Are LBTQ+ people enemies of nature?
Azərbaycanda həmçinin səmavi dinlərin təsirinin üstün olduğu, mentalitetin din və əxlaq olaraq yeridildiyi ölkələrdə övladlar valideyn üçün damazlıq funksiyası daşıyır.
08/May/19
3319
LGBTKİA+ fərdlər təbiət düşmənidir?
Azərbaycanda həmçinin səmavi dinlərin təsirinin üstün olduğu, mentalitetin din və əxlaq olaraq yeridildiyi ölkələrdə övladlar valideyn üçün damazlıq funksiyası daşıyır. Valideynlər öz arzularını uşağa yükləməklə yanaşı, zamanı gəldikdə ən böyük öhdəlik kimi ana-atanı nənə-baba etmək məsuliyyətini də bu yükə əlavə edirlər. Bu tip ölkələrdə ailədə uşaqların, nəvələrin sayının çox olması qürur duyulası bir vəziyyət kimi qiymətləndirilir. Hətta vəziyyət o qədər acınacaqlıdır ki, ailədə uşağın dünyaya gəlməməsi sevgi ilə qurulduğu iddia edilən heteroseksual ailələrin belə yollarını ayırmasına səbəb ola bilir. (Burada hər nə qədər danışılası və müzakirə ediləsi başqa məqamlar olsa da, mövzu ilə əlaqəli olmadığı üçün burada saxlamalı olacağam.)
LGBTKİA+ icmanın cəmiyyət tərəfindən qəbul olunmaması, homofobiya və transfobiyanın kökündə də dərinə getsək yuxarıda qeyd etdiyim damazlıq təfəkkürü dayanır. Ən çox qarşılaşdığım əks-arqument eynicinsli münasibətlərin və ya özünü doğulduğun bədəndə hiss etməməyin təbiət qanunlarına zidd olduğu və insan nəslinin tükənməsinə səbəb ola biləcəyi cəfəngiyyatıdır. Patriarxal təfəkkürün nəticəsi olaraq, xüsusən, kişilərin üzərinə nəsli-soyadı davam etdirmək öhdəliyi qoyulur. Məhz bu səbəbdəndir ki, kişi bədəni ilə dünyaya gələn LGBTKIA+ fərdlər, xüsusilə cinsiyyət dəyişiminə meyilli transgenderlər daha çox diskriminasiyaya məruz qalır. Ona görə ki, onlar təbiətin onlara bəxş etdiyi ən böyük güc simvolundan - penisdən imtina edirlər.
Cəmiyyət hələ də anlamaq istəmir ki, uşaq dünyaya gətirmək öhxəlik, borc məsələsindən daha çox bizim fərdi təfəkkürümüz və yaşadığımız dünyaya qarşı münasibətimizlə əlaqəlidir. Sürrealizmin öndə gələn simalarından biri olan dahi rəssam Salvador Dali düşünürdü ki, insan dünyada başqa bir insandan daha üstün və dəyərli bir miras qoyub getməlidir. Məhz elə bu səbəbdəndir ki, o həyatını yaradıcılığına həsr etdi və ölümündən sonrası üçün dünyada bənzərsiz incəsənət nümunələrini miras qoydu.
Yaşadığımız dünyanı və dünyada mövcud olan problemləri, davam etməkdə olan prosesləri nəzərə alsaq, yeni bir insan dünyaya gətirmək nə qədər düzgündür? Doğrudanmı, insan sayının artması və nəslin davam etməsi bu qədər zəruridir?
Reallıq budur ki, ətraf mühitin həddindən artıq antropogen təsirlərə məruz qaldığı və qlobal ətraf mühit problemləri ilə üz-üzə olduğumuz bir dövrdə insan sayının artması heç də sevindirici hal deyil. Əksinə, say artdıqca təsir daha çox artır. Hesablamalar göstərir ki, valideynlər sahib olduqları hər uşağa görə ildə karbon dioksid ekvivalent emissiyasını 60 tona qədər artırmış olurlar. Karbon emissiyasının yüksək olması istixana effekti yaradan qazların balansını pozaraq, dünyanı İqlim Dəyişikliyi kimi böyük və real təhlükə ilə qarşı-qarşıya gətirir.
Digər tərəfdən isə əhali sayının artması dünya aclığının daha şiddətli vəziyyətə düşməsi ilə nəticələnə bilər. Artan əhali sayı əlavə qidaya və yeni yaşayış yerlərinə tələbatı artırır ki, bu da təbii ərazilərin sıradan çıxarılması və həmin ərazilərinin ekosisteminin məhv olması ilə nəticələnir. Artan insan sayı artan tələbat, istismar və ətraf mühitə atılan əlavə tullantı deməkdir.
Antropogen təsirlərin yaratdığı əks-təsirlər Yer kürəsini məhvə aprmaqdadır. Son illərdə xüsusilə ətraf mühitə antopogen təsirlər və bu təsirlərin yaratdığı əks-təsirlərdən dolayı antinatalistlərin (yaşadığımız dünyaya uşaq gətirməyin etik və ya əxlaqa uyğun olmadığı inancında olan şəxslər) sayı artmışdır. Üstəlik, valideyn qayğısına, keyfiyyətli təhsil və səhiyyəyə ehtiyac duyan milyonlarla uşaq olduğu halda sırf DNT-si uyğun olsun deyə, yeni bir fərd dünyaya gətirmək hüquqdan daha çox eqoizmdir mənə görə.
Bizim Azərbaycanda 10 milyonuncu vətəndaşımızı bayramla qarşılayıb sonda salyut ilə ətraf mühitə bir qədər daha zərər vurduğumuz bu günlərdə Hindistanda bir qrup aktivist Global No-Kids Campaign-ə qoşulmaq qərarına gəldiyini açıqlayıb. Həmçinin The Voluntary Human Extinction Movement (VHEMT) - Könüllü şəkildə İnsanın Nəslini Tükətmə Hərəkatı tərəfdarları gündən-günə artır. Sonunda SRHR (Seksual və Reproduktiv Sağlamlıq və Hüquqlar) və Ətraf mütit arasındakı əlaqənin önəmi diqqətə alınmağa və müzakirə edilməyə başlayır.
Yuxarıdakı faktları nəzərə alaraq, LGBTKİA+ fərdlərin ətraf mühitə təsirlərinə diqqət yetirək:
Hazırki demoqrafik vəziyyəti və qlobal ətraf mühit problemlərini nəzərə alaraq, bir fərdin ətraf mühit üçün edə biləcəyi ən böyük təvazökarlıq uşaq dünyaya gətirməkdən imtina etməsidir. Bu səbəbdən LGBTKİA+ fərdlər istər övlad sayının azlığı, istərsə də valideyn qayğısına ehtiyac duyan uşaqların himayə edilməsinə görə ətraf mühitə və insanlığa daha çox fayda vermiş olurlar.
İcma fərdləri arasında ən böyük ətraf mühit dostları isə sözsüz ki, transseksual fərqlər hesab oluna bilər. Belə ki, hər bir cisgender qadın həyatı boyunca 11-12 milyon ədəd bir istifadəlik menstrual gigiyena vasitəsini tullantı olaraq ətraf mühitə atır. Transgender kişilər əgər histerektomiya (qadın daxili orqanlarının bir qisminin və ya tamamilə kəsilib götürülməsi) əməliyyatı keçiribsə, bioloji olaraq uşaq dünyaya gətirməkdən imtina etmiş olur. Bundan əlavə, histerektomiya əməliyyatı olmasa belə, hormonal terapiya nəticəsində bir müddət sonra menstruasiya prosesi dayanır və nadir hallarda menstuasiyanın baş vermə ehtimalı olur ki, bu da cisgender qadınlar və ya qadın bədənini qəbul edən qeyri-binar transgenderlərə nəzərən ətraf mühitə daha az tullantının atılması deməkdir. Trans qadınlar isə menstruasiya prosesini ümumiyyətlə yaşamır.
Yuxarıdakılara əsasən belə nəticəyə gələ bilərik ki, homofobik və transfobik toplum hər nə qədər bizi təbiətə zidd getməkdə ittiham etsə də, LGBTKİA+ icma fərdləri əksinə, ətraf mühit üçün hazırda daha önəmli mövqedə dayanırlar. Məhz bizi ittiham edən şəxslər dünyaya gətirdikləri və bununla fəxr etdikəri hər yeni uşaqla ətraf mühitin ən böyük düşməni olan insan sayını artıraraq təbiətə ən böyük zərəri yetirirlər…
Müəllif: Raven