“Bədənim belə istədi” - IV hissə

Roman

Müəllif: Aylin Wise

Tərcümə etdi: Günel Mövlud

***

“Skinxed”lərin hücumlarını biz ailə olaraq da, şəhər olaraq da birtəhər ötüşdürdük. Dövlət onların ləğvi üçün əsaslı tədbir görməli olmuş və hərəkat sönmüşdü. Amma sonra daha bir problem başladı. Milis qafqazlı sifət cizgilərinə sahib olanları hər addımda saxlayır, sənədlərini yoxlayırdı. Sənədlərin yanında deyildisə, səni milis bölməsinə apara, Rusiyada oturum icazən yox idisə, deportasiya edə bilərdilər. Bütün ailə dostlarımız, qohumlarımız kimi, bizim də sənədlərimiz qaydasında idi, artıq neçə il idi ki, Moskvada yaşayırdıq, Rusiya vətəndaşı idik. Buna görə də, milisdən elə də qorxmurduq. Amma hər gün təkrarlanan yoxlamalar, milislərin bizi görəndə sanki cinayətkar görürmüş kimi bir üz ifadəsi almaları xoşagəlməz və alçaldıcı idi.

Bu dalğa da ötəndən sonra Moskvaya türk iş adamlarının axını başladı. Sovetlər artıq dağılmış, sərhədlər açılmışdı və Rusiyanın paytaxtı Moskva artıq tamam başqa bir mərhələyə qədəm qoyurdu. İntellegensiya, təhsil və mədəniyyət şəhərindən böyük bir biznes mərkəzinə və təkcə rusca deyil, türkçə, çincə danışılan bir meqapolisə çevrilirdi. Moska ilə yanaşı, ailəmizin də həyatı tamam başqa məcraya yönəlirdi.

Anamla atam türkcə bildiklərinə görə, türk iş adamları ilə rahatca dil tapdılar. Bir türk biznesmen atamı öz yanına tərcüməçi götürdü, çünki atamın ruscası da çox yaxşı idi. Atam onlarla dostlaşdı, evimizə tez-tez türklər qonaq gəlməyə başladılar, eləcə, biz də onlara qonaq gedirdik. Hətta ailəvi türk dostlarımızın sayəsində bir neçə dəfə Türkiyəyə də getdik. Hər nə qədər millətçi olsalar da, deyə bilmərəm ki, valideynlərimin türklərlə dostluğu bu milli hisslərdən qaynaqlanırdı. Sadəcə onlarla ünsiyyət yaxşı gəlir vəd edirdi deyə, valideynlərim ailəmizin rifah dolu gələcəyini onlarla sıx ünsiyyətdə görürdülər.

Onlar təxminlərində yanılmamışdılar. Atamın tərcüməçilik etdiyi türklər Moskvada restoranlar zənciri açmağı planlayırdılar. Rus dilini, ölkənin yazılmış və yazılmamış qanunlarını bilmədikləri üçün, atamdan hər işdə kömək istədilər və əvəzində onu biznesə şərik kimi götürəcəklərini vəd elədilər. Anam hər yerdə hamı ilə dil tapa bilirdi deyə, biznesin sənədləşməsini, qeydiyyatı, müxtəlif instansiyalardan keçməyi öz boynuna götürdü. Anam bütün günü nəsə sənəd hazırlayır, qrammatik səhvlərini yoxlamağımı xahiş edirdi. Nəticədə, mənim də köməyimlə biznes qeydiyyatdan keçdi və atam restoranlar zəncirinin şəriklərindən biri oldu.

Bu türklər Moskvada iş qurmaq istəyən yeganə türklər deyildi. Bura biznes dalınca gələn, dil, qeydiyyat işlərində çətinlik çəkən tanışlarını anamın üstünə göndərməyə başladılar. Anam onlara həm şifahi tərcüməçilik edir, həm şirkətlərini qeydiyyatdan keçirir, həm yerli instansiyalarda təmsilçilik edir, həm də ölkədəki qaydaları izah edib, faydalı məsləhətlər verirdi. Bu işləri edərkən, o, tez-tez məndən kömək istəyirdi. Bir sənədi ora apar, bir sənədi tərcümə et, bir idarəyə get – deyərək, bir də baxdım ki, anamın köməyi və rəhbərliyi olmadan, özüm təkbaşına biznes qeydiyyatdan keçirir, sənədləşmə işini təşkil edirəm. Beləliklə, mən də ailə biznesimizin bir parçasına çevrildim.

Atam hər gün restorandan evə nəsə gətirir, yeməyə demək olar ki, pul vermirdik. Türk iş adamlarının sayı Moskvada sürətlə artırdı. Yeni gələnlər burda artıq oturuşmuş türklərlə ünsiyyətə girir, kömək istəyir, onlarsa yeni gələnləri bizim ailəyə yönəldirdilər. Biz də yeni bizneslərin qeydiyyatını aparır, onlara tərcüməçilik edir, məsləhətlər verirdik. Ailəmizin biznesi getdikcə böyüyür, gəlirimiz sürətlə artırdı.

Bir müddətdən sonra atamın naqis xasiyyəti özünü göstərməyə başladı. Acıdilliyi, əsassız təkəbbürü, başqalarına hörmət edə bilməməyi onu hər addımda ələ verirdi. Türklər atamla işbirliyini dayandırıb, şərik payını verib, bizneslərindən çıxardılar və bir daha heç kim onunla işləmədi. Amma ondan fərqli olaraq, anamın işləri sürətlə çoxalır, böyüyürdü. Çünki o, üzüyola, mədəni qadın idi, heç vaxt artıq-əskik danışmaz, konfliktə girməzdi. Buna görə də, türklər onun xətrini çox istəyir, hətta münasibətləri lap yaxın olanlar arada atamla bağlı “Mehbube hanım, keşke size daha çok yakışan bir beyiniz olsaydı” deyə atamın pis xasiyyətinə eyham vururdular. 

Anamla birlikdə, mənim də işim artırdı. Demək olar ki, hər gün işləməli olurdum. Bəzən anam mənə nə edəcəyimi deyib, tapşırıq verir, bəzən müstəqil şəkildə müştərilərə xidmət edirdim. Anam yavaş-yavaş tapşırıqları artırır, işimi çoxaldırdı. Universiteti bitirənə qədər ancaq bu işlə məşğul oldum və birinci ali təhsilimi bitirəndə bu işi də bitirdim. Daha doğrusu, qardaşım mənim yerimə keçdi, mənə isə daha “ciddi işlə məşğul olmağı”, özümə ər tapmağı tapşırdılar.

Atam daha ailə biznesimizdə olmasa da, hər şeyimiz onun əlində idi. Qazandığımız pulu hara xərcləyəcəyik, ailədə kimə nə alınacaq, hansı qohuma əl tutacağıq, hansı evi alacağıq, hamısına ancaq o qərar verirdi. Yenə də anamı başa düşə bilmirdim. Axı heç bir iş-güc sahibi olmayan bir ər niyə onun öz zəhməti ilə qazandığı pulu idarə edir, anam niyə yenə atamın əlinə baxırdı? Amma hər dəfə anama onun qul olmadığını başa salmağa çalışanda, hər dəfə ondan bu absurd münasibətlərə bir aydınlıq gətirməsini istəyəndə, o ağzımdan vururdu. “Ailə hər şeydən qiymətlidir!” deyə, o, köhnə havasını təkrarlayır, atamın əlinə baxmağa, onun dedikləri ilə oturub-durmağa, hətta yenə də onun yumruqlarına dözməyə davam edirdi. Bütün bunlar məni özümdən çıxarır, bu evdən, bu ailədən tezliklə başımı götürüb, qaçmağa çalışırdım.

Universiteti bitirəndə, anam atamı razı saldı ki, hədiyyə olaraq, mənə Moskvadan mənzil alınsın. Axı hər necə olsa, illərlə onların yanında maaşsız işləmişdim. Valideynlərim mənə indi yaşadığım evi aldılar, amma demək olar ki, evi öz zəhmətimlə almışam. Bəli, yaşıdlarım diskotekalarda əylənəndə, dəstə-dəstə bölgələrə, təbiət qoynuna əylənməyə gedəndə mən işləmişdim, pul qazanmışdım. İndi də özümü kitab oxumağa vermişdim, özüm, gələcək taleyim barədə çox düşünür, nəsə axtarırdım. Kənardan baxan olsa, məni çox xoşbəxt gənc qız hesab edə bilərdi. Adama daha nə lazımdı axı, gənc yaşımda Moskvanın mərkəzində böyük evim, maşınım, ailəmin böyük biznesi vardı. Adam başqa nə istəyə bilər. Amma mən xoşbəxt deyildim...

Olduqca tənha idim. Zahiri görünüşümdən çox narazıydım. O qədər narazı idim ki, buna görə gecələr yata bilmirdim. Mən artıq öz taleyi barədə, daha doğrusu evlilik barədə düşünməli olan, ən azından, kiminləsə görüşən, sevgi yaşamalı olan gənc qız idim. Amma mən çəkingən, utancaq, dəhşətli dərəcədə özünə qapalı bir insan idim və tanışlıq, kiminləsə münasibət qurmaq mənə asan deyildi. Elə bu vaxt bəxtimdən valideynlərim evə internet çəkdirdi. Bunu bir imkan olaraq dəyərləndirdim və tanışlıq çatlarına girməyə başladım. Valideynlərimin qoyduğu qanun yadımda idi, buna görə də, ancaq azərbaycanlılarla tanış olurdum. Get-gedə internetdəki həyat mənə gerçək həyatdan daha maraqlı gəlməyə başladı.

Birinci tanış olduğum Yekaterinburqdan olan bir azərbaycanlı idi. Düz xatırlayıramsa, adı Rasim idi. Söhbətimiz tuturdu. Kitablardan öyrəndiklərimi işə salır, onun xoşuna gəlməyə çalışırdım. Deyəsən, mənimlə maraqlanmağa başladı. Elə bir məqam gəldi ki, oğlan məndən şəkil istədi. Ən yaxşı düşdüyümü hesab etdiyim bir foto göndərdim. Oğlanın şəklə reaksiyası “Bol idman, az xəmirli yeməklər” oldu. Daxilimdə hər şey darmadağın oldu. Bu sözlər mənə elə pis təsir etdi, qürurumu o qədər incitdi ki, bir neçə gün özümə gələ bilmədim.

İllər əvvəl qəlbimi sadəlövhcəsinə açdığım rəfiqəm məndən qorxub, çəkinmiş, uzaqlaşmışdı. O  vaxtdan qadınlara qarşı qapamışdım özümü. İndi də kişilərdən qapaya bilməzdim. Çünki tək qalacağımdan qorxurdum, düşünürdüm ki, valideynlərim axı ömür boyu yanımda olmayacaqlar. Özümü ələ almalı, özümə əl gəzdirməli idim. Pəhrizə başladım, idmana yazıldım, səhərlər qaçmağı vərdiş elədim. Yadımdadı, bir dəfə düz iki sutka ac qalandan sonra ürəyim getmişdi. O vəziyyətə düşəndən sonra pəhrizimin fanatiklik dərəcəsini azaltdım, başa düşdüm ki, yemək də lazımdır. Daha sağlam bir pəhrizə keçdim, aylarla özümə əziyyət verdim. Amma nəticə yaxşı oldu, yeddi ay ərzində 24 kilo arıqladım.

Arıqlamaq, özümə baxmaqdan savayı heç nə barədə düşünmürdüm, ev işlərində daha anama kömək etmirdim, o nəsə etməyimi istəyəndə deyirdim ki, özlərinə qulluqçu tutsunlar. Əsəbi, dəymədüşər, hətta aqressiv olmuşdum. Həyatımda ilk dəfə valideynlərim məndən narahat olmağa başladılar. Anam əvvəlki tonunu kənara qoyub, mənimlə mehribancasına söhbət elədi. Öz çətin taleyindən, bizi atamın bütün qəddarlığına dözərək, necə əziyyətlə böyütdüyündən, qürbət eldə məndən başqa həmdəmi olmadığından danışdı. Məndən özümü ələ almağımı, onunla, atam və qardaşımla daha mehriban danışmağımı xahiş elədi. Anamın belə nəzakətli, mehriban tonu, mənə hörmət göstərməyi çox xoşuma gəldi. Yumşaldım, özümə, zahiri görünüşümə olan diqqətimi azaltdım, ailəmlə mehribanlaşmağa çalışdım.

Rasim daha çata girmirdi. Mən də artıq başqa oğlanla tanış olmuşdum. Adı Arif idi, Bakıda yaşayırdı. Onunla çox şeydən, xüsusilə necə qəhrəmancasına arıqlamağımdan danışırdım. Bəzən mənə elə gəlirdi ki, ona vurulmuşam. O da mənə xoş münasibət bəsləyir, şirin danışırdı. Qərara gəlmişdik ki, mən Azərbaycana yay tətilinə gələndə Bakıda görüşək.

Yay gələndə kəndə getdik. Orda məsələni anama açmalı oldum. Çünki o məni təkbaşına kənddən Bakıya getməyə qoymazdı. Böyük təəccübümə rəğmən, anam mənim Bakıya getməyimə razı oldu, amma özü də mənimlə gəlməkdə israrlı oldu. Atama dedi ki, bir türk müştərisinin ailəsi ilə birlikdə Bakıya gəlib və onunla görüşmək istəyir. Bəxtimizdən, atam pul gələn yerlərlə bağlı çox dözümlü olurdu, anamı belə faydalı görüşlərə rahatca buraxır və heç nəyi yoxlamırdı. Buna görə də, indi etiraz eləmədi.

Amma Arifi görən kimi, məyusluğumdan ağlamaq istədim. Oğlanın boyu çox balaca imiş. Mənsə onu təsəvvürümdə tamam başqa cür təsəvvür edirdim. 22 yaşım vardı, o yaşda mən insanın zahiri görünüşünə daha çox fikir verirdim. Yəqin, indiki yaşım olsa, bir insana boyuna görə qiymət verməzdim. Amma o vaxt çox məyus oldum. Aramızda heç bir təlatümlü hissdən söhbət gedə bilməzdi. Görüşdən sonra ona gec-gec cavab yazmağa başladım. O, hər şeyi başa düşürdü. Onunla birlikdə olmaq istəmədiyimə görə qəlbim parçalanırdı, amma heç nə edə bilməzdim. Oğlanın xətrinə də dəymək istəmirdim. Ona həqiqəti deməkdən qorxurdum. Bu, onu daha da qəzəbləndirərdi, o, xoşuma gəlmədiyini yaxşı başa düşürdü. Axırda o, bütün ürək sözlərini ifadə elədiyi bir məktub yazaraq, məndən ayrıldığını dedi. Bu məktub, onun çarəsizliyi məni ağlatsa da, sanki yüngülləşdim, üstümdən yük götürüldü.

Arifdən sonra da başqa oğlanlarla tanış oldum. Amma daha heç biri ilə söhbətimiz tutmadı.

Samirlə də internetdə, tanışlıq çatlarının birində rastlaşdım. İlk söhbətimiz elə də alınmadı, bir müddət yeknəsəq şəkildə yazışdıq, sonra necə oldusa, bir-birimizi itirdik. Mən axı başqa oğlanlarla da danışır, fərqli insanları tanımağa çalışırdım. Bütün bunları ona görə edirdim ki, sevib ərə getmək istəyirdim, insanları isə tanımadan sevməyin mümkün olmadığını bilirdim. Tanış olub, ünsiyyət qurduğum oğlanlar ya təkəbbürlü idi, ya seksdən başqa heç nə barədə düşünmürdülər, ya da daxilən çox kasad idilər, maşın, pul kimi maddi şeylərdən başqa bir maraq dairələri yox idi. Belə adamların zahiri görünüşü yaxşı olsa da, mənə maraqlı deyildi.

Bir dəfə anamın təkidi ilə Moskvadakı qohumlarımızdan birigilə qonaq getmişdim. Anam çox qapalı olmağımdan çəkinirdi, tez-tez hanısa qohum evinə göndərirdi ki, heç olmasa, onlarla ünsiyətdə olum. Bu görüşlər mənə çox darıxdırıcı gəlirdi, çünki məndən adətən nə vaxt ərə gedəcəyimi soruşur, bununla da məni lap hövsələdən çıxarırdılar.

Həmin gün maşınım təmirdə idi. Ona görə avtobusla gedib-gəlməyə qərar verdim. Geri qayıdanda dayanacaqda duran oğlanın mənə tanış gəldiyini hiss elədim. Deyəsən, o da məni tanıdı. “Leyla?” deyib yaxın gəldi. “Mən Samirəm” dedi. Yadıma düşdü, çünki mənə fotosunu atmışdı. Məlum oldu ki, biz eyni avtobusu gözləyirik və hətta eyni rayonda yaşayırıq. Bir-birimizə telefon nömrələrimizi verdik və sonra yenə yazışmağa başladıq. Samirin zahiri görünüşü pis deyildi, az danışdığına görə, onu başqalarından daha müdrik və ağıllı hesab edirdim, pis-yaxşı bir mütaliə baqajı vardı. Lazım olan yerdə lazım olan sözü deməyi, məni təsirləndirməyi bacarırdı. Mənə yenə elə gəlirdi ki, onu sevirəm. İndi başa düşürəm ki, bu, sevgi deyilmiş, sadəcə adekvat bir ər namizədi tapmağımın mənə yaşatdığı sevinc duyğusu imiş.

Mən atam kimi qəddar, əzazil bir adamla deyil, normal biri ilə ailə qurub, harmoniya içində yaşamaq istəyirdim. Valideynlərimin arasındakı gərginlikdən, atamın hamımıza qarşı pis münasibətindən, gözümün qabağında hər gün anama əziyyət verməsindən bezmişdim. Tez öz ailəmi qurub, onların yanından qaçmaq istəyirdim. O qədər çox istəyirdim ki, heç Samirin mənə evlənmə təklif etməyini də gözləmədim. Bir neçə dəfə görüşəndən sonra dedim ki, biz evlənsək, pis olmazdı.

Samirin maddi vəziyyəti məni az maraqlandırırdı. Mənim əyalətdəki və elə burdakı saysız-hesabsız xala, dayı, əmi, bibiqızılarım üçün maddi vəziyyət də, oğlanın harda yaşaması da vacib idi. Çünki Moskvada olanlar kasıb ailələrdən idilər, kənddə yaşayanlar da əyalətdən canlarını qurtarmağa çalışırdılar. Az qala hamısı ərə getməyə ya kasıblıqdan, ya da kənddən canlarını qurtarmaq yolu kimi baxırdılar. Amma mənim üçün, xüsusilə də ailəmiz varlanandan sonra ailə quracağım adamın maddi vəziyyəti maraqlı deyildi. Düşünürdüm ki, pulu qazanmaq həmişə mümkündür. Əlbəttə, lap da kasıb olmasını, səfalət içində yaşamasını istəmirdim. İstəyirdim ki, valideynlərim də, qohumlarımız da ərə gedəcəyim insana hörmət eləsin. Valideynlərim, qohumlarımız isə çətin ki, kasıb adama hörmət edəydilər.

Samir mənə demişdi ki, ailəsinin Moskvada iki yerdə evi, bir də Azərbaycanda mülkləri var. Moskvada saysız mənzilllərə, Moskva kənarında torpaq sahələrinə sahib olan, biznesləri gündən-günə böyüyən valideynlərim üçün bu göstərici, əslində, o qədər də ürəkaçan deyildi. Amma anamı birinci növbədə mənim tez ərə getməyim maraqlandırırdı. Artıq 22 yaşım vardı, valideynlərim qorxurdular ki, birdən heç ərə gedə bilmərəm. Buna görə də, ailənin tək oğlu, pis-yaxşı mülk sahibi olan, üstəlik də ali təhsilli bir gənclə ailə qurmağıma etiraz eləmədilər. Amma onların razılığına səbəb olan əsas şey, Samirin hüquqşünas olmasıydı. Bu, o demək idi ki, Samir anamın gündən-günə böyüyən biznesində işləyə, ona kömək edə bilərdi.

Anam dedi ki, Samiri əldən buraxmaq olmaz. Samir də öz növbəsində, valideynlərimin niyə razı olduğunu gözəl başa düşürdü. O tez şirin dilini işə salıb, qardaşımla dostlaşdı, anamla və atamla olduqca nəzakətlə davranmağa başladı. Amma mənim yanımda özünü bir az buraxır, onlara göstərdiyi dostluq və mehribanlığı mənə göstərmirdi.

Hələ toy günümüzə qədər biz tez-tez mübahisə edirdik. Adətən, boş şeylərin üstündə. Mənə elə gəlirdi ki, bunlar normaldır, insnalar fərqlidir, hərənin bir xasiyyəti var və zamanla bir-birimizə öyrəşəcəyik. Bəzən dostlarımdan biri bizi restorana, doğum gününə dəvət edirdi. Biz birlikdə getməli olsaq da, Samir gəlmirdi. Mən onun da gəlməyini xahiş edirdim, amma o israrla deyirdi ki, gəlməyəcək. Niyəsini soruşanda deyirdi, gəlməyəcəm, vəssalam. Görüş bitəndən sonra mənə deyirdi ki, geyinib gəlməyə heç nəyim yoxdu. Bütün bu söhbətlər mənə olduqca axmaq bir şey kimi gəlirdi.

Birinci ciddi məyusluğu Samirin ilk yalanını tutanda yaşadım. Toyumuza az qalmışdı. Valideynlərim də, mən də Samirlə evləndikdən sonra harda yaşayacağımızla maraqlandıq. Bu vaxt məlum oldu ki, Samirgilin evi-zadı yoxmuş. O, atası və anası biz qaldığımız rayonda, ikiotaqlı mənzilin bir otağında qalırmışlar. O otağa birinci dəfə ayaq basanda, iyrəndiyimdən ödüm ağzıma gəldi. Elə bil burda insan yaşamırdı. Otaq dəhşətli dərəcədə çirkli idi, hər şey cır-cındırdan ibarət idi və otaqdan olduqca pis qoxu gəlirdi. Mən olduqca təmizkar ailədə böyümüşdüm, anam məni uşaqlıqdan təmizkarlığa alışdırmışdı. Təmizlik üstündə məni döydüyü də az olmamışdı. Samirin otağında gördüklərim məni şoka salmışdı. Mən kasıblığı anlamaq gücündə idim, amma bu natəmizliyi anlamağa gücüm çatmırdı.

Samirin evsiz olması, ailəsinin qəfil məlum olan səfaləti və natəmizliyi belə, toyu ləğv etməyimizə səbəb ola bilməzdi. Bir tərəfdən Samir yalvara-yalvara and içirdi ki, o yalanları məni itirməmək üçün deyib. Digər tərəfdən isə valideynlərim artıq toy olacağını hamıya demişdilər. Bu toyun, mənim ərə getməyimin onlar üçün böyük əhəmiyyəti vardı. Onlar artıq bütün qohumlara xəbər salmış, Samirin uğurları, varidatı barədə o ki var, basıb-bağlamışdılar. Qohumlara yalandan demişdilər ki, Samir gənc biznesmendir, ata-anası öz vətənlərində şəhərin ən sayılıb-seçilən adamlarıdır, Moskvaya da ancaq ona görə gəliblər ki, oğullarından ayrı qala bilmirlər. Valideynlərim istəyirdi ki, bütün qohumlarımız bizə paxıllıq eləsin.

Buna görə də, Samirin yalanını öyrənəndə, ona qəzəblənmək yerinə, tez onu yanlarında yaxşı bir maaşla işə götürdülər, Samirə bahalı bir maşın hədiyyə elədilər, ciblərini də pulla doldurdular ki, qohumlarımızın yanında layiqincə görünsün. Mənimsə tək əlacım bütün bunlarla barışmaq idi. O vaxt mən gələcək ərimə olan bütün hörmətimi hələ itirməmişdim. Onun yalanlarını, hoqqalarını görməzdən gəlir, yaxşı adam olduğunu düşünüb, bununla onu təmizə çıxarırdım.

Toyumuz vaxtı Samirin və ailəsinin başqa sifətləri ortaya çıxdı. Qaynanam mənə hədiyyə elədikləri, elə də çox olmayan zinət əşyalarını da, nişan üzüyünü də ucuz başa gəlsin deyə, lombarddan almışdı. Başa düşürdüm ki, pulları yoxdu, amma üzük barmağıma çox böyük idi və qaynanamdan xahiş elədim ki, onu dəyişsin. O vaxt və ondan sonra, həmişə mənə qarşı düşmən münasibətdə olan qaynanam dedi ki, heç nə dəyişmək fikri yoxdu. Onun təəssüflə dediyi sözlər heç yadımdan çıxmaz:

-         O cür gözəl oğlumu gör kimlərə vermişəm!

Toydan sonra bircə yol qalırdı, biz valideynlərimin mənə aldığı evdə yaşayacaqdıq. Bizim ailəmizdə indidən hər şey məhz belə idi, bizim hər şeyimizi mənim valideynlərim alır, bizə pul verir, bizi onlar idarə edirdilər.

Toyumuza qədər Samir həmişə deyirdi ki, valideynlərimin pulunda gözü yoxdur. Deyirdi ki, hər şeyi özü qazanacaq. Valideynlərimlə həmişə çox mədəni, nəzakətli davranır, onların bir dediyini iki eləmirdi. Biz onda hələ bilmirdik ki, bu nəzakət pərdəsi altında hər şeyi dəqiq hesablamış, ikiüzlü, qəddar və naqis bir insan gizlənib.

Toyumuza bir həftə qalmış, Samir ilk dəfə mənə əl qaldırdı. Nəsə söhbət düşmüşdü, sözarası demişdim ki, ondan əvvəl bir idmançı oğlanla görüşmüşəm. Samir mənə bərk bir şillə vurdu. Bu, mənə çox pis təsir elədi. Dedim ki, onu daha görmək istəmirəm və nişanı da qaytaracam. Düşünürdüm ki, məni vura bilən bir adamla evlilik alınmaz. 

Məsələni anama danışdım. Xahiş elədim ki, toyu ləğv eləyək. Bunu deyəndə, səmimi olaraq inanırdım ki, anam mənim tərəfimi tutacaq. Axı hər necə olsa, döyülən onun uşağı idi. Amma anam məni dinləmək belə istəmədi. Dedi ki, özün tapmısan bu oğlanı, ərə getmək istədiyini demisən, biz də razı olmuşuq. Bundan sonra geriyə yol yoxdur. Dedi ki, indi ayrlmağı da, sonradan boşanmaq fikrini də yaddan çıxardım. “Bu, sənin ilk və son evliliyindir!” deyə, qabağıma ultimatum qoydu.

Anam toyumun ləğv olunacağından o qədər qorxurdu ki, məni vurması marədə Samirə bircə kəlmə də demədi. Qorxdu ki, birdən Samirin mənə acığı tutar. Axı anamın fikrinə görə, hələ evlənməmiş olsaq da, ərlə-arvad arasında olan orda qalmalıdır, qız da heç bir halda ərindən anasına şikayət etməməlidir. «Ərin nə deyir, odur! Vəssalam!» anamın son sözü bu olmuşdu.

Anamın bu vəziyyətdə mənim tərəfimi tutmamağı, toyu təxirə salmağı heç ağlına belə gətirməməyi, bununla da məni, çox güman gələcəkdə də döyəcək qəddar bir adamın qollarına itələməyi, anamdan aldığım ikinci zərbə oldu. Anam məni ikinci dəfə başqasına qurban etdi. İkinci dəfə zorakılıq görən, əziyyət çəkən övladının arxasında dayanmadı. İkinci dəfə qəzəbini mənə əziyyət verənə deyil, mənə göstərdi. Onun bu hərəkəti məni çox sarsıtdı, özümü olduqca tənha, kimsəsiz və gücsüz hiss elədim. 

Tək təsəllim bu idi ki, Samirlə barışmışdıq, axı o söz vermişdi ki, bir də heç vaxt mənə əl qaldırmayacaq, öz nəzakətini, qayğıkeş tərəfini işə saldı. Hardan biləydim ki, toydan sonra mənə edəcəklərinin yanında indi etdikləri yalan olacaq.

Toyumuza qədər, hətta nişanlı olduğumuz vaxtlarda da, aramızda demək olar, fiziki təmas olmamışdı. Samir təkcə arada əlimdən ya çiyinlərimdən tutur, sığallayır, ya da xoş sözlər deyirdi. Bütün bunları elədiyi zaman çox xoş hisslər keçirir, məmnun qalırdım. Sonradan anladım ki, bu hissləri də sevgi ilə qarışıq salmışam. Mən, sadəcə valideynlərindən yetərincə qayğı, nəvaziş, sevgi görməyən uşaq idim. Mən yaşıdları ilə dostluğu alınmayan, dil tapa bilməyən, özünəqapanıq yeniyetmə idim. Mən heç bir yaxın dostu, rəfiqəsi olmayan, insanlarla ünsiyyətində problem yaşayan gənc qız idim. Bütün bunlara görə, kiminsə məni əzizləməyi, qayğı göstərməyi xoşuma gəlmişdi.

Uzun sürən, adamı əldən salan toy hazırlıqları başladı. Anamla atam toya elə hazırlaşırdılar ki, elə bil əsrin müqaviləsi imzalanacaqdı, əsrin toplantısı baş tutacaqdı. Toy dedim, amma valideynlərim toya deyil, bir neçə toya hazırlaşırdılar.  Onlar toyumuzu həm Moskvada, həm kəndimizdə, həm də Samirin valideynlərinin şəhərində etmək istəyirdilər. Samirin valideynlərinin vecinə deyildi, onlar onsuz da toyun heç birinə qəpik də xərcləməyi fikirləşmirdilər. Hər üç toyun xərcini mənim ailəm çəkməli idi. Moskvadakı toyla kifayətlənməyib, öz kəndimizdə də toy etməyi hardasa anlamaq olardı. Axı qohumların çoxu orda idi, Moskvaya toya gələcək qədər də varlı deyildilər, orda bizim gedib toy etməyimiz daha məntiqli idi. Amma daha Samirin şəhərindəki toyu niyə biz təşkil etməli idik, bunu başa düşə bilmirdim. Anamdan bunu soruşanda dedi ki:

- İstəyirsən, ömür boyu ərinin ata-anası desinlər ki, biz onları saymadıq? Gəlinin kəndində toy oldu, bəyin kəndində toy olmadı? Onların imkanı yoxdur, bizim ki, var. Deməli, o toyun da xərcini biz çəkməliyik. Bizim qızımızı alırlar, niyə kömək eləməyək...

Anamla hər dəfə danışanda elə bil başıma ağır əşya ilə vururdular. Hər dəfə daha çox xətrimə dəyirdi. Anam elə danışırdı ki, elə bil mən onların çiyinlərindəki ağır yük imişəm, indi kimsə gəlib, bu yükü öz çiyinlərinə alır, valideynlərimi azad edirdi. Onlar niyə məni belə ucuz tuturdular? Niyə mənə tez kiminsə boynuna yıxmalı olduqları yük kimi baxırdılar? Niyə mənimlə evlənəck deyə kiminsə ayağının altında əski olmağa, onun valideynlərindən minnət götürməyə razı idilər?

Daha bu barədə anamla danışmadım. Bu toy hazırlıqları, onun mənə münasibəti, bir-birinin ardınca xətrimə dəyən, məni sarsıdan sözləri məni ondan uzarlaşdırırdı. Onunla aramızda qalın bir sədd çəkidiyini hiss edir, get-gedə ona şikayətlənməyi, dərdimi deməyi yadırğayırdım. Hardan biləydim ki, mənim gələcək ərimə də elə bu lazımdı. O anamla, ailəmlə get-gedə soyuyan münasibətlərimi müşahidə edir və yavaş-yavaş planlarını qururdu... 

Powered by Froala Editor