Xırdalanda Heydər Əliyev prospektində 

LGBTİ+lərə hücum olub

Avqustun 12-dən 13-nə keçən gecə Xırdalanda Heydər Əliyev prospektində yerləşən binalardan birində 4 nəfər LGBTİ+ fərdinə hücum olub. Hücum edənlər arasında idmançı şəxslərin də olduğu deyilir. Bu barədə jurnalist Əvəz Hafizli məlumat verib.

Onun sözlərinə görə, hücum nəticəsində fərdlərdən biri xəsarətlər alıb və xəstəxanaya aparılıb. Hadisə yerinə polislər gəlib. 

2021-ci ilin əvvəlindən  ölkədə LGBTİ+ icmasına qarşı ard-arda hücumlar baş verib. Təkcə bu il may və iyun aylarında LGBTİ+ icmasına qarşı 10-a yaxın hücum qeydə alıb. Bu hücumlar barədə Minority Azərbaycan xəbər portalı geniş yazıb, beynəlxalq insan hüquqları təşkilatları olan İLGA-Avropa, Norveç Helsinki Komitəsi, Vətəndaş Hüquqları Müdafiəçiləri (CRD) və RFSL birgə bəyənat yayaraq, may və iyun aylarında Azərbaycanda LGBTİ+lərə qarşı olan hücumların hökumət və hüquq mühafizə orqanları tərəfindən ədalətli şəkildə araşdırılmasını tələb ediblər.

Qeyd edək ki, İLGA-Avropa 49 Avropa ölkəsində LGBTİ+lərin hüquqi və siyasi vəziyyətini sıralayan illik Rainbow Europe Map and Index - Göy qurşağı Avropa Xəritəsi və İndeksini 17 mayda nəşr edib. Xəritə və İndeksə görə, Azərbaycan 49 ölkə arasında sonuncu yerdədir. 


Powered by Froala Editor