Interview with ProMete
ProMete keçmiş H.O.S.T qrupunun üzvüdür. Hal-hazırda solo fəaliyyət göstərir.
03/Jan/19
4794
1. HOST qrupunun tərkibindəki və indiki solo rep ifaçısı ProMete arasındakı əsas fərq?
Yəqin ki, kəmiyyət fərqini soruşmursunuz, odur ki, keyfiyyət və qaye fərqi olaraq nəzər salsaq, track-lərin səslənməsində və üzərində iş baxımından solo fəaliyyət daha üstündür. Çünki əvvəl alyans və qrup üçün bütün işləri görürdümsə indi belə deyil. Öz ifalarım üzərində daha çox işləyirəm. Həm də ki, əvvəl özüm özümü yazırdımsa indi şirkətimdə çalışan və həmçinin dostluq etdiyim səs rejissorları və prodüserlər məni yazıya alır. Qaldı qaye məsələsinə, məntiq olaraq böyük dəyişmiş bir şey yoxdur, sadəcə illərin verdiyi təcrübə var ki, əvvəl qrup tərkibində olanda əhval daha radikal idisə indi daha səngimiş əhval var.
2. Rep azadlığı tərənnüm edən musiqi janrı sayılır. Bilmək istəyirik öz repinizdə nə qədər azadsınız?
Mən öz ifalarımda hər zaman səmimiyəm. Bəzən bu, həyatda alınmasa da ifalarımda daim “alınır”. Alınır ona görə dırnaqda ki, mən bunun üçün çalışmıram, bu daha dərindən gələn bir şeydir. Yəni mənim xəmirim belə yoğrulub. Səmimiyyət isə azadlığın əsas təzahürüdür.
3. 2 il əvvəl İsa Şahmarlının (LGBT aktivist) ölümü üstünə bu statusu yazmışdınız "İndi bu ölən "oğlan" ki var, Quranda belə adamların haqqında deyilir ki, "onlar üçün Allahın hökmü, ölümdür." Belə götürəndə, olmalı olub." . Bunun səbəbi nə idi? Din?
Qətiyyən radikal dindar deyiləm. Yəni məni panislamist adlandırmaq olmaz. Sadəcə oxuduğum kitabların əsasında gəldiyim nöqtə və qərarlar var. Hər kəs mənim bu çıxışımdan sonra mənim geylərə qarşı radikal bir mövqemin olduğunu düşündü. əfsuslar olsun ki, bu yanlış anlaşılmadır. Mən heç bir ictimai, dini, mənəvi eləcə də,seksual kəsimə qarşı radikal düşüncədə və mövqedə deyiləm. Ta ki, mənim hürriyyətim tapdalanana kimi. İsa Şahmarlının atdığı atdımın (intiharın) qeyri adekvat bir məfhumun hamımız tərəfindən adekvat kimi qəbul olunmasına çağırış olması məni bu statusu yazmağa məcbur etmişdi. Indi geriyə dönüb baxanda, Düşünürəm ki, onun itkisi dostlarının və ətrafının həyatında çox böyük bir boşluq yaratmaqla bərabər, onun görə biləcəyi işləri də yarıda qoymaqla nəticələndi. Hansısa insanlar üçün bu böyük cəsarət sərgiləməsi ola bilər, amma məncə bu belə deyil. O sadə bir fərddən əlavə bir qurum başçısı olduğuna görə daha çox mesaj verə bildi. Kobud bir müqayisə ilə desək, hər bir bomba yoxlama üçün partladılıb, nələrsə kəşf olunanda belə onun yan təsirləri olur. Ekoloji və s.
4. Sizcə homoseksual olduğunu gizlətməmək cəsarət yoxsa tərbiyəsizlikdir və ya ümumiyyətlə nədir?
Ümumiyyətlə xeyli istedadlı və dünyada mədəni inqilaba səbəb olmuş insanların həyatını araşdıranda onların homoseksuallığa meylli və ya homoseksual olduğu ortaya çıxır. Amma bu araşdıranda ortaya çıxmalı faktordur. Əlinə bayraq edilib gəziləsi faktor deyil. Bu heteroseksuallar üçün də keçərlidir. Cinsi baxışlar ön plana çıxarılacaq qədər vacib məsələ deyil. Hər kəs həyatını öz həyatı çərçivəsi çərçivəsində yaşasa daha məqsədəuyğun olar.
5. Sevgi (seksual xarakterli) ancaq əks cinslər arasında ola bilər?
Yox, sevgi məhdudiyyətsiz anlayışdır. Sevgi sərhəd tanımaz.
6. Tolerant insanların hamısı eynidir (eyni şeyləri müdafiə edirlər), lakin hər homofob öz düşüncəsini fərqli izah edir. Siz özünüzü homofob hesab edirsinizmi və əgər edirsinizsə sizin üçün bunun əsas səbəbi nədir?
Yanımda kimsə kimisə təhqir edəndə və ya zor tətbiq edəndə kimliyindən asılı olmayaraq vəziyyəti əzilən tərəfi müdafiə edəcək şəkildə ələ almağa çalışıram. Yəqin ki, yaradıclıqdan doğan bir xasiyyətdir bu məndə. Zor tətbiq olunmasını sevmirəm, amma bir çox məsələlərdə də məni tolerant adlandırmaq olmaz. Bu da eynilə yaradıcı təxəyyülümün yan təsirləridir. O ki, qaldı homofobluğa bu daha çox immunitet kimidir. İzah edim, mənə yaxın insanlar arasında biseksual, gey və lezbian olanları da var, sadəcə biz onlarla seksual mövzulara girmirik. Çünki mən onlarla bu mövzularda razılaşmayacağımı bilirəm və onlardan da mənim bu mövzudakı fikirlərimin tolerantlıqla qarşılanmadığını sezmişəm odur ki, bu mövzularda STOP etmişik. Bu barədə uzun uzadı müzakirələr etmək olar, amma yardıcılıq həyatımızın daha böyük hissəni tutduğuna görə onunla məşğuluq. Bizim eşqimiz musiqi, səs, söz və görüntüdə toqquşur.
7. Nə dəyişəndə düşüncələr və inanclar dəyişir?
Həyatımız hər zaman mütənasiblər üzərində qurulmur. Bəzən elə tərs mütənasiblər olur ki, onlar bizim həyatımızı köklü dəyişir. Biz bir dəfə öz həyatımızı yaşayıb müəyyən düşüncələr formalaşdırırıq və bizə elə gəlir ki, artıq formalaşmış bir kimliyə mailikik. Amma sonra övladınla və ya qocalmış valideyninlə elə yeniliklər kəşf edə bilirsən ki, daim üsyankar təbiətin yumşalmalara məruz qala bilir. Ona görə getdikcə daha çox illərin sınağından keçmiş məqamların boş və mənasız olmamasını anlamağa başlayırsan. əvvəllər qışqırdığının həqiqətləri pıçıltıyla deyəndə belə hündür səslənə biləcəyindən ehtiyatlanırsan. Bax belə bir maraqlı yoldur bizim həyatımız.
8. İdeal və ya ideala yaxın cəmiyyəti necə təsəvvür edirsiniz?
Çoxdandır utopik nəzəriyyələrdən uzaq gəzirəm. Yoxdur belə bir model. Bu modelin olması üçün birinci siyasi baxışlar sökülməli, ləğv edilməlidir.
9. Dünya rep arenasında bir çox reperlər homoseksuallıq mövzusuna toxunub və bunu öz musiqi videolarının sujet xəttinə salıblar. Nə vaxtsa belə bir addım ata bilərsinizmi?
Ola biləcəyi istisna deyil. Amma indi buna uyğun düşüncələrim və yazılarım yoxdur.
10. Bəşəriyyət qarşısında bir tribunada PRoMete danışır. Bu nitqi eşitmək istəyirik.
Dediyim ki, hal-hazırda utopik olmadığım üçün bəşəriyyəti yox, Azərbaycanı hədəfləyərək və sizin jurnalın tematikasına uyğun olaraq belə bir şey demək istəyirəm. Son illər ərzində baş verən ciddi hadisələrin hamısını nəzərə alaraq, bircə şeyi istərdim. Fərq etməz Azərbaycanlı deyərkən insanların ağlına lezbian, gey, biseksual, transseksual yaxud hər hansı bir digər ictimai və ya dini kəsim gəlsin. Əsas odur ki, biz kor kölə və hüququnu bilməyən savadsız insanlar kimi tanınmayaq. Çünki əsas bəla məhz savadsızlıqdır. Və bu hər şeydən daha öncə diqqəti özünə çəkir.