Ellada və ya baş tutmayan bir xəyanətin tarixçəsi
Düşünün ki, yolla bir gənc gedir. Arzuları puç olub, həyat heç vaxt onun üzünə gülməyib.
05/Nov/21
3047
Ellada və ya baş tutmayan bir xəyanətin tarixçəsi
Düşünün ki, yolla bir gənc gedir. Arzuları puç olub, həyat heç vaxt onun üzünə gülməyib. Ailəsi, dostları, yaxınları – heç kimdən sevgi görməyib. Siz təsadüfən onunla qarşılaşır, üzünə ürəkdən gülümsəyirsiniz. Heç bilmirsiniz ki, bu gənc çoxmərtəbəli binanın başına çıxıb, ordan özünü atmaq, həyatına son qoymaq istəyir. Xəbəriniz yoxdu, eləcə, gülümsəyib, başınızı tərpədərək keçib gedirsiniz. Özünü öldürməyə qərar verən, amma yaşamaq üçün bəhanə axtaran o gənc sizin təbəssümünüzü taleyin ona göstərdiyi bir nişanə kimi qəbul edir. İntihardan vaz keçir. Siz isə elə-belə, yolda qarşınıza çıxan adama nəzakət xətrinə gülümsəmişdiniz...
Biz bəzən insanların həyatında hansı izi buraxdığımızı özümüz də bilmirik...
Elə adamlar var, ömrümüz boyu, ya da həyatımızın müxtəlif vaxtlarında az qala hər gün bizimlə olur. Aylarla, illərlə eyni evdə, ya iş yerində, ya da hardasa – bizimlə bir məkanı bölüşür, günlərlə eyni masa arxasında oturur. İllər uzunu bu adamlarla görüşür, salamlaşır, danışırıq. Amma bir gün onlar yoxa çıxır və biz bu adamı sanki o heç olmayıbmış kimi yaddan çıxarırıq.
Bəzən də bir adam ömrümüzdə cəmi bircə dəfə peyda olur və həyatımızda, yaddaşımızda silinməyən iz buraxır.
Ellada həyatımda bircə dəfə peyda olub, yaddaşımda iz buraxıb getmiş insanlardan biridir...
Lezbiyan olduğumu qəbul etmək ərəfəsindəki illərdə söhbətcil, ünsiyyətcil adam olaraq, dostlara çox ehtiyacım vardı. Buna görə də, bir LGBT təşkilatının tez-tez təşkil etdiyi görüşlərə gedirdim. Sevgilim Lenanın bu görüşlərdə iştirak etməyə ehtiyacı yox idi, o, özünü hələ uşaq ikən qəbul etmişdi. Mənə isə yanlış nəsə etmədiyimi təsdiqləyəcək, dəstək verəcək insanlar lazım idi. Biz adətən Moskvanın mərkəzindəki barlardan hansınısa bu məqsəd üçün qapadır və orda görüşürdük. Belə görüşlərdən birində mən Ellada ilə tanış oldum.
Onu birinci dəfə görəndə, elə bildim, ürəyim indi dayanacaq. O, hündürboylu, iri çiyinləri olan şumal bir qadındı. Orta yaşlarda olardı, əynində ağ-qara zolaqlı kostyum, altında da qara köynək vardı. Başında şlyapa, boynunda qalstuk olsaydı, onu otuzuncu illərin Çikaqo qanqsterlərinə bənzətmək olardı. Sol biləyinə gümüş bilərzik və zümrüdə oxşayan, tünd yaşıl daşlardan hörülmə bazubənd taxmışdı. Uzun, düz saçlarını at quyruğu kimi bağlamağı onun sərt xarakterindən xəbər verirdi. Demək olar, bütün axşamı o, dairəvi qara eynəyini çıxarmadan oturdu, buna görə də, qadının gözlərini ancaq sonradan görə bildim. Dodaqlarının qəribə, nadir bir rəngi vardı – tünd gavalı rəngi. Sərt almacıqları, iri burnu qadını iradəli, möhkəm şəxsiyyətə oxşadırdı, qarabuğdayı dərisi isə genlərindəki cənublu qanından xəbər verirdi. Güman ki, ulu babaları ya fars, ya da yunan olmuşdu.
Tanımadığım bu qadının üzü mənə elə təsir elədi ki, ona yaxınlaşıb, əlimlə toxunmaqdan özümü güclə saxladım. Ya bardakı işıq onun üzünə düşərək, ətrafındakı toz dənəciklərini elektrik qığılcımlarına bənzədir və bununla da qadına sirli görkəm verirdi, ya da mən bərk təsirlənmişdim, nədənsə, onun yunan ilahəsi Afinanın canlı halı olduğunu düşünürdüm. Həmin dəqiqələrdə and içə bilərdim ki, Afina doğrudan da mövcud olmuşdusa, məhz bu qadın kimi görünürmüş.
Çevrəsində oturduğu qadınlar ona müraciət edəndə adının Ellada olduğunu öyrəndim. O, bütün gecəni eyni masada oturdu. Ətrafında bir neçə cavan qız vardı. Bu qızların hamısı ilə çoxdan dostluq elədiyi hiss olunurdu, danışdıqları ortaq mövzular, zarafatlar buna işarə edirdi. Ellada əmin, uca səslə danışırdı, sanki bu səs tonu ilə adamları başa salırdı ki, onun sözünü kəsməyə, ya da xoşuna gəlməyəcək nəsə deməyə cəhd etməsinlər. O, möhkəm danışdığı üçün, söhbəti kənardan rahat dinləmək olurdu.
Onların söhbəti sevgi münasibətlərindən düşəndə Ellada öz mövqeyini ortaya qoydu. Dedi ki, sevgilisi ilə mübahisə eləməyi, ya da onu incitməyi doğru hesab eləmir, amma gözdən iraq olduğu yerlərdə özünü istədiyi kimi aparmaqda problem görmür. Bu münasibət mənə qadınlara qarşı klassik kişi davranışını xatırladırdı. O dəqiqələrdə mən Elladanın dediklərinə bərk qəzəblənmişdim, amma mübahisəyə girişməyi düşünmədim. Onunla bircə dəfə dialoqa girdim – Ellada saxladığı pəhrizdən danışanda...
Ömrü boyu artıq çəki ilə mübarizə aparan biri olaraq, pəhriz məsələsi mənə çox doğma idi, buna görə də Elladaya bir neçə sual verdim. Onun pəhrizi üç gün ac qalmaq, sonra da üç gün istədiyin qədər yeməkdən ibarət idi. Əlbəttə, bu söhbət ağlıma batmadı, belə sistem çətin ki, faydalı olaydı. Bunu Elladaya deyəndə həmsöhbətim öz pəhrizinin təsir gücünü sübut etməyə çalışdı. Biz ortaq məxrəcə gələ bilmədik, hərə öz fikrində qaldı. Sonra mövzu dəyişdi və mən masadan uzaqlaşdım.
Evə gələn kimi dəstəmizin ümumi çat-qrupunda onun nömrəsini axtardım. Tapan kimi sms yazaraq, saxladığı pəhriz barədə sual verdim. Əlbəttə, pəhriz söhbəti bəhanə idi, mən onunla daha yaxından tanış olmaq istəyirdim. Amma Ellada cavab vermədi. Belə mədəni şəkildə “otval” almağıma hətta bir az sevindim də, axı mən ona sms-i Lenadan gizli yazmışdım. Buna görə əməlli-başlı utanırdım. Başqa bir qadının gəlib beynimi, düşüncələrimi işğal etməsindən utanırdım. Özümü bununla sakitləşdirirdim ki, burda utanmalı bir şey yoxdu, axı mən Lenaya xəyanət etməyə hazırlaşmırdım.
Sevgililər bəzən bir-birindən yorulur. Mübahisələr adi hal alır, cütlük bir-birindən uzaqlaşmağa başlayır. O vaxtlar biz də Lena ilə bunları yaşayırdıq. Tez-tez narazılıq olurdu, sözümüz düz gəlmirdi. Mübahisə edir, hərəmiz bir küncə çəkilirək, günlərlə susurduq. İncidiyin adamla eyni yatağa uzanmaq olduqca ağır olur. Məyusluq hər gün yaşadığın bir şeyə çevrilir. Sinəndə daima nəsə ağırlıq olur və belə vaxtlarda bircə şey istəyirsən – bütün bunlardan necəsə uzaqlaşmaq.
Bir neçə gün sonra gözləmədiyim halda Elladadan cavab gəldi. elə bil, səhrada susuzluqdan yandığım yerdə bir qurtum sərin su tapdım. Onunla söhbətimiz tutdu və tez-tez danışmağa başladıq. Yenə də vanna otağında, tualetdə gizlənib, ona yazırdım. Bu yazışmalar davam elədikcə hiss edirdim ki, telefonun ekranında zərf şəkli görünəndə nədənsə gülümsəyirəm. Hər dəfə ondan yenə sms gələndə həyacan məni basır, qarnımın aşağı tərəfində bir dartınma hiss edirdim. Bir tərəfim mənə bu yaşadıqlarımın doğru olmadığını deyirdi, o biri tərəfim isə evdəki soyuq müharibədən dincəlməyin vacib olduğunu diqtə edirdi.
Yazışmalarımız zamanı öyrənmişdim ki, Elladanın çoxlu sevgilisi olub. O, hamısını sevib, hisslərində səmimi olub, amma heç bir münasibəti uzun çəkməyib. Ellada mənə lezbiyanlığını necə kəşf etməsindən danışır, uşaqlığından hekayətlər nəql edirdi. Uşaq vaxtı o, çox vaxtını nənəsinin yanında keçirirmiş. Nənənin dəbdəbəli paltarlı gözəl gəlinciklərdən ibarət kolleksiyası varmış. Bu gəlinciklərə toxunmağı ona qadağan ediblər, oynasın deyə, əlinə Sovet vaxtının ucuz, plasmas gəlinciklərindən birini veriblər. Elladaya verdikləri gəlinciyin bir gözü çıxıbmış, saçları isə heç yoxmuş. O, çox ağlayıb və özünə söz verib ki, böyüyəndə onun çoxlu gözəl gəlincikləri olacaq. Böyüyəndə isə çoxlu gözəl sevgililəri olub.
Elladanın onurğası zədəli idi, hər an əlil qalmaq təhlükəsi ilə üz-üzə yaşayırdı. Kollecdə oxuduğu illərdə, məktəbdən çıxanda sərxoş sürücü maşını düz üstünə sürmüş, onu az qala ölümcül eləmişdi. Ailəsi qızı xilas etmək üçün çox çalışmış, Almaniyaya aparıb, müalicə etdirmişdilər. Əməliyyat uğurla keçsə də, zədənin nişanələri bu günə kimi qalmışdı və Ellada bəzən çəliklə yeriməli olurdu. O bu hadisəni zarafata salır, özünü “yol müharibələri veteranı” adlandırırdı.
Bir il əvvəl valideynləri onun seksual oriyentasiyasından xəbər tutmuşdular. Elladaya ultimatum qoymuşdular: ya qadınlarla görüşməyəcək, ya da evdən birdəfəlik çıxıb gedəcək. Beləliklə, Ellada küçəyə atılmışdı. Həmin vaxtlarda görüşdüyü sevgilisi evinin qapısını onun üzünə açmışdı. Amma bir müddət əvvəl o, sevgilisindən ayrılmış, özünə mənzil tutub, tək yaşamağa başlamışdı.
Onun evində, masa arxasında oturub, bir balaca lampa ilə işıqlanan mətbəxi gözdən keçirərkən, tanış olduğumuz gecəni xatırladım. İndi, Ellada ilə təkbətək qaldığımız an həmin gecəki heyranlığımdan, o elektrik qığılcımlarından əsər-əlamət yox idi. Qarşımda həyatın yorduğu, insanların məyus etdiyi bir qadın oturmuşdu.
Elladanın evinə getməyə niyə razı olmuşdum, bilmirəm. Amma səbəb nə idisə, məni axşam saat on birdə şəhərin bu başından o başına şütüməyə vadar etmişdi. Görünür, Lena ilə növbəti qırğından sonra özümə sübut etməyə çalışmışdım ki, məni başqa kimsə də arzulaya bilər.
Ellada sadə ev paltarında idi, saçlarını həmin gecəki kimi yığmışdı, amma həmin şıqlığı, sirli ovqatı daha yox idi. O, yenə barda gördüyüm qadın idi, amma zirehini çıxarmışdı. O, özünün dəfələrlə qırılmış ürəyini mənə açdıqca dərin təəssüf hissi yaşayırdım. Düşünürdüm ki, həyat onunla çox qəddar davranıb. İçimdən ona təsəlli vermək, onun tək olmadığını göstəmək keçirdi.
Elladanın qayğıkeş əlləri ilə hazırladığı qəhvəni içdiyim vaxt o, çaşqın baxışları ilə hərəkətlərimi izləyirdi. Sanki dəvətini niyə qəbul elədiyimi öyrənməyə çalışırdı. O, çox qonaqpərvər qadın idi, mənə xeyli şirniyyat təklif elədi, siqaret çəkərkən narahat olub-olmayacağımı soruşdu, pəncərəni açmaq üçün icazə istədi. Buna baxmayaraq, özümü çox naqolay hiss edirdim, elə bil, nişan alınmış hədəf idim. Tez-tez özümdən “Axı bura niyə gəldim?” deyə soruşurdum. Əlbəttə, özümə tam əminliklə deyə bilərdim ki, Lenaya xəyanət etmək fikrim yox idi, amma yenə də, belə gec saatlarda başqa qadının evində nə işimin olduğunu özümə izah edə bilmirdim.
Elladaya sevgilim olduğunu deyəndə, elə bil, onunla aramızda qalın bir divar əmələ gəldi. O, belini diklədərək, bir az geri çəkildi, sanki bununla aramızdakı məsafəni uzatdı. Bu bədən hərəkəti ilə o, başqasının sevgilisinin onun üçün toxunulmaz olduğunu bildirmiş oldu. Bu, qadın həmrəyliyi idimi, ya dilə gətirilməsə də, riayət edilən əxlaq kodeksinin bir bəndi idi, demək çətindir. Amma Ellada mənim sevgilim olduğunu biləndən sonra suallarıma qısa cavablar verməyə, tez-tez saata baxmağa, telefonu qurdalamağa və kiməsə nəsə yazmağa başladı. O, daha mənim zarafatlarıma gülmür, göz-gözə gəlməkdən çəkinirdi.
Görünür, yeni tanışım bərk əsəbi idi, masanın altında durmadan yellədiyi ayaqları bunu göstərirdi. Onun qısa və sərt cavabları, iti hərəkətləri də bunu deyirdi. Həmin dəqiqələrdə mən sözləri çox ehtiyatla seçirdim ki, onun qəzəbinə tuş gəlməyim.
Həmin gecə o mətbəxdə qəlbi qırılmış iki qadın vardı. Hansımıza daha çox təsəlli lazım olduğunu demək çətin olardı. Onun əzablarını anladıqca başa düşürdüm, bizim ilahə kimi gördüyümüz qadınlar da səhv edə və əzab çəkə bilərlər. Bir də anladım ki, sadə insan anlayışı, mərhəməti təsadüfi seksdən min dəfə daha yaxşı təsir edir. Mənsə, qəlbimi yaralamış Lenadan qisas almağa çalışdığım vaxt mənə əziz olan adamla münasibətlərimi birdəfəlik korlaya bilərdim. İçimdə elə bir hiss vardı ki, elə bil, lüt oturmuşam, əlimlə üzümü, bədənimi qapayıb, burdan qaçmaq, uzaqlaşmaq istəyirdim. Utandığımdan yanaqlarımın qızardığını, canımı bir qızdırmanın bürüdüyünü hiss edirdim.
Görüşümüzün sonunda Ellada məni məyus edib-etmədiyini kədərlə soruşdu. Yox. Bu, daha yaxşı bir gələcəyə inamla dolu, sakit bir kədər idi. Sağollaşanda çoxdan tanıdığım və xətri əziz bir dostumu qucaqlayırmış kimi, onu bağrıma basdım və pıçıldadım: “Məni axmaqlıq eləməyə qoymadığın üçün sağ ol...”.
Onunla bir də heç vaxt görüşmədik.
Müəllif: Aylin Wise
Hekayə Salaam Cinema-nın təşkilatçılığı və yazar Günel Mövludun mentorluğu ilə keçirilən “Yazı sənəti laboratoriyası” layihəsi çərçivəsində yazılıb
Powered by Froala Editor