“Sevgi elə Sevgidir” mi?
Yəqin ki, LGBTIQ+ hüquq bərabərliyini dəstəkləyənlərin ən çox istifadə etdiyi şüar budur
06/Jun/21
2725
“Sevgi elə Sevgidir” mi?
Yəqin ki, LGBTIQ+ hüquq bərabərliyini dəstəkləyənlərin ən çox istifadə etdiyi şüar budur:
“Sevgi elə sevgidir”.
3-4 il öncəsinə kimi mən də bu ifadəni çox istifadə edirdim. Daha doğrusu, ifadənin üzərində çox da düşünməmişdim və buna görə, istifadə edilməsi mənim üçün problem yaratmırdı. Daha sonra özümlə bağlı suallarıma cavab axtardığım dönəmdə üzərində düşündüyüm məsələlərdən biri də bu şüar oldu. O zaman məni maraqlandıran sual bu şüarı niyə istifadə edib-etməmək yox, mənim bir trans olaraq bu ifadə ilə necə təmsil olunduğum idi. Çünki məni normalın xaricinə çıxaran kimi sevməyim yox, özümü kim olaraq görməyimdir. Bəs mən, eləcə də digər bütün mariginallaşdırılan gender kimliklərində olan insanlar bu şüarla necə təmsil olunuruq? Ya da təmsil olunuruqmu? Ümumiyyətlə, bu şüarın bütün LGBTIQ+ təmsilçiliyində bu qədər istifadə olunmasının mahiyyəti nədir? Ya da bizim üçün mahiyyəti olmalıdırmı?
Sualları öz perspektivimdən cavablandırmağa çalışacağam. Bəlkə də kimlər üçünsə bu şüarın mahiyyəti böyükdür, amma mənə görə heç bir məna ifadə etmir, nə trans, nə də qeyri-trans LGBTIQ+lar üçün. Çünki mənə görə bu cümlənin təməlində dayanan legitimləşdirmə cəhdidir. “Sevgi elə sevgidir”, yəni “onların” da sevgisi biz qeyri-LGBTIQ+lar kimidir, “normaldır”, və ya: “onlar da bizim kimidir”/“biz də sizin kimiyik”. Bütün bu normallaşdırma cəhdləri məndə sadəcə qəzəb yaradır, xüsusən də kuirlər tərəfindən edildikdə. “Belə doğuldum/yarandım”, “bu seçim deyil”, “sevgi elə sevgidir” və hamısının birləşdiyi məqam budur: “Mən normalam”.
Mariginallaşdırılan genderlərin təmsilçiliyinin olmamasından əlavə, şüarın istifadəsində digər problem bizim sevgimizin normallaşdırılması cəhdidir. Toplumların normalı cis-hetero-seksist sabun operalarını tələb etdiyi halda, bizim bütün diskriminasiya, zorakılıq və nifrətə rəğmən var etməyə davam etdiyimiz sevgini “normal” “qəbul edib”, sonra ona öz cis-heteronormativ fantaziyalarını tətbiq etmələrini “dəstək” adlandırır, hətta bir çoxumuz bu şüarı fəxrlə istifadə edirik.
Xeyr, biz normal deyilik. Əgər normal olmamaq sizi narahat edirsə, öncəliklə normalın nə olduğunu anlamalısınız. Normal olmaq, normalara uyğun olmaq deməkdir və hər bir toplumun özünəməxsus normaları və gözləntiləri var. Hansı ki, biz kim olduğumuzu və ya kimi sevdiyimizi gözləniləndən tamamilə fərqli təyin edərək, yaşadığımız toplumun normalarından kənara çıxmışıq. Kimliyimiz fərqlidir, sevgimiz və sevgidən gözləntilərimiz fərqlidir, yəni “normal”a, normaya uyğun deyilik.
Niyə axı biz öz bənzərsizliyimizi mənimsəmək, bunu öz gücümüzə çevirməyə çalışmaq yerinə, kənara çıxdığımız normalara və çərçivələrə yenidən qayıtmaq istəyək? İstəməməliyik. Əgər kim olduğumuzu və kimi sevdiyimizi bütün qadağalara və çətinliklərə rəğmən fərqli təyin edib, bununla üzləşə bilmişiksə, bu, bizim gücümüzün, fərqli olmaqdan qorxmadığımızın göstəricisidir. Bizlərə legitim və ya normal olmaq gərəkli olmamalıdır. Kimlərinsə bizi hansısa qəliblərə yenidən salmağa çalışmasına, “qəbul etməsinə” ehtiyacımız yoxdur. Ən önəmlisi, kiminsə belə bir imtiyazı yoxdur. Kimlərinsə qəbul edib-etmək istəməməsindən və ya “qəbul” şərtlərindən asılı olmayaraq, biz varıq, bənzərsizik və güclüyük.
Müəllif: Raven
Powered by Froala Editor