Sumqayıtda azyaşlı oğlan saç rənginə görə polisdən təzyiq görüb

Rəis dedi: “Mənə bakirə qızlar tap”

Adının anonim qalmasını istəyən 16 yaşlı gənc Minority Azerbaijan-a bildirib ki, hadisə 20 sentyabr saat 11.00 radələrində Sumqayıt şəhərində baş verib. O, saçını göy boya ilə rənglədiyi haqda video paylaşdıqdan sonra polislər onun evinə gəlib və Sumqayıt şəhər Baş Prokurorluğuna aparıb. 

Zərərçəkənin sözlərinə görə, onun yaşı az olduğu üçün o, prokurorluğun uşaq məsələləri ilə məşğul olan bölməsinə gətirilib və orada axşam saat 18.00-19.00 radələrinə qədər saxlanılıb. 

Polis onun telefonunu əlindən alıb və bütün mesajlarını oxuyub, fotolarını nəzərdən keçirib. Zərərçəkən bildirir ki, polis ona bu sözləri deyib: “Bunlar nədir? Sən də “bundansan?” Ölkəmiz sənin kimilərdən ötrü o qədər şəhid verib, heyif onlardan.”

Daha sonra rəis gələrək, zərərçəkənlə görüşüb. O, bildirir ki, rəis ondan 15-16 yaşında bakirəliyi pozulmayan qızlar “təşkil etməsini” istəyib və bunun müqabilində pul da təklif edib. Zərərçəkən razı olmadıqda isə, o, polis tərəfindən döyülüb və nəzarət otağında saxlanılıb.

O, buraxıldıqda isə telefonu geri alıb və bir çox şeylərin - Votsap mesajlarının, Instagram proqramının, bir sıra yazışma və fotoların silindiyini görüb.

Zərərçəkən baş verən hadisədən sonra intihar həddinə çatdığını və dostunun sayəsində sağ qaldığını, psixoloji vəziyyətinin ciddi sarsıldığını bildirir. O, məsələ ilə bağlı şikayət verməyi düşünür. 

LGBTİ+ haqları aktivisti Əli Məlikov bildirib ki, zərərçəkən artıq vəkillə təmin edilib. 


Powered by Froala Editor