"I couldn't look at myself on a mirror"
He's 24 years old transgender. He works as a graphic designer in Baku/Azerbaijan. His family didn't let him continue his school after ninth grade, because he was a biological girl and made him wear hijab.
20/Jan/19
6877
Müsahibimizin 24 yaşı var, transgenderdir. Qrafik dizayner kimi işləyir. 9-cu sinifdən biolji olaraq qız olduğuna görə ailəsi tərəfindən məktəbdən çıxarılıb, onların məcburiyyəti ilə hicab geyinib. Ən böyük arzuları təhsilini davam etdirə bilmək, xarici ölkələrdən birində cinsini dəyişmək və sevgilisi ilə evlənməkdir.
Uşaqlıqdan bilirdim ki, fərqliyəm, 15 yaşıma qədər qız və oğlan dostum olmayıb. Nə oğlanlar məni qəbul edirdi, nə də qızlar mənlə oynayırdı. Futbol oynayanda oğlanlar deyirdilər ki, “sən get, bizdən deyilsən”. Cins anlayışım formalaşana qədər başa düşmürdüm ki, oğlanlar məni niyə qəbul etmir, mən axı onlardan idim. 1-ci sinifdə 1 qız sevgilim olmuşdu, indi başa düşürəm ki, mən onu sevirmişəm. O vaxtlar düşünürdüm ki, mənim dostum yoxdur, mən onunla dost olmaq istəyirəm. Bütün dərs ona baxırdım, evlərinə qədər ötürməyə çalışırdım. Kimsə onlunla dostluq edəndə qısqanclıq hissim yaranırdı. Bütün uşaqlığım elə keçib. Məhlədəki uşaqlarla futbol oynayırdım, gəlib evdə döyülürdüm ki, “niyə oğlanlarla oynayıram”, sonra gedib başqa məhlədəkilərlə oynayırdım. Oğlanlar mənə qız kimi baxırdılar deyə, top uzağa gedəndə dədalınca məni göndərirdilər.
Ziddiyətli uşaqlıq dövrləriniz olub, qatı dindar ailədə böyümüsünüz, fərqli cinsi kimliyiniz olduğunu hiss etmisiniz. Bütün bu dövr sizin üçün necə keçib?
9-cu sinifdə ailəm tərəfindən məktəbdən çıxarılmışam ki, qız uşağısan, “hazırlığa gedərsən, amma pulumuz sonra batar, universitetə girə bilməzsən”. Güvən hisi yox idi. Uşaq vaxtı xəstəlik keçirmişdim, fiziki olaraq zəifləmişdim. Çox özümə qapanıq idim, ailəmi bir növ narahat edirdi ki, passivdir, assosialdır, olmaz, alınmaz, oxumaz. Halbuki dərslərimi çox yaxşı oxuyurdum. Otaqdan günlərlə elə vaxt olurdu ki, çıxmırdım, səbəbini də başa düşmürdüm ki, niyə çıxmıram, niyə həyətə düşmək istəmirəm. 9-cu sinifdə başımı bağladılar, məktəbdən çıxarıb kollecə göndərdilər. Etiraz edə bilmədim, ya bağlayacaqan, ya bağlayacaqsan. Elə bir zorla da başıma keçirməyiblər, amma elə şərait yaradıblar ki, mənim başqa variantım olmayıb. Şeytanla qorxudurdular, Allahla qorxudurdular, gələcəklə qorxudurdular. Mən dindar deyildim, amma inanclı idim, namaz qılırdım, içimdə hiss var idi ki, nəsə yaxşı bir şeyə inanıram. Uşaq vaxtı elə bir təəssürat yaranır ki, mama Allaha daha yaxındır. İnanclı bir sistemdə sən Allahdan qabaq birinci anaya tapınırsan, onun dedikləri sənin üçün Allahın dedikləri qədər vacib olur, çünki o həm də şüuraltı yeridilir ki, mən sənə Allahın dediklərini deyirəm. Elə bir açar sözlərdən istifadə edirdilər. Kollecə girdikdən sonra maddi müstəqilliyim yarandı, yavaş-yavaş evdən çıxırdım, şəhəri tanıyırdım, kafelərə gedirdim. Artıq 3 dostum var idi, 3 dostdan biri qız idi və onu sevirdim. Yenə də bunu dost sevgisi olaraq qəbul edirdim. 2015-ci ildə bir işə girdim. Yenilikçi, şəxsi inkişafa yönələn startapın bir parçası idim, həmin dövrlərdə özümü çox inkişaf etdirirdim, sanki həyat məni gətirib ora atmışdı. Özüm kimi insanların əhatəsinə düşmüşdüm, çoxlu oxudum, çoxlu videolara baxdım, daim özümlə əlləşirdim. O qədər ümidsiz idim ki, kiçik bir dünya yaratmışdım içimdə. Özümü inkişaf etdirirdim, Ürəyimdə xoşbəxt idim, bilirdim, mən kiməm, nəyəm. Amma görünüşümdən razı deyildim, hicablı idim. Bu mən deyildim. Başıbağlı dövrlərimdə də anam mənə deyirdi ki, oğlan kimi gəzirsən, oğlan kimi davranırsan. Niyə sənin oğlan sevgilin yoxdur, niyə heç kimdən xoşun gəlmir?! Elçilər gəlirdi, oxumaq istəyirəm deyib, min bəhanələrlə geri göndərirdim. İçimdə bir hiss var idi ki, heç nə bu deyil, başqa bir şey olacaq, yuxularımda belə uçduğumu görürüdüm. Kiçik işıq parıltıları var idi. Həmin dövrdə bir psixoloqla tanış oldum, həyatım dəyişməyə başladı.
Psixoloqla tanışlığınızın sizin həyatınızı dəyişdiyini vurğuladız, bu necə baş verdi?
Bəli, bir psxioloqla tanış olmuşdum. Deyirdim ki, mən də sənin konsultasiyanda olmaq istəyirəm. İçimdə heç nəyin dəyişməyəcəyindən əmin idim, amma yaxşı şeylər eşitməyə ehtiyacım var idi, səbr kasam daşırdı. Ilk konsultasiyada soruşdu ki, niyə gəlmisən? Dedim, sərt olmaq istəyirəm. İlk sözüm bu oldu. Dedi, “sərtlik sənin üçün nə deməkdir?”. Cavab verdim ki, “yox” deməkdir. Çünki mən bütün həyatım boyu ailəmin istədiyi kimi yaşamışdım, heç nəyə yox deməmişdim. Deyə bilmirdim, çünki gücüm çatmırdı. Daha sonra corabın söküyü kimi gəldi hər şey, yavaş-yavaş. Psixoloqun gözünün qabağında bir növ özümü açmışam, qabığımdan çıxmışam. Biz inanc məsələsini, ana-atanın insandakı rolunu danışdıq. Bunların hamısını mən özümdə açdım. O qədər özümlə işləyirdim ki, bəzən gün ərzində biz 5 illik işi həll edirdik. Bu mənim çox xoşuma gəlirdi, bəzən pulum çatmırdı, borc alırdım, amma yenə də konsultasiyaya gedirdim, çox işləyirdim, amma gedirdim, piyada yeriyirdim ki, pul yığa biləm. 2017-ci ildə artıq ailəmə yox deyə bildim və başımı açdım.
Güzgülərə nifrət edirdim, çünki baxanda özümü görürdüm.
Hicabınızı açmağınızı ailəniz necə qəbul etdi?
Dalaşdıq, iki ay mənimlə danışmadılar, məni qarğışladılar, Allah səni elə edəcək, belə edəcək. Artıq mən görürdüm ki, mən güclü olanda onlar mənə güc gələ bilmirlər. Anam bilirdi ki, mən bunu istəmirəm, mən heç vaxt güzgünün qabağında qala bilmirdim, özümə baxanda ağlayırdım. Güzgülərə nifrət edirdim, çünki özümü görürdüm. Anam bunu görürdü, neçə dəfə dizini qucaqlamışdım ki, bunu istəmirəm. Sığallayıb-sığallayıb deyirdi ki, narahat olma, bu dünyada ağlyassan, o biri dünyada güləssən. Mən artıq gücümü toplamışdım, kifayət qədər inamlı idim, nə istədiyimi bilirdim. Başımı açdım. İki ay danışmadıq, amma artıq məni düşündürmürdü. Anama dedim ki, 22 ildir ki, səni xoşbəxt etmək üçün yaşayıram, bilmirəm nə qədər ömrüm qalıb, artıq özümü xoşbəxt etmək üçün yaşayacam. Yavaş-yavaş onlar buna öyrəşdi. Psixoloqla sonra qadın-kişi münasibətini danışdıq. Məndə qarışıqlıq vardı, bilmirdim qızlara olan hislərimin adı nədir, oğlanlara olan hislərimin adı nədir, dostluq nədir. Biz hamısını analiz etdik, dostluq nədir, qızlara olan ehtiras, cinsi istəki hissi başqadır, oğlanlara olan münasibət, qardaşlıq, özümü onlardan görmək hissi nədir. Psixoloqum dedi ki, sən biseksual ola bilərsən, amma qəbul etmədim. Elə bilirdim ki, xəstəlikdir, özündən çıxmaqdır, anamın dedikləri yadıma düşürdü ki, şeytanın yoluna düşməkdir. Mən internetdə çoxlu araşdırma etdim, qəbul etdim ki, mənim tək oğlanlara yox, qızlara da marağım var. Əslində oğlanlara heç vaxt marağım olmayıb. İndi başa düşürəm ki, hansısa oğlandan da xoşum gəlibsə, onun yerində olmaq istəmişəm, onun geyiminə, yerişinə, duruşuna, saqqalına həsəd aparmışam. Çoxlu araşdırırdım, başa düşürdüm ki, biseksual deyiləm, çünki xüsusilə də qız bədənində oğlanlardan daha çox xoşlanmalı idim. Sonra lezbiyan olduğumu düşündüm. Yaxın dostlarıma bu barədə dedim, onlar o qədər dünyagörüşlü və yaxı insanlar idilər ki, məni danışdıqca, fikirlərimi dəyişdikcə, onlar bunu normal qəbul edirdilər, deyirdilər ki, sən prosesdəsən. Başqa çox şeylər kəşf edəssən, bəlkə heteroseksuallığa qayıdassan, amma bütün bunları yaşa.
Saçımın kəsilməsi dönüş nöqtəsi oldu.
Lezbiyan olduğunuzu düşündüyünüz dövr necə keçdi?
Lezbiyan olduğumu düşündüyüm dövrlərdə geyim tərzim oğlan kimi idi, amma üzümdə makyaj vardı. Üz cizgilərim qız cizgilərinə oxşayırdı. Saçım bu qədər qısa deyildi. Psixoloqla o qədər konsultasiya keçmişdim ki, artıq özümə suallar verməyi öyrənmişdim. Müşahidə edirdim ki, kiminsə mənə xanım deməyi acığıma gəlir. Mən çox danışmaq istəmirdim, çünki səs tonum acığıma gəlirdi. Səs yazılarında səsimə qulaq asmaq, videolara baxmaq istəmirdim. Səsim qız səsi kimi gəlirdi, amma mən içimdə bilirdim ki, səsim qalındı. Makyaj etmək acığıma gəlirdi, artıq makyaj etməməyə başladım. Geyimlərimi, alt paltarlarıma qədər oğlan paltarları etdim. Saçlarımı oğlan kimi, keçəl kəsdirdim. Evə gəldim, dava-qırğın oldu, dedilər ki, sən bu saçla küçəyə çıxa bilməzsən, əl qaldırmağa çalışdılar. Qapını üzümə bağladılar, Dedilər, saçın uzanmamış çolə çıxmayacaqsan. Mən istəmirdim ki, o qapi mənim üzümə bağlansın. Mən həmin gecə evdən qaçdım, dostumgildə qaldım. Əslində xaricə gedib, orda yaşamağı planlayırdım. Mən bilirdim ki, əvvəl-axır münasibətlərimlə valideynlərimə tutulacam, oğlanla evlənməyəcəm, burda gələcəyim yoxdur. Elə oldu ki, müdirim məni saxladı. Dedi ki, “getmə, burda həll et, getsən xoşbəxt olmayassan, yarımçıq olassan, sən öz məsələni burda həll edib getməlisən”. Dedi, özümü toparlayana qədər işdə, onlarda qala bilərəm. Niyəsə mən ona inandım və qaldım. 1 ay onlar məni axtardılar, bir aydan sonra şərait yaratdım ki, yerimi bilsinlər. Biz görüşdük və mən ailəmə bildirdim ki, bir daha o evə qayıtmayacam, sizinlə yaşamayacam. Onlar razı oldular. Ailədən tək qaldığım müddətdə kim olduğumu düşünməyə vaxtım oldu. Mən oğlanmıyam, qızmıyam, niyə beləyəm, özümü başa düşmürəm. Bəlkə xaricdə başa düşərəm, bəlkə burda mənim kimi insanlar yoxdur. İnternet hər şeydə o qədər kömək olur ki, adama. Həmin vaxt bir qız sevgilim olmuşdu, mən ona deyirdim ki, mənə qız kimi baxma, mən istəmirəm, sən məni qız kimi görəsən. O deyirdi ki, mənim transgender dostlarım da var. Elə bilirdim ki, transgenderlər iki cinsiyyətlə doğulurlar. Qəbul etdim nəhayət ki. Oxudum, mən kiməm, mən nəyəm, mən özümü tapdım. Başa düşdüm ki, keçdiyim yolların boş yerləri niyə belə olub.
İndi heteroseksual bir sevgilim var, məni görüb və deyib ki, budur. Cinsiyyətimin fərqinə varmayıb. Dedim ki, sən bilirsən mən kiməm? Mən transgender oğlanam. O çox sevindi. Dedi ki, “mən lezbiyan ve biseksual ola bilməzdim”. Dəfələrlə psixoloqla danışmışam ki, bəlkə ona yetə bilmirəm. Çünki onun istəkləri tam oğlandır, biseksual deyil ki, məni başa düşsün. Onun yanında tişörtsüz qalmıram, paltarsız yatmıram.
Ailə icazəsi olmadan, məhkəmə qərar çıxartmır.
Transgender olduğunuzu qəbul etdiniz, növbəti mərhələlər necə oldu?
Mən artıq testestoren hormonu qəbul etməli idim, araşdırdım ki, bunu necə qəbul edə bilərəm. Həkim axtardım, o mənim hormonlarımı ölçməli, ona uyğun dozanı müəyyən etməli idi. Həkimlər bunu boynuna götürmədi, çünki cinsiyyəti dəyişməyə məhkəmə qərarı ilə icazə verilir. Hətta onsuz hormanları belə ölçmürlər. Məhkəmə qərarını almaq üçün isə neçə yaşın olur-olsun, ailəndən icazə kağızı almalısan. Mən heç bir şəkildə bunu ailəmə deyə bilməzdim, beləliklə mən hormon qəbul edə bilmədim. Mən başqa yollarla onu tapıb qəbul etsəydim, yenə bir müddətdən sonra üzüm tüklənəcək, görünüşüm dəyişəcək və şəxsiyyət vəsiqəmdə tanınmayacaqdım. Və belə olan halda mən yenə də qanun qarşısında məsuliyyət daşıyacam.
Mensturasiya vaxtlarımı saxlamışam.
İndi görürəm ki, bu mənə çox lazımdır, mən çox tez-yez depressiyalara düşürəm. Çünki hormon elədir ki, insani dibə də sala bilər, yuxarı da çıxara bilər. Mən heç hormonlarımı da ölçüsünü bilmədim. Transgender olan insanların bədəni çox inkişaf etmir. Mən sufiyəm bir az, ruhun gücünə inanıram. Bədən ruhu qəbul etmədiyinə görə, bədən inkişafı saxlayır. Bədənə ancaq hormon lazımdır. Mən beyin gücümlə üz cigilərimi dəyişmişəm. Şəxsiyyət vəsiqəsini göstərir, çox dəyişib. Mensturasiya vaxtlarımı saxlamışam. Meditasiya edirəm, bilirəm ki, hormon qəbul edə bilməyəcəm, beyin gücüylə penis çıxara bilməsəm də, bəzi şeyləri edə bilərəm. Daha güzgünün qabağına keçəndə ağlamıram, dəyişikliyi hər gün görürəm, bir işıq olur ki, bu gün də dəyişmisən, sabah da dəyişəssən.
Ailənizə etiraf etmək barədə düşünmüsünüzmü?
Ailəm ümumiyyətlə bilmir. Onlara etiraf etsəm, gərək ölkədən qaçım. Amma bu ölkədə ediləcək şeylərim var, işim, şəxsi həyatım. Geyim tərzim onlarda narahatlıq yaradır, deyirəm ki, bu mənim stilimdir. Anam bəzən mənə yazır ki, mən qızım üçün darıxıram. Atam mənə bioloji qız vaxtımın şəkillərini atır ki, bunun üçün darıxıram. Mən onların övladıyam, amma cinsim artıq başqadır, ruhum artıq başqadır. Geyimimi qəbul ediblər, saçımı da hardasa qəbul edirlər, amma üzüm onlarda problem yaradır.
Bəlkə də anam içində hiss edir, əgər o mənə deyirsə ki, mən qızım üçün darıxıram, deməli o başa düşür ki, mən onun qızı deyiləm, oğluyam. Mamam bir neçə dəfə soruşub ki, sən cinsinimi dəyişmək istəyirsən? Mən cavab vermirəm. O isə davam edir, “sən cinsini dəyişə bilməzsən, sənin bütün bədənin qadındır, cinsiyyət orqanın qadındır, mən səni dünyaya gətirmişəm, mən bilirəm ki, kimi dünyaya gətirmişəm”.
Bəlkə onlara hansı çətinlikləri yaşadığınızı izah etsəniz, razı olardılar, hüquqi prosedurlar üçün şansınız yaranardı?
Mən onlardan bir neçə dəfə bu barədə söz almışam. Ailəm dediyim ki, qatı dindardır. Onlar bunu şeytani yol, allahın əksinə getmək kimi qəbul edir. Bu səhvdir, günahdır, bunu qəbul edən insan da eyni qədər günaha girmiş olur. Anam deyir ki, “özünü belə aparma, sən oğlanqızlara oxşayırsan”, Deyirəm, “oğlanqız nədir”, deyir, “ikili dünyaya gələnlər”. Bəzilərində olur ki, ətrafı qəbul edə bilirlər, amma özlərininkini yox, onlarda elə bir işıq görsəydim, mən onlara izah edərdim. Onlar mənə deyiblər ki, sən bizim çöldə adımızı batırmağındansa, dəlilik kağızı alarıq, dəlixanaya tıxarıq, bilərik ki, sağsan, adımızı da batırmırsan. O təhditlər gəldiyinə görə bilirəm ki, heç vaxt deyə bilməyəcəm. Dəfələrlə mənə deyiblər ki, səni vurarıq, şikəst edərik, bilərik ki, evdəsən yenə. Mənim hava-su kimi hormona ehtiyacı var, bilirəm ki, gedəcəm, ona görə də ailə ilə münasibətlərimi soyuq saxlayıram. Mən bilirəm ki, əvvəl axır mən onları, onlar da məni atacaq. Əminəm ki, ailəmə bunu etiraf etməycəm, mənim sağlam olmağım daha az vacibdir, nəyinki kiminsə nəsə deməyi.
Deyib, bizim rayonda da belə adamlar olub, dərman qəbul ediblər və düzəliblər.
Bəs cəmiyyətdə necə, qəbul olunmaqla bağlı problemlər yaşayırsınızmı?
Özümü kiməsə aydınlaşdırmaq üçün “transgenderem, transeksualam” deyirəm. Əslində isə biz heteroseksual olmaq istəyən fərdik. Mən kişiyəm, marağım qadınlaradır, heteroseksualam, cinsi azlıq deyiləm. Cinsiyyətimi dəyişəndə tam heteroseksual olacam. Mən istəyirəm ki, həyat yoldaşımla uşağımız olsun. Biz bu dönəmi sevgilimlə həll ediləsi, müvəqqəti problem kimi görürük. Bilirik ki, maniyə var və həll olunacaq. Hətta sevgilimin anası da bilir, qəbul edir münasibətimizi. Deyib, bizim rayonda da belə adamlar olub, dərman qəbul ediblər və düzəliblər. Tez-tez soruşur ki, “dərman qəbul edirmi?”. Amma şəkillərimə də baxıb soruşur ki, çox dəyişib, deyəsən dərman qəbul edir.
Müdirim, iş yoldaşlarım hamısı bilir. Mənə öz qoyduğum adla müraciət edirlər. Həssaslığımı onlara ötürə bilmişəm. İşdə bir dostumuz vardı, gözəl ürəyi var, amma dəyərlərə çox bağlıdır. Bir dəfə işdə ondan soruşdular ki, “bilsən ki, ofisdə homoseksual var, reaksiyan necə olar?”. O sərt reakssiya vermişdi, mən etiraf edəndə isə heç nə deməmişdi, münasibtlərimiz olduğu kimi davam etmişdi. Hətta indi hardasa tədbirlər olanda, mənə yönləndirir ki, sevgilinlə gedə bilərsən. İnsanların sizi tanımağa ehtiyacı var. Bilgisiziklikdən insanlarda homofobluq yaranır.
Cəmiyyətdə trasngender olaraq, qarşılaşdığınız əsas problemlər nələrdir?
Hardasa qohumlarla görüşəndə soruşurlar, “kimin oğludur?”, evdə dava düşür. Belə olanda evdən məcbur edirlər ki, makyaj edim, qız kimi geyinim, qız kimi davranım.
Bəzilər qaqaş, bəziləri xanım deyə müraciət edir. Bu məni çox narahat edir, bəzən sevgilimin yanında xanım deyirlər. İki işdə çalışıram, digər işimdə məni qız deyə bilirlər. İlk baxışda onlara oğlan kimi görünə bilərdim, adımı çəkəndə bioloji qız olduğumu biliblər və mənə elə davranıblar. Bu mənim çox xətrimə dəyir, içimdə inciklik yaranır. İstəmirəm kimsə mənə xanım deyə müraciət etsin, qız kimi davransın. Ancaq oğlan tualetinə gedirəm. Qız tualetinə girəndə qızlarda problem olur, oğlan tualetinə girəndə oğlanlarda. İdmana gedirəm, məni qəbul etmirlər. Mən bir dəfə dedim ki, mənim görünüşüm belədir, amma şəxsiyyət vəsiqəmi görürsüz də, dilimə də gətirə bilmirəm, bioloji olaraq, qızam. Bu o deməkdir ki, qızlarla olmalıyam. Bu bədənlə oğlanlara getməyim təhlükəli ola bilər, çunki yenə də tualet, hamam, çimmək mərhələsi var. Qəbul etmişdilər, amma hər dəfə problem olurdu. Mən gördüm ki, insanlara problem yarada bilmərəm, onları narahat edirəm, çıxdım.
Şəxsiyyət vəsiqəmi təqdim edəndə çox əziyyət çəkirəm, xüsusilə dövlət müəssisələrində çox homofobdurlar, iş axtaranda çətinliklər çəkirəm. Görünüşümə görə bir çox iş görüşmələrindən rədd cavabı almışam.
Ən çox səsim narahat edir, səsim qalınlaşsa, insanlar mənə qız deyə müraciət etməzlər. Taksi çağıranda narahatçılıq olur, danışırıq, taksiyə minirəm. Sürücü deyir ki, qaqaş mən səni gözləmirdim, elə bilirdim xanım gələcək. Deyə bilmirəm ki, mən idim o, və düşürəm. Bunu dilimə gətirmək məni incidir. Tək olanda daha az xətrimə dəyir, nəyinki sevgilimlə olanda.
Bu sahədə atıla biləcək ən vacib hüquqi addımlar hansılardır?
Insanlar öz həyatları barədə qərarları özləri verə bilməlidirlər. Cinsiyyətimi dəyişdirə bilmək üçün mənim, valideynimin icazəsinə ehtiyacım olmamalıdır. Mən hormon qəbulu üçün 7-8-dən çox həkim gəzmişdim, heç biri bunu razı olmamışdı. Xaricdə sən bunu başağrı dərmanı kimi aptekdən ala bilərsən. Bizdə də belə olmalıdır, ən əsası apteklərdə testeroren həkim kağızıyla satılmalıdır, mən bunu ala bilməliyəm. Mənim bədənimin buna ehtiyacı var. Heç bir həkim bunla məşğul olmaq istəmir. Bir transeksual tanışım var, ona sinə taxmaqdan imtina edirlər. Həkimlər ən azı bu sahədə bilgili olmalıdırlar.
Bizə vaxt ayırdığınız üçün sizə təşəkkür edirik!
Təşəkkürlər!
Source: Dignity and Gender