Trans qadınlardan bəhs edən film beynəlxalq festivalda

Azərbaycanda trans qadınların ortaq təcrübələri və problemlərini əks etdirən “Dovşan getmək qərarına gəlir” sənədli-eksperimental filmi beynəlxalq festivalda nümayiş olunacaq. Bu haqda Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalının səhifəsində məlumat verilib

Sentyabrın 28-də Norveçin Oslo/Fusion International Film Festivalında dünya premyerası baş tutacaq filmin rejissoru Vüsalə Hacıyeva, produseri isə Durna Səfərovadır. Nümayişdən sonra filmin yaradıcı heyəti ilə Azərbaycanda kuirlərin vəziyyəti barədə müzakirə təşkil ediləcək.

“Filmi çəkməkdə məqsədim ilk olaraq baş verənləri şəxsi zəmində özüm üçün analiz etmək və həyatımın tranzisiyadan sonrakı illərinə kənardan baxa bilmək istəyidir. Reprezentasiya olaraq bizim özümüzün öz hekayəmizi danışması və insanların bu hekayələri bizim dilimizdən eşitməsi mənim üçün vacibdir”, - Vüsalə qeyd edir.

“Ev həmişə komfort zonası olmur. Hərdən ev əsl cəhənnəmə çevrilə bilir. Əgər qaldığın məkan, doğma şəhərin və ətrafdakı hər şey sənə diskomfort yaradırsa və son damla olaraq həyatın fiziki təhlükədədirsə, yeganə alternativ qaçmaq olur. Məhz elə bu məni planlaşdırmadığım səyahətə - Tbilisiyə gətirdi. Yeni şəhərdə yeni həyata adaptasiya olmaq, özümlə gətirdiyim problemləri həll etmək və “sonra nə olacaq?” sualına cavab tapmalıyam”, - deyə filmin sinopsisində qeyd olunur.

Rejissorluq üzrə təhsil almış Vüsalə Hacıyeva həmçinin şairə və bloq yazarıdır. Azərbaycan dilində translara dair mövzulara fokuslanan ilk platforma olan @transvisionary nin həmtəsisçisidir.


Powered by Froala Editor