LGBT-ləri qəbul edirəm amma özüm “elə” deyiləm

Bəli, yenə illərdir eşitdiyimiz möhtərəm qeyri-kuirlərin “dəstək” ifadələrindən biri ilə qarşınızdayam. Yəqin ki, hamımız ən azından bir dəfə belə olsa, aşağıda qeyd etdiyim “dəstək” ifadələri ilə qarşılaşmışıq. Hətta bəlkə biz də özümüzlə bağlı suallarımıza cavab axtarmadığımız dövrdə bənzər ifadələri istifadə istifadə etmişik:

“Mən LGBTİ+ləri qəbul edirəm, amma özüm LGBT deyiləm”;

“Mən homoseksualları dəstəkləyirəm, amma özüm elə deyiləm”.

Qeyd edim ki, GLAAD homoseksual ifadəsinin klinik tarixə əsasən kuirləri psixoloji/emosial əlilliyi olan insanlar olaraq stiqmalamaq üçün istifadə olunduğu üçün bilavasitə sitatlar xaricində istifadə olunmamasını tövsiyə edir.

Hətta bəzən üstələyərək bildirirlər:

“Elə olsaydım, əsla utanmaz, deyərdim”. Xüsusilə, bu lazımsız dəstək şousunu aidiyyatı olan-olmayan bütün mövzulara qoşub dilə gətirməkdən bir növ qürur duyurlar. Bəzən elə davranırlar ki, sanki onlara bu səmimi tolerantlıq nümayişi üçün mükafat təyin olunmasını gözləyirlər, amma “nankor” LGBTİQ+ “nümayəndələri” onların dəyərini lazım olduğu qədər anlamır.

Bu cümlələri istifadə edənlər özlərini çox ağıllı hesab edərək düşünürlər ki, onlar LGBTİQ+ müttəfiqi, tolerant insanlardırlar. Bəs biz onları müttəfiq olaraq qəbul edirikmi?

Bəzilərimiz hələ də onların “səmimiyyətinə” inanır.

Onları səmimi müttəfiq olaraq görməliyikmi? 

Əlbəttə ki, xeyr. 

İlk öncə, “elə” olsa utanmayıb deyəcəyini iddia edən şəxslərə bildirmək istəyirəm ki, biz “eləyik”, amma bir çoxumuz deyə bilmirik və bunun səbəbi utanmağımız deyil, təhlükəsizliyimizə zəmanətin olmamasıdır. Yaşamadığınız təcrübələr haqqında fikir bildirməyin.

Düşünə bilərsiniz ki, mən heç kimlə razılaşmır, hamıda səhv axtarıram. Ya da deyə bilərsiniz ki, “nifrət etdiklərini dilə gətirmək yerinə, heç olmasa, bu formada da olsa dəstək bildirmələri daha yaxşıdır.”.

Hər zaman olduğu kimi yenə də bildirirəm, bizim heç kimin sözdə dəstəyinə və qəbullanmasına ehtiyacımız yoxdur. Həmin dəstəyin olub-olmaması bizim varlığımız üçün bir əhəmiyyət kəsb etmir. Dəstək yalnız o halda əhəmiyyətli ola bilər ki, özünü müttəfiq adlandıran şəxslər sözdə tolerantlıq nümayişində fəallıq göstərməyə çalışmaq əvəzinə LGBTİQ+ hüquq bərabərliyinin təmin olunması üçün ən az bizim qədər fəallıq göstərsin. 

Müttəfiq olmaq həssas yanaşmanı tələb edir. Buna görə də müttəfiq, həmçinin LGBTİQ+ üçün hansı ifadələrin və davranışların etik, hansının qeyri-etik olduğunu mütəmadi araşdıran və düzgün müraciət forması istifadə etməyə diqqət göstərən kəsdir.

Komfort zonalarını tərk etmədən, yetərli araşdırmaya sahib olmadan, fobik ifadələri leksikondan çıxarmağa cəhd göstərmədən “onları dəstəkləyirəm, amma onlardan deyiləm" deməklə müttəfiq olunmur. Müttəfiq bizdən biri olaraq qəbul edilmə qorxusu ilə, “bizim kimi” olmadığını hər “dəstək” ifadəsinin arxasınca mütləq dilə gətirən şəxs deyil.

Hörmətli qeyri-kuirlər, əgər özünüzü müttəfiq olaraq görür və həqiqətən LGBTİQ+ üçün hüquqi bərabərliyinin təmin edilməsini istəyirsinizsə, işə ilk öncə özünüzü maarifləndirməklə başlayın.

Müəllif: Raven

Powered by Froala Editor