biz üç nəfər idik – atam, anam və mən. Moskvada, üçotaqlı mənzilin bir otağında kirayədə qalırdıq. Yadımda qalan odur ki, dəhlizdə divardan İvan Kramskinin “Naməlum qadın” əsərinin reproduksiyası asılmışdı. Faytondakı o şax oturuşlu, gözəl üz cizgilərinə sahib qadından çox xoşum gəlirdi. İndiyə qədər düşünürəm ki, həmin portretdəki qadının laqeyd və təkəbbürlü baxışlarına məhəl qoymadan, sakitcə yanından keçib getmək mümkün deyil. 

Təəssüf ki, həmin mənzildə yadımda qalan tək şey budur. Yeddi yaşım olanda biz şəhər mərkəzindəki başqa bir mənzilə köçdük. 

Birinci dəfə məktəbə getdiyim gün yadımdadı. Tüllü, dolğun ətəkli mavi donum vardı, anam saçlarıma mavi bant bağlamışdı deyə, özümü kukla kimi hiss edirdim.  

Məktəbimiz Moskvanın mərkəzindəki standart təhsil müəssisələrindən biri idi. Dördmərtəbəli, hər hansı bir bəzək-düzəyi olmayan, xüsusi abadlığı ilə seçilməyən boz bir sovet binası. Hər şey ölkənin bütün şəhərlərindəki məktəblərdə olduğu kimiydi, geniş, hündür tavanlı əsas giriş, geniş və boz divarlı qarderoblar, tibb bacısının balaca, spirt qoxusu gələn otağı, yeməkxana, idman zalı, yuxarı mərtəbələrə çıxan boz, beton pilləkənlər və sinif otaqları. Məktəbin qabağında oyun və idman meydançaları vardı. Bu meydançalar nə oyun, nə də idman vasitələri ilə elə də zəngin deyildi, amma az-çox olan nə varsa, çoxillik və möhkəm idi. Dərs keçilən siniflər xüsusi rəngliliyi, abadlığı ilə seçilməsə də, geniş idi, tavanların hündürlüyü və pəncərələrin genişliyi bizə özümüzü yaxşı hiss etməyə şərait yaradırdı. 

Birinci mərtəbədəki yeməkxanada ağ xalatlı kök bufetçi qadınlar səhərlər bizə çuqun dərin camlara manna sıyığı çəkib verirdilər. Səhərlər məktəbə girəndə burnumuza dəyən ilk qoxu yeməkxanadan gələn manna sıyığının qoxusu olurdu. Nahar vaxtı yediyimiz isti və dadlı “pirojki”ləri isə pulla alırdıq. Nahar vaxtı da dadını hələ də xatırladığım bu dadlı “pirojki”lərin yağlı qoxusu bütün məktəbi bürüyür və bizi iştaha gətirirdi.

Sinfimizdə “canlı guşə” deyilən və sovet məktəblərinin çoxunda adi bir şey sayılan künc vardı. Orda balaca bir tısbağa yaşayırdı, bir də akvariumda balaca, rəngli balıqlar vardı. İlk aylar bütün tənəffüslərdə zəng çalınan kimi, biz qaçıb, bu canlılara baxırdıq. 

Sinfimiz ikinci mərtəbədə yerləşirdi. Atam birinci dəfə sentyabrın 1-də məni gətirib məktəbin giriş qapısından içəri buraxaraq, ikinci mərtəbəyə tək qalxacağımı demişdi. Yadımdadır ki, bu qəfil “azadlıq” məni elə qorxutmuşdu ki, sinfə çatanda ayaqlarım əsirdi. 

Birinci dərsdə sinif rəhbərimiz, saçlarını qısa vurdurmuş, orta yaşlı, xoş səsli müəlliməmiz birimizin şeir oxumasını istədi. Bütün uşaqların əllərini qaldırdığını görəndə, özümdən asılı olmadan, mən də əlimi qaldırdım. Nədənsə müəlliməmiz məhz məni lövhəyə çağırdı. “Xoruz” şeirindən ilk sətirləri oxudum...və qəfil anladım ki, şeirin gerisini xatırlamıram. Bu, mənim publika qarşısına birinci çıxışım idi - həyəcandan bütün şeir beynimdən silinib, getmişdi. Müəllimə yerimə oturmağımı istədi və mən öz axmaqlığım və köməksizliyimdən sarsılmış bir halda ağlayaraq yerimə keçdim.

Məktəbə qədər demək olar ki, uşaq bağçasına getməmişdim, çünki o vaxtlar ilin böyük hissəsini Azərbaycanda, kənddə yaşayan nənələrimin evində keçirirdim. Bağçaya məni ancaq dərs ilinə bir neçə ay qalmış yazdırmışdılar ki, ordan da orta məktəbə keçid ala bilim. Bununla belə, mən yazmağı və oxumağı artıq beş yaşımdan öyrənmişdim. 

Bunu mənə bizdən bir mərtəbə aşağıda yaşayan qonşumuz öyrətmişdi. Həmin qoca, təqaüdə çıxmış müəllim idi. Qoca həmişə eynək taxır və əynində köhnə, qara kostyum olurdu. Onun evi, Vladimir İlyiç Leninin evin ortasındakı büstü, divar kağızlarına qocanın öz əli ilə çəkdiyi agcaqayın ağacları yadıma gəlir. Onun özü kimi çox yaşlı arvadı vardı. Evlərindən qurudulmuş çörək və qocalıq qoxusu gəlirdi. Yəqin ki, qoca uşaqları çox sevirdi, ən azından mənə oxuyub-yazmağı böyük bir sevgi ilə öyrədirdi. Nə qədər səhv etsəm də, o heç vaxt mənə səsini qaldırmaz, mən başa düşənə qədər dəfələrlə, sakitcə hər şeyi izah edərdi. Uşaqlığımın ilk işıqlı, nəvaziş dolu xatirələri həmin qoca və onun evi ilə bağlıdır. 

Daha sonra, yuxarıda yazdığım kimi, biz şəhər mərkəzində başqa bir evə köçdük və mən həmin qocanı bir daha görmədim.

Mərkəzdəki mənzil də üçotaqlı idi. Atama iş yerindən bu mənzilin iki otağını vermişdilər, biz də ora köçmüşdük. Üçüncü otağın qapısı daima bağlı olurdu. Bizə düşən otaqlardan isə birini qonaq, birini yataq otağı kimi istifadə edirdik. Mənzilin xudmani, ağ dolabları olan sadə mətbəxi, ağlı-mavili, dördbucaq kafel döşənmiş hamam-tualeti vardı. Yadımdadı ki, atam bizi birinci dəfə bura baxmağa gətirəndə o qədər qaranlıq idi ki, biz ancaq parlayan ağappaq mətbəx dolablarını, ağ divar kağızlarını və ağ kafelləri görə bilmişdik. 

Təzə mənzilə köçəndən sonra atam özü otaqlara qızılı rəngli divar kagızları yapışdırdı. Niyəsini bilmirəm, amma o divar kağızlarından çox xoşum gəlirdi. Sonralar öz yataq otağımı təmir edəndə, mən bütün Moskvada həmin divar kağızlarından axtarsam da, tapa bilmədim. 

Günlərin birində evimizə başqa adamlar gəldi və dedilər ki, mənzildəki üçüncü otağın sahibi olan və özü hardasa başqa yerdə yaşayan qoca otağını onlara satıb. Adamlar bundan sonra bizimlə yaşayacaqlarını dedilər. Atam onları evə buraxmaq istəmədi. Gələnlər qapını qırıb, içəri girdilər. Atam onlarla əlbəyaxa davaya çıxdı. Amma adamların əlində sənəd vardı. Milis çağırmaq istədilər. Atam işin ciddi olduğunu görüb, təslim olmağa məcbur qaldı. Gələnlər – qucaqlarında balaca bir qız uşağı olan, cavan ailə idi, Dağıstandan idilər. 

Onlar bizimlə birlikdə həmin evdə yaşamağa başladılar. Atam bu vəziyyətə görə olduqca qəzəbli idi, amma biz bütün ailəliklə çalışırdıq ki, onlarla heç bir narazılığımız olmasın. Başqa, yad ailə ilə bir evi uzun müddət paylaşa bilmədik. Atam əl-ayağa düşüb, ona verilən otaqları satdı və biz bütünlüklə özümüzə aid olan başqa bir mənzil alaraq, ora köçdük. 

Anam, Məhbubə xanım olduca qeyri-adi və gözəl qadındır. Onu tanıyanlar cavanlığında anamın olduqca incə, zərif bir qız olduğunu deyirlər. Onun indi də parlaqlığını itirməyən gözəl üz cizgiləri var: qapqara, iri gözləri, uzun və sıx kirpikləri, sərt çıxan almacıqları, geniş alnı, gur qıvrım saçları, qarabuğdayı dərisi. İndi yaşlansa da, anam gəncliyindəki gözəlliyini itirməyib. Onun üzündə daim kübar bir ifadə var, üzünə baxan kimi, onun sadə bir insan olmadığını hiss edirsən. Belə adamlara “aristokrat görünüşlü” deyirlər.

Anam sadə, çoxuşaqlı bir azərbaycanlı ailədə doğulub. Çoxlu bacı-qardaşları var. Atası, yəni mənim ana babam mömin və sakit bir kişi olub. Anası, nənəm isə təmizkar, təkəbbürlü və əyalətə görə ifrat iddialı bir qadın imiş. Yəqin ki, elə öz şöhrətpərəstliyinə görə də, nənəm anama universitetə oxumağa icazə verib, Bakıda tək kirayədə qalmağına razı olub və babamı da razı salıb. Nəticədə, anam öz çoxsaylı bacı-qardaşları arasında ali təhsil almış yeganə uşaq olub. 

Anam ali məktəbə qəbul olunanda öz ailəsi onunla çox fəxr edirmiş. Axı bizim kənddə ali təhsil alacaq yeganə qadın imiş, etiraf edək ki, kifayət qədər qürurverici məsələdir. Bütün ailə anamın oxuyub böyük adam olacağını, paytaxtda yaxşı bir vəzifədə işləyən adama ərə gedəcəyini gözləyir və anamın uğurundan onlara da düşəcək “paya” ümid edirmişlər. 

Əslində, demək olar ki, nəticədə eləcə də olub. Amma həmin vaxt yox. Hamının həyəcanla anamdan bunu gözlədiyi vaxtda yox. Böyük ümidlərlə qəbul olunduğu “Rəssamlıq” fakültəsi anama çox şey verə bilməyib. O, paytaxtda özünü rəssam kimi sınamağa çalışsa da, yaxşı yaradıcı çevrəsi olsa da, hətta bir neçə sərgiyə əsərlərini çıxara bilsə də, nə uğurlu karyera qurmaq, nə də ən məşhur sənət adamlarının “fırlandığı” çevrələrə düşmək ona müəssər olmayıb. 

Bunun səbəbi də sadə imiş.

Əyalətdən gəlmiş, utancaq, kompleksli gənc qızın çiyinlərində ağır bir yük varmış – ailənin namusunu göz bəbəyi kimi qorumaq, olduqca qapalı həyat tərzi keçirmək. Bu isə ona yaradıcı karyera qurmağa bərk mane olub. Axı hamımız bilirik, bir çox peşələrdə olduğu kimi, incəsənətdə uğur qazanmaq yaxşı tanışlıqlardan, sosial aktivlikdən, lazım olan yaradıcı gecələrdə iştirak etməkdən, ulduz sənətkarların iştirak etdiyi ziyafətlərdə olmaqdan keçir. Anamın utancaqlığı, ailə qorxusu, nəhayət, kasıblığı bunların heç birisinə imkan verməmiş, hər yerdə və hər şeydə mane olmuşdu. 

Onun demək olar ki, bütün qrup yoldaşları varlı və tanınan ailələrin övladlarıymış. Qəşəng geyinən, kafe-restoranlarda nahar edən, istədikləri yerə rahat gedib-gələ bilən bu gənclərlə dil tapmaq, onlara uyğunlaşmaq anama çətin olub. Valideynlərinin kənddən göndərdikləri qəpik-quruş və cüzi təqaüdü ona qol-qanad açmağa, qrup yoldaşlarına uyğunlaşmağa imkan verməyib. Bu pullarla o, ancaq şəhər kənarında bir otaq kirayələyib, həftədə iki dəfə bir qazan şorba bişirib, günlərlə onu yeyə bilirmiş. 

Nəticədə, anam öz zəhmətkeşliyinə, istedadına baxmayaraq, şəhərdə heç bir uğur qazana bilməyib, karyera qurmağı bacarmayıb. 

Xırdalıqları mənə tam məlum olmasa da, bilirəm ki, anamın şəhərdə uğursuz bir sevgi hekayəsi də olub. Əməkdaşlıq etdiyi gənclik qəzetlərindən biri ona dənizdə işləyən gənclərin həyatından ibarət rəsmlər seriyası sifariş edib. Dənizçi gənclərin yanına səfəri zamanı anam onlardan birinə vurulub. Bildiyim qədərilə, o dənizçi gənc anamın ilk və yeganə sevdiyi olub. 

Həmin oğlanla sevgisi niyə uğursuz olub, bunu bilmirən. Ya oğlan onunla evlənə bilməyib, ya istəməyib, ya da allah bilir, nə baş verib. Anam isə təsəllini gündəliklər yazmaqda və gözləməkdə görüb. Elə mənim bu bildiklərim də anamın gündəliklərindən oxuduqlarımdır. Anam hətta gündəlik yazanda belə, qorxa-qorxa hərəkət edib, bir gün gündəliklərin kiminsə əlinə düşəcəyindən ehtiyat edərək, hər şeyi üstüörtülü yazıb. 

Dənizçi gənclə uğursuz sevgi hekayətinin detallarını mənə danışmağı ağlından belə keçirməyən anam atama necə ərə getdiyini olduqca rahat, heç nəyi gizlətmədən danışırdı. Deyirdi ki, universitetə girəndə atası ona şərt qoyub. əgər 25 yaşına qədər sevdiyi adama ərə gedə bilməsə, babam onu öz seçdiyi adama ərə verəcək. Sözünə də əməl edib. Anam paytaxtda təhsilini bitirdikdən sonra ailəsi onu geri, kəndə çağırıb. Şəhərdə ərə gedə bilməyən anamın Bakıda daha bir işi qalmayıbmış. Anamın qayıtmaqdan başqa bir çarəsi qalmayıb.

Kəndə qayıdandan sonra anam mənəvi olaraq, çöküb. Ailəsi ona uğursuz adam kimi baxırmış. Onun təshil aldığı illər ərzində ailəsi, qohumlar, qonşular, bütün kənd gözləyirmiş ki, kənddən şəhərə oxumağa gedən qız varlı bir adama ərə gedəcək, əli pulla oynayacaq, ailəsinə, bacı-qardaşlarına kömək edəcək, onları yanına, şəhərə aparacaq. Amma anam 25 yaşında, ərsiz, işsiz bir halda geri qayıdıb. Ailə üçün bu, böyük bir faciə, utanc imiş! Babamın ailəsindən zəhləsi gedənlər sevinir, nənəm kədərdən nə edəcəyini bilmir, babam və dayılarım isə anamı ərə verməyə adam axtarırmış. Kim olur, olsun. 

Elə bu vaxt səhnədə atam peyda olub. 

Atam şəxsiyyət olaraq, anamın tam əksidir. Anam öz bacı-qardaşları arasında oxumuş, təhsilli tək uşaq idisə, atam özünün təhsilli, hərəsi yaxşı bir yerdə işləyən bacı-qardaşları arasında oxumamış və heç oxumaq fikri də olmayan, heç bir perspektivi görünməyən tək uğursuz övladmış. Buna görə də, həmişə həm böyük qardaşları, həm də anasından olmazın təhqirlər eşidib, olmazın sözlər götürüb. Ordudan qayıdanda, böyük qardaşları atamın taleyi barədə dəqiq qərar veriblər: bir halda ki, bir baltaya sap olmadı, bir işə yaramır, qoy barı həyət-baca, əkin-biçinlə məşğul olsun, anamızın evinin səliqəsinə fikir versin, mal-qarasından muğayat olsun, şəhərdə yaşayan bacı-qardaşlarının ailəsini təmiz kənd məhsulları ilə təmin eləsin. 

Qüruru təhqir edilmiş atam boynuna biçilən bu tale ilə razı olmayıb. Heç kimə xəbər vermədən, kimdənsə borc alıb, dövrünün gəncliyinin böyük bir hissəsi kimi, Rusiyaya işləməyə qaçıb. Anası və qardaşları atamın bu özbaşınalığından bərk qəzəblənsələr də, etiraz edə bilməyiblər, axı atam orda özü özünü dolandırır, heç kimdən də heç nə istəmirmiş. Üstəlik, ailə üzvlərinə və öz kəndlilərinə özünü təsdiq etmək üçün atam yalandan söz yayıb ki, Moskvada yaxşı, pullu bir yerdə işləyir, şəxsi evi var və daha nələr...

Atamın Moskvadakı “uğurları” barədə söz-söhbətin yayılması anamın məyus halda kəndə qayıtdığı vaxta təsadüf edib. Atam yayda kəndə, anasının yanına gələndə kənddəki yeganə oxumuş qızın söhbətini eşidib və nəyə görəsə, anamla evlənməyə qərar verib. Bilmirəm, onun bu qərarına səbəb olan nə imiş, ali təhsilli bir qızla evlənib, qürrələnməkmi istəyib, yoxsa ali təhsilli, üstəlik, bir neçə dil bilən qızın Moskvada daha yaxşı baş çıxaracağını düşünübmü, bilmirəm. Səbəb nə olur olsun, atam anama elçi düşüb. 

Anamın ailəsi qızlarını Moskvada yaşayan, üstəlik, deyilənə görə, orda pis qazanmayan bir oğlana ərə verməyə həvəslə razı olublar. Nənəmin yenə şöhrətpərəst damarı işə düşüb, babamla dayılarım “yaşı keçən” qızı başlarından eləməyə tələsiblər, anamın istədiyi tək şey isə, ailəsinin axır ki, ondan razı qalması olub. Atam möhkəm, sağlam, enlikürək bir oğlanmış, zil qara, qıvrım saçları, qalın qara qaşları və bığları varmış. Amma düşünmürəm ki, onun bu effektli qafqazlı cizgiləri anamda nəsə isti hisslər oyadıb. Çünki mən bir dəfə də görmədim ki, anam öz evlilik tarixçəsini danışanda gözləri parlasın, ya da üzündə yüngülvari də olda, bir təbəssüm peyda olsun. 

Anladığım qədərilə, anam bütün arzularını, gələcəyini, hisslərini öz ailəsinin rahatlığına, ondan razı qalmasına qurban verib.  

Yetişkin bir insan kimi düşünməyə başlayandan bəri, anama yazığım gəlib. Sevmədiyin kişi ilə yaşamaq, onsuz da bədbəxtlikdir. O sevmədiyin adam, üstəlik, sənə əl qaldırırsa, bu, faciədir. Ağlım kəsəndən atamı anamı döyən görmüşəm. Anamı döyməsinə adətən ata nənəm, bibilərim, əmilərim, onların anam və onun ailəsi barəsində danışdıqları səbəb olurdu. Atam kefi pis olanda, yorulanda, istənilən anda anamı döyə bilərdi. Başına gələn bütün pis hadisələrdə atam anamı günahkar bilir və ondan “qisas” alırdı. 

Amma anam deyirdi ki, atam ona qarşı həmişə belə qəddar olmayıb. Evliliklərinin birinci ilində atam onunla mehriban rəftar edirmiş. Bir ildən sonra ata nənəm Moskvaya gəlib, atamı öyrədib ki, “arvadla yumşaq rəftar etmək olmaz, gərək vaxtlı-vaxtında arvadı döyəsən ki, başına çıxmasın”. Atamın ona qulaq asdığını görəndən sonra, nənəm ildə iki dəfə Azərbaycandan Moskvaya gəlib, atamı öyrədib, anamı döydürməyi bir ənənəyə çevirmişdi. İndi bu sətirləri yazanda belə, mən o fitnəkar, xəbis qadına da, atam tərəfdən anama düşmən kəsilən, onu dəfələrlə atama döydürüb, bundan zövq qalan bütün manyak qohumlarıma qarşı da nifrətlə doluram. 

Təəssüf ki, anamın vəziyyətininin necə acınacaqlı olduğunu mən ancaq yeniyetməlik illərində öyrənə bildim. Uşaq vaxtı isə mən atamla anamın bir yerdə olmasını istəyirdim. Onların münasibətlərinin necə olmasının sanki mənə dəxli yox idi. Hə, atam anamı döyəndə mən ağlayırdım, amma “boşanmaq” sözünü eşidəndə daha pis ağlayırdım. Valideynlərimin ayrı yaşayacağı fikrini özümə yaxın buraxa bilmirdim. 

Yadımdadı, anam telefonla bir rəfiqəsinə atamın onu necə döydüyünü, necə lağa qoyduğunu, ata tərəfdən qohumların ona necə düşmən kəsildiyini, atama onu döydürdüklərini danışırdı. 

Bütün bunlara baxmayaraq, onların arasında müntəzəm cinsi əlaqə vardı. Doqquz yaşıma qədər onlarla eyni otaqda yatdığıma görə, bəzən gecələr onların sevişmə səslərinə oyanırdım. Maraqlıdır ki, bir çox tanışlarımın danışdıqlarının əksinə olaraq, bu, mənə nəsə iyrənc bir şey kimi gəlmirdi. Hətta maraqlı da deyildi. O yaşda cinsi aktı sadə bir şey kimi qəbul etməyim indi də mənə təəccüblü gəlir. 

Mən ailənin böyük uşağıyam. Anam mənə hamilə olanda, atam oğlan istəyib. Əslində, o yox, ata nənəm. Qız doğulduğunu biləndə atam mənə ad verməyə elə də tələsməyib. Amma ad qoymaq anı gələndə atam mənə anasının adını qoymaq istəyib. Ənənəvi, uzun ada anam etiraz edib. Deyib ki, uşaq Moskvada yaşayacaq, belə adla ona lağ edərlər. Atamdan çıxmayan iş, anamın sözü ağlına batıb. Anam da mənə müasir, dəbdə olan bir ad verib. 

Üç yaşım olanda Osman adlı bir qardaşım doğuldu. Onu, demək olar ki, heç xatırlamıram. Bir yaşı tamam olmamış, Osman öldü. O öləndə valideynlərim çox pis olmuşdular. Valideynlərim həmişə deyirlər ki, onun xəstəliyi vardı, ona görə öldü. Amma Osmanın ölümü gözlərimin qabağındadır – biz Azərbaycanda, kənddə, ata nənəmin evində idik. Atam və əmilərim masa arxasında oturmuşdular, Osman əmimin qucağında idi. Körpə qardaşım bir anın içində masanın üstündən bir konfet kağızını qapıb, ağzına soxdu. Bir neçə saniyə sonra hamı tıncıxmış qardaşımın başına yığışmışdı, əmim barmaqlarını Osmanın ağzına salıb, kağızı çıxarmağa çalışırdı, amma qardaşım boğuldu və daha nəfəs almadı. 

Qardaşımı kənddə dəfn edib, Moskvaya döndük. 

Osmanın ölümünə görə atam həmişə anamı günahkar çıxarırdı. Deyirdi ki, o ağlayanda anam həmişə ona deyirmiş ki, “ölsən, canım qurtarardı”. Əslində, anamı anlamaq mümkün idi. İki uşaqla onun vəziyyəti çox ağır olurdu. O hamilə olanda mənim iki yaşım vardı, özüm də çox hərəkətli, səs-küylü uşaq idim. Anam hamilə-hamilə ev təmizləməli, paltar yumalı, mənə baxmalı, yemək bişirməliydi. Evdə yaxşı yemək olmayanda, ya bir az səliqəsizlik olanda, atam qəzəblənir, anama yenə əl qaldırırdı. Üstəlik, toksikoz anama əzab verirdi. Yazıq qadın bir balaca uşaqla, ev işləri və hamiləlik əzabları arasında çırpınırdı. 

Buna görə də, təəccüblü deyil ki, Osman doğulandan sonra anam doğuşsonrası depressiyaya düşmüşdü. Köməyi yox, uşaq gecələr ağlayır, atam bağırır ki, sabah işə getməlidir, hamımızın yükü onun çiyinlərində...Hələ yaxşı ki, o dəli olmamışdı...

Osmanın ölümündən sonra daha bir qardaşım doğuldu. Adını Rasim qoydular. Valideynlərim onu təkcə öz yerinə deyil, Osmanın da yerinə sevdilər. Rasimə sevginin ikiqatı düşdü. Buna görə qardaşımdan zəhləm gedirdi. Anam, hər xırda şeyə görə məni danlayan, həmişə sərt, tələbkar davranan anam, qardaşımla elə yumşaq rəftar edirdi ki...Günü bu gün də mən hiss edirəm ki, anam qardaşımı daha çox sevir. Nə desə də, nə etsə də, mən həmişə anamın qardaşımı daha çox sevdiyini hiss edəcəm. Onun qardaşıma olan sevgisi, aramıza qoyduğu ayrı-seçkilik mental səviyyədə hiss olunur. 

Uşaq vaxtı atamı çox istəyirdim. Bu, o vaxt idi ki, onun anama necə əziyyət verdiyinin fərqində deyildim. Anamla atam dalaşanda mən də günahı anamda görürdüm. Düşünürdüm ki, onların münasibəti anama görə pozulur. Əslində, atamı daha çox sevdiyimə görə, mən sadəcə onun dediklərinə inanır və ancaq onun tərəfini tuturdum. 

İstirahət günləri atam hara gedirdisə, məni də özü ilə aparırdı. Qışda məni xizəyə otuzdurub, sürürdü. Yayda isə çiyinlərinə mindirib, gəzdirirdi. Uşaqlığımın bir hissəsini mən atamın boynunda oturaraq keçirmişəm. Atamdan nə istəsəm, mənə tez alıb, gətirirdi. Yadımdadı, altı yaşım olanda xəstələnmişdim. Atamdan vafli istədim. İşdən gələndə alıb, gətirmişdi. O həmişə danışırdı ki, lap balaca olanda bir dəfə atamın aldığı bir vedrə çiyələyi tək yemişəm. Ümumiyyətlə, valideynlərim mənim uşaqlıqdakı görməmişliyimi, şirniyyata necə daraşdığımı xatırlayanda gülürlər. 

Atam divanda uzanıb, televizora baxanda mən də gedib onun yanında uzanırdım. O harasa gedəndə mən də onunla gedirdim. Yəqin ki, atam doğrudan da məni sevirmiş. O illərdə mənim gözümdə atamın güclü avtoriteti vardı. Anama göstərdiyi iyrənc münasibət, ona verdiyi əzablar olmasaydı, bu, ömür boyu belə olacaqdı. Uşaq vaxtı vəkil olmaq, əzilənləri müdafiə etmək istəyirdim. Bu istək, görünür, ildən ilə mənim evimizdəki əsl əziləni – anamı görməyimə, onun müdafiəsinə qalxmağa qərar verməyimə səbəb olmuşdu...

Amma atamdan fərqli olaraq, anam mənimlə həmişə sərt rəftar edib. Səkkiz yaşım tamam olmağa bir neçə gün qalmış məni oxlovla döyməyi heç yadımdan çıxmır. Doğum günümdə şəffaf, tüllü paltarımı geyinəndə, bədənimdə oxlovdan qalan göyümtül izlərə görə bərk utanmışdım. Belə şeylər tez-tez təkrarlanırdı. Buna görə də, uşaq vaxtı anama nifrət edirdim. 

Ardı var...



Powered by Froala Editor