Modern Kuir Ədəbiyyat – Hissə 1
Azərbaycandakı kuir fərdlərin öz kimliklərini anlamaqları və qəbul etməkləri adətən çox zaman alır
21/Aug/22
1233
Modern Kuir Ədəbiyyat – Hissə 1
Azərbaycandakı kuir fərdlərin öz kimliklərini anlamaqları və qəbul etməkləri adətən çox zaman alır. Bu periodu bizim üçün çətinləşdirən amillər çoxdur. Amma ən böyük səbəblərdən biri bizim “ad”ımızın çəkilməməyidir. İllər boyu bizim kimliklərimizə xas olan sözlər sadəcə pıçıldanıb, “bizim kimi” olan şəxslərin adı bərkdən çəkilməyib və onlar yoxmuş kimi davranılıb. Bu tendensiya mediada da öz təsirini tapdığına görə biz film, yaxud kitabda özümüzə oxşar personajları tapmaqda çətinlik çəkmişik. Öz yaşadığımız problemlərin əksini mediada görməmişik. Nəticə etibarilə, 2000-ci illərə qədər doğulmuş olan kuir şəxslər olaraq hamımız müəyyən bir müddət keçirdiyimiz hisslərin yalnız bizə mənsub olduğuna, bu dünyada belə hiss edən tək insan olduğumuza inanmışıq. Bunun gətirdiyi yalnızlıq və anlaşılmamaq hissi ilə təkbaşına savaşmalı olmuşuq.
İndilərdə isə, kuir media inkişaf etməkdədir. Yeni yazıçılar əsərlərində “qadın”, “kişi” binar yanaşmasını aşmağa çalışır, sevgini yalnız iki “əks” cins arasında təsvir etmirlər. Təəssüf ki, bu əsərlər binar yanaşmalı cis-hetero hekayələrdən daha az tanınır və çoxu dilimizə tərcümə olunmayıb. Mən bu yazıda LGBTQ+ əlaqəli mövzuları əhatə edən, baş qəhrəmanları kuir şəxslər olan modern əsərlərin bir hissəsini tanıtmaq istəyirəm.
Əsər: “Loveless” (Sevgisiz)
Yazıçı: Alice Oseman
Georgia adlı birinin sevginin birdən çox şəkildə özünü büruzə verə biləcəyini anladığı bir hekayədir. Həyatı boyu aşiq olmamış, amma yenə də romans axtaran bu şəxs aromantik və aseksual terminlərini öyrəndikdən sonra sevginin nə demək olduğunu bir daha sorğulayır, bunun onun üçün nə mənaya gəldiyini analiz edir.
Amazon linki və Goodreads linki.
Əsər: Felix Ever After (Sonsuzadək Feliks)
Yazıçı: Kacen Callender
Qara dərili trans bir yeniyetmənin ilk dəfə aşiq olarkən öz kimliyini dərk etməsi barəsindədir. Hekayə həm də, trans şəxslərin başına gələn problemləri də əhatə edir. Məsələn, məktəbdə deadname-dən (ölü addan - red) istifadə edilməsi, transfobik atmacalar və s. Baş qəhrəmanın bütün bu məsələlərlə necə mübarizə aparması da əsərdə öz əksini tapır.
Amazon linki və Goodreads linki.
Əsər: Meet Cute Diary (Sevimli gündəliyimlə tanış olun)
Yazıçı: Emery Lee
Noah Ramirez özünü romans eksperti sayır. “Meet Cute Diary” adlı bloqunda trans fərdlərin “və onlar həmişə xoşbəxt yaşadılar” tərzində hekayələrini paylaşır. Lakin bir problem var. Bütün bu hekayələr uydurmadır. Bunların hamısı şkafdan çıxmağa qorxan trans oğlanın fantaziyaları idi. Sonradan bu bloq bütün ölkələrdən trans oxucuuların ümidinə çevrilmişdi. Amma bir gün bir nəfər bloqdakı hekayələrin saxta olduğunu ifşa edir. Yazdıqlarının həqiqi olduğunu sübut eləməyə çalışarkən Drew adlı biri ona kömək etməyə könüllü olur. Noah-ın hissləri isə oyunun bir hissəsi olmaqdan çıxır. Tezliklə Noah romansın və eşqin real həyatda səhifələrdə yazıldığından daha fərqli olduğunu anlayır.
Amazon linki və Goodreads linki.
Əsər: Hani and Ishu’s Guide to Fake Dating (Hani və İşunun saxta sevgililik üzrə bələdçisi)
Yazıçı: Adiba Jaıgırdar
Humairanı hamı sevir. O, məktəbdə ən populyar qızlardan biridir. O, dostlarına biseksual olduğunu deyəndə onu sorğulamağa başlayırlar. “Ancaq oğlanlarla sevgili olmusansa, biseksual ola bilməzsən” tipli komentlər bildirirlər. Panikaya düşərək, Humaira onlara Ishu ilə - dostlarının nifrət etdiyi bir qızla sevgili olduğunu deyir. Ishu Haninin tamamilə əksidir. Lakin o, Haniyə kömək etməyə razılaşır. O fikirləşir ki, Hani ona daha populyar olmağa kömək edə bilər və beləcə, onun sinif nümayəndəsi olmaq şansı artar. Saxta razılaşmalarına rəğmən, onlar bir-birilərinə qarşı real hisslər bəsləməyə başlayırlar. Amma münasibətlər mürəkkəbdir. Bəzi insanlar iki benqal qızın birlikdə olmağının qarşısını almaq üçün hər şeyə əl atmağa hazırdır.
Amazon linki və Goodreads linki.
Əsər: The Black Flamingo (Qara flaminqo)
Yazıçı: Dean Atta
Yeniyetmə oğlan özünün qarışıq irqə mənsub olmağı və gey kimliyi ilə barışmağa başlayır. Daha sonra universitetdə drag artist olaraq “qanadlarını” tapır – Qara Flaminqo. Bəzən etməli olduğumuz tək şey heyatımızı öz əlimizə almaq, çəhrayı lələklər geyinərək bütün dünyaya özümüzü cəsur rənglərlə göstərməkdir.
Amazon linki və Goodreads linki.
Bu kitablardan hansısa digər dillərə tərcümə olunsa, bununla bağlı məlumat verəcəyəm. İkinci hissədə bu mövzularda, baş qəhrəmanları biz olduğumuz daha çox kitab paylaşacağam.
Müəllif: Sam
Powered by Froala Editor