Gəl Dənizlə Barışaq 

On Birinci Bölüm

Nə gözəldir səhərlər bizim böyük ruhumuz,
Aşıb-daşan duyğumuz.
Şəklindəki sulara, baxaraq ləzzət almaq,
Bu mavi şerə dalmaq.
Dalğalar kimi qalxmaq, dalğalar kimi enmək,
Bəzən hürküb çəkinmək.
Hər dalğa bir kişnəyən bəyaz yallı at kimi,
Bizim bu həyat kimi!

Mikayıl Müşfiq. “Yenə O Bağ Olaydı.”

“Kimisə eyni anda həm sevib, həm də ondan nifrət etmək mümkündürmü?”, - soruşuram.

“Bir çox hissi eyni anda keçirə bilərsən”, - deyir Rövşən,  “və bu normaldır.”

“Başa düşə bilmirəm”, -deyirəm. “Onda bu necə sevgi olur ki? Məncə, mən onu heç vaxt sevməmişəm. Düzdür? O yaşda nə sevgi?”

“Niyə belə düşünürsən?”, - soruşur Rövşən.

“Bir dəfə də sualıma sualla cavab verməsən!”

“Nə hiss etdiyini ancaq sən bilə bilərsən, Əli”, - deyir qardaşım. Səsində olan təmkin, səbr və sakitlik o qədər qıcıqlandırıcıdır ki.

  • Mən... Mən onu sevməmişəm. Bilirəm. Buna inanıb, özünü öldürməməli idi. Günahkar mənəm.

  • İlkin özünü öldürməmişdi. Bu, sadəcə bədbəxt bir hadisə idi.

  • Yaxşı, onda niyə mən belə düşünə bilmirəm? Bacarmıram. Bacarmıram və öz həyatını o cür təhlükəyə atacaq qədər axmaq olduğuna görə də ona nifrət edirəm.

  • Ən dərindən nifrət etdiyimiz insanlar bir vaxtlar ən çox sevdiyimiz insanlar olur. Əminəm ki...

Daha çox dinləyə bilməyib dəstəyi asıram. Hazırlaşmalı olduğum o qədər dərsim var ki.

***

İlkini itirdikdən sonra bir də heç kimlə hər hansı bir şəkildə münasibətə girə biləcəyimi düşünmürdüm. Yaşadığım hadisələri və bu hadisələrin məni gətirdiyi duyğusal vəziyyəti nəzərə alanda, bu, o qədər mümkünsüz görünürdü ki. Sanki İlkin dünyada sevgi münasibəti qura biləcəyim yeganə insan idi. O da getdiyinə görə, bir də belə bir şey ola bilməzdi.

Hərdən isə ürəyimin dərinliyində belə olduğuna görə məmnun idim də. İlkinin öldüyünə görə yox, əlbəttə ki. Düzü, bəzi gecələr ona görə də. Bəzən hər şeyin boğazıma qədər gəlib məni boğmağa başladığı o gecələrdə olanlara görə İlkini günahlandırıb, ona nifrət edirdim. O olmasaydı, bütün bunların heç biri olmazdı, o olmasaydı, ürəyim bu cür yanmazdı, nəfəsim bu cür daralmaz, bu cür kabuslar görməzdim. Sakitləşəndən sonra onun olmayacağı təqdirdə həyatımın ən gözəl günlərini də yaşamamış olacağımı anlayırdım. Bəzən saatlarla çəkən səssiz ağlama periodlarım bitəndən sonra gələrdim bu nəticəyə. Sakitləşəndən sonra əslində İlkini öldüyünə görə öldürmək istədiyimi anlayardım. Gülünc səslənir, bilirəm. Öldürmək də deyildi bu, daha çox hirsim soyuyana qədər ona vurmaq və niyə məni tək qoyub getməyin onun üçün bu qədər asan olduğunu bilmək istəyirdim. Sonra bunun mümkün olmayacağı həqiqəti sinəmə ağırlıq kimi otururdu. Mənim üçün də geriyə işlər daha da pisləşməmiş, yəni uyğunsuz kimsə münasibətimizdən xəbər tutmamış bitdiyinə məmnun olmaqdan başqa çarə qalmırdı. Onsuz da sonlara yaxın münasibətimiz ikimizi də xoş hiss etdirəcək yaxınlıqdan çox, ağır bir yükə çevrilmişdi çiyinlərimizdə. Nə qədər davam edə bilərdi ki? Bağ evimizi tərk edib şəhərə köçəndən sonra bunu hələ nə qədər davam etdirə biləcəkdik ki? Bəlkə o davam edə bilərdi, amma mənim onun qədər cəsarətim yox idi.

Sonrası haqqında çox yanılmışdım. Bir gün davam edə bilməyib özümə qəsd edəcəyimi düşünmüşdüm, amma heç də elə olmadı. Hətta mənim kimi tək biri belə bu cür bir şeyi geridə qoya bilirmiş. İlk başlarda o yay yaşadıqlarım mənə çox az yaşama müddəti verən xərçəng diaqnozu kimi görünmüşdü, amma sonradan sadəcə xoşxassəli şiş kimi bədənimin bir yerinə çəkilib, varlığını orda davam etdirdi. Tamamilə getmədi, amma əvvəlki kimi incitmədi də.

Haqqında yanıldığım başqa bir şey isə bir də heç kimlə münasibətə girə bilməyəcəyimə inanmış olmağım idi. Lamiyə ilə olan münasibətimə münasibət demək olmazdı. Bu, sadəcə mənim axmaq bir zamanda, axmaq bir inanca qapılaraq ona qarşı etməyə qərar verdiyim haqsızlıqdan başqa bir şey deyildi. Heç vaxt bitməyəcəkmiş kimi görünən, bəzən həyəcanlı, çox vaxtsa sıxıcı, əslində isə bir-birimizdən nələrisə gözləyərkən özümüzü məhf etdiyimiz şahmat oyunu kimi idi.

Digər tərəfdən bütün o həyatımı düzgün şəkildə yaşamağıma görə verdiyim qərarlara, Allahla olan gizli “sazişimə” rəğmən Nicat çıxmışdı qarşıma. Onunla ilk tanış olanda Almaniyadakı təhsilini yeni bitirib gəlmiş “exchange” tələbəsi idi. Tinderdə tanış olmuşduq və mən hər “bundan o tərəfə getməyəcək” deyəndə, hər şey şəklini sağa sürüşdürmək qədər asan irəliləmişdi. O qədər yaxşı irəliləmişdi ki, bir-birimizi görən kimi bəyənmişdik və elə ilk randevumuzdaca yatağa girmişdik.

“Mən normalda belə eləmirəm”, - demişdi işimiz bitəndə.

“Mən də eləmirəm”, - demişdim.

İş orasında idi ki, mən həqiqəti deyirdim. Nicatın isə sonradan ilk görüşdüyü hər kəslə -yaxşı, demək olar ki, hər kəslə - elə ilk səfərdən yatdığı ortaya çıxdı.

“Niyə elə demişdin ki?”, - soruşmuşdum ondan.

“Bilmirəm. Yadında qalmağa çalışırdım”, - deyə cavab vermişdi.

“Təbriklər, yadımda yalançı olaraq qaldınız”, - dedim və güldüm.

“Yaxşı da”, - deyib, o da güldü. “Mən heç vaxt biri ilə yatandan sonra o qədər yaxşı hiss etməmişdim.”

 Bunu eşitməməzliyə vurub: “Kiminləsə ilk görüşdə yatmadığını bilmək səni mənim gözümdə niyə xüsusi etsin ki?”, - soruşdum.

“Bilmirəm ki. Gözünə yanıq biri kimi görünmək istəmirdim. Guya ki, sən süddən çıxmış ağ qaşıqsan da...”

“Ən azından mən həqiqəti deyirdim.”

“Nə idi o oğlanın adı? İlqar?”

Boğazım qurumuşdu birdən. “İlkin”, - dedim.

“Yaxşı yadıma düşdü. Necə biri idi ki, o?”

“Az danışan biri”, - deyib mövzunu oradaca bağlamışdım.

İlkinlə bağlı nə Nicata, nə də başqasına danışmağa hazır hiss edirdim. Onsuz da gecələr onunla bağlı kifayət qədər kabus görməyim bəs ikən bir də gündüz vaxtı özümə bu əziyyəti verə bilməzdim. Gəl ki, Nicat əl çəkən biri deyildi və tez-tez söhbəti dolandırıb İlkinə gətirməyi bacarırdı. Mən də inadla danışmağı rədd edirdim. Əvvəllər bunu etmək çox asan idi, amma bir müddət sonra bezdirici olmağa başladı.

Məncə, qəlbinin dərinliyində Nicat onu İlkin qədər sevmədiyimi, ən pis halda isə heç vaxt sevməyəcəyimi anlamışdı. Ona görə də arxasınca qaçdığı şey İlkin haqqında hər şeyi öyrənmək deyil, mənim ona verəcəyim təminat idi. Aramızdakı bu əlaqənin bir gün necəsə həqiqi sevgiyə çevrilə biləcəyi təminatı. Mənsə bu işdə heç vaxt yaxşı olmamışdım.

Bir müddət sonra Nicat mənim soyuq, diqqətsiz, heç nəyi vecinə almayan insan olmağımdan şikayətlənməyə başladı. Hətta bəzən çox hirslənəndə insan olmadığımı dediyi anlar da olurdu. Haqlı idi, amma nə edə bilərdim ki? “Xarakterim budur” deyib ötüşdürürdüm. Lakin bunun da bir yerə qədər köməyi oldu. Ardıyca mübahisələr çıxmağa başladı.

“Məndən nə gözləyirsən, baş aça bilmirəm”, - dedim axırda.

“Bunun harasını başa düşmək çətindir ki?”, - dedi. Elə məhz bu sualı gözləyirmiş kimi əllərini iki yana açdı. “Rahatlıqla günlərlə yoxa çıxa bilirsən. Mən axtarmasam, məni heç vaxt axtarmırsan. Bəzən mən yoxammış kimi davranırsan...”

“Bir gün yazmamağımı niyə bu qədər böyüdürsən, anlamıram. Bütün fokusumu işimə verirəm, başqasıyla görüşmürəm ki.”

Təslim olurmuş kimi köks ötürüb “Beş ay” demişdi. “Cəmisi beş ay əvvəl hər şey necə yaxşı idi. Amma sən bunu məhv etməyi bacarırsan.”

“Özün deməmişdin, həmişə belə olur? Nə idi onun adı... Bal ayı! “Hər bir münasibətin bal ayı deyilən ərəfəsi olur” demişdin. Əvvəlcə hər şey yaxşı olur, sonra tərəflər bir-birindən soyuyur. Belə demişdin də, bəlkə səhv edirəm?”

“O qədər danışdığım şeydən ancaq bu hissəni yadında saxladığına inana bilmirəm. Mən elə bir şeyin baş verəcəyi təqdirdə buna hazır olmağımız üçün demişdim onları. Bunu anlamalı idin. Münasibətimizi irəli aparmaq üçün demişdim. Sənsə oturub elə bunu gözləyirmişsən!”

“Bu qədər emosional olmağın mənim günahım deyil. Bu qədər...”, - bir anlıq ona iyrənirmiş kimi baxıb: “Bu qədər zəif, bu qədər möhtac olmağın...”, - demişdim. Deyən kimi də əslində aylardır elə məhz bunu deməyi istədiyimi görüb, qəribə bir rahatlıq duymuşdum.

Nicatın cavab verməsi üçün ağır irəliləyən bir dəqiqənin keçməsi lazım gəlmişdi. Danışanda: “Səni bilmirəm, amma mən bu münasibətin harasa getdiyini fikirləşirəm. Ən azından fikirləşirdim.”

Həyatımda bu qədər axmaq bir şey eşitməmişəmmiş kimi üzümü ovuşdurub: “Nə demək istəyirsən?”, - soruşdum. “Məni sevdiyini? Yoxsa o xarici dostların kimi bir gün xaricə köçüb evlənəcəyimizi?”

“Hər ikisini”, - demişdi az qala ağlayacaq bir tonda.

Başımı sağa-sola yelləyərkən həqiqətən də həyatımın ən axmaq təklifini eşitdiyimi düşünürdüm. “Bax, sənin necə fikirləşdiyini bilmirəm, amma... Amma mənə görə ikimiz də xəstəyik. Bizim yaşadığımız bu şey xəstəlikdir. Nə bilim, tanrının bir səhvi. Genetik deformasiya. Qəddar bir karma, ya da nə bilim... Sən de.”

“Biz xəstə deyilik, Əli.”

Bunu eşitməməzliyə vurdum. “Həqiqəti bilmək istəyirsən? Niyə səninlə görüşməyə qərar verdiyimi bilmək istəyirsən? Özümü yoxlamaq üçün. Hələ də oğlanlara qarşı marağım varmı deyə. Hələ də bu xəstəliyi içimdə daşıyırammı deyə. Çünki... Çünki Allaha kifayət qədər güclü dua etsəm, məni düzəldəcəyinə inanırdım. Çünki artıq bacara bilmirəm. Dəli kimi səsləndiyimi bilirəm, amma... Bundan qurtulmaq üçün edə biləcəyim hər şeyi sınayıram. Hər fürsəti dəyərləndirirəm. Bəlkə budur, bəlkə odur, deyirəm. Özümü düzəltməyə çalışıram, amma anlaya bilmirəm, bu nədir. Niyə var olduğumu anlaya bilmirəm.”

“Bəlkə də düzəltməli olduğun bir şey yoxdur. Heç düşünmüsən?”

Ucadan güldüm. Gözlərimi silib: “Bax, mən bunu bacarmıram”, - dedim. “Özümə yalan deyib, o yalan inana bilmirəm.”

“Bu yalan deyil. Sən özünə nifrət edirsən.”

“Düz deyirsən. Elə məhz bunu edirəm.”

“Onunla olanda da belə fikirləşirdin? İlkini deyirəm.”

“Niyə həmişə İlkini araya soxursan? Onun buna, bizə heç bir aidiyyatı yoxdur.”

“Çox aidiyyatı var”, - dedi Nicat. Düz qabağıma gəlib, çiyinlərimdən tutdu. Gözlərimin içinə baxaraq: “Hər dəfə biz bir araya gələndə o da bizim yanımızda olur”, - dedi. “Gözlərində görürəm onu. Heç vaxt tanımadığım birini, heç vaxt görmədiyim birini. O, həmişə səni izləyir. Ya da sən onu buraxmırsan. Başa sala bilmirəm. Bəzən... Bəzən elə vecsiz davranırsan ki, elə bil yaxşı olan heç bir şeyə layiq ola bilməzsən. Gözlərində həmişə bir “ehh” deyən nəsə var. Və mənə elə gəlir ki, bütün bunlar İlkinlə əlaqəlidir.”

“Nədir yaxşı olan?”

“Sən və mən. Biz. Aramızda olanlar. Bunu niyə məhv edirsən?”

“Gic-gic danışırsan yenə.”

“Bəzən yuxuda onun adını sayıqlayırsan, xəbərin var?”

“Səhv başa düşmüsən.”

Nicat sakit bir tonda soruşdu: “Mən buna görə sənə əsəbi deyiləm. Səni heç nədə günahlandırmıram da. Sadəcə mənə danışmağını istəyirəm. Onunla nə olub?”

“Danışmalı bir şey yoxdur”, - dedim. Bir tərəfdən Rövşənin də illərdir eyni şeyi mənə təklif etdiyini xatırladıqca səsim o qədər də əmin çıxmamışdı.

Nicatın əlləri boşalıb yanına düşdü.

“Qulaq as”, - dedim. “Həqiqətən mənə kömək etməyə çalışdığını anlayıram, amma bu mənəm. Sadəcə bunu qəbul elə. Danışmağa bir şey yoxdur. Həm də ki, bu, nəyi düzəldəcək?”

“Çünkü bütün bunlar ona görə baş verir, elə bil. Hər şeyin səbəbkarı odur. Bilmirəm. Bilmirəm və bilmək istəyirəm.”

“Bunun İlkinə heç bir aidiyyatı yoxdur”, - dedim. Artıq mən də səs tonumu aşağı salıb, bu mübahisəni bitirməyə çalışırdım. “Əgər soyuqluğumu, insanlardan qaçmağımı nəzərdə tuturdunsa, bu, məndə uşaqlıqdan var. Sənə normal bir insan olmadığımı dəfələrlə demişəm.”

“O ölüb. Düzdü?”

Otaqdakı hər şey ağırlaşmışdı birdən: zaman, aldığım nəfəs, göz qırpmam.

“Qayıdacağam, sən orda dur” işarəsini göstərmişdi İlkin. 

İndiyə kimi heç kim bu sualı məndən soruşmamışdı. Kim, niyə, soruşardı ki? Münasibətimizdən xəbəri olan barmaqla sayılacaq qədər insan vardı, onlar da İlkinin dalğalara qarışdığını bilirdi. Lakin birdə-birə Nicatın bu sualı mənə ünvanlaması ilə əslində illərdir İlkinin ölümünə inanmadığımı anladım. Hələ də həmin sahildə durub deyəcəyim o qədər söz var ikən dalğanın gəlib onu udduğunu izləyən yeniyetmə idim. “Qayıdacağam, sən orda dur” demişdi axı. İlkin verdiyi sözləri həmişə tutardı axı. 

Hər şeyimi toplayıb otaqdan çıxmışdım. 

Ardı var


Powered by Froala Editor