The story of rainbow flag in 8 March
2022, we are now in the 4th year of 8 March feminist march
15/Mar/22
3459
8 Marşdakı göy qurşağı bayrağının hekayəsi
2022-ci il, 8 Marş feminist yürüşünün artıq 4-cü ilindəyik. Bu il niyəsə hər il feministlərlə küçələrdə olan LGBTQ+lər, meydandakı tək göy qurşağı bayrağı çox danışıldı. Sanki hər il, hər haqlı etirazda kuirlər orada yoxmuş kimi özünə hüquq müdafiəçisi deyən “milli-mənəvi dəyər” kölələri paylaşımlar etdi, “insanları qıcıqlandırırsınız”, “mövzunu başqa yerə çəkirsiniz” dedi. Məni narahat edən ənənəvi Azərbaycan kişilərinin dedikləri deyil. Məhv özünə hüquq müdafiəçisi deyən, proqressiv göstərməyə çalışan bu insanlardır. Çünki onsuz kölələrinə çevrildikləri mentalitetçi kütlə hər zaman o yürüşdə LGBTQ+lərin də olduğunu bilirdi. Hətta onlar belə bayrağa bu qədər təəccüblənmədi, ciddi sözümdür.
LGBTQ+ qadınlar, LGBTQ+ və feminist mübarizənin birgəliyi, LGBTQ+ olaraq orada olmağımız bu şəxslərin daxili homofobiyalarını bu il çox aydın şəkildə ifşaladı. Məsələn, özünə hüquq müdafiəçisi deyən Yalçın İmanov paylaşımı ilə açıq şəkildə illərdir qadınları, LGBTQ+ləri zorakılıqla susduran, ovlar edən polisi müdafiə etdi. Hansı ki, 2017-ci ildəki LGBTQ+ ovlarında (hadisə haqda daha aydın digər blogumda yazmışam) bu şəxs LGBTQ+ləri müdafiə etmişdi. Bəli, elə özü də 2017-ci ildə etdiyini istifadə edərək özünü ağ qaşıq kimi göstərdi. Eynən “mən o vaxt LGBTləri müdafiə etmişəm” tərzi danışaraq fobik nitqinə haqq qazandırdı.
Eyni iqtidarın “biz yaxşı şey etmişik” siyasətini işlədərək özünü paklığa çıxarmağa çalışan keçmiş vəkilimiz haçanda LGBTQ+ müdafiə etmənin onun mizoginist və fobik nitqinə keçid verəcəyini düşünür. Eyni “mənim də homoseksual dostlarım var” deyərək nifrət nitqinə haqq qazandırmağa çalışan, LGBTQ+ləri senzuralayan Azərbaycanlı cis-hetlərin bir üst versiyası olaraq “mən onlara vəkillik etmişəm”lə qarşılaşdıq.
İstənilən təşkilatlanan feminist yürüşlərinin keçirildiyi ölkəyə baxsanız, böyük ehtimalla orada da kuir simvollar görəcəksiniz. İllərdir də feministlərlə kuirlərin birgə çıxdığı meydanlar, qarşısında dayandığı zorakı polislərə haqq qazandırmaq isə hüquqdan danışan insanlar olaraq sadəcə sizin ikiüzlülüyünüzü göstərəcəkdir. Özünü “hüquq qoruyan” kimi göstərib, əslində canavarlaşmağa hər gün inadla addımlayan polislər də eyni bu il feminist yürüşünü dağıtmayıb, sadəcə LGBTQ+ simvolları cıraraq “qadını qoruyan polis” rolunu oynadı. Çünki bilirdilər ki, qadın qətllərinin siyasi olduğu, zərərçəkənin yox, dövlətin günahkar olduğunu göstərəcək gücdə olan insanların səsini basdırmaq üçün onların qarşısında dayanmaqla olmayacaq. Beləcə, dövlət 21-ci əsr qaydalarına uyğun şəkildə oyununu dəyişdirib, “yeriməyə icazə” verməklə guya qadınlara qarşı deyillərmiş kimi tipaj yaratmağa çalışdı. Lakin “çox qudurmayın” mesajı olaraq da LGBTQ+ bayraqlarını, pankartları cırdı. Aksiyada təkcə mənim “Petuxlar diktatorluğa qarşıdır” pankartım və qol-qola girdiyim yoldaşın pankartı cırıldı. Yoldaşın pankartının cırılmasının səbəbi isə petuxluq və diktatorluqdan danışan şəxslə qol-qola girməsi idi. Çünki yoldaşımızın pankartı cırıldıqdan sonra polislər arasında belə bir dialoq oldu:
- Onun pankartını niyə cırdın? Qalardı da.
- Nə bilim.
Avtomatik şəkildə hücuma fokuslanan kuklaların həmin pankartı cırma səbəbi “pankartı cırılan”ın qoluna girməsi idi ki, buna görə qoluma girən yoldaşın da pankartını “məqsədəuyğun” saymadılar. Eləcə də yanımda trans bayrağı açan yoldaşın hansı bayraq açdığını başa düşmədilər. Haçana qədər ki, mən bayrağı əlimə aldım. Mən bayrağı tutduqdan sonra anladılar ki, bu LGBTQ+ ilə bağlıdır, elə o dəqiqə hücum çəkib əlimdən aldılar. Yəni bu insanların dərdi bayraqlar deyil, məhz LGBTQ+ bayraqları və simvolları idi. Əlbəttə, burada açılan göy qurşağı bayrağının da vəhşicəsinə əlimizdən alındığından da danışmaq lazımdır. Eləcə də aksiyanın sonlarına doğru göy qurşağı maskası ilə aksiyaya qatılan yoldaşımıza da polisin təhdid edərək "maskanı çıxarmırsansa, 9-cu bölməyə get, başa salsınlar" deyildiyini öyrəndik. Lakin bu il, əvvəlki illərdə də qısa müddətlərdə açılan bayraqlardan daha çox diqqət çəkildi göy qurşağı bayrağına. Polislərin zorakı və homofob hərəkətlərinə rəğmən, bayraq açılan saniyəsində əldən-ələ qaldırılmağa çalışıldı, birgəlik göstərildi, səslər ucaldı.
Son cümlə: Öyrəşin! Qadınlar və LGBTİQ+lər çiyin-çiyinədir!
Müəllif: Əli Məlikov
Powered by Froala Editor