Bakı metrosunda transfob zorakılıq
Yanvarın 1-i axşam saatlarında Bakı metrosunda trans qadına qarşı qısnama baş verib
04/Jan/22
2224
Bakı metrosunda transfob zorakılıq
Yanvarın 1-i axşam saatlarında Bakı metrosunda trans qadına qarşı qısnama baş verib. Bu haqda Minority Azerbaijan-a zərərçəkənin özü məlumat verib. Onun sözlərinə görə, həmin vaxt vaqonda 2 nəfər əvvəlcə onu davamlı şəkildə baxışları ilə narahat etməyə başlayıb.
Daha sonra sözügedən şəxslərdən biri ona tərəfə əyilib, nümayişkaranə şəkildə çox diqqətlə baxmağa və digər şəxslə bərabər gülüşməyə başlayıb. Ardınca isə o, ayağa durub və zərərçəkənin başı üzərində dayanıb. Zərərçəkən ona tərəf başını qaldırdıqda isə başı üzərində dayanan şəxs onu şifahi olaraq sıxışdırmağa çalışıb.
“Mənə deyirdi ki: “Nəyə baxırsan? Hara baxırsan? Qızsan ki, mənə baxırsan? Mən qulaqlığımı taxıb, ona məhəl qoymamağa çalışdım. Lakin bir müddətdən sonra onun hələ də nəsə danışdığını görüb, qulaqlığımı çıxartdım. Həmin şəxs artıq qışqırıqlara keçmişdi və mənimlə əl-qol hərəkətləri ilə danışırdı. Hətta vaqondakı digər sərnişinlərdən biri də hadisəni izləmək üçün öz qulaqlığını çıxartdı”, - zərərçəkən qeyd edir.
O, əlavə edib ki, bütün bunlar baş verəndə vaqonda olan 2 polis nəfəri zərərçəkənə məhəl qoymayaraq, zorakı şəxsdən nə baş verdiyini soruşub. Zorakı şəxs isə zərərçəkəni ona baxmaqda ittiham etməyə başlayıb.
Zərərçəkən deyir ki, zorakı şəxs elə polisin yanındaca ona “Sənə elə yumruq vuraram ki, başın şüşəyə girər” kimi çoxsaylı ifadələr işlədib. Polis isə bu hədələrə əhəmiyyət verməyib
Lakin hadisə vaqondakı qısnama ilə yekunlaşmayıb. 28 May metrostansiyasında düşən və İçərişəhər qatarını gözləyən zərərçəkən həmin zorakı şəxsin də onun ardınca gəldiyinin və arxasınca qışqırdığının fərqinə varıb. Həmin şəxs onu fiziki zorakılıqla hədələməyə və şifahi təhqir etməyə davam edib. Daha sonra isə oranı tərk edib.
Zərərçəkən qeyd edir ki, bu hadisə onda ciddi psixoloji sarsıntıya və metro ilə bağlı vahimə yaşamağa səbəb olub. O, bu məsələ ilə bağlı müvafiq qurumlara şikayət etməyi düşünür.
Powered by Froala Editor