Bir dəfə anama sual vermişdim ki, mən, yaxud qardaşım homoseksual olsa, neyləyərsən? Cavab vermişdi ki, özümü yandıraram.

Müsahibimizin cəmi 20 yaşı var, homoseksualdır, Bakı Dövlət Universitetində təhsil alır. Cənub rayonlarından birində doğulub və universitetə daxil olana qədər də orada yaşayıb. Hal-hazırda Bakıda, qohumunun evində qalır.


Cinsi oriyentasiyanın fərqli olduğunun ilk dəfə nə vaxt fərqinə vardın?

İlk dəfə 12 yaşında hiss elədim fərqli olduğumu. Lakin, bunun özlüyündə bir qəbul etmə məsələsi var idi. Universitet vaxtına qədər də özümü qəbul edə bilmirdim. 

Sonradan bunu qəbul etməyinə səbəb olacaq nə baş verdi?

Qəbul etməyim çox acınacaqlı formada oldu. Mən o vaxtlar çox dindar idim. İslama inanırdım və hər gün namaz qılırdım. Həmin vaxtı hər namaz qılanda tanrıya dua edərək yalvarırdım ki, tez  düzəlim, sağalım. Buna xəstəlik kimi yanaşırdım. Bir  tərəfdən də ətrafımda və mediada  cinsi oriyentasiyası fərqli olan insanlara qarşı qərəzlə yanaşılır, müəyyən jarqonlardan istifadə edirdilər. Bunu bilirsiz, yəqin ki, hansı jarqonlardı. İnancım, media, ətrafımdakı insanlar mənə çox təsir edirdi. Özümü qəbul edə bilmədiyimə görə də üç dəfə intahara cəhd etmişəm. 

İntaharlara cəhdlərin necə baş verdi?

İlk dəfə fərqliliyi hiss edəndə, o zaman 5-ci sinifdə oxuyurdum, cəhd etdim. Özümü pəncərədən atmağa çalışdım. Bu zaman məni müəllimim xilas etdi. Ən cəsarətli olduğum cəhdim bu idi. İkinci və üçüncü cəhdlərim evdə olub. Lakin, bu zamanlar çox qorxdum. Əslində bu yaxınlarda da intahara cəhd etmişəm. 4 dəfə deyə bilərik.

Sonuncu intihar cəhdinə səbəb nə idi?

Mənim sevgilim vardı və mən, bizim bu münasibətimizi sosial mediada açıq şəkildə bölüşürdüm. Təsadüfən əmim oğlunun qrup yoldaşı da dostluğumda olub. O əmimoğluna, əmimoğlu isə qardaşıma deyib. Qardaşım məndən balaca olmasına baxmayaraq, bunu öyrənib üstümə gəldi. Məni ölümlə hədələdi. Qorxdum ki, anama və atama deyəcək. Buna görə də bıçağı götürüb özümü öldürmək istədim. Lakin, bu dəfə də qorxdum, bacarmadım. Özünü öldürmək də bir cəsarət işidi.

Bəs nə zamandan özünü tam qəbul etməyə başladın?

Normal olaraq universitet vaxtına qədər qəbul edə bilməmişəm. 1-ci kursda oxuyanda yaxın bir dostumun və digərlərinin yanında hemoseksuallara qarşı özümü homofob kimi  kamufulyaj edirdim. Bu zaman mənim homoseksual olduğumu 1 nəfər belə bilmirdi. İkinci kursda oxuyanda isə kirayə pulunu ödəyə bilmədiyim üçün qohumumgilə köçdüm. Onların evlərində internet var idi. O vaxta qədər isə mənim heç vaxt internetə çıxışım olmamışdı. O zaman “facebook” sosial şəbəkəsində gəzərkən qarşıma “Bakının 7 rəngi” adlı bir səhifə çıxdı. Maraqlı gəldiyi üçün səhifəni izləməyə başladım. Düşünün, o vaxta qədər bilmirdim ki, LGBT-nin bayrağında 7 rəng var, ümumiyyətlə LGBT nə deməkdi?. Bu səhifədən LGBT ilə bağlı, homoseksuallıqla bağlı bir çox məlumatlar əldə etdim ki, bunlar məni şoka saldı. Anladım ki, mən tək deyiləm.  Ən çox mənim özümü qəbul etməyimə o səbəb oldu ki, tarixdə indi qibtə olunan şəxsiyyətlər var, məsələn,  Makedoniyalı İskəndər, Lenin və digərləri, hansı ki, oların da homoseksual meyilləri olub. Bu mənə göstərdi ki, homoseksuallar da özlərini cəmiyyətə göstərib sübut edə bilərlər. Daha sonralar, LGBT ilə bağlı digər səhifələri izləməyə başladım, filmlərə baxdım, məqalələr oxudum. Beləliklə də özümü qəbullandım. 

Bundan sonra nə oldu, ətrafındakılara homoseksual olduğunu açıqlaya bildin?

Bəli, bundan sonra gördüm ki, bu normal bir şeydi. Ailə xaric, hamıya açıqlamağa başladım. Hal-hazırda bütün qrup yoldaşlarım bilir, digər dostlarım bilir. Heç kim mənə qərəzli rəftar etmir. Mənə ən çətini əmim qızıma açıqlamağım oldu. Ailədən tək ona demişəm, o da psixoloq olduğu üçün. İlk reaksiya olaraq, mənə psixoloqa görünməyimi tövsiyə etdi. Çünki  homoseksuallıq anadangəlmə və yaxud sonradan yaranan da ola bilər. Sonra biləndə ki, məndə anadangəlmədir, normal qəbul etdi. 

Bəs ailənə necə,  açıqlamağı düşünmüsən? Səncə, necə qəbul edərlər bunu?

Yox, yəqin ki, deyə bilmərəm heç vaxt bunu. Əslində ailədə homoseksuallıqla bağlı maarifləndirmə aparıram.  Lakin, ailəm də standart Azərbaycan ailəsi kimi “camaat nə deyər” tabusu ilə yaşayır. Bir dəfə anama sual vermişdim ki, mən yaxud qardaşım homoseksual olsa neyləyərsən? Cavab vermişdi ki, özümü yandıraram. Bu mənim üçün çox ağır travma olmuşdu, 2-3 həftə özümə gələ bilməmişdim. Bundan sonra qərar verdim ki, ailəmə heç vaxt açıqlamayacam bunu. 

Gələcəyinlə bağlı nə kimi planların var?

Əvvəllər həmişə ölkədən getməyi xəyal edərdim. Amma, sonra qərar verdim ki, gələcəkdə ölkədə qalıb mübarizə aparmalıyam. Çünki tarix boyu homoseksuallar digər ölkələrdə özlərini qəbul etdirmək üçün çox mübarizələr aparıblar, və bəzilərində də qalib gəliblər, məsələn, Amerikada. Nəyə görə də mən Azərbaycanda qalıb mübarizə aparmayım? Hal-hazırda azmiqyaslı da olsa ölkədə bu mövzuda maarifləndirmə aparılır. Çox deyil, 1-2 nəsil sonra, inanıram ki, bu ölkəmizdə bu çox normal bir hal olaraq qarşılanacaq. Çünki indi insanlar mediaya baxanda, küçəyə çıxanda ancaq homoseksualların seks işçiliyi ilə məşğul olduğunu görürlər. Bunlar ancaq mənfi nümunələrdir və ona görə də bizim insanlar homoseksuallara qərəzli yanaşırlar.

Çox təşəkkürlər bizə vaxt ayırdığın üçün. Son olaraq nə demək, cəmiyyətə nə çatdırmaq istərdin?

Mən ən son “İnsan kitabxanası” adlı bir tədbirdə “Homoseksual kitab” idim. İnsanlar gəlirdilər, məni oxumağa. Hamı mənə deyirdi ki, sən necə belə cəsarətlisən, necə edirsən bunu. Mənim öz həyatımı yaşamaq üçün cəsarətli olmaqdan başqa seçimim yoxdu. Bilirsiz, mən görürəm ki, ətrafda həyatları dözülməz olan çoxlu latent homoseksuallar var. Çoxsu məcburən evlənib, ailəsi, uşağı var, amma həyatları məhv olub. Ona görə də mən xüsusilə onlara demək istəyirəm ki, özünüzü olduğunuzu kimi qəbul edin, açıqlayın bunu, biraz cəsarətli olun. Ola bilmirsizinsə, ən azından evlənməyin. İqtisadi müstəqilliyinizi əldə edib, ailənizdən ayrılın.  Nə özünüzün, nə də başqasının həyatını məhv etməyin.          

Çox təşəkkürlər.

Mənbə: Dignity and Gender