İqlim dəyişikliyi barədə düşüncələrimizi təhrif edən 4 fərziyyə

(və daha yaxşısını etməyin 3 yolu)

Bu məqalə Jacqueline Lau, Pip Cohen və Sarah Lawless tərəfindən theconversation.com platforması üçün yazılmış yazının tərcüməsidir.

Gender insanların iqlim dəyişikliyini hansı formada təcrübə etmələrinə və ona verdikləri reaksiyanın necəliyinə təsir göstərir. Bu, xüsusilə qadınların və kişilərin iqlim şoklarına fərqli formada uyğunlaşdığı inkişaf etməkdə olan ölkələrdə özünü göstərir. Qadınlar daha pis şəraitdə daha çox və daha uzun müddət işləyirlər, kişilər isə iş tapmaq üçün miqrasiyaya daha çox meyillidirlər və bu, əksər vaxtlar təhlükəli və etibarsız olur.

Nature Climate Change jurnalında yayımlanmış bir məqalədə son altı ildə aşağı və orta gəlirli ölkələrdə iqlim dəyişikliyi və gender haqqında ədəbiyyatı gözdən keçirdik və hələ də iqlim dəyişikliyi siyasətini və araşdırmalarını narahat edən bir çox faydasız fərziyyələr aşkar etdik.

Bu fərziyyələr bərabərsizliyin səbəblərini səhv müəyyənləşdirməklə və yaxşı ideya kimi görünən səmərəsiz strategiyaları dəstəkləməklə, gender bərabərliyinə nail olmağa mane olur. 

Fərziyyə 1: Gender bərabərliyi qadınların problemidir

Bir çox iqlim dəyişikliyi siyasət və layihələrində gender bərabərliyi qadınların problemi kimi qəbul edilir.

Buna misal olaraq, 2015-ci ilə aid bir analizdə altı ölkədə Birləşmiş Millətlər Təşkilatının REDD+ sxemləri (İnkişaf etməkdə olan ölkələrdə meşələrin qırılması və meşələrin deqradasiyası nəticəsində emissiyaların azaldılması) nəzərdən keçirilib. Bu analiz əksər pilot layihələrdə qadınların iştirakı şəklində gender bərabərliyini ifadə etdiyini aşkar edib.

Ancaq bir çox hallarda bu iştirakçılıq təşəbbüslərin dizaynı və həyata keçirilməsi üzrə qərar qəbulunda qadınların fəal rol oynamağındansa, onların sadəcə passiv məlumat alıcısı olmaları ilə nəticələnirdi.


1980-ci illərdə iqtisadi inkişafa və yoxsulluğun aradan qaldırılmasına nail olmaq üçün qadınların hədəflənməsi inkişaf təşkilatlarının əsas strategiyası idi. Lakin bu, çox vaxt qadınların həqiqi ehtiyaclarını və istəklərini nəzərə almayaraq, onlar üçün “edilən” inkişaf kimi təqdim olunurdu.

Ən pis halda bu strategiya qadınları əmək bazarlarına, məsələn, şi yağı sənayesinə cəlb etdi, burada onlar aşağı maaş aldılar və əməkləri dəyər zəncirinin daha güclü aktyorları tərəfindən istismar edildi.

Fərziyyə 2: Qadınlar və kişilər homogen qruplardır

Genderlər arasında çoxlu fərqlər mövcuddur. Misal olaraq, yaşlı və dul qadınların vəziyyəti gənc və subay qadınların vəziyyətindən çox fərqli ola bilər. Eynilə, kişilərin ehtiyacları etnik mənsubiyyətlərindən və ya iqtisadi vəziyyətlərindən asılı olaraq dəyişə bilər.

Məsələn, Avstraliyada aşağı gəlirli (əksər hallarda tənha valideyn olan) qadınlar və kişilər enerji qiymətlərinin artmasına ən çox həssas olan insan qruplarıdır.

Lakin biz iqlim dəyişikliyi layihə və siyasətlərinin tez-tez bu fərqləri ört-basdır etdiyini və davamlılığı artırmaq imkanlarını itirdiyini aşkar etdik.

Bu, 2019-cu ildə Tanzaniya və Uqandada iqlim dəyişikliyinə davamlılıq yaratmaq üçün aqro-ərzaq siyasətlərinə dair 155 sənədin analizində göstərilib. O, bir çox qadınların təcrid olunmuş və müdafiəsiz olduqlarını, kişilərin isə nəzərə alınmadıqlarını müəyyən edib.

Malidə yaşlı və gənc qadın və kişilərin fərqli əkinçilik strategiyaları və məqsədləri var idi və buna görə də iqlim məlumatlarına dair olduqca fərqli ehtiyaclar mövcud idi. Malinin Aqrometeoroloji Məsləhət Proqramı tərəfindən verilən məlumat kişilərin təxminən 15%-i üçün həqiqətən faydalı olub.


Fərziyyə 3: Qadınlar təbiətən qayğıkeş və ətraf mühitə bağlıdırlar

1970-ci illərin iqtisadi inkişaf dövründə olduğu kimi, iqlim dəyişikliyi ilə bağlı işlər də qadınları su və odun toplama kimi ev işləri vasitəsilə anadangəlmə olaraq qayğıkeş və ətraf mühitlə daha çox “təmasda olan” kimi göstərməyə davam edir.

Bu fərziyyə Avstraliyada da mövcuddur — ekoloji cəhətdən təmiz məhsulların marketinqində daha çoz qadınlar hədəf alınır və qadınların iqlim dəyişikliyi üzrə fəaliyyətdə ön sıralarda olduqlarına inanılır.

Bu fərziyyəni qəbul etmək – qadınların ətraf mühitin, ailələrinin və icmaların xilaskarları kimi çıxış etmək məsuliyyətini daşıması deməkdir. Bu prosesdə qadın əməyi iqlimə uyğunlaşma və ya təsirin azaldılması adı altında iki və ya üç dəfə artır.

Buna misal olaraq, Qərbi Afrikadakı Burkina Fasoda REDD+ proqramı gender bərabərliyini artırmaq üçün qadınları qeyri-taxta meşə məhsulları üçün qlobal bazarlarla birləşdirdi. Lakin qadınların proqrama cəlb olunma istəyi var imiş kimi qəbul olundu və qadınlar əmək şərtləri ilə bağlı müzakirələrdə çox az söz sahibi idilər.


Fərziyyə 4: Gender bərabərliyi kəmiyyət məsələsidir

Qadınlar forumda və ya fəaliyyətdə kişilərə bərabər və ya daha çox sayda iştirak edirlərsə, iqlim layihə və siyasətləri çox vaxt bunu gender bərabərliyi üçün adekvat təmsilçilik hesab edirlər.

Hindistanda BMT-nin REDD+ layihələri qərar qəbuledici qruplarda qadın və kişilərin bərabər sayda olmasını hədəfləyirdi. Lakin qadınların qərar qəbul etmə prosesinə az təsiri oldu və ya heç bir təsiri olmadı, fikirləri dəyişdirə bilmədi və qrup daxilində qərarlardan və hesabatlılıqdan narazı qaldılar.

Qərar vermə qruplarında bərabər sayda qadın və kişilərin olmasına çalışmaq həqiqətən vacib bir addım olsa da, kifayət deyil.

Rəqəmlər avtomatik olaraq bərabər fayda və ya səlahiyyətlər demək deyil. Qadınların və kişilərin hüquqlarını, səslərini və təsirlərini dəstəkləyən üsullarla məşğul ola bilmələrini təmin etmək üçün strategiyalara ehtiyac var.


Fərziyyələri geridə qoymaq: irəliyə doğru üç yol

İqlim dəyişikliyi ilə bağlı işlərdə gender fərziyyələri inkişafın alətlərini, metod və nəticələrini araşdıran fənlərarası sahə olan inkişaf tədqiqatlarında çoxdan tənqid edilir.

Beləliklə, bu fərziyyələri aşkar etdikdə biz iqlim dəyişikliklərinin təsirinin azaldılması və adaptasiya strategiyaları, eləcə də bunlarla əlaqəli tədqiqatlarla məşğul olan hər kəs üçün irəliyə doğru üç yol təklif edirik.

İlk növbədə, gender bərabərliyi ilə bağlı konkret və dəqiq olun. Təşkilatlar, layihə və ya siyasətlər imkan, fayda və ya səlahiyyət baxımından nəyə nail olmağa çalışır? Hər birinin fərqli ölçüləri və məqsədləri var.

İkincisi, gender və gender tədqiqatlarını fərqləndirən məlumatları araşdırın, tənqid edin və çatdırın. Bu, araşdırma, qiymətləndirmə və ünsiyyət üçün kritik ilk addımdır.

Nəhayət, gender bərabərliyinə gedən yolda daha keçilməz olan maneələri anlayın, sorğulayın və aradan qaldırın. Bunlara mülkiyyət və vərəsəlik hüquqlarında, yaşayış imkanlarında, təhsildə, səhiyyədə, maddi və kredit resurslarına çıxış məsələlərində maddi fərqlər şəklində özünü göstərən gender normaları daxildir.

Bunları daha yaxşı etmək üçün iqlim dəyişikliyi ilə məşğul olan proqramlar və müəssisələr gender bərabərliyinə, gender hazırlığı və potensialınadaha çox resursları və daha uzun müddətlik yönəltməlidir.

Dünya iqlim dəyişikliyinə daha çox təsir etməyə hazırlaşdığı üçün gender bərabərliyi istiqamətində işləmək bütün səviyyələrdə ciddi və məlumatlı fəaliyyət tələb edir: qlobal liderlikdən tutmuş dəyişikliyin astanasında duran təşkilatlara və icmalara qədər.

Powered by Froala Editor