May və iyun aylarındakı hücumların icmalı

Son bir neçə həftədə ölkədə LGBTİ+ icmasına qarşı ard-arda hücumlar baş verib. Hücumlar haqqında informasiyanı əsasən Minority Azərbaycan verib. Eyni zamanda, hüquq müdafiəçiləri və aktivistlərin sosial mediadakı təzyiqindən sonra bir neçə digər media platformaları da mövzunu işıqlandırıb. 

May ayında qeydə alınan ilk hücum ayın 30-u gecə saatlarında Bakının mərkəzi küçələrinin birində baş verib. Herman adlı trans kişiyə hücum edən şəxs onu təhqir edib, yumruqlamağa başlayıb və şüşə butulka ilə zərbə endirərək əlini kəsib. Zərərçəkmiş özünü xilas edərək evə qaçmağa nail olub. 

Herman hücumla bağlı hüquq-mühafizə orqanlarına şikayət edib və hadisənin araşdırılmasını, təqsirkarın qanun qarşısında cavab verməsini tələb edir. Hücumdan sonra 102 xidmətinə müraciət edən Hermana Səbail rayon 9-cu polis bölməsi tibbi ekspertiza müayinəsinə göndərişi hələ də təqdim etməyib. Herman iyun ayının 17-si Səbail rayon 9 saylı polis bölməsində izahatını verib və qanunvericiliyə əsasən tibbi ekspertizaya göndəriş dərhal verilməli idi. Lakin izahatdan artıq 6 gün keçib. Zərərçəkmiş bununla bağlı da təhqiqatçıdan Səbail rayon prokurorluğuna şikayət edib və 19 iyun tarixində şikayəti ilə bağlı 9 saylı polis bölməsinin rəis müavini Müşfiq Gözəlov Mikayıl oğlu tərəfindən bölməyə çağırılıb. Hüquqşünas Jalə Bayramova bildirib ki, təhqiqatçı Elmar Məmmədovuntibbi ekspertizaya göndərişi verməməsi heç bir hüquqa əsaslanmayıb və polis bölmələrinin transfobiyasını ifadə edib. Bundan əlavə təhqiqatçı dəfələrlə hüquqşünas və zərərçəkənin iradlarına baxmayaraq, zərərçəkənə “xanım” deyərək müraciət edib. 

Növbəti hücum 31 mayda baş verib. Bakının Yasamal rayonunda naməlum iki nəfər bir geyə əvvəlcə şifahi qısnama edib, onun xarici görünüşünə söz atıblar. Daha sonra isə zorakılardan biri zərərçəkmişin qoluna şərabaçanla zərbə endirib, o, müvazinətini itirib yerə yıxıldıqdan sonra naməlum zorakı şəxslər hadisə yerini tərk ediblər. Zərərçəkmiş hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib, hadisənin araşdırılmasını tələb edib. 

İyunun 2-də Bakının Şamaxinka adlanan ərazisində geyə qarşı hücum olub. Zərərçəkmiş bildirib ki, əvvəlcə hücum edən şəxs onu izləyib, daha sonra yaxınlaşaraq, ondan “kişi kimi olmağı”, “burcutmamağı” tələb edib. Mübahisə nəticəsində zorakı şəxs cibindən çıxartdığı kəsici alət ilə zərərçəkənin qolunu yuxarı hissədən biləyə qədər cızıb. Zərərçəkənin müqavimətindən sonra zorakı şəxs hadisə yerindən qaçıb. Zərərçəkən hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib, təqsirkarın cəzalanmasını tələb edib. 

İyun ayının 4-də Bakının Yasamal rayonu ərazisində yaşayan gey cütlük qonşular tərəfindən homofobik hücuma məruz qalıb. Belə ki, axşam saatlarında onlar təxminən yarım saat ərzində yaşadıqları evin qapısının möhkəm döyüldüyünü eşidiblər, lakin qorxduqları üçün səslərini çıxartmayıblar. 

Cütlüyün dediyinə görə, 5 iyunda yaşadıqları ərazidəki mağazaya yollanarkən qonşular tərəfindən əvvəl şifahi, sonra fiziki hücuma məruz qalıblar. Təxminən 8 nəfərə yaxın şəxs cütlüyün qarşısını kəsib və homofobik müraciətlər edərək, geyimlərinə, həyat tərzlərinə irad bildiriblər. Daha sonra onlardan biri zərərçəkənlərə axşam evə qayıdacaqları təqdirdə bıçaqlanacaqlarını deyərək hədələyib. Cütlük hücumu videoya çəkməyə nail olub. 

Zərərçəkənlər 28-ci polis bölməsinə şikayət ediblər. Onlar həmçinin videosübutları polisə təqdim ediblər. Polis zərərçəkənlərə məsələnin araşdırılacağını deyib. 

8 iyun gecə saatlarında Bakıda trans qadına hücum olub. Trans seks işçisi Çinarlı hotelin otağında müştərisi tərəfindən döyülüb. Zərərçəkən şəxs və onun rəfiqəsi polisə şikayət etməklə yanaşı, Respublika xəstəxanasına müraciət ediblər. Onların sözlərinə görə, həkimlər zərərçəkəni qəbul etməkdən imtina edib və Sabunçu xəstəxanasına yönəldiblər. Eyni hal Sabunçu xəstəxanasında da yaşanıb. Sabunçu xəstəxanasının təcili tibbi yardım işçisi trans qadını müalicə etməkdən imtina edib, Neyrocərahiyyə xəstəxasında çəkilən MRT diski və diaqnozunu özündə gizlədib və təqdim etməyib. Yalnız hadisədən iki gün sonra MRT nəticələri əldə olunub və bu nəticələr göstərir ki, zərərçəkənin kəllə sümüyü əzilib və alın nahiyyəsindən içəriyə doğru batıb. Hüquqşünas Jalə Bayramova bildirib ki, səhiyyə işçiləri ilə bağlı şikayət verilib, lakin hələ aidiyyatı qurumlar tərəfindən məsələ ilə bağlı addımlar atılmayıb.

Bir neçə gün sonra həmin zərərçəkən və rəfiqələri polis tərəfindən evlərindən zorla heç bir əşyalarını götürə bilmədən qovulub. Ev sahibi zərərçəkənlərə telefon danışığı zaman bildirib ki, onu trans qadınları evdən qovmağa 21-ci polis bölməsini əməkdaşları məcbur edir. Məsələ ilə əlaqədar zərərçəkənlər Ombudsman aparatına şikayətə getsələr də, ombudsman onları qəbul etməyib. Hüquqşünas Bayramova bildirir ki, zərərçəkənlərin həm mənzil, həm də mülkiyyət hüquqları pozulub. Onlardan birinə aid 2300 manat evdən oğurlanıb, onlar yalnız bir gün sonra əşyalarını evdən götürə bilib.

Bayramovanın bildirdiyinə görə, hazırda polisdə icma tərəfindən verilmiş 8 sayda şikayət vardır. Mayın sonu və iyunun əvvəlində icmaya qarşı hücumlardan sonra zərərçəkənlərin hamısı hüquq pozuntuları ilə bağlı polisə şikayət edib. 

Baş verən hadisələrlə bağlı Herman və Pərviz abzas.net saytına müsahibə verib. Facebook.com saytında paylaşılan müsahibəyə mindən çox nifrət nitqindən ibarət və onları öldürməklə təhdid edən şərhlər gəlib. Həm Herman, həm də Pərviz özlərinə qarşı sosial şəbəkədə gələn təhdidlər və nifrət nitqləri bağlı şikayət verməyə hazırlaşır. 

Hücumların fonunda yerli medianın uzun müddət səssiz qalması da diqqət cəlb edib. Hüquq müdafiəçisi Leyla Həsənova bu səssizliyi LGBTİQ+fobik səssizlik adlandırıb. Həsənova həmçinin media və ümumiyyətlə, susanlar haqqında: “Nə yaslarını, nə başına gətirilənləri görmək, işıqlandırmaq və bu barədə haqq etdikləri səviyyədə danışmaq istəmirsiniz. LGBTİQ+nin reallığını təhrif edirsiniz,” - deyə qeyd edib.

Medianın səssizliyi haqqında hüquq müdafiəçisi Vahid Əliyev də OC-Media üçün yazıb. O, medianın bu səssizliyini “sükut spiralı” adlandırıb. Əliyev: “sükut spiralını və onun gücləndirdiyi zorakılığı sona çatdırmaq üçün media dördüncü hakimiyyət rolunu mənimsəməli və əvvəllər eşidilməyənlərə (red. LGBTİ+lərə) səs verməlidir,” - deyə bildirib

Qeyd edək ki, İLGA-Avropa 49 Avropa ölkəsində LGBTİ+lərin hüquqi və siyasi vəziyyətini sıralayan illik Rainbow Europe Map and Index - Göy qurşağı Avropa Xəritəsi və İndeksini 17 mayda nəşr edib. Xəritə və İndeksə görə, Azərbaycan 49 ölkə arasında sonuncu yerdədir. 



Powered by Froala Editor