Queers are against war!
Petukhluq - not fitting into the created social molds, denying the constructions called "value", protesting, perhaps embarrassing yourself
23/Oct/22
3559
Petuxlar müharibəyə qarşıdır!
Petuxluq – yaradılan sosial qəliblərə sığmamaq, "dəyər" adlı konstruksiyaları inkar etmək, etiraz etmək, bəlkə də özünü biabır etmək.
Elitist kişilərin müharibələrindən əsas təsirlənən, heç zaman müharibə şəraitində olmamış yeni generasiyadan olan LGBTQ+ vətəndaş kimi düşündüm ki, doymaz patriarxatın 44 günlük, 2 il sonra isə təkrar cəngavərlik yarışı etdiyi Qarabağ münaqişəsində boğulan bədənlərimizin danışmağa ehtiyacı var. Fikrimcə, ümumiyyətlə çıxıb, kiminsə özünü biabır etməyə ehtiyacı var. Təəssüf ki, Azərbaycanda hakimiyyətə alternativ olmaq istəyənlər də müharibə mövzusunda elə də ciddi kəlmə kəsiləsi insanlar deyillər deyə, bu gün sülh üçün danışan hər kəsin problem yaşamasında dəmir yumruq ətrafında birləşən hamısının rolu "əvəzolunmazdır". Məsələn, Əhməd Məmmədlinin sülh istədiyi üçün həbs olunması təkcə bu hakimiyyətin deyil, həm də hüquq, ədalət və ya alternativ hakimiyyət (bəlkə də diktatura) iddiası olanların da ortaya çıxardığı mənzərədir. Məsələn, Əhmədi həbs edən və həbsi üçün şərait yaradılmasına dəstək olan hansı vətəndaş bu gün iddia edə bilər ki, trans və LGBTQ+lər üçün Azərbaycanda çiçəkli vəziyyətdir? (Təbii ki, "deyə bilər" dedikdə dövlət rəsmilərinin BBC-ə verdiyi müsahibələrini nəzərdə tutmuram). Heç biri.
Müharibə və militarizm transfobiyanı və kuirfobiyanı gətirən patriarxal mexanizmdir.
Petuxluq mənim üçün binar normaları inkar etmək və bu standartlar ətrafında formalaşan zərərli cərəyanların aradan qalxması naminə individual səviyyədə mübarizədir. Müharibə şəraitinin 2020-ci ildə Azərbaycanda LGBTQ+lər üçün necə yadda qaldığını xırda analiz edə bilərik. Dövlət və cəmiyyət tərəfindən xor görülən LGBTQ+lər yaşadıqları təcrübələri kənara ataraq iqtidarın yanında birləşməyə, cis-hetero kişilərin oyun meydanında öldürülməyə qaçırdı. Azərbaycanda ilk dövlət qeydiyyatına düşən LGBT təşkilatı “Gender və Tərəqqi” ictimai birliyi öz ofisindən LGBTQ+ bayraqları yerinə Azərbaycan bayrağı asmışdı. Yayılan düşüncə isə bu idi ki, bu aylarda petux olunmamalıdır, çünki şəhidlər var. Çünki ilahiləşdirilən şəhidlik anlayışı səni “əxlaqlı” olmağa vadar edir. Əxlaq isə sosial konstruksiya olduğu üçün halqasını istənilən qədər böyütmək və kiçiltmək mümkündür.
Məsələn, mən iddia edə bilərəm ki, “elitistlər işçi sinifini “şəhidlik” müqəddəsliyi ilə aldadır və özləri gedib şərab süfrələrində qeyri-rəsmi görüşlərdə otururlar”. Başqa biri isə deyər ki, “sən özün əxlaqsız şeysən, sən nə bilirsən diplomatiya nədir?” Uno kartı kimi qarşımıza atılan əxlaq və qeyrət həmçinin yuxarıda adını qeyd etdiyim təşkilatın müharibədə həlak olmuş geyin kimliyini ifşalamasına da səbəb oldu. Həmin təşkilat çevrəsi ölən şəxsi paylaşdılar ki, “baxın, geylər də şəhiddir”. Çünki qəbullanma ehtiyacı və reputasiya atəşi gəldikdə artıq fərdlərin konfidensiallığı yada düşmür – hətta o ölsə belə.
Mövzuların sinfi olduğunu iddia etdikdə bu iddianın müharibə və LGBTQ+ ilə də əlaqəli olduğunu söyləyirəm. Məsələn, baxa bilərik YAP-çı LGBTQ+lərə. Hansılar ki, Azərbaycan televiziyalarına çıxırlar, hətta transların başını kəsmək istəyən Sevinc Hüseynovanı öz verilişlərinə “ekspert” kimi çağırırlar, utanmadan canlı yayımlar açaraq ona təşəkkürlər də edirlər. Bu insanların heç biri militarist sistemdən əziyyət çəkməyib. Onlar məhz kukla olaraq propaqanda məhsullarını tirajlamaq üçün alınıblar. Məsələn, görə bilərsiniz ki, bu növlər verlişlərdə, sosial media hesablarında müharibəyə çağırış etsinlər, Starbucks kofesinin üzərinə adları yerinə “Qarabağ Azərbaycandır” yazdırsınlar, hətta dəmir fistinq loqolarını Şuşa fotosessiyalarında gözümüzə soxsunlar. Amma heç bir zaman trans olduğu üçün öldürülən Nurayın, Aysunun, gey olduğu üçün başı kəsilən Əvəz Hafizlinin, artıq son həddə gələn və intahar edən İsa Şahmarlının təcrübəsini nə yaşayıblar, nə də bu situasiyada olanlara yardım etməyə çalışıblar.
Reallıq budur. Məsələn, İranda əxlaq polisi tərəfindən Məhsa Əmininin öldürülməsinə görə qızğın etirazlar başladı və bu periodda sosial mediada sıravi insanlar saçlarını kəsərək dəstək nümayiş etdirməyə çalışırdılar. Lakin sonra milyonlarla büdcələri olan məşhurlar da, şou-biznes əhli də öz saçlarını kəsərək bəyənmələr, insanların həyatları üzərindən yeni şoular qazandı. Həqiqətən dəstək bu idi? Bəli. Varlı təbəqə əsla digərlərinin ağrılarını başa düşmək üçün nə yardım etdi, nə pulundan hərəkatlara verdi. Eyni situasiyadır, elə deyil? Bəs əziz petuxlar, sizin bu dövlət kuklalarından fərqiniz yoxdur? Yoxsa siz də hələ də taxt-tac oyunlarına dəstəksiniz?
Müəllif: Əli Məlikov
Powered by Froala Editor