Aseksuallıq təcrübələri - müsahiblərin öz dilindən

Bütün insanların cis-hetero olmasını istəyən patriarxal sistem eyni zamanda hər kəsin alloseksual (seksual meyllik hiss edə bilən) olmasını da istəyir. Cis-heteronormativlik allonormativlikdən qidalanır, çünki kapitalizmin insanlardan gözləntisi dünyaya mümkün qədər çox uşaq gətirmələri, sistemin davamiyyətini qoruyacaq yeni kölələrlə onu bəsləmələridir. Marjinal və cis-hetero olmayan kimlikləri görməyən sistem eyni zamanda aseksual kimlikləri də görməkdən imtina edir. 

Mən özüm bundan təxminən 2 il əvvəl bir period ərzində aseksual olduğumu düşünürdüm. Mənim üçün həmin dövrlərdə seks aktı xoşagələn bir şey deyildi. Partnyorlu seks istəməməkdən əlavə, həmin dövrdə eyni zamanda yaxın ətrafımdan olmayan istənilən insanın mənə fiziki təmas etməyi məni ciddi qıcıqlandırırdı. Bu, mənim sosial-ictimai mühitlərdə olmaqdan qaçmağıma və insanlardan çəkinməyimə gətirib çıxarırdı. Sonradan bu haqda düşünəndə başa düşdüm ki, bu, mənim təmasla bağlı olan travmalarımdan və özümdə olan bədən disforiyalarımdan irəli gəlirdi. Mən yavaş-yavaş bu travmaları aşdım və indi üçün özümü ace (aseksual) spektrində gördüyümü deyə bilmərəm, amma qətiyyən aseksual olmağın travmadan gələn bir şey olduğunu iddia etmirəm. Aseksuallıq vahid resepti olan bir şey deyil. Kimin üçünsə bu kimlikdir, kimin üçün isə oriyentasiya. Bütün təcrübələr fərqli və özünəməxsusdur, həmçinin insanlar təcrübələrindən fərqli nəticələrə gələ bilər, müxtəlif yanaşmalarda ola bilərlər. Bu yazıda 4 fərqli müsahibim var və onların öz dilindən təcrübələrini eşitmək bizə mövzunu qavramaqda və aseksual kimliklərin yaşadıqları çətinlikləri duymaqda kömək edəcək, lakin bunu mütləq qeyd etməliyəm ki, bu təcrübələri ümumiləşdirmə edə bilmərik. Bu, bütün aseksual icmanın və ya bütün ace spektrində olan insanların təcrübəsi deyil. 

Aseksual insanlar o demək deyil ki, heç vaxt heç kimə qarşı seksual təcrübə duymurlar. Bu, normallaşdırılmış seksuallıq, seks istəyindən fərqli yanaşmadır. Bəzi insanlar ola bilər ki, heç kimə seksual maraq duymasınlar, bəziləri ola bilər ki, seksual maraq duya bilmələri üçün xüsusi zamana ehtiyac duysunlar, bəziləri isə yalnız xüsusi insana qarşı seksual nəsə hiss edə bilərlər. Bunu fərqli təcrübə yaşamış insanlar travma nəticəsi kimi, kimsə özünü qoruma mexanizmi kimi, kimsə də özünə uyğun insan tapa bilməmək kimi də görə bilər. 

Rza (21 yaş, qeyri binar) deyir ki: 

“Mən seks aktı demək olar ki, maraqlı olmayan və ya birisinə qarşı seksual cəzbetmə hiss etməyən, romantik hislərlə (sevişmə ilə) kifayətlənən birisiyəm. Həmçinin masturbasiya da edirəm. Həyatımda ciddi bir münasibət olarsa, seks aktını istəyəcəyimi düşünürəm. Buna görə də özümü qrey-aseksual* və demiseksual* olaraq identifikasiya edirəm. Seksual spektrlər, xüsusən də aseksual spektri haqqında miflər var. Bunlardan bəzilərini qeyd etmək istəyirəm. Məsələn, mifə görə, aseksual fərdlər seksual oyanma (sexual arousal) yaşamırlar, onlar ereksiya ola bilməzlər, onların penis, vaginalarından həzz suyu, axıntıları gələ bilməz, boşala bilməzlər, orqazm ola bilməzlər və s. Bu belə deyil. Aseksuallar seks yaşaya bilərlər. Bu, o demək deyildir ki, artıq aseksual deyillər. Aseksuallar da seks edə bilərlər: eyakulyasiya (boşalmaq), seks münasibəti ilə övlad sahibi olmaq, seks aktını yoxlamaq və hiss etmək, həzz almağın bir növü kimi və s. kimi səbəblərdən edə bilərlər. Bir çox aseksual seks aktının maraqlı olmadığını və həzz almaq üçün mütləq, tək vasitə olmadığını düşünür. Bəzi aseksuallar, qeyd etdiyimiz kimi, heç vaxt masturbasiya etmirlər, seks aktı istəmirlər, hətta bunlar onların bəzilərinə mənasız və iyrənc də gələ bilir.” 

Çinar (şərti ad), (25 yaş qeyri binar) :

“Aseksuallıq mənə görə insanlara qarşı seksual hisslərimin sıfır olmağıdır. Teoriyada və təsəvvürdə bunu canlandırıb, hətta bundan mental bir zövq ala bilərəm, amma fiziki olaraq heç bir partnyorumdan və onlarla olan heç bir seksual akt təşəbbüsündən zövq ala bilmirəm.”

Seksuallıq haqda düşünəndə xatırlamalıyıq ki, seksdən zövq almaq üçün həm fiziki, həm də mental olaraq seks zamanı orada olmaq lazım gəlir. Seks aktında mental olaraq orada olmadıqda insan orqazm ola bilər, vagina sulana bilər, hətta fiziki olaraq zövq də alına bilər. Məsələ burasındadır ki, aseksual və ya alloseksual olmağı müəyyən edən amil fiziki olaraq seksdən zövq almaq yox, daha çox mental olaraq partnyorlu və ya solo seksi istəyib-istəməməkdir. İnsan içində olmaq istəmədiyi məcburi seks zamanı belə fiziki olaraq zövq ala bilər. Aseksual insanlar başqaları, ələlxüsus da romantik münasibətdə olduqları insanlar tərəfindən seks etmək üçün məcbur edilə bilirlər. Müsahiblərimin verdikləri cavablara baxsaq, görərik ki, onların hamısı bununla daha əvvəl rastlaşıblar. Partnyorlarının tələbi, bəzən isə məcbur etməyi aseksual insanların istəmədikləri seksin tərkibində olmağa gətirib çıxara bilir. 

Nərgiz (şərti ad) (22 yaş, cis qadın):

“Bir dəfə mənə seks təklifi edən birinə aseksual olduğumu dediyim halda məni zorla tutub qucaqlamağa çalışmış və cinsi orqanını mənim bədənimə toxundurmuşdu.”

Qəmər (şərti ad) (25 yaş, cis qadın):

“Əksər münasibətlərdə seksuallıq uzun və tez-tez olursa, sən də aseksualsansa, bu, sənə zülm kimi gəlir. Partnyorla arada soyuqluq olmasın deyə, bəzən istəmədiyim halda seks etmişəm.”

Rza:

“Bəli, ilk seksim istəmədiyim formada idi, daha doğrusu, seks aktını istəmirdim və demək olar ki, icazə vermədim deyə, seks baş tutmadı.”

Çinar:

“Aha, olub. Buna məcbur qalmışam deməkdən daha çox, labüd rutinin bir hissəsi olduğunu deyə bilərəm. Yəni romantik hissləriniz varsa, qarşı tərəf sizdən hökmən bunu seksuallığa bağlamağınızı gözləyir. Daha çox partnyorlarıma görə dözdüyüm olub, hətta orqazm olduğumla bağlı yalan da danışmışam.”

Ace (aseksuallıq) seksual identifikasiyadır, oriyentasiya deyil. Bu səbəbdən daimi və davam edən mütləqlik gözlənilməməlidir. Ace olmaq insanın genderi və oriyentasiyanın hansı olmağından asılı olmayan bir şeydir. Bütün aseksual kimliklər kuir deyil. Həmçinin bütün aseksual kimliklər özlərini LGBTİQ+ icmanın bir üzvü kimi özlərini görmürlər.

Sual: Aseksual olduğunuz üçün özünüzü kuir və ya LGBTQİ+ icmanın bir üzvü hesab edirsinizmi? 

Rza:

“Bəli, edirəm. Təəssüflər olsun ki, hal-hazırda kuir və LGBTQİ+ icma sadəcə aseksual spektrində olan fərdləri kuir çətiri altında görmürlər. Burada həm aseksuallığı anlamamağın, həm də görünməz olmasının çox payı var deyə düşünürəm. Aseksuallar da gender, seksual oriyentasiya fərqi olmadan cəmiyyətdə çox maneələrlə üzləşirlər və "kuir" - "qəribə" qarşılanırlar. Aseksuallara da keçmişdə LGBTQİ+ icmasının fərdlərinə davranıldığımı kimi "xəstə", "düzgün olmayan", "anormal", "xətalı" və s. davranırlar. Aseksualların varlığını ciddiyə almırlar, onların dəyişməli olduğunu düşünürlər. Şəxsi, sosial münasibətlərdə qarşılaşdığı maneələr digər LGBTQİ+ icmalarla tam olaraq eyni olmasa da (hər icmanın qarşılaşdığı maneələr ümumi olaraq oxşar olsa da, fərqli mövzular da vardır, bu da imtiyaz məsələsindən doğur. Məsələn, gey, lezbiyan, transgender və s. Hər bir icmanın qarşılaşdığı özünəməxsus maneələr, ayrı-seçkiliklər ola bilər, həmçinin aseksualların da), ümumi qarşılaşdıqları maneələr çox oxşardır. Buna görə də seksuallığın üstün və önəmli hesab olunduğu cəmiyyət tərəfindən "qəribə" sayılmaları, həmçinin də digər LGBTİ+ icmalarla oxşar maneələrlə qarşılaşdığımız üçün aseksual spektrini kuir çətiri altında görürəm.”

Qəmər:

“Bəli, çünki həm azlıq təşkil edir, həm də bir-birimizi tapmağa, bunun normallaşmasına kömək edir.”

Çinar:

“Bu da bir az dilemmalı sualdır. Mən kuir olduğumu qeyri-binar olduğumu qəbul edəndən sonra qəbullana bilmişəm. Halbuki aseksuallıq və ya demiseksuallıq hər zaman daha öncədən gündəmimdə olub. Mənim təcrübəmdə deməzdim ki, aseksual olmağımın bunda rolu olub, amma, əlbəttə ki, bu, sadəcə mənim təcrübəmdir.”

Nərgiz:

“Mən özümü kuir icmaya aid görmürəm.”

Bütün marjinallaşdırılan kimliklər kimi aseksuallığın da görünən olmaması insanların özlərini tapmasına, ifadə etməsinə mənfi təsir edir. 

Çinar deyir ki:

“Aseksual anlayışını ilk dəfə xaricdə Erasmus layihəsində layihə yoldaşımdan eşitmişdim və mənasını bilmirdim. Diqqətimi çəkib araşdıranda isə bu anlayışa yaxın hiss etmişdim, amma təbii ki, özümü ilk dəfədən eyniləşdirə bilməmişdim, əksinə, qorxulu gəlmişdi mənə. Həm də o zaman seksual təcrübəm sıfır idi, heç self-seks təcrübəm belə yox idi. Sonra illər keçdikcə mən təcrübə xətrinə fərqli partnyorlarla seks etməyə çalışdım, amma bunlar sadəcə önsevişmədən ibarət idi və əsla onlarla orqazm ola bilmədim. Artıq məndə bir problem olduğunu düşünməyə başlayırdım və beləliklə, cavabı müxtəlif forumlarda axtarmağa başladım. Yenidən aseksual anlayışı ilə qarşılaşanda əslində bu dəfə tam olaraq onu özümlə eyniləşdirə bilmişdim. Amma self-seksə başlayandan sonra özümlə bağlı önyarğılarımı və əminsizliklərimi müəyyən mənada aşdığımı düşünürəm.”

Müsahiblərimin təcrübələrini eşitdikdən sonra başa düşdüm ki, qəribə şəkildə insanlarda aseksual kimliklərə qarşı bir aqressiya var. İnsanlar aseksualların yalan dediklərini və ya cəmiyyətin müəyyən normlarına uyğunlaşmağa çalışdıqları üçün aseksual yalanı ilə göz boyadıqlarını düşünürlər.

Nərgiz:

“Mən kiməsə aseksual olduğumu deyəndə qəribə bir aqressiya ilə üzləşirdim. Mənim gizli-gizli münasibət yaşadığımı deyirdilər və ya bir gün kimləsə qarşılaşıb, fikrimin dəyişəcəyini iddia edirdilər. Mənim adət-ənənələrə bağlı biri olduğumu və bəkarətimi qorumaq üçün aseksuallıq yalanı uydurduğumu deyirdilər.”

Qəmər:

“Hərdən insanlar mənə “çox namuslusan”, və ya “sən yaxşı seks görməmisən” kimi şeylər deyəndə başa düşməmələri məni narahat edir.”

Aktivizm zamanı bizlər seks pozitivlik haqda danışmaq istəyə bilərik, lakin bu, aseksual kimlikləri xaric etmədən edilməlidir. Hər kəsin aktiv şəkildə seks həyatı yoxdur və ya bunu bölüşmək istəməyə bilir. Kuir activizm sadəcə seks inqilabı gətirməyi ehtiva etmir. İnklüziv aktivizm eyni zamanda seksuallıqla bağlı fərqli təcrübələrin çoxşaxəliliyini təlqin etməyə açıq olmalıdır. Bizim öz təcrübələrimizdən yola çıxaraq fərqli təcrübələri gözardı etməyimiz bu təcrübələrin mövcud olduğu gerçəyini dəyişdirmir. Aseksual kimliklər hər zaman var idi və bundan sonra da öz bənzərsiz təcrübələri ilə var olmağa davam edəcəklər!

Müəllif: Miray Dəniz

İzahlar:

*qrey-aseksual - yalnız müəyyən şərtlər və ya şərait daxilində seksual cazibə hiss edən şəxs

**demiseksual - yalnız emosional bağ qurduğu insana qarşı seksual cazibə hiss edən şəxs

Powered by Froala Editor