"Oh, I will not show my fingers to anyone, thus they will know"
Müsahibimizin 18 yaşı var, 1-ci kurs tələbəsidir. İqtisadiyyat üzrə təhsil alır.
14/Apr/19
6596
İbtidai sinifdə oxuyanda saatlarla internetdə, komputerin qarşısında oturub fikirləşirdim ki,
mən beləyəm, yoxsa yox
Qərara gələ bilmirdim. O vaxtlar online testlər olurdu, açırdım, suallar verirdi. Onlardan biri yadıma gəlir, mənə şəkil göstərmişdi, çox feminen görünən bığlı bir kişi idi. Saç düzümü var idi qəribə, məndən soruşmuşdu ki, “siz bir saç düzümünə nə qədər pul xərcləyərsiniz? 5 dollara qədər, 10, 15”. Cavablara uyğun nəticələr çıxırdı. Sonra digəri vardı, barmaqları göstərirdi, “sizin orta barmağınız digər barmağınızla eyni uzunluqdadırsa, deməli geysiniz”. İndi uzunluq eyni deyil, amma o vaxtlar eyni idi. Mən də baxıb demişdim ki, “ay da, mən barmaqlarımı heç kimə göstərməyəcəyəm, yoxsa bilərlər”. Arada dostlarımla söhbət edəndə, bəzən cinsi mövzulara toxunurduq, mən qulaq asırdım, deyirdim “aha, aha məndə də olur”. Halbuki olmurdu. Daha sonralar mən üstündə fikirləşə-fikirləşə o sözü başa düşdüm, testləri kənara atdım. Bildim ki, bu testlərlə olan şey deyil. Daha çox oxuyub araşdırmağa başladım, homoseksuallıq, digər seksual orientasiyalar, gender kimlikləri. Və oxuduqca, mənə hər şey aydın olurdu ki, niyə beləyəm. Niyə beləyəm yox, daha doğrusu, o dövrlərdə niyə gey olduğumu başa düşmürdüm. Xəstəlik olduğunu da fikirləşmirdim. Məlumatlarım çoxaldıqca adiləşməyə başladı bu söz, 14 yaşımda tam əmin oldum ki, mən geyəm.
- Siz həm də LGBTQİ+ fəalısınız.
LGBTQİ+ fəalı deməzdim, amma nələrsə həyata keçirməyə çalışıram. Bir dəfə 30 nəfərlik qrupa iki saat ərzində gender və özünüifadə ilə bağlı təlim keçmişdik. Bəzi məkanlarda bizə əngəllər yaratdılar. Mediada LGBTQİ barədə müqayisəli multimedia hekayəsi hazırlamışam, o çapdan çıxmalıdır. LGBTQİ ilə bağlı beynəlxalq advokatlıq proqramlarında assistenlik edirəm.
- Gələcək fəaliyyətlərinizdə LGBTQİ+ icması ilə bağlı hansı maarifləndirici işlər görməyi planlayırsız?
İndi artvizm və homofobiya barədə daha böyük bir təlim keçirmək istəyirəm. İnsanların bu sahədə maariflənməsinə ehtiyac var. Azərbaycan dilində LGBTQİ ilə bağlı materiallar azlıq təşkil edir. Mən özüm balaca olanda axtaranda azərbaycanca heç nə tapa bilmirdim, daha çox türkcə, rusca, ingiliscə materiallar çıxırdı qarşıma. O vaxtlar da o dillərdə yaxşı bilmirdim. İstəyərdim ki, azərbaycan dilində materialların, resursların sayı artırılsın ki, insanlara çatımlılıq daha rahat olsun. Xınalıqda da, Bakıda da internetə girən birinin eyni resurslara çatımlılığı olsun. Minority kimi jurnalın mövcudluğu çox yaxşıdır. Mən bölgələrdən birində böyümüşəm, ancaq facebook qruplarından məlumatları oxuyub özümdə aidlik hiss edirdim. O vaxtlar “Bakının yeddi rəngi” adlı səhifə vardı, ordan çoxlu məlumat öyrənmişdim. Mən çox istəyərdim ki, bu resursların yaradılmasına kömək və iştirak edim. LGBTQİ+ üzvləri ilə belə müsahibələrin olması çox yaxşıdır ki, insanlar digərlərinin hekayələrini oxuyub, özlərində olan hansısa xüsusiyyəti görə bilirlər. Təcrübəmi, qarşılaşdığımız şeylərmi, gələcək planlarmı, hər nə isə. Bütün bu materialların görünən olması, nəinki onları axtaran insanların , həm də axtarmayanların qarşısına çıxması vacibdir. Ola bilər ki, bu insanların xoşuna gəlməsin, açıb oxumasınlar, amma başa düşəcəklər ki, bu şey mövcuddur.
- Resursların görünə bilən olması üçün nələr etmək lazımdır?
Homoseksuallıqla bağlı olan tədbirlər, seminarlar gizli olmamalıdır, sadəcə icma üçün yox, hamı üçün açıq olmalıdır. Bunun üçün təlimin adını ”gender və özünüifadə” yox, “homoseksuallıq və özünüifadə” qoymaq lazımdır, LBGT bayrağı asmaq lazımdır. LGBT fərdləri səslərini daha çox qaldırmalıdır, hekayələrini daha çox paylaşmalıdır. Multimedia hekayələrinin sayının daha çox artmasını, şəkillərin, filmlərin daha çox olmasını istərdim, şəkilli hekayələr, cizgi filmlər. Siz homoseksuallarla bağlı bir tədbirə gedəndə, və ya kitab alanda sizə kimsə qəribə baxa bilər. Müəyyən mənada bu insanları çəkindirə bilər, amma yatağınıza girib yorğanı başınıza çəkib bir filmə, bir şəklə baxanda bunu heç kim görməyəcək, sizi riskə atmayacaq. Bir də cinsi xəstəliklərə toxunmaq istərdim, çox marjinallaşdırılmış mövzulardan biridir ki, insanlar bunu ciddi qəbul etmirlər. Hətta heç ciddi qəbul etmirlər, danışmırlar, oxumurlar, görmürlər. Anal yolla olan əlaqə zamanı qorunurlarsa da, HİV yoxlanışlarından keçirlərsə də oral yolla keçə bilən xəstəliklər barədə heç bir anlayış yoxdur. Siflis var, qonoreya, xlamidiozvə s. kimi. Bu xəstəliklər hətta cinsi xəstəliklər arasında görünürlüyü olan HİV-dən daha çox yayılıblar. Məsələn, siflisin 4-cü dərəcəsi insan bədəninə bərba olunmayacaq dərəcədə ağır zərbələr vura bilər, korluq, beyində neyronların ölməsi kimi. HİV-dən başqa, bu xəstəliklərin simptomları özünü əvvəldən göstərə bilir, əgər insanlar bu xəstəliklər barədə məlumatlı olsalar, müalicə oluna, şəfa tapa bilərsən. Bu hım də yalnız sənin özünlə bağlı bir şey deyil, digərlərinə də bu xəstliklərinə yoluxdursan. Ölüm zənciri yaradırsan ki, bu bütün dünyada olan LGBTQİ+ problemləri içərisində homofobiyadan sonra, ən ciddi məsələdir. Digər məsələ Azərbaycanda bu xəstəliklərin müalicəsi daha bahadır, əgər tanış həkiminiz yoxdursa. Hanısa xəstəxanaya getsəz müalicə üçün, biləndə ki, cinsi xəstəliyiniz var bir iynəyə görə bəlkə 500 manat pul istəyəcəklər, bundan da xeyir çıxara bilirlər. Digər bir məsələ insanların bu barədə danışmağa utanmasıdır. Necə ki, dişin ağrayanda həkimə gedirsən, bundan da çəkinmək lazım deyil.
- Cəmiyyətimizdə LGBTQİ+ ilə bağlı yayılan yanlış stereotiplər hansılardır?
Əsasən transgenderlərlə bağlı belə bir sterotip var ki, hamısı seks işçisidir. Doğrudan da onların böyük əksəriyyəti seks işçiliyi ilə məşğul olur. Başqa seçimləri yoxdur, çünki ciddi qəbul etmirlər, iş vermirlər. İşəgötürənlərin fikrincə, onların çox yaxşı iş təcrübələri, universitet dərəcələri ola bilər, amma trans olmaları, onları iş pozisiyalarına yararsız edir. Digər bir stereotip, dünyanın sonunun gəlməsi ilə bağlıdır. Neçə il əvvəl rayonumuzda olmuşdu bu, bir nəfər əməliyyat keçirib trans qadın olmuşdu. Neçə müddətdən sonra onun xəbəri bizim küçəyə də gəlib çıxmışdı. Bibim çox homofobdur və transfobdur, onun reakiyası hələ də yadımdadır, çox qəzəblənmişdi. Halı dəyişmişdi, danışırdı ki, “gör bizim rayonumuzun başına necə bir bədbəxtçilik gəldi”. Onda başa düşmürdüm, ki, o bunu niyə belə şəxsi kontekstdə qəbul edir. O fikirləşirdi ki, təkcə o yox, insanların çoxu, homoseksualların və yaxud cinsiyyətini dəyişənlərin sayının artması, bütün dünya əhalisinin sayının azalmasına gətirib çıxaracaq. Amma onlar düşünmür ki, homoseksualların sayı artanda heteroseksualların da sayı artır. Bibim bunu neçə dəfə mənə deyib ki, “homoseksualların sayının artması dünyanın dağılmasına gətirib çıxaracaq, çünki bir-birlərindən uşaq əldə edə bilməyəcəklər, bir gün gələcək, bütün dünya onlardan olacaq”.
- Sizcə, doğrudan da homoseksualların sayımı yoxsa görünənlikmi artır?
Məncə, görünənlik artır. Qədim misir, yunan mifologiyasında onların hekayələri var, Osmanlı incəsənətində kişilərin yallı getdib sekslə məşğul olduğu bir miniatür var. Homofobiya sonradan çıxan bir termindir, homoseksuallıq isə həmişə olub.
Stereotoplərdən biri, homoseksual kişiləri də tam kişi olaraq görə bilməməkləridir. Bəzən cəmiyyətimizdə homoseksuallığı Dağlıq Qarabağ münaqişəsi ilə də uzlaşdırırlar ki, bunlarmı gedib Qarabağı alacaq?! Bu əslində cəmiyyətimizdə həm də qadınlara olan latent nifrətdən irəli gəlir. Translarla münasibətdə də yaşanır bu. Kişidirsə, özünün kişi kimi üstünlüklərindən imtina edib, qadının roluna üstlənirsə, deməli o yüksək bir pillədən bir eniş edib. Bir transgender vardı, neçə il qabaq əsgərlikdə fotoları paylaşılmışdı, orda görünürdü ki, transormasiyadan əvvəl əsgərliyinə gedib gəlmişdi, yüksək xidmətləri də olmuşdu. Mən fikirləşirəm kİ, özünü bu prosesin bir parçası hesab edən, bunu arzulayan hamı istənilən şəxs gedib orduda xidmət edə bilər. Bəli, bu sterotipin bir hissəsidir ki, bu şəxslər gedib orduda xidmət edə bilməz, əlinə silah ala bilməz, Qarabağı ala bilməz. Bu həm də konfliktlə bağlı olan nifrətdən irəli gəlir. Insanlar içlərində olan nifrəti ermənilərə istədikləri kimi qusa bilmədiklərinə görə, daha çox bizə qusurlar. Onlar istəyirlər ki, Qarabağ qayıtsın, onlar torpaqlarına geri dönsünlər. Mən də hamı kimi bunu arzulayıram əlbəttə. Sterotipi yaradan səbəblərdən biri də televiziyalarda, kanallarda LBGTQİ+ icması ilə assosiasiya olunan fiqurlardır. Onların etdiyi söhbətlər çox da adekvat deyil. Hətta indiyə qədər cinsi orientasiyalarını insanlara açıqlamadığı halda, onların fəaliyyətlərini bütün icmaya şamil edirlər. Etdikləri hərəkətlər və söhbətlər icmanın reputasiyasına ciddi təsir göstərir, deyirlər bu belədirsə, Əlisi, Vəlisi də belədir.
- Özünüzü qəbul etməklə bağlı çətinlik yaşamamısınız, yaxın ətrafınıza kaming-aut etmisinizmi?
Bəli, dostlarıma kaming-aut etmişəm. Hətta bununla bağlı bir qəmgin hekayəmi paylaşmaq istəyərdim. 8-ci sinifdə oxuyanda bir dostumla gey olduğumu paylaşmışdım, insanların reaksiyaları maraqlı idi. O da pis qəbul etməmişdi, normal idi münasibəti. Bir dəfə bizim aramız nəyəsə görə dəyişmişdi. O gedib bütün sinfə yaymışdı ki, mən geyəm. Mən qəbul etməmişdim. Sinifdə 20 nəfər uşaq vardı, müəllim hər ikimizi, ittihamı edən sinif yoldaşımla birgə lövhəyə, bütün sinfin qarşısına çıxartmışdı. Və təsəvvür edin, müəllim oturub, uşaqlar hamısı müzakirə edir, soruşur kİ, “sənin orientasiyan nədir, sən nə vaxtdan bu işlərlə məşğul olmağa başladın?”. Özümü təzə dərk etdiyim, təzə qəbul etdiyim vaxtlar idi. Detalları soruşudular, mən məcbur idim ki, onların suallarına cavab verim. Rədd edirdim bunu. Müəllimə deyirdi ki, biz bu məsələni kökündən həll edəcəyik. Bu iki siyasətçinin debatına bənzəyirdi sanki.
- Sinif yoldaşlarınızı və müəllimənizi gey olmadığınıza inandıra bildinizmi?
Yox, çünki o biri oğlan allaha and içirdi. Soruşmuşdum, “axı əsası yoxdur, bir dənə söz deyib, siz niyə inanırsız buna?!”. Demişdilər ki, o Allaha and içir. Mən də and içirdim, amma bilirdilər ki, mənim dinə inancım yoxdur. Söhbətlər o qədər iyrəncləşmişdi ki, mən özüm də, o oğlan da bezmişdi. Təsəvvür edin, iki həftə dalbadal, hər tarix dərsində, dərsdən əvvəl, dərsdən sonra ancaq bu məsələ müzakirə olunurdu. O olan şeyi doğrudan desə də, axırda dedi ki, yalan danışmışam, mən ona əsəbiləşmişdim, özümdən çıxartmışdım. Amma mənim o zamanlarda yaşadığım travma hər şeyə bəs etdi. Bütün o məsələni tarix müəlliməmiz o səviyyəyə gətirmişdi, bütün sinfi manipulyasiya edirdi.
Həmin günlərdə məktəbimizin zavucu məktəbin həyətində məni saxladı, dedi ki, “mən sənə inanıram. Kişi kimi dik dur, onlara denən ki, mən belə deyiləm, biz sənin məktəb olaraq arxandayiq”. Mən də çox təşəkkür etmişdim.
- Ananızın homoseksuallara münasibətinin isti olduğunu vurğuladınız, ailənizlə bölüşmüsünüzmü?
Mən fikirləşirəm ki, anam bilir. Nə mən ona nəsə demişəm, nə də o mənə. Amma evimizdə son vaxlar tez-tez bu söhbətlər düşür. Məsələn o gün söhbət əsanasında anama danışdım ki, iki nəfər xarici qız tanıyıram, bir-birlərini sevirlər. Anam da bunun necə olduğunu, necə sevdiklərini soruşmuşdu, mən də izah etmişdim. Normal reaksiya vermişdi. Amma iki kişinin sevgili olduğunu desəm buna necə baxar, bilmirəm. Ya kişilərdən birinin yerinə mən olsam, bunu şəxsi kontekstdə necə qəbul edər?! Biz anamla birlikdə yaşayırıq, belə bir şeyi qəbul etməsə, evdə necə situasiya yaranar, onu da bilmirəm. Amma təbii ki, bir gün yəqin ya özü tam başa düşər, ya da mən ona açıqlayaram.
- Hal-hazırda universitetdə təhsil alırsınız, orda mühit necədir?
Heç kimə bu barədə deməmişəm, amma artiq iki ildir ki, facebookda, mənim profilimdə “özünlə qürur duy” çərçivəsi var. O çərçivəni hamı görüb, dostlarım da, qohumlarım da, atam da, anam da. Bir dəfə univeristetdən 2 qız gəlib soruşmuşdu ki, sən geysən? Mən də demişdim, “bunun sizə nə dəxlisi var?”. Bir dəfə də belə bir şey olmuşdu, çantamın üzərində lgbt bayraqları olan sancaqlar asmışdım. O çantamı rayona gedəndə də aparırdım, universitə də, səyahətə də. Sancaqları görüb, sual verənlər çox olurdu. Bir oğlan soruşmuşdu ki, “dəstəksənmi?”. Mən də demişdim, hə. Sonra daha dərinə gedib söhbət əsnasında soruşmuşdu ki, “bəs sənin özünün də meyli var?”. Demişdim ki, var, çünki onda heç kim bizə qulaq asmırdı, və mən bunu rahat etiraf edə bildim. Heç yaxın dostluğumuz da yox idi onunla, aramızdakı əlaqəyə təsir də etməmişdi.
- Yəqin ki, yanınızda tez-tez icmaya qarşı nifrət nitqləri səsləndirilir, o zaman necə hiss edirsiniz?
Əlbəttə, lap tez-tez. Baxır ki, mən hardayam, kimlərləyəm, hansı işlə məşğulam. Mən bir işdə təcrübə keçirdim, orda tez-tez eşidirdim. Orda cavab verməməyə çalışırdım. Universitetdə tez-tez eşidirəm. Bir dəfə qrup yoldaşım oğlan tamam fərqli mövzu ilə bağlı düzgün olmayan şeylər danışırdı, mən soruşdum, “mənbən hardandır, gedim, mən də oxuyum?!”. O isə əsəbləşdi və soruşdu ki, “bəs LGBTQİ-nin mənbəyi hardadır?!”. Mən bilmirəm, o mənəmi işarə edirdi, çantamdakı sancağamı, profil şəkliməmi?! Amma nəyəsə işarə edirdi. Bir dəfə də universitetdə müəlliməmiz dərsdə bizə danışırdı ki, “mən çox kosmopolitəm, açıqfikirliyəm, siz də belə olun”. O həm də Amerikada yaşamışdı. Sonra dedi ki, Amerika cəmiyyətində iki kişi bir-biri ilə sevgili olur, evlənir, mən onu bəyənmirəm. Yanımda oturan qrup yoldaşım da demişdi ki, niyə coşmursan?! Mən çox təəccüblənmişdim ki, o mənə niyə bu sualı verir. Mən nə vaxt buna görə coşub kimləsə dava etmişdim ki. Evdə olanda, bibim nəsə deyəndə, ona heç nə demirəm, çünki öyrənmişəm ki, o öz yolunu seçib. Amma anam nəsə desə, ona deyərəm ki, bu elə deyil, belədir. Anam buna isti yanaşır. İnternetdə homofobik nitqlər görəndə, dözə bilmirəm, dərhal həmin adamları facebook hesabımda bloka atıram ki, onların fikirləri bir də qabağıma çıxmasın.
Bəzən insanlar yanımda nəsə danışanda, deyirəm məncə bu belədir, bəlkə siz də belə düşünmək istəyərsiz, amma bunu sakit tərzdə deyirəm, heç vaxt dava etmirəm. Başqaları ilə səsimi qaldırıb dava etməyi özümə sığışdırmıram. Ona görə çalışıram ki, LGBT mövzsunu söhbətlərimdən kənarda tutub, bu mövzuya da toxunulanda sivil qaydada fikrimi bildirim. Mənim elə də dostlarım var ki, mənim orientasiyam barədə bilirlər, biz çox yaxşı vaxt keçiririk, amma ümumilikdə homoseksuallığa o qədər də müsbət yanaşmırlar.
- Bizə müsahibə verdiyinizə sizə çox təşəkkür edirik! LGBTQİ+ üzvlərinə nə demək istərdiniz?
Mən təşəkkür edirəm. İnsanlar müxtəlif doğulurlar. Fərqli gender kimlikləriniz, orientasiyanız ola bilər. Mən hamını dəvət edirəm ki, özlərini istədikləri kimi ifadə etsinlər. İfadə edərkən, açıq, dürüst olsunlar, ədalətli olsunlar, sevgi ilə yanaşsınlar.Ancaq sevgidir ki, hər şeyin əsasında durur, hər şeyə şəfa olur. Özümüzü düzgün ifadə etsək, sevgi və enerji ilə əhatələsək, mən inanıram ki, ətrafımızda olan homofobiya da bizi incidə bilməyəcək. İnsanın özünü ifadə azadlığı var, bunu onun əlindən heç kim ala bilməz.
Mənbə: Dignity and Gender