Rainbow phobia in Azerbaijan
Although the rainbow is a global symbol representing diversity, hope and unity in different cultures, the attitude towards it in Azerbaijan has "changed it colour" in recent years
29/Jan/24
2047
Azərbaycanda göy qurşağı fobiyası
Müəllif: Əsli İsmayılzadə
Göy qurşağı fərqli mədəniyyətlərdə müxtəlifliyi, ümidi və birliyi təmsil edən qlobal simvol olsa da, son illərdə Azərbaycanda ona münasibətin “rəngi dəyişib”. Ölkədə bəziləri üçün göy qurşağı rəngləri inklüzivlik və müxtəlifliyi ifadə edirsə, digərləri onu ənənəvi dəyərlərə və cəmiyyət normalarına qarşı təhqir kimi qiymətləndirir. Hətta göy qurşağı rəngləri və bayrağı ölkədə dəfələrlə rezonans yaradıb.
Məsələn, 2023-cü ildə Uşaqların Beynəlxalq Müdafiəsi günündə Elm və Təhsil Nazirliyi rəsmi feysbuk hesabında çərpələng uçuran uşaq şəkli ilə birlikdə təbrik postu paylaşıb. Lakin heç üstündən bir saat keçməmiş Nazirlik tənqidlərlə üzləşib. Tənqid edənlər siyahısına tanınmış təhsil eksperti Kamran Əsədov da qoşularaq öz şəxsi feysbuk hesabında nazirliyi göy qurşağını təbliğ etməkdə günahlandırıb.
“Siz nəyi təbliğ edirsiniz? Yüzlərlə direktor, müəllim də baxmadan, anlamadan bu şəkli paylaşır. Siz bizim uşaqları nə kimi görmək istəyirsiniz? Bu nəyin bayrağıdır?” - o yazıb.
Bu tənqidlərdən sonra Nazirlik heç bir rəsmi açıqlama verməsə də, şəkli başqası ilə əvəzləyib.
Ekspert daha sonra bununla bağlı Pravda.az saytına da açıqlama verərək bildirib ki, LGBTİQ+ bayrağının rənglərinə göy qurşağı deyənlər sabah istənilən rəngi, “dövlətçilik üçün təhlükəli olan informasiyanı paylaşıb bunların söz yığınağı və müəyyən rənglərin tandemi olmasını deyə bilər”.
“Elm və Təhsil Nazirliyi doğru qərar verdi, doğru addım atdı və fotonu dəyişdi. Onların addımından xoşum gəldi, bəli, yanlış idi və düzəldi”, o bildirib.
Qızğın müzakirələrə kuirfob töhfəsini verənlərdən biri də şair Aqşin Yenisey olub; belə ki, o, sosial media hesabında göy qurşağını “gey qurşağı” adlandırıb, daha sonra bu barədə geniş bir köşə yazısı yazıb.
Təhsil Nazirliyinə jurnalistlər tərəfindən mövzu ilə bağlı sorğu göndərilməsinə baxmayaraq, cavabsız qalıb.
Bəzi yerli LGBTİQ+ aktivistlər hesab edir ki, göy qurşağı rənglərinin son dövrlərdə daha çox mübahisəli məsələyə çevrilməsinə səbəb kuir icmanın ictimai həyatda daha çox görünməsi və bayrağın siyasiləşdirilməsidir. Digərlərlərinin gəldiyi qənaət isə belədir ki, bu neqativ münasibət qonşu Rusiya və Türkiyədən idxal olunan mühafizəkar siyasətin və göy qurşağına qarşı həmin ölkələrdə rəsmi səviyyədə olan münasibətin nəticəsidir.
LGBTİQ+ hüquqları üzrə aktivist Lili Nəzərov deyir ki, son illərdə ölkədə aktivizmlə bağlı vəziyyət dəyişib. Nəzərovun sözlərinə görə, o, 2018-ci ildə Bakının mərkəzində göy qurşağı bayrağı ilə şəkil çəkdirən zaman ona heç kim reaksiya verməyib, hətta həmin xəbər sosial media şəbəkələrində çox paylaşılıb.
“Azərbaycanda olan bütün media qurumları ondan yazmağa başladı, məndən müsahibə istədilər. Həmin həftə ərzində mən çoxlu mesajlar aldım, hansı ki, şantaj mesajları idi. Mən də həmin həftə boyu hər gün acığa Fəvvarələr Meydanına çıxdım. Amma çox maraqlı oldu ki, əksinə, məni tanıyırdılar, heç kim pis reaksiya vermirdi”. O əlavə edir ki, bu hadisədən sonra insanlar müxtəlif vaxtlarda ona yaxınlaşaraq cəsarətli olduğuna görə təşəkkür ediblər.
Aktivist qeyd edir ki, 2019-cu ilin oktyabr 20-də “qadınlara qarşı zorakılığa son” tələbi ilə keçirilən aksiyada da iştirakçılar tərəfindən LGBTİQ+ bayrağı açılıb, lakin polis bayrağı əllərindən alıb.
“Ümumiyyətlə, bizdə polislər aksiya etməyə imkan vermirlər. Danışmağa başlayırsan, bayraq qaldırırsan və yaxud plakat açırsan, o dəqiqə cırmağa başlayırlar. Bu da onu göstərir ki, bunlar adicə bizi təmsil edən cansız nəsnədən qorxurlar”, o bildirir.
Hər il 17 may Beynəlxalq Homofobiya və Transfobiya ilə Mübarizə Günündə Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin binası qarşısına LGBTİQ+ bayrağı asılır. (Amerika səfirliyi də 2021-ci ildən etibarən həmin gün bayraq qaldırmağa başlayıb). Hər il olduğu kimi, 2023-cü ilin mayında da bu hadisə həm sosial media istifadəçilərinin, həm də hökumətyönlü kütləvi informasiya vasitələrinin tənqidinə məruz qalıb.
Məsələn, Baku.TV hazırladığı reportajda səfirliyin önündə LGBTİQ+ bayrağının asılmasını “biabırçılıq” adlandırıb. Xəzər Xəbər kanalı “LGBT bayrağını Azərbaycan cəmiyyətinə qəbul etdirə bilmədilər” adlı reportaj hazırlayıb və Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrətdən müsahibə götürüb. Azər Həsrət bu addımı Azərbaycan xalqına hörmətsizlik olaraq dəyərləndirib.
“Xatırlayıram ki, Britaniya səfirliyi hər il bu addımı atır. Bir zəhmət çəksinlər Azərbaycan xalqına hörmət etsinlər. Hə, bayraq qaldırmaq istəyirlər? Buyursunlar onu səfirliyin daxilində etsinlər. Çünki səfirliyin daxili onların ərazisidir. Biz görmürük, içəridə nə istəyirlər etsinlər…” Azər Həsrət deyib.
Göy qurşağı hətta millət vəkillərini də dilə gətirib.
Milli Məclisin deputatı Ceyhun Məmmədov “Bizim Media”ya müsahibəsində müsəlman ölkəsində belə bir addımın atılmasının çox yanlış hərəkət olduğunu söyləyib. Kuirfob çıxışları ilə tanınan AĞ Partiya sədri Tural Abbaslı isə Müsavat.com saytına bildirib ki, bayraq asılması ilə bağlı hər iki səfirliyə partiya olaraq etirazlarını bildiriblər.
“Bu məsələ təkcə Amerikanın, Böyük Britaniyanın işi deyil. Ümumiyyətlə, indi beynəlxalq güc mərkəzləri var ki, onlar ölkələrə bu dəyərləri sırıyırlar. Beləliklə, onlar bu dəyərləri bütün dünyaya sırıyır və yeni dünya qurmaq, düzəltmək istəyirlər”, o açıqlamasında qeyd edib.
2022-ci ildə keçirilən 8 Marş feminist yürüşündə LGBTİQ+ aktivist Əli Məlikov platakat və göy qurşağı bayrağını qaldırıb. Onun sözlərinə görə, polis heç bir plakata dəyməsə də, LGBTİQ+lara aid heç nəyə icazə verməyib, bayrağı və plakatları onun əlindən alıb.
“Sadəcə mənim əlimdəki plakatları almışdılar, LGBTİQ+ ilə bağlı idi o plakat və orada “petux” sözü işlədilmişdi. Bayraqları da əlimizdən almışdılar. Orda belə bir cümlə eşitmişdim ki, polislərin rəhbəri o birilərə “bayraq olmaz” deyib. Onda yavaş-yavaş hiss etməyə başladım ki, xüsusən bayrağa qarşı nəsə var. İlk dəfə mənim bayraqlı təcrübəm orada yaranıb”, o deyir.
Məlikov həmin yürüş ilə bağlı yazdığı bloq yazısında qeyd edib ki, aksiyanın sonlarına doğru göy qurşağı maskası ilə aksiyaya qatılan iştirakçını polis təhdid edərək "maskanı çıxarmırsansa, 9-cu bölməyə get, başa salsınlar" deyib.
Məlikov təkcə aksiyalarda deyil, gündəlik həyatda da bayraqla bağlı problemlər yaşadığını deyir. Onun sözlərinə görə, Bakıdakı mərkəzi kafelərin birində bayraq ilə şəkil çəkdirmək istəyən zaman ona icazə verilməyib.
“Həmin gün cibimdə bayraq vardı və şəkil çəkdirmək istəyəndə bizə dedilər müdiriyyət kameradan izləyir. Buna icazə yoxdur, başladılar dava salmağa”. Aktivist düşünür ki, bunun səbəbi Azərbaycanda LGBTİQ+ icmasının daha da aktivləşməsi və göy qurşağı bayrağının siyasiləşməsidir.
“Aksiyalarda bayraq açmışam. Məhkəmələrin qarşısında olub, Fəvvarələr Meydanında olub. İnsanlar qorxurlar. Ümumiyyətlə, Azərbaycanda siyasiləşən hər şeydən qorxurlar. Məsələn, yoldakı insanlar məni gündəlik söyə bilər, amma əlimdə bayraq varsa, mənə yaxınlaşmağa cəsarət etməzlər. Onlar da bilir, mən də bilirəm ki, homofobiya, transfobiya siyasidir”, o deyir.
LGBTİQ+ hüquqları ilə bağlı vəziyyətə gəldikdə isə Azərbaycanda vəziyyət dəyişməz olaraq qalır. İLGA Europe təşkilatının hesabatlarında illərdir ki, Azərbaycan iki faizlik göstərici ilə sonuncu yerdədir. Bu isə Azərbaycanın LGBTİQ+ların yaşaması üşün ən pis şəraitə sahib ölkələrdən biri edir.
Nəfəs LGBTİ Azərbaycan Alyansının Sağlamlıq, Hüquqlar, Gender və Cinsi Müxtəliflik üzrə Avrasiya Koalisiyası (ECOM) ilə birlikdə keçən ilin aprel ayında dərc etdikləri hesabatda da qeyd olunub ki, Azərbaycanda LGBTİQ+un vəziyyəti kritikdir.
“Əksər hallarda, bir çox hadisələr, nifrət nitqi və cinayəti, o cümlədən ayrı-seçkiliklə bağlı heç bir şikayət olunmur. Bunun səbəblərindən biri də qurbanların repressiya və məxfilik pozuntusundan qorxduqları üçün cinsi oriyentasiyalarını hüquq-mühafizə orqanlarına açıqlamağa çəkinmələridir”, hesabatda qeyd olunub.
LGBTİQ+ hüquq müdafiəçisi Vahid Əliyev düşünür ki, son dövrlərdə göy qurşağına qarşı bu cür hadisələrin artması Rusiya və Türkiyə kimi qonşu ölkələrdə baş verənlərin əks-sədasıdır. Məsələn, 2020-ci ildə Türkiyə hökuməti LGBTİQ+ və göy qurşağı məzmunlu məhsulların 18+ xəbərdarlığı olmadan satılmasının qanuna zidd olduğunu elan edib.
“Türkiyə və Azərbaycanın siyasi-iqtisadi və son onilliklərdə sosial yaxınlığı nəticəsində orada formalaşan kuirfobiya heç bir dəyişikliyə məruz qalmadan sosial media və KİV vasitəsilə bizim cəmiyyətə idxal olunur. Artımın səbəbi insanların dil baryerinin az olması səbəbindən Türkiyə və Rusiya sosial mediasının və KİV-nin təsiri altına rahatlıqla düşməsini sezmək olar”, hüquq müdafiəçisi qeyd edir.
Vahid Əliyevi hesab edir ki, Azərbaycan cəmiyyəti açıq cəmiyyət deyil və “milli mentalitet” anlayışının, dövlət nəzarətində olan medianın, alternativ mənbələrə çıxışının olmaması və ya alternativ mənbələrin fəaliyyətlərinin hökumət tərəfindən dayandırılması da buna təsir edən amillərdən biridir.
Göy qurşağı ilə bağlı gedən müzakirələrdə yerli medianın irəli çəkdiyi arqumentlərdən biri isə rənglərin uşaqların psixologiyasına və oriyentasiyasına təsiridir. Psixoloq Ayşən Bayramova isə bu cür iddiaların əsassız olduğunu deyir.
“Göy qurşağı rəngləri və ya bənzər məzmunlu oyuncaqlar uşaqları müxtəlifliyə və fərqli həyat tərzlərinə qarşı dözümlü və açıq fikirli olmağa təşviq edə bilər, lakin bu oyuncaqlar uşaqların cinsi oriyentasiyasını formalaşdırmır”.
Məqalə QueeRadarın Mentorluq Proqramı çərçivəsində “Minority Azərbaycan” üçün hazırlanıb.
Powered by Froala Editor