Homoseksuallıq üç cinsi oriyentasiyadan biri olub, öz həmcinsinə qarşı emosional, romantik, erotik və seksual meylliyi ifadə edir. 

İlk növbədə o, geniş yayılmış haldır. Müxtəlif müəlliflərin hesablamalarına görə, kişilərin 1-2%-dən 5-6%-ə qədəri (ortalama 4%-i), qadınların isə 1%-dən 3-4%-ə qədəri homoseksual oriyentasiyaya malikdir. Kişi əhalisinin ən azı üçdə biri isə öz həyatında epizodik və ya müvəqqəti eynicinsli əlaqə yaşamışdır. 

Hazırda homoseksuallığın mənşəyi barədə nəzəriyyələri şərti olaraq iki yerə ayırmaq olar: bioloji və psixoloji. Birinci halda onun səbəblərini beyin strukturlarının fəaliyyətində, genetik proqramlaşdırmada və ya hormonal balansın pozulmasında görürlər. İkinci halda isə əsas səbəb kimi ailədə münasibətlərin pozulması, yanlış tərbiyə, yeniyetməlik dövründə əlverişsiz mikrososial şərait və s. əsas götürülür.


Psixoloji əsaslar

Uzun illər ərzində psixoloqların əksəriyyəti hesab edirdi ki, homoseksuallıq uşağın yanlış tərbiyəsi, övlad və valideyn arasında patoloji münasibətlər nəticəsində formalaşır, yaxud da tipik olmayan seksual təcrübə nəticəsində baş verir, lakin elmi araşdırmalar bu fikri təsdiq edə bilmədi (məsələn: Bell, Weinberg & Hammersmith, 1981). Homoseksual fərdlərin valideynləri heteroseksual övlad sahiblərindən bir o qədər də fərqlənmirdi. Əksər homoseksuallar eynicinsli istəkləri və homoseksual fantaziyaları ilk seksual təcrübə baş tutmamışdan xeyli əvvəl hiss edirlər. 

Digər geniş yayılmış stereotip var ki, homoseksuallıq – uşağın yaşda böyük həmcinsi tərəfindən pozulmasıdır. Tədqiqatçılar buna cavab olaraq bildirir ki, homoseksuallığın əsas göstəricisi əməllər deyil, insanın hissləridir. Homoseksual hisslər və erotik fantaziyalar eynicinsli əlaqələrə səbəb olur. Homoseksualların əksəriyyəti öz cinsi oriyentasiyaları barədə danışarkən özlərini hər zaman bu cür hiss etdiklərini bildiriblər. Öz həmcinsinə qarşı seksual istəklər və müvafiq fantaziyalar bir qayda olaraq, hələ cinsi yetişkənlik dövründən əvvəl, artıq 3-4 yaşında yaranmağa başlayır.

Başqa bir inandırıcı arqumenti alimlər qədim tarixdə tapır. Bir sıra mədəniyyətlərdə (məsələn, Afrika və Yeni Qvineya qəbilələrində) yetkin kişilər və yeniyetmə yaşına çatmayan oğlanlar arasında eynicinsli əlaqə normaları mövcud idi. Lakin intensiv homoseksual təcrübəyə rəğmən, bu yeniyetmələrin əksəriyyəti yetkinlik yaşına qədəm qoyduqda heteroseksuallıq nümayiş etdirir, nikaha daxil olur və nəsil artırırdılar. Tədqiqatçılar bu faktı erkən cinsi əlaqənin gələcək seksual oriyentasiyaya təsir etmədiyinin sübutu hesab edir. 

Amerika Psixologiya Assosiasiyası, Amerika Psixiatriya Assosiasiyası, Sosial İşçilərin Milli Assosiasiyası 2006-cı ildə bəyan etmişdir: 

“Hal-hazırda fərdlərin heteroseksual, homoseksual və ya biseksual olmalarına valideynlərin bioloji, psixoloji və ya sosial amillərinin təsir edib-etmədiyinə dair vahid elmi konsensus yoxdur. Lakin faktlar var ki, əksər lesbiyan və geylər heteroseksual valideynlər tərəfindən böyüdülmüşdür, gey və lesbiyan cütlüklərin böyütdükləri əksər uşaqlar isə heteroseksualdır. 

Böyük Britaniyada psixiatrların başlıca peşəkar assosiasiyası olan Kral Psixiatrik Kollegiyası 2007-ci ildə bildirmişdir: “Çoxəsrlik psixoanalitik və psixoloji tədqiqatlara baxmayaraq, tərbiyə xarakterinin və erkən uşaq təcrübəsinin heteroseksual və ya homoseksual oriyentasiyanın formalaşmasında rol oynamasını sübuta yetirəcək hər hansı dəlillər mövcud deyil. Belə hesab olunur ki, seksual oriyentasiya genetik amillərin mürəkkəb qarşılıqlı əlaqəsi və erkən bətndaxili mühitlə müəyyənləşdirilən bioloji təbiətə malikdir. Deməli, seksual oriyentasiya seçim deyil.” 

Cinsi oriyentasiyanın yaranmasına sosial təsirlərin olduğu fərziyyəsi özünü doğrultmadığı üçün alimlər artıq digər səbəblərin axtarışı ilə ciddi məşğul olmağa vadar etdi. 

19-cu əsrin əvvəllərindən psixiatr və psixoloqlar mövzuya diqqət ayırmağa başladı. Hələ 1886-cı ildə psixiatr Rixard Kraft-Ebinq homoseksuallığı degenerativ xəstəliklərə aid etdiyi vaxtda da onunla razılaşmayan alimlər var idi: Ziqmund Freyd və Hevlok Ellis. 

Avstriyalı psixiatr və psixoanalizin əsasını qoyan Ziqmund Freyd hesab edirdi ki, insanlara doğuluşdan biseksuallıq xasdır, heteroseksuallıq və homoseksuallıq isə erkən uşaq inkişafının bir variantıdır. Freyd homoseksuallığı xəstəlik kimi nəzərdən keçirmirdi. Övladını homoseksuallıqdan müalicə etmək istəyən ananı məktubuna cavab olaraq, Freyd belə demişdi: “Homoseksuallıq, əlbəttə ki, bir üstünlük deyil, lakin utanılası bir şey də deyil. O qüsur və deqradasiya deyil, xəstəlik kimi də təsnif edilə bilməz. Biz hesab edirik ki, o, inkişafda ləngimə nəticəsində yaranan seksual funksiya variasiyasıdır”.

Freyd homoseksualın heteroseksuala çevrilə bilməsinə şübhə ilə yanaşırdı və bunu uğursuz hesab edirdi. O, bu qənaətə gəlmişdi ki, homoseksualların terapiyası onların oriyentasiya nəticəsində hiss etdikləri psixi diskomfortdan azad olmalarına və pasiyentin öz “mən”-ini qəbul etməsinə yönəlməlidir. 

Homoseksuallığın araşdırılmasını yeni mərhələyə qaldıran isə 1957-ci ildə amerikalı psixoloq Evelin Huker oldu. O, heteroseksual və homoseksual kişilər arasında 30 anket sorğusu keçirərək psixiatrların ekspertizasına təqdim etdi. Həkimlər hetero və homoseksual psixika arasında fərq aşkar etmədilər. 

Huker öz dövrü üçün standart olan assosiativ testlərdən istifadə etmişdi: tematik apperseptiv test (TAT), Rorşax testi və rəsmə əsasən hekayə düşünmə tapşırığı. Bu metodika müxtəlif psixi xəstəliklərin diaqnozunda müvəffəqiyyətlə istifadə olunsa da homoseksuallıq qarşısında aciz qaldı. Əgər bir kişi eynicinsli əlaqəyə üstünlük verdiyini dilə gətirməsə, psixi testlər onun oriyentasiyasını təyin edə bilmirdi. 

Şübhəsiz ki, Hukerin istifadə etdiyi testlər hazırda köhnəlmiş sayılır, otuz nəfərlik qrup isə kifayət qədər azdır. Lakin 1957-ci il üçün keyfiyyətli elmi iş hesab olunurdu. Sonralar psixoloq və psixiatrlar böyük sayda müsahiblər arasında tədqiqatlar keçirmiş, ümummilli sorğular təşkil olunmuşdu (Məsələn, National Health and Social Life Survey sorğusu), lakin heç bir elmi iş Hukerin gəldiyi nəticəni inkar edə bilməmişdi. 

1973-cü ildə Amerika Psixiatriya Assosiasiyası professor Robert Spitserin də təklifi ilə iki meyara əsasən homoseksuallığı psixi pozuntu siyahısının ikinci versiyasından çıxardı. Qərar 1974-cü ildə assosiasiyanın üzvlərinin səsverməsi ilə qüvvəyə mindi. Bundan dərhal sonra Amerika Psxiologiya Assosiasiyası psixiatrların qərarını dəstəklədi və o vaxtdan etibarən homoseksualların cəmiyyətdə yarlıklanmasına qarşı aktiv fəaliyyət göstərməyə başladı. 

APA öz qərarında ÜST-ün 1948-ci ildə təyin etdiyi “sağlamlıq” anlayışını rəhbər tuturdu. Bu anlayış belə səslənir: “Sağlamlıq yalnız xəstəliklərin və fiziki qüsurların olmaması deyil, həm də tam fiziki, ruhi və sosial rifah halıdır”. Bu nöqteyi-nəzərdən gey və lesbiyanları xəstə hesab etmək olmur: psixiatrlar homoseksuallığın fiziki, ruhi və sosial rifahı pozmasına dair dəlillər tapa bilməmişdir. 

İnsanın cinsi oriyentasiyaya görə təqib olunması rifahı pozsa da, oriyentasiyanın özü özlüyündə problemli deyil: gey və lesbiyanların təqib olunmadığı cəmiyyətlərdə onlar rahat həyat yaşayır və oriyentasiyalarından əziyyət çəkmirlər. Məsələn, İslandiyanın baş naziri və ya Hyustonun meri – bu iki qadının ikisi də açıq lesbiyandır. 

Ümumdünya Səhiyyə Təşkilatının xəstəliklərin beynəlxalq təsnifatının 9-cu redaksiyasına qədər homoseksuallıq psixoseksual pozuntu qrupuna aid olan xəstəlik kimi təsnif edilirdi. 1990-cı il 17 may tarixində isə o, XBT-nin 10-cu baxışından çıxarıldı. Müasir təsnifatda homoseksuallıq deyil, onunla əlaqədar fərdin diskomfort hiss edərək oriyentasiyasını dəyişmək istəməsi pozuntu sayılır.

Bunun ardınca 1994-cü ildə Böyük Britaniya höküməti, 2001-ci ildə Çin Psixiatrlar Cəmiyyəti homoseksuallığı xəstəliklər siyahısından çıxardı. 

Müasir dünyada tibb və psixiatriya sahəsində mütəxəssislər konsensusa gəlmişdir ki, homoseksuallıq insanın seksual oriyentasiyalarının normal və pozitiv növüdür. 

Homoseksuallar üzərində aparılan psixoloji araşdırmalar göstərir ki, onların ənənəvi oriyentasiyalı şəxslərdən fərqli patoloji psixo-nevroloji dəyişiklikləri yoxdur. 

Amerika Pediatriya Akademiyası belə fikir irəli sürmüşdür: 

Seksual oriyentasiya böyük ehtimalla, hər hansı yeganə amillə deyil, genetik, hormonal və mühit təsirlərinin kombinasiyası ilə müəyyən olunur. 

Bioloji (genetik) səbəblər

İnsanlar eynicinsli əlaqəyə malik yeganə canlılar deyil. Homoseksual və biseksual davranış heyvanlar aləmində geniş yayılmışdır. Tədqiqatçı alim Bryus Beycmilin icmalı göstərdi ki, homoseksuallıq primatlardan tutmuş tikanbaşlı qurdlara qədər təqribən 1500 heyvan növündə qeydə alınmışdır. Onlardan 500-ü yaxşı sənədləşdirilmişdir. Beycmilin sözlərinə görə, heç də bütün heyvanların seksual davranışları çoxalma və nəsilvermə ətrafında deyil. 2009-cu ilə aid araşdırma göstərir ki, eynicinsli münasibətlər qurdlardan tutmuş qurbağalara və quşlara qədər əksər heyvan növləri üçün adi haldır. Bu eynicinsli münasibətlərə seks, nəvaziş göstərmə, bağlanma (sevgi forması kimi, şəfqətli davranış və s.), monoqam əlaqələr və uşaqlara birgə qayğı aiddir.

Məsələn, yapon makakalarının dişi fərdləri öz aralarında fəal seksual stimulyasiya aparırlar. Şirlər, şimpanzelər, bizonlar və delfinlərdə,130-a yaxın quş növündə də eynicinsli partnyorlar arasında seksual əlaqə aşkar edilmişdir. Heyvanlarda belə davranışın təkamül səbəbləri məlum olmasa da, homoseksuallığın müasir insanların “kəşfi” olmadığı məlumdur.

Təbii şəraitdə homoseksual davranış oranqutan meymunlarında qeydə alınmışdır. Alimlər bu insanabənzər meymunların müşahidə edərək bu nəticəyə gəlir ki, onların homoseksuallığı azadlıqdan məhrum olmanın nəticəsi deyil, seksual və sosioseksual davranışın komponentidir. 

İsveçrənin Sürix şəhərindəki zoorpark homoseksual heyvanların həyatına həsr olunmuş ekskursiyalar təşkil edir. Orada partnyorunun hansı cinsdən olmasına fərq qoymayan bonobo meymunlarından danışılır. İki gey flaminqonun ömürlərinin axırına qədər bir-birinə vəfalı qalması halı, lesbiyan pinqvinlərin isə hər il heteroseksual cütlərdən yumurta oğurlayaraq öz balaları kimi yetişdirmələri də müşahidə edilmişdir. 

Bu kəşfin edilməsi homoseksual fərdlərin hüquqlarının müdafiəsində mühüm rol oynadı. Belə ki, homoseksual cinsi əlaqənin “təbiət əleyhinə cinayət olması” homofobiya ideologiyasının əsasını təşkil edirdi. Hazırda isə bunun təbiətə zidd olduğunu iddia etmək çətindir. Bu arqument ABŞ Ali Məhkəməsində istifadə edilərək 14 ştatda homoseksuallığa görə cinayət məsuliyyətinin ləğvinə səbəb olmuşdur.  

Homoseksuallığın izah olunması ilə bağlı bioloji yanaşmalardan biri də hormonların tədqiqi oldu. Fərdin hormonal fonu ilə əlaqədar endokrinoloji konsepsiya XX əsrin əvvəllərində yarandı. 

Əsasən bu fikir irəli sürülürdü ki, homoseksual kişilər yetərincə kişisayağı, qadınlar isə yetərincə qadınsayağı deyil. Hesab olunurdu ki, cinsi hormonlarda balansın pozulması buna səbəb olur. Hormonal fonun müqayisəli analizi cəhdləri dəfələrlə edilsə də əksər tədqiqatlarda fərqlər aşkar edilməmişdir. Böyük dozada müvafiq hormonların yeridilməsi ilə heteroseksuallığa nail olmaq üçün uğursuz cəhdlər hormon nəzəriyyəsini inkar etdi. Orqanizmdə kişi hormonlarının yeridilməsi sadəcə fərdin artıq sahib olduğu oriyentasiyada cinsi ehtirasının daha da güclənməsinə səbəb olur. Aparılan çoxsaylı müşahidələr kişi və qadın homoseksuallar arasında hormon səviyyəsində ciddi pozuntular və fərqləndirici əlamətlər aşkar etmədi (Bleuler B.; Allen G.; Dörner G. və başqaları). 

Fenomenin genetik cəhətdən izahına gəlincə isə, XX əsrin birinci yarısında alimlər əkiz cütləri arasında intensiv müşahidələr aparırdı. Bu genetik konsepsiyanın müəlliflərindən biri Din Hamerdir, o, X-xromosomdakı Xq28 markerini kəşf edərək onunla homoseksuallıq arasında əlaqə olduğunu aşkar etmişdir. Lakin bu fikir mübahisəlidir.

1993-cü ildə aparılan araşdırmada Hamer homoseksualların olduğu 114 ailəni təhlil edərək müəyyən etdi ki, onlarda ana xətti üzrə dayı və dayıoğlanları arasında homoseksualların payı orta həddən yuxarıdır. 40 ailədə genetik əlaqə tədqiq edilmiş və 64% halda Xq28 geni ilə homoseksuallıq arasında korrelyasiya aşkar edilmişdi.

Əkizlər üzərində tədqiqatların davamı olaraq, 2012-ci ildə kişilərin cinsi oriyentasiyasının səbəbləri üzrə hərtərəfli, çoxmərkəzli və geniş araşdırma keçirildi. Tədqiqatda 409 cüt homoseksual qardaşlar daxil edildi. Xq28 geni ilə yanaşı, 8-ci xromosomun perisentromer nahiyəsində də əlaqə aşkar olunmuşdu. Alimlərin cavabı belə oldu: «bizim gəldiyimiz nəticələr güman etməyə imkan verir ki, bu nahiyələrdən hər birinin genetik variasiyası kişi seksual oriyentasiyasının mühüm psixoloji əlamətinin inkişafına öz töhfəsini verir». 

J.Maykl Beylinin Amerika Elmin İnkişafı Assosiasiyanın illik görüşündə təqdim etdiyi ilkin hesabatda qeyd olunur ki, Xq28 seksual oriyentasiyaya təsir edə bilər. Araşdırma 409 homoseksual qardaş və onların birbaşa ailə üzvləri üzərində həyata keçirilmişdir. 

Əkizlər üzərində aparılan tədqiqatlar homoseksuallığın genetik cəhətdən bağlılığına dair ciddi nəticələr əldə etsə də, Xq28 geni öz mürəkkəb strukturuna görə tam araşdırılmamışdır. Hazırda bu fikir güclü fərziyyələrdən biri olaraq qalır.


Antropoloji əsaslar

Rus alimi Aron Belkin 2 antropoloji ideyanı dəstəkləyərək homoseksuallığın səbəblərini belə açıqlayırdı:  

1. Bəşəriyyətin mənəvi təkmilləşməsi istiqamətində təkümülü. Nəsil verməyən hər bir insan bir növ “təkamülün çıxılmaz dalanıdır”, homoseksuallıq isə təbiətin özünün “çıxılmazlığı” seçdiyi variantdır. Nədən ötrü? İnsanın heyvandan fərqləndirilməsi, onun güclü enerjisini nəsil artırmaqla birbaşa əlaqəsi olmayan daha yüksək hədəflərə yönəldə bilməsi, bioloji müxtəlifiyin artırılması, mənəvi mükəmməlliyə yaxınlaşması üçün. 

 2. Təbiət tərəfindən insan populyasiyasının sayının tənzimlənməsi. «Epidemiyalar, kosmik kataklizmlər, ekoloji fəlakətlər.. Ola bilsin ki, homoseksuallıq da onlarla eyni sırada dayanır, dünya əhalisinin sürətlə artımının qarşısının alınmasında ən humanist və ən asan üsuldur. 

Təkamül biologiyası və sosiobiologiya hesab edir ki, homoseksuallıq cəmiyyətdə adaptiv funksiyanı yerinə yetirir – qrupdaxili sosial gərginliyi və rəqabəti azaldır.

Homoseksuallığın “müalicəsi”

Cəmiyyətin homoseksuallığı uzun müddət xəstəlik hesab etməsi ilə əlaqədar onun “müalicəsinə” dəfələrlə və müxtəlif yollarla səy göstərilmişdir. Homoseksualların qanundan kənar sayıldığı ölkələrdə bu, hələ də davam edir. “Müalicə” növləri arasında hormon terapiyaları xüsusi vurğulanmalıdır. 

Hormonların oriyentasiyaya təsirləri üzərində eksperimentlər onların kəşfindən az vaxt keçmiş, yəni 1900-cu illərin əvvəlindən başladı. Homoseksualları əsasən androgen və estrogenlərlə “müalicə” etmə cəhdləri mövcuddur. İlk eksperimentlər seksual cinayətlərə görə məhkum edilmiş şəxslərin üzərində aparılırdı. Məhkəmə tərəfindən estrogen terapiyasına məruz qalan ən məşhur insan kibernetikanın atası, dahi deşifrəçi, İkinci Dünya Müharibəsi zamanı alman kəşfiyyatının kodlarını sındıran Alan Türinq olmuşdur. O, homoseksual əlaqədə ittiham olunmuş və məcburi estrogen terapiyası keçmişdir. Prosedurun yan təsirləri isə döşlərin böyüməsi, daimi ürək bulantıları, artıq çəki və depressiya oldu. Bir müddət sonra isə Türinq intihar edərək həyatına son qoydu.

XIX əsrin sonlarından təxminən 1912-ci ilə qədər homoseksualları axtalanma üsulu ilə «müalicə» cəhdləri olmuşdur. Həkimlər hesab edirdi ki, bununla onlar kişilərə qarşı meyldən azad olacaq. Bəzi geylər bu əməliyyata könüllü gedirdi, bəziləri isə məcburi cəlb olunurdu. Lakin bu cür «müalicənin» nəticələri ürəkaçan deyildi, həmin şəxslərin oriyentasiyasında hər hansı dəyişiklik qeydə alınmırdı. 

Digər müalicə metodu da öz orijinallığı ilə seçilirdi. Həkimlər şərti reflekslərdən istifadə edərək homoseksual fərdlərdə əks cinsə maraq oyatmağa çalışırdı. Belə ki, homoseksual fərd qaranlıq bir otaqda masturbasiya etməyə məcbur olunurdu. Orqazm məqamında isə işıqlar dərhal yanır və divarda çılpaq qadın şəkli nümayiş olunurdu. Güman edilirdi ki, bir neçə dəfə bu hal təkrarlanarsa, gələcəkdə fərd qadın bədəni gördüyündə ereksiya yaşayacaq. Lakin təbii ki, bu metod özünü doğrultmadı. 

Digər metod da öz qəddarlığı ilə seçilirdi. Homoseksual fərdlərə çılpaq kişi bədənlərinin əks olunduğu pornofilmlər nümayiş olunurdu. Fərd ehtiras vəziyyətinə çatdıqda isə elektrodlar vasitəsilə ona elektrik yeridilir, yaxud da ürəkbulanması və qusma yaradan maddə vurulurdu. Həkimlər nail olmağa çalışırdı ki, kişi bədəninin görünüşü homoseksual fərddə ikrah hissi oyatsın. Belə “müalicə” kursu 10-20 seans davam edirdi. Lakin ikrah hissi müvəqqəti olaraq qeydə alınırdı, yaxud da gələcəkdə pasiyentdə daha ağır fəsadlara yol açırdı. 

Bəzi həkimlər hipnoz və autotreninqdən istifadə etsələr də arzuolunan nəticəni əldə etmək mümkün olmurdu. 

XX əsrin 50-ci illərində beyin üzərində əməliyyat aparılması müalicə növü kimi meydana gəldi. Əməliyyat lobotomiya adlanırdı. Cərrahlar beynin yarımkürələri ayırır, hipotalamusu kəsir, seksual davranışa cavab verən strukturları məhv edirdi. Tarixə məlumdur ki, qəddar Holokost dönəmində faşist Almaniyası homoseksuallar üzərində müxtəlif tibbi eksperimentlər, o cümlədən lobotomiya aparmışdır. Əməliyyatın nəticələri tükürpədicidir: cinsi meylliyinin tam yox olması, hərəkətlərin koordinasiyasının pozulması, iflic, görmə problemləri və s. 1969-cu ildən tibbi ictimaiyyətin tələbi ilə bu cür əməliyyatlar qadağan edildi. 

 Homoseksuallığın xəstəlik hesab edilmədiyi ölkələrdə, o cümlədən də Azərbaycanda onun müalicəsi qadağandır. “Müalicə” yalnız müxtəlif həkimlər tərəfindən şəxsi mənfəət əldə etmək məqsədi ilə aparıla və gələcəkdə istər psixoloji, istərsə də hormonal problemlərə yol aça bilər.

Xülasə

Bəşəriyyət homoseksuallığın səbəblərinə dair dəlillərlə heç zaman kifayətlənməyəcək. Lakin bir şey məlumdur. Homoseksuallığa bioloji və ya kənar amillərin təsiri nə olursa olsun, individin seksual oriyentasiyası mürəkkəb, uzunmüddətli fərdi prosesdir. Yuxarıda sadalanan mümkün nəzəriyyələr və versiyalar onu göstərir ki, homoseksuallığın yaranmasına səbəb hər hansı konkret bir komponent deyil, psixobioloji, neyropsixofizioloji, gender, sosioloji və antropoloji proseslərin vəhdətidir.