What is LGBTI Movement?
LGBT hərəkatı, LGBT-aktivizm lesbiyan, gey, biseksual və transgender insanların ictimai hərəkatıdır.
23/Dec/18
10630
LGBT hərəkatı, LGBT-aktivizm lesbiyan, gey, biseksual və transgender insanların ictimai hərəkatıdır. Onun məqsədi vətəndaşların hüquq bərabərliyi, insan haqlarına riayət olunması, diskriminasiyanın və ksenofobiyanın qarşısının alınması, seksual azadlıq, “fərqli insan olmaq” haqqının qəbul edilməsidir. Eyni zamanda hərəkat LGBT fərdlərinin cəmiyyətə inteqrasiyasına çalışır. Ölkədən və tarixi dövrdən asılı olaraq, LGBT hərəkatının aspektləri bir-birindən fərqlənə bilər.
LGBT-aktivizmin Qərb tarixində beş ardıcıl mərhələni ayıra bilərik. Onlardan birincisi XIX əsrindən sonları, XX əsrin əvvəllərinə təsadüf edir və ilk növbədə Almaniyada Maqnus Xirşfeldin və onun tərəfdaşlarının fəaliyyəti ilə bağlıdır. Həmin dövrdə alman alimləri ingilis və amerikalı həmkarlarından daha irəlidə idilər. Almaniyada bir tərəfdən homoseksuallar üçün kafelər, barlar və klublar çiçəklənirdi, digər tərəfdən isə kişilər arasında könüllü eynicinsli seksual əlaqələr cinayət sayılırdı. Bu da nanəcib vətəndaşlar tərəfindən şantaja və sui-istifadəyə yol açırdı. İkinci Dünya Müharibəsinin başlanmasına qədər Almaniyada homoseksuallığı araşdıran bir neçə təşkilat yaradılmışdı, maarifləndirici kampaniyalar keçirilirdi, Cinayət Məcəlləsinin 175-ci maddəsinin ləğvi haqqında açıq məktublar və ərizələr yazılırdı. Lakin nasistlərin hakimiyyətə gəlişi bu fəaliyyətə son qoydu. M.Xirşfeld tərəfindən 1919-cu ildə yaradılmış Seksologiya İnstitutu məhv edildi, 1933-cü ilin mayında isə onun bütün kitabları və nəşrləri ictimai şəkildə yandırıldı.
LGBT-aktivizmin ikinci mərhələsi (müharibə sonrası dövr, 1940-cı illərin ortalarından 1960-cı illərin ikinci yarısına qədər) – homofil hərəkat da adlanırdı (homofiliya termini o vaxt işlənən “homoseksualizm” sözünə alternativ olaraq, onun sekslə yox, sevgi ilə bağlılığını vurğulamaq üçün istifadə olunurdu). Hərəkatın iştirakçıları homoseksualların cəmiyyətdə tamhüquqlu üzvlər kimi qəbul edilməsini məqsəd qoymuşdular. Burada iki hədəf vardı: homoseksuallıq haqqında elmi biliklərin yayılması və homoseksualların normal və vicdanlı insanlar olmasına cəmiyyətin inandırılması. Bu dövrdə “Bilitisin qızları”, “Mattaçen cəmiyyəti” kimi təşkilatlar məşhur idi. Həmin vaxt “Cultuur en Onrspannings-Centrum” (COC) təşkilatı yarandı, o, indi qüvvədə olan LGBT təşkilatlarının ən qədimidir.
Üçüncü mərhələnin başlanğıcında – 1960-cı illərin sonlarında seksual inqilab, qadın haqları və irqi azlıqların haqları uğrunda mübarizə ilə yanaşı, geylərin hüquqları naminə daha radikal hərəkat meydana gəldi (“gey azadlığı”). Bu inkişaf mərhələsinin başlanmasını simvolizə edən ən yaddaqalan hadisələr – polisin gey-məkanlara müntəzəm və qanunsuz reydlərinə etiraz etdiyi Stounvol (1969), Nyu-Yorkda etiraz hadisələri. Həmin vaxt aktivistlər tam ictimai qəbullanmanı, inteqrasiyanı və tam bərabər hüquqları tələb edirdi. Stounvol hadisələri Amerikanın LGBT tarixinin ən əlamətdar səhifələrindəndir. O dövrdə LGBT icması gender, sinfi və nəsillərarası fərqləri aşaraq, bütöv bir icmaya çevrildi. ABŞ-da Gey Qürur Marşının (Gey Paradın) keçirilməsinə təkan verdi. Homoseksualların haqları uğrunda hərəkat dünyanın bir çox ölkələrində çoxsaylı təşkilatların yaranmasına səbəb oldu, elə həmin dövrdə küçə yürüşlərinin və marşlarının keçirilmə təcrübəsi formalaşdı.
LGBT-aktivizmin dördüncü mərhələsi 1980-ci illərin əvvəllərində QİÇS xəstəliyi haqqında məlumatın yayılması ilə əlaqədardır. Homoseksual fərdlərin bu xəstəliyə qarşı həssaslığını görən aktivistlər dərhal HİV/QİÇS xəstəliyin profilaktikasına və müalicəsinə, xəstəlik haqqında məlumatın yayılmasına, epidemiyaya yoluxanların dəstəklənməsinə yönəlmiş müxtəlif fəaliyyətlər həyata keçirməyə başladılar.
Və nəhayət, indiki zamanda, XXI əsrin əvvəllərində Qərbdə LGBT hərəkatının yeni, beşinci inkişaf mərhələsindən danışmaq olar. Burada yalnız müəyyən fəaliyyət tipi ilə məşğul olan təşkilatların yaranması misal göstərmək olar – məsələn, LGBT insanlara hüquqi və psixoloji dəstək göstərilməsi, LGBT icmasının ayrı-ayrı qruplarına: yaşlılara və ya gəncələrə, məişət zorakılığı qurbanlarına və s. yönəlmiş proqramlar və s. Yeni inkişaf mərhələsində şəbəkə təşkilatları, assosiasiyalar, regionlararası və beynəlxalq koalisiyalar fəal şəkildə yaradılır və inkişaf edir.
Yuxarıda qeyd edildiyi kimi, ölkədən və tarixi dövrdən asılı olaraq, LGBT aktivistlərin tələbləri də fərqli olur. Məsələn, bir çox müasir ölkələrdə homoseksuallıq və ya homoseksual aktivizm cinayət sayılmır. Lakin Afrika və Asiyanın bir sıra ölkələrində homoseksuallıq, hətta ona eyham belə cinayətdir, həbs, hətta edamla (İran, Əfqanıstan, Səudiyyə Ərəbistanı, Somalı, Nigeriya və s.) cəzalandırılır. Orada seksual və gender azlıqlarının haqları uğrunda açıq mübarizə həyati təhlükə yarada bilər. Bu ölkələrdə homoseksuallara qarşı cəzanın yumşaldılması tələbləri səslənir. Habelə homoseksuallığa görə cəzaların ləğv edilməsi üzrə həmin ölkələrə beynəlxalq təzyiqlər göstərilir.
Daha müasir dövlətlər üçün LGBT aktivizmin aşağıdakı sahələri mövcuddur:
LGBT-aktivizm və sosial servis
XX əsrin ortalarında əksər Qərb ölkələrində homoseksuallığın dekriminalizasiyası, vətəndaş fəallığının ümumi artması, eləcə də bir çox gey, lesbiyan, biseksual və transgenderlərin “şkafdan çıxması” LGBT-icmasının tələbatlarını ödəyən sosial servislərin yaranmasına səbəb oldu. Bundan başqa, davam edən diskriminasiya və stiqmalaşdırma LGBT fərdlərini ümumi sosial kontekstdən çıxarırdı və onların əksər sahələrdə öz xidmətlərini yaratması bu problemin həlli idi. LGBT mövzulu dəyirmi masaların, seminarların, treninqlərin, forumların, master-klassların, kaminq-aut qruplarının yaradılmasına başlanılırdı. 1970-ci ildə Minneapolisdə ilk kommuniti-mərkəz açıldı. 1896-cı ildən 1931-ci ilə kimi çıxan “Xüsusi” (Der Eigene) jurnalı homoseksuallar üçün nəzərdə tutulan ilk jurnal oldu. LGBT servislərə daxil olan sahələr aşağıdakılardır: kommuniti-mərkəzlər, qaynar-xətlər, maarifləndirici tədbirlər, öyrədici və inkişaf etdirici tədbirlər, konsultasiya, media-aktivizm, jurnal və qəzetlər, radio, internet-saytları.
LGBT-aktivizm və hüquq-müdafiə fəaliyyəti
Hüquq-müdafiə fəaliyyəti – insan haqlarının bir qayda olaraq, hakimiyyət orqanlarının və vəzifəli şəxslərin özbaşınalığından sülh yolu ilə müdafiəsini ehtiva edir. Bu istiqamət hələ LGBT aktivizmin yarandığı ilk vaxtdan mövcud idi. Alman ictimai xadimləri homoseksualların cinayət məsuliyyətinə cəlb olunmasına qarşı kampaniyalar həyata keçirirdilər. XX əsrdə LGBT hüquq müdafiəçilərinin əsas şüarı belə idi: “Homoseksual haqları – insan haqlarıdır”.
Bu sahədə keçirilən ictimai aksiyalar əksər ölkələrdə hətta siyasi və qanunvericilik dəyişikliklərinə səbəb oldu.
Habelə ayrı-ayrı problemlərə və mövzulara diqqəti çəkmək məqsədilə keçirilən ictimai tədbirləri sadalaya bilərik: yürüş, nümayiş, piket, LGBT icmasının özü üçün hazırladığı əyləncəli parad, fleşmoblar və s.
Müxtəlif tarixi günlərə həsr olunmuş tədbirlər həftəsini də vurğulamaq lazımdır. Məsələn, Beynəlxalq Homofobiya və Transfobiya ilə Mübarizə Günü (IDAHO), Susma günü və s.
Diskriminasiyadan əziyyət çəkənlərə yardım hüquq-müdafiə fəaliyyətinin özəyini təşkil edir. Burada əsas rolu konsultasiyalar oynayır. Qərb ölkələrində sırf LGBT nümayəndələrinin hüquqi dəstəyi ilə məşğul olan hüquq firmaları mövcuddur.
Önəmli sahələrdən biri də advokasiyadır. Bu termin hər hansı sosial qrupun ictimai maraqlarının təmsil olunması və qorunması anlamına gəlir. Advokasiyaya bir sıra fəaliyyətlər daxildir: yeni qanunvericilik layihələrinin hazırlanması, hökümət orqanları ilə yazışmalar, partnyorluqların və koalisiyaların yaradılması, açıq məktubların hazırlanması, KİV-lə əməkdaşlıq, hüquq-müdafiə fəaliyyətinin beynəlxalq mexanizmlərindən istifadə və s.
LGBT-aktivizm və seksual sağlamlığın qorunması.
Seksual və reproduktiv sağlamlığın qorunması LGBT-aktivizmin vacib istiqaməti olub tarixi köklərə malikdir. 1981-ci ildə QİÇS xəstəliyinin aşkarlanmasından sonra 1981-1984-cü illərdə ABŞ-da QİÇS-i anal seks və narkotik istifadəsi ilə əlaqələndirən elmi işlər dərc olunmuşdu.
1980-ci illərin başlanğıcından məhz LGBT-icması tərəfindən bu epidemiyaya qarşı cavab tədbirləri həyata keçirilirdi. Elə bir çox geylər tərəfindən ixtira edilən həll yolları ayrı-ayrı ölkələr üçün model oldu.
Sağlamlığın qorunması sahəsində əsas iş forması maarifləndirici tədbirlərdir. Onların məqsədi cinsi yolla ötürülən xəstəliklər, onların qarşısının alınması, kişi və qadın bədəninin xüsusiyyətləri, təhlükəsiz cinsi əlaqə və s. haqqında məlumat verməkdir. Keçirilən informasiya kampaniyalarında müxtəlif çap məhsulları (flayerlər, plakatlar, bukletlər, bröşürlər, komikslər) buraxılır, qoruyucu vasitələr (prezervativlər, lübrikantlar) paylanılır, reklam çarxları, bədii və sənədli filmlər nümayiş olunur və s.
Dünya praktikasında keçirilən memorial layihələri qeyd etmək yerinə düşərdi. Bu layihələrdə ilk növbədə HİV/QİÇS və digər xəstəliklərin qurbanlarının xatirəsi yad edilir.
Ümumilikdə LGBT-aktivizmin istiqamətləri, həyata keçirilən fəaliyyət növləri bir məqaləyə sığmayacaq qədər çoxdur. Fakt budur ki, dünya praktikasında (ABŞ, Avropa, bəzi Şərq ölkələri) bu fəaliyyətlər uzun tarixi dövrü əhatə edir və kifayət qədər təcrübədən keçmişdir.
Təəssüf ki, Azərbaycanda bu hərəkatın geniş yayılmasından və zəngin tarixindən danışmaq üçün hələ çox tezdir. Ölkədə LGBT üçün ilk olan əksər layihələr yalnız son 2-3 il ərzində baş tutmuşdur. Məsələn, ilk LGBT forumunun keçirilməsi, homoseksual mövzulu ilk teatr tamaşası, homoseksual mövzulu bədii ədəbiyyat, LGBT üçün əlamətdar olan günlərin qeyd edilməsi və s.
Bu məqalənin dərc olunduğu “Minority” jurnalı özü də Azərbaycan tarixində ilk LGBTI mövzulu onlayn jurnaldır.