Lesbian Feminism
The feminism movement, which started in the 19th century, split into different branches and directions over time
08/Oct/22
1610
Lezbiyan Feminizmi
Başlanğıcını 19-cu əsrdən götürən feminizm hərəkatı zamanla müxtəlif qollara və istiqamətlərə ayrıldı. Onların arasında liberal feminizm, radikal feminizm, anarxo-feminizm, ekofeminizm, sosialist feminizm və s. cərəyanları sadalamaq olar. Bu istiqamətlərdən biri də lezbiyan feminizmidir.
Bu parlaq, ziddiyətli və radikal hərəkat – 1960-cı illərdə meydana gələn mədəni məfhumdur. Qadın hərəkatının, geylərin hüquqları uğrunda hərəkatın və seksual inqilabın bir-biri ilə yaxınlaşmasından ortaya çıxan hərəkat cəmiyyətdə lezbiyanların vəziyyətini nəzərdən keçirir. O, heteronormativliyi inkar edir. Gender və iqtidar barədə alternativ düşüncə təqdim edir.
Lezbiyan feminizmi xüsusən də Şimali Amerikada və Qərbi Avropada populyarlıq qazanmışdır. Hərəkatın ən əhəmiyyətli mütəfəkkirlərinə Şarlotta Banç, Rita Mey Braun, Adrienn Riç, Merilin Fray, Meri Deyli, Şeyla Ceffris və Monik Vittinq aid edilir.
Hərəkatın yaranmasında bir çox səbəblər rol oynayıb.
1960-cı illərdə gey və lezbiyan icmaları gizli şəkildə mövcud idi. Belə ki, onlar homoseksuallığın psixi pozğunluq və cəmiyyət üçün təhlükə hesab olunduğu dövrlərdə yaşayırdılar.
Cəmiyyətdəki ayrı-seçkiliklərə paralel olaraq, lezbiyanlar o dövrün qadın hərəkatlarında da qəbullanmırdı. Amerikanın Milli Qadın Təşkilatının təsisçisi Betti Fridan deyirdi ki, lezbiyanlar “lavanda təhlükəsidir.” O, hesab edirdi ki, lezbiyanlar feminist hərəkatının nüfuzunu aşağı salır və onları siyasi dəyişikliklərin əldə olunmasında maneə kimi görürdü. Bu cür lezbofobiya feminist hərəkat üçün ironikdir. Çünki nəzərdə tuturdu ki, lezbiyanlar qadın hərəkatından uzaqda qalmalıdır. Burdan belə nəticəyə gəlmək olar ki, lezbiyanlar qadın deyil.
Eyni zamanda lezbiyanlar homoseksualların hüquqlarını müdafiə edən təşkilatlarda da təklənməyə başlamışdı. Onlar hesab edirdi ki, geylər arasında da seksizm cəmiyyətdəkindən az deyil və geylər lezbiyan qadınların problemlərinə biganədir. Həmçinin ağdərili gey kişilər patriarxal cəmiyyətin kişilərə verdiyi üstünlüklərdən müəyyən qədər faydalana bilirlər.
Lezbiyan feministlərin fikrincə, nə qədər ki, qadınlar heteroseksual münasibətlərdən fayda götürürlər və bu münasibətlər sayəsində öz təhlükəsizliklərini təmin etməyə çalışırlar, onlar belə üstünlükləri olmayan lezbiyan bacılarına xainlik etmiş olurlar. Nəticədə lezbiyan feministlər öz təşkilatlarını yaradaraq utancı qürura çevirdilər və lezbiyanlığın çatışmazlıq olması barədə inanclara meydan oxumağa başladılar. Onlar qadının qadına olan sevgisinə diqqəti çəkir, cəmiyyətdə kişi üstünlüyünü tənqid edirdilər. Lezbiyan feministlər patriarxal cəmiyyəti məhv etməyə çalışırdılar. Qadın hərəkatlarındakı və cəmiyyətdəki lezbofobiyaya qarşı mübarizə aparırdılar. Feminizmin ikinci dalğasında seksizmə qarşı mübarizənin tərkibini təşkil edirdilər. Lezbiyan feminizm bir tərəfdən qadın azadlığı uğrunda daha böyük mübarizənin bir hissəsi idi, digər tərəfdən isə ona tənqidi yanaşırdı.
Bu hərəkat qadınların kişi dominantlığından və heteroseksizmdən azad olması üçün imkan yaratdı. Lezbiyan feminizmi cəmiyyəti iki aspektdən təhlil edirdi:
1) Heteroseksuallıq sadəcə seksual meylliyin bir forması deyil. O, kişi üstünlüyünü və qadın tabeçiliyini bəsləyən və bir məfhumdur. Ənənəvi gender rolları, mövcud ailə strukturları heteroseksuallığı mütləqiyyətə çevirir və şübhə altına qoymur. Heteroseksual münasibətlərdə qadınlar kişilərlə partnyorluq sayəsində əlavə status və iqtisadi üstünlüklər əldə edirlər. Feminist qruplardan biri olan Radikalezbiyanlar 1970-ci il tarixli “Qadın kimlikli qadın” manifestində deyirdilər ki, qadınlar kişilərə bərabərmiş kimi davrananda, oriyentasiyalarından asılı olmayaraq təhqir məqsədilə lezbiyan adlandırılırlar. Lezbiyan adlanmaq qorxusu qadınların bərabərliyə can atmasında güclü məhdudlaşdırıcı amil idi. Eləcə də qadınlar arasında həmrəyliyin inkişafına əngəl olurdu.
2) Onlar bildirirdi ki, heteroseksuallıq, eləcə də yalnız kişi və qadın arasında mümkün olan nikah cəmiyyətdə kişi hakimiyyətini dəstəkləmək üçün mərkəzi mövqe tutur. Odur ki, lezbiyan münasibətlər sosial və iqtisadi cəhətdən ciddi problem yaradırdı. Onlar kişinin üstünlüyü, qadının natamamlığı təsəvvürlərini inkar edirdilər. Qadının iqtisadi, şəxsi, seksual azadlığını nümayiş etdirirdilər. Eyni zamanda da “Butç və Femm” rol oyunlarını da tənqid edirdilər və onu repressiv heteroseksuallığın təqlidi kimi görürdülər.
Lezbiyan feministlər elə bir mühit yaratmışdılar ki, özlərini lezbiyan kimi identifikasiya edənlər qadın hərəkatında özlərinə yer tapa bilsin.
Lezbiyan feministlərin bəziləri hesab edirdi ki, təkcə qadınlardan ibarət icmaların qurulması kişi iqtidarına son verəcək və bu icmalar daha az istismarçı, daha ədalətli və qayğıkeş olacaq. Onlar yalnız qadınlardan ibarət olan kollektivlər, kommunalar yaradırdılar.
Lakin 1970-ci illərin lezbiyan feminizmi bir çox tənqidlərlə üz-üzə qaldı. Tənqidlərdə deyilirdi ki, bu hərəkatın üzvləri ağdərili və orta sinfə aid olmaqla, irqi və sinfi təsəvvürlər yaradırdılar. Butç-fem kimliyindən uzaq durmağa çalışırdılar. Trans qadınları qadın olaraq qəbul etmirdilər. Biseksual arzuları inkar edirdilər.
İrqçiliklə bağlı tənqidlərin fonunda qaradərili lezbiyanların ayrıca hərəkatları formalaşmağa başlayırdı.
Lakin 1970-ci illərdən sonra lezbiyan feministlər QİÇS əleyhinə mübarizədə, eləcə də ailə hüququ və başqa məsələlərlə bağlı geylərlə və digər qadınlarla həmrəylik nümayiş etdirdilər.
Onların fəaliyyətinin zirvə nöqtəsi 1970-1980-ci illərdə qalsa da, lezbiyan feministlər tərəfindən heteroseksuallığın bir sosial institut kimi fundamental təhlili indi də feminist elmin və fəaliyyətin mühüm hissəsidir.
Bu yazı ilk dəfə Minority Azərbaycan jurnalının 10-cu sayında dərc olunmuşdur.
Powered by Froala Editor