"Don't be happy!"
Müsahibimizin 18 yaşı var. Ölkədəki nüfuzlu universitetlərdən birində təhsil alır, mühəndisdir. Musiqi ilə çox maraqlanır, mahnı yazır və piano dərsləri alır.
26/Feb/19
7791
“Olma, sən xoşbəxt olma, qoy valideynlərin xoşbəxt olsun.”
Müsahibimizin 18 yaşı var. Ölkədəki nüfuzlu universitetlərdən birində təhsil alır, mühəndisdir. Musiqi ilə çox maraqlanır, mahnı yazır və piano dərsləri alır.
“Əslində həmişə bilirdim ki, məndə nəsə fərqli bir şey var. Düşünürdüm ki, yəqin bir mən beləyəm, bütün dünya fərqlidir. Amma 13-14 yaşına çatanda bilirsən, öyrənirsən, internetdən məlumat tapmaq şansların olur. Ondan sonra başa düşdüm ki, bu normal bir şey imiş, və bunun adı var. Mən geyəm”.
Məktəbdə uşaqlar tərəfindən mənə çox təzyiq olunurdu. Mənim fikrimcə, valideynlərin uşaqlarını ərköyün, düzgün böyütməməklərinə görə uşaqlar çox daha qəddar olurlar, yeniyetmələrə və böyüklərə nisbətən. Mənim məktəb vaxtlarım çox böyük depressiya ilə keçib. Özümə həmişə suallar verirdim ki, insanlar niyə bu qədər qəddar olamlıdırlar, niyə görə bu cür şeylər olur. Mən o vaxtlar həmişə evdən çıxanda dua edirdim ki, bu gün heç kim mənə sataşmasın.
Məktəbdə sizə olan qısnamalar neçənci sinifdən etibarən başladı?
İbtidai sinifdə belə bir şey olduğunu xatırlamıram, 5-6-7-ci siniflərdən etibarən başladı. Kimsə nəsə deyirdi, bütün günüm alt-üst olurdu və günümü o şeyləri düşünürərək keçirirdim. 8-9-cu siniflərdə insanların dediklərini daha az vecimə almağa başladım. Amma nə qədər desəndə ki, vecinə almırsan, yenə fikirləşirsən, insanlar niyə bu qədər qəddar olmalıdırlar. Bunlar da LGBTQ barədə məlumatsız, cahil olmaqdan irəli gəlir, insanlar maraqlanmırlar, ordan burdan eşitdikləri ilə yetinirlər, ittiham edirlər.
Bunlara məruz qalmaq səbəbiniz nə idi? Sizin gey olduğunuzu bilərəkdənmi edirdilər, və ya kökündə nə dayanırdı?
Yəqin ki, feminen davranışlarım. Nənəm də həmişə feminen davranışlarımı nəzərdə tutaraq deyirdi ki, bu cür hərəkətlər etmə, insanlar adını çıxaracaq. Valideynlərim isə heç vaxt belə şeylər deməzdilər. Amma atam mənə heç nə deməsə də məncə davranışlarımdan hiss edirdi. 9-cu sinifdə oxuyanda o məni psixoloqa apardı. Psixoloq mənə bir neçə sual verdi. Heç vaxt ağlıma gəlməzdi ki, o birdən-birə belə suallar versin. Soruşdu ki, mavilərə necə baxırsan? Mavi də homoseksuallar üçün çox kobud adlandırmadır. Mən onda ingilis dilini bilmirdim, ona düzəliş etdim ki, eşcincəlləri nəzərdə tutursunuz? O da düzəliş etdi ki, bəli. Mən o haqda bildiklərimi danışdım, amma özüm haqda demədim. Heç o da konkret olaraq soruşmadı ki, beləsən ya yox. Psixoloq mənə homoseksuallığın xəstəlik, homoseksualların isə xəstə olduqlarını dedi. Sonra analiz verməyimi istədi. Analizdən heç nə çıxmadı. Heç nə çıxa da bilməzdi onsuz.
Bu nə analizi idi?
Adi qandan alınan analiz idi. Düşünürəm ki, onlar mənim hormonlarımı yoxlayırdılar. Amma bu hormonlarla bir əlaqəli deyil. Maskulin və ya feminen olmağın daha az və ya daha çox kişi olmaqla əlaqəsi yoxdu. Heteroseksual oğlanda da, homoseksualda da eyni dərəcədə kişi hormonları var. Analiz yaxşı çıxdı və fikirləşdilər ki, mən elə deyiləm. Sonra məktəbdə, hazırlıqda yenə qısnamalar başladı. Hazırlıqlarda oğlanlar tərəfindən dışlanırdım. Amma qızlar daha cana yaxın qəbul edirdilər, daha yaxşı idilər. Onu da qeyd etməliyəm ki, mənə heç bir zaman fiziki təzyiq olmayıb. Ən pis günüm– 9-cu sinifdə oxuyanda hərbi komissarlığa çağırmışdılar. Orda oğlan uşaqları tərəfdən təzyiqə uğramışdım. Onlar hamısı bir yerdə cəm halında durmuşdular, mən isə bir qıraqda tək qalmışdım. İndiyə qədər mənə deyilən heç bir şeyə cavab verməmişəm, həmişə gözardı etmişəm. Hamısının nəzərləri mənə üzərimdə toplanmışdı və durduğum yerdə mənə söz atırdılar. Onda da heç nə deyə bilmədim. Mənim üçün çox ağır idi, amma gəlib baş qoşma deyənlər də oldu. Ən pis ilim isə– valideynlərimin öyrənməyi bu yayda oldu. Mən xəstəxanaya getməli idim. Atamın ağlına nə gəldisə, dedi gəlmişkən hərbi psixoloqla da görüşək. Atam onla nə danışmışdısa, mən içəri girən kimi, psixoloq məndən 3-cü cinsiyyət haqqında nə fikirləşdiyimi soruşdu. Ondan sonra bildim ki, bütün psixoloqlar mənə eyni sualı verəcəklər. Mən də bildiklərimi danışdım. O da mənə bunun xəstəlik olduğunu dedi, mən inkar etdim. İndi deyirəm ki, kaş inkar etməzdim. Etməsəydim, bilməyəcəkdilər. Bilməməklərini daha çox üstün tutardım.
Belə düşünməyinizə səbəb nədir?
Mən psixoloqun yanından çıxandan sonra o atama deyib ki, “sizin oğlunuz yaxşı yolda deyil, pis yoldadır. Sizə başqa bir psixoloq deyəcəm, onun yanına gedin”. Beləliklə, biz başqa bir psixoloqun yanına getdik. Hər gün fərqli-fərqli psixoloqların qəbulunda olurduq. Növbəti psixoloq mənə daha səmimi gəldi, ilk mərhələdə o mənə demədi ki, bu xəstəlikdir. Hətta rolumu belə soruşdu. Mən otaqdan çıxdıqdan sonra isə valideynlərimə mənim üçün “etməli olduğum şeylər”in siyahısını deyib. Mən döyüş filmlərinə baxmalıyam, mən rep dinləməliyəm, mən idmana getməliyəm. Bu yay, keçirdiyim o 1 ay həyatım boyunca keçirdiyim ən pis yay idi. Baxmayaraq ki, mən çox yüksək balla universitetə daxil olmuşdum, ailə olaraq, onun sevincini yaşaya bilmədik. Məni idmana getməyə məcbur etdilər. Döyüş filmləri izləməyi məcbur edirdilər ki, baxmırdım, rep dinləməyə məcbur edirdilər ki, dinləmirdim. Sadəcə otağıma girmişdim və o qədər depressiyada idim ki, otaqdan çıxmaq istəmirdim. Bütün günü yatmaq istəyirdim, ağlayırdım. 3-cü gün konsultasiyamızda psixoloqa dedim ki, “mən belə xoşbəxt ola bilmirəm, siz məni sərhədləmisiz, istədiyim şeyləri etməyə qoymursuz”. Mən rəsm çəkməyi çox sevirdim, mən musiqini çox sevirdim, bunları mənə qadağan etmişdilər.
Rəsmi və musiqi dinləməyi niyə qadağan etmişdilər sizə?
Psixoloq demişdi ki, etməsin, rəsm çəkmək onu daha çox feminen edəcək. Psixoloqa hislərimi bildirdim, dedim ki, ‘’əgər məni oyuncaq kimi istifadə edəcəksinizsə, məni kontrol edəcəksinizsə, o zaman mənim yaşamağımın nə mənası olacaq? Yaşamağım üçün səbəb yoxdur”. Və dedim ki, “xoşbəxt deyiləm”. O isə mənə dedi ki, “olma, sən xoşbəxt olma”. Mən bir psixoloqun yanına gedirəmsə, bu ondan eşitmək istədiyim ən son şeydir. Dedi ki, “qoy sənin valideynlərin xoşbəxt olsun”. Bu onun strategiyası idi, bəlkə də valideynlərimə söz vermişdi ki, sizin oğlunuzu da düzəldəcəm, indiyə qədər mənim yanıma gələn belə adamların hamısı düzəlib. Xoşbəxtlikdən psixoloq tətilə çıxdı.Və yeni bir psixoloqun qəbuluna getdik. Sadəcə 1 seans. Qəbula girən kimi məndən homoseksual olub-olmadığımı soruşdu. Müsbət cavab verdim, o da bunun xəstəlik olduğunu söylədi. İnkar etdim ki, bu xəstəlik deyil. Üzümə xeyli baxdı və dedi ki, yaxşı. Mənə xeyli dərmanlar yazdı. Onun bu qədər sürətli davranışdan atamgil fikirləşdi ki, savadsızdır. Atam mənə yeni psixoloqlar axtardı, bu dəfə bir dəfə turk psixoloqla qarşılaşdım. Mən çox xoşbəxtəm ki, onunla qarşılaşdım.
Yeni psixoloqunuzla görüşünüzdə sizi xoşbəxt edən hansı səbəblər idi?
İlk başdan o mənimlə çox səmimi olmuşdu. Məndən soruşmuşdu ki,“sən cəmiyyətlə savaşmaq, yoxsa cəmiyyətlə bərabər olmaq istəyirsən?”Mən isə cavab vermişdim ki, “əgər buna görə cəmiyyətlə savaşmalıyamsa, buna varam”. O isə demişdi ki, bu sənin xeyrinə olmayacaq və səni hər zaman insanlardan uzaq tutacaq. İnsanlar səni dışlayacaqlar, bu səni xoşbəxt etməyəcək. Psixoloq valideynlərimi mənim düzələcəyimı inandırsa da, o fikirləşirdi ki, ən azından mən hərəkətlərimi kontrol etsəm, onlar düzələcəyimə inanacaqlar, valideynlərim məni rahat buracaxaq. O mənim tərəfimdə idi, istəyirdi ki, onlar məni sıxmasın. Mən digər psixoloqlarımla söhbətlərimizi ona danışırdım, o sadəcə gülürdü və onların savadsız olduğunu deyirdi. Deyirdi ki, mənim yanıma çox uşaqlar gəlir, mən məyus oluram ki, onlar digər psixoloqlarla nələr yaşayırlar. Hər kəsin mental sağlamlığı buna dözə bilməz. Bu intiharlara gətirib çıxara bilər.Nə dərmanların, nə idmana getməyin, nə döyüş filmlərinin, nə repə qulaq asmağın mənim orientasiyamı dəyişə bilməyəcəyini vurğulayırdı. O mənə məsləhət görürdü ki, “sadəcə hərəkətlərini düzəlt” və başa salırdı ki, “valideynlərini narahat edən şey sənin insanlar tərəfindən dışlanmağımdır”. Onlar istəyir ki, sən hərəkətlərini düzəldəsən, bəlkə o zaman insanlar tərəfindən görünməyəcək bu. Mən də qəbul etdim. Nə qədər qəbul etsən də, sənin bir parçandır bu. Ya feminensən, ya maskulinsən, əl çəkə bilməyəcəyin bir şeydir bu. Bir müddət çalışsam da, alınmadı. Psixoloq da onları uyarmışdı ki, uşağınızın istədiklərini etməyinə icazə verin, həyatdan bezdirməyin. Ondan sonra evdə hər şey düzəlməyə başladı, valideynlərimlə daha yaxşı olduq.
Valideynlərinizi rahatladan şey sizin “düzəlməyinizə” inanmaqları idi?
Anam hər gün ağlayırdı, atam çox ciddi insan olsa da hiss edirdim ki, o da ağlayır. Biz atamla çox yaxın deyildik, amma o mənlə danışmağa, məsləhət verməyə çalışırdı. Atam mənə demişdi ki, ”mən qocalanda və ya mənə nəsə olsa anan və bacın necə olar? Onları qoruyan olmayacaq ya onlar çöldə qalacaq”. Elə bilirdi ki, mən geyəmsə, onlara baxa bilməyəcəm. Psixoloq o qədər savadlı və yaxşı insan idi ki, onları inandırmışdı ki, gələcəyim yaxşı olacaq. Psixoloq ailəmi buna inandırdığına görə onlar rahatlamışdılar. Çünki atam mənə demişdi ki, sən də düzələssən, bizim kimi olassan. Atam bu barədə çox savadsızdır, ona görə belə qarşıdır. Axırıncı dəfə atam soruşdu ki, nəsə dəyişiklik hiss edirsən? Dedim, hə, çox. Amma bunu o qədər saxta dedim ki. Mən istəmirdim o pis olsun, ona görə belə dedim. Mənə önəmli olan valideynlərimin məyus olmamasıdır. Mən istəyirəm ki, onlar düşünməsin ki, mənim yaxşı gələcəyim olmayacaq. Hal-hazırda normal həyatımıza davam edirik.
Bəs ananızın bu barədə düşüncələri nələrdir? Digər ailə üzvlərinizə də açılmısınızmı?
Məncə anam əvvəldən bilirdi, analar həmişə hiss edir. Anama “benim çoçuğum” adlı sənədli film izlətdirmişdim. Hansı ki, valideynlər öz homoseksual uşaqları barədə danışırlar. Və türk psixoloqların müsahibələrini göstərmişdim. İstəyirdim ki, o hisslərimi başa düşə bilsin. Bacım heç vaxt qarşı olmayıb. Əmimgil və ailəsi də bilir. Əmim uşaqları çox dəstək olurlar, hər zaman yanımda olacaqlarını, dəstək olacaqlarını bildiriblər. Deyiblər ki, “səni olduğun kimi sevirik, feminensə, feminen olaraq qal, maskulin olmağına ehtiyac yoxdur, bunun tərəfdarı deyilik”. O cümlə məni qarışıqlıqda motivasiya etmişdir. Əmim qızı bu haqda anasıyla danışmışdı ki, anamla danışsın, onu rahatlatsın. Əmimin yoldaşı da anama deyirdi ki, mənim övladım gey olsa, qarşı olmaram, dəstək olaram ona. Bircə nənəm bilmir.
Çox yaxşı universitetlərdən birində təhsil alırsınız. Universitetdə hər hansı qısnama mühiti varmı?
Əlbəttə, var. Universitetdə hiss etmişəm çox gey var, amma fikirləşirəm daha tərz geyindiyimə və feminen davranışlarıma görə diqqət daha çox üzərimdədir. Universitetdə dərslərimlə bağlı tez-tez layihələr edirəm, məni incitmək üçün daha yuxarı kurslardan lağ edənlər də çox olur. Bir dəfə universitetdəki uşaqlardan biri mənə yazmışdı ki, “salam gey”, və rusca çox kobud bir ifadə işlətmişdi. Mən ona onun kimi söyüşlə bir şey yazmadım, amma utandıracaq, uzun bir yazı yazdım. Onun isə qəribə şəkildə mənə münasibəti dəyişdi “sən incindin? Fikirləşmirsən ki, biz belə bir ölkədə yaşayırıq, insanların həmişə diqqət mərkəzində olassan, həmişə lağ edəcəklər. Ona görə sənə məsləhət görürəm ki, gözardı et”. Mən normalda onsuz da belə edirəm. Amma, öncə o mesajı yazıb, sonra məsləhət verməyi mənə çox qəribə gəlmişdi. İnsanın gey, lezbiyan, transgender olmağı onun şəxsiyyətini bildirmir. Qrup yoldaşlarım deyirdi ki, biz elə bilirdik sənlə dost ola bilmərik. Amma indi yaxşı münasibətlərimiz var. İnsanı tanımırsansa, onu gey olduğuna görə dışlaya bilməzsən. Televizorda gördükləri, valideynlərinin danışdıqları, ətrafda eşitdikləri yalnışlar onlarda elə fikir yaradır ki, bu pisdir.
Feminen davranışlarınızdan dolayı hər zaman təzyiqlərə məruz qaldığınızı bildirirsiniz. Bunun dostluq münasibətlərinizə də təsiri olurmu?
Bəli, təsir edir. Bir heteroseksual oğlanla nisbətdə daha az dostlarım var. Bəzi adamlar görürlər ki, onların mənlə dostluqları digər oğlan dostları tərəfindən yaxşı qarşılanmaya bilər, dostlarına görə etmirlər bunu. Bir az feminen oğlanların oğlanlarla dostluq qurmaqları çətin olur. Qızlarla münasibətlərim daha yaxşıdır, məni daha canayaxın hiss edirlər.
Sizcə cəmiyyətdə homoseksuallara qarşı qaynaqlanan mənfi münasibətin səbəbləri nələrdir?
İnsanlar araşdırıb öyrənməyə maraqlı deyillər. Bilmədən təhqir etməyi daha çox üstün tuturlar. 20 il əvvələ baxsaq, indi dünyada vəziyyət daha yaxşıdır. Bəlkə növbəti 30-40 ildə problemlər aradan qaldırılacaq. Xarici ölkələrdə televiziyalarda göstərilsə də, bizdə- müsəlman ölkələrində göstərilmir. Filmlərdə, seriallarda homoseksual cütlüklər nümayiş olunsa, ən azında bu barədə məlumatları olar. Səhər proqramlarında psixoloqlar çağırıla bilərlər. İnsanlar bu barədə oxumalıdırlar, eşitməlidirlər, görməlidirlər ki, bunu adi qəbul edə bilsinlər. Mən bir dəfə Azərbaycan kanalında izləyirdim, həkim hormonlardan danışarkən “Konçitanı misal gətirdi, dedi ki, iraq olsun bizim oğlanlardan” və şərhinə davam etdi. İnsanlar həkimlərə güvənirlər, onların belə şərhlərinin adamlarda xoş olmayan nəticələri qala bilər. Televiziyalara çıxarılan adamlara da fikir vermək lazımdır.Bu o qədər ciddi problemdir ki. Mənim türk psixoloqum demişdi ki, mən məktəblərə gedirəm və bu haqda danışıram. Bilirəm ki, çoxlu belə uşaqlar var. Valideynlər həssas olmalıdırlar, oxuyub araşdırmalıdırlar. Məni qısnayırdılar, mən gözardı etdim, keçdi. Amma çox həssas insanlar var ki, onlar bunun nəticəsində intihar edər.
İnsanlar sosial şəbəkələrdə daha çox vaxt keçirirlər və LGBTQİ ilə bağlı daha çox məlumatlar paylaşılır. Sosial şəbəkələrdəki fəalliyyətin effektli olduğunu düşünürsünüzmü?
Məşhur olan səhifələr homoseksuallıqla bağlı məlumat paylaşırlar, amma elə bir başlıq yazırlar ki, təbii ki, insanlar təhqir yazacaqlar. LGBT ilə bağlı səhifələr açılır, məlumatlar paylaşılır, onlar daha yaxşıdır. Düzgün təqdimetmə olmalıdır.
Gələcəklə bağlı planlarınız nədir?
Kanadada insanların səmimi, dostcasına davrandığını eşitmişəm. Mən Kanadada ixtisasım üzrə daha yaxşı təhsil ala bilərəm. Istəyərəm ki, orda magistr təhsili alım və xoşuma gələrsə, orada yaşayım. Mən öz ixtisasımdan əlavə musiqi ilə çox maraqlanıram, mahnı yazıram və piano dərsləri alıram. Gələcəkdə öz ixtisasımla yanaşı musiqini davam etdirmək düşüncəsindəyəm. Kim bilər, bəlkə birgün böyük səhnələrə çıxmaq şansım olar.
Sizi görəndə səhnə üçün yaradıldığınızı demək olar, ümid edirəm ki, bir gün arzularınız reallaşar. Sizinlə eyni problemləri yaşayan LGBTQ icmasına nə demək istəyərdiniz?
Təşəkkürlər! Demək istərdim ki, özünüzə güvənin. Ətrafınızdakı təzyiqləri görməzdən gəlin, bir müddət sonra bu bitəcək. Xəyallarınıza fokuslanın və arzularınızın arxasınca gedin. Çox çalışın. Əmin olun əgər vaz keçməsəniz istədiyiniz hər şeyi etməyi bacararsınız. Əgər xəyallarınız varsa, onlar üçün döyüşün. Çünki onlar sahib olduğunuz ən saf şeylərdir. Nə qədər imtina olunsanızda, yox sayılsanızda, kiçik düşürülsənizdə, yıxılsanızda həmişə ayağa qalxın, güclü olun və davam edin. Bir gün yalnız hiss etsəniz, xatırlayın ki, siz tək deyilsiniz və dışarıda sizin kimi milyonlarla insan var. Bu həyat sizin həyatınızdır və siz heç kimin oyuncağı deyilsiniz. Və qərar vermək haqqı sizdədir.
Bizə zaman ayırdığınız və hekayənizi bölüşdüyünüz üçün təşəkkürlər!
Təşəkkürlər!
Mənbə: Dignity and Gender