Two faces of gender dysphoria
Gender disforiyası nədir? Bu necə bir hissdir? Nə ilə bağlıdır?
29/Jun/19
4470
Gender disforiyasının iki üzü
Gender disforiyası nədir? Amerika Psixiatrik Assosiasiyasının verdiyi tərifə görə, gender disforiyası şəxsin doğuşda aid edildiyi cins ilə diskomfort yaşamasıdır. Yalnız diaqnoz qoyulduqdan sonra şəxsdəki disforiyaya daha dəqiq və geniş tərif verilir.
Bu necə bir hissdir? Nə ilə bağlıdır?
Gender disforiyasını başa düşmək üçün iki qola ayıra bilərik. Sosial disforiya və bədənlə bağlı disforiya.
Bədənlə bağlı disforiya haqqında daha çox danışılır və bu haqda çox şəxs məlumatlıdır. Məsələn, transgender bir kişi (dəyişmə keçməzdən əvvəl) bədənlə bağlı disforiya zamanı sinəsinin qabarıq olması, səsinin incə olması, çanağının eni, boyu, bel ölçüləri (bunlardan biri və ya bir neçəsi) ilə əlaqədar diskomfort yaşayır. Bədəninin müəyyən hissələrinin sanki özünə aid olmadığını hiss edir və çox vaxt həmin hissələrinin dəyişilməsinə can atır. “Binder” (sinəni hamar göstərən bondaj) və idman büstqalterləri, gen paltarlar ilə sinəsinin qabarıqlığını gizlədə, idmanla budlarının daha arıq olmasına çalışa, səsinin tonunu mümkün qədər aşağı saxlamağa cəhd edə bilir, yaxud da birbaşa hormon terapiyası ilə həmin feminin sayılan əlamətləri aradan qaldırmağa çalışır. Şəxs bədənini mənimsəməkdə çətinlik çəkir, bədənində rahat hiss etmir.
Amma disforiya bununla bitmir və sosial hissə də demək olar ki, bədənlə bağlı hissə qədər ağır olur. Sosial disforiya cəmiyyət tərəfindən şəxsin özünə xas olmayan bir genderdə qəbul edilib, ona uyğun davranıldığı zaman əziyyət verməyə başlayır. Tutaq ki, hər hansı bir şəxs özünü qadın olaraq identifikasiya edir, lakin insanlar onunla danışarkən kişilərə xas olan müraciət formalarından istifadə edirlərsə, onunla digər qadınlarla danışdıqları kimi deyil, kişilərlə danışdıqları formada ünsiyyətə keçirlərsə, həmin şəxs sosial disforiya (insanın sosial olaraq ona aid edilmiş gender ilə diskomfort yaşaması) hiss edə bilər. Əgər həmin qadın cəmiyyətin onu “qadın” olaraq qəbul etmədiyinə görə kişilər üçün nəzərdə tutulan ayaqyolundan istifadə etməli olursa, valideynləri, ətrafı təfərindən mağazalarda kişilər üçün nəzərdə tutulmuş bölmədən alış-veriş etməyə məcbur edilirsə, insanlar onu qadın cinsinə aid edilməyən adla çağırırsa – bunlar şəxsə sosial disforiya yaşadır.
Çox vaxt sosial və bədən disforiyası eyni zamanda mövcud olur və bir-birinə təkan verir. Məsələn, əgər şəxs sırf qabarıq sinəsinə görə insanlar tərəfindən “qadın” olaraq qəbul edilirsə, bu, insana sinəsi ilə bağlı bədən disforiyası yaşadır. Bu, ən çox qeyri-binar şəxslərdə müşahidə oluna bilir. Çünki əgər qeyri-binar bir insan qadın və ya kişi olaraq qəbul edilmək istəmirsə (çünki qadın və ya kişi deyil), saqqalı onu şəxsən narahat etməsə belə, saqqalı ucbatından hamı tərəfindən “kişi” kateqoriyasına salındığına görə disforiya yaşayıb saqqalını qırxa bilər.
Yenə də bütün transgender şəxslərin (qadın, kişi və qeyri-binar) hamısının eyni növ disforiyalardan (sinə, cinsi orqanlar və s) əziyyət çəkəcəyini, öz bədənlərini sevməyəcəklərini gözləmək düzgün deyil. Hər bir transgender şəxs disforiyasını müxtəlif cür, unikal şəkildə yaşayır. Çox vaxt bənzərliklər olsa belə, hamının eyni cür təcrübə yaşadığını zənn etmək düzgün deyil.
Beləliklə, gender disforiyası bir insanın özünü transgender deyə identifikasiya etməyinin başlıca səbəbidir. Yayılmış və yanlış bir fikir var ki, insanlar “eyni cins”lə əlaqədə olmaq üçün dəyişmə (transition) edir. Bunu ən çox transgender qadınlar barədə deyirlər ki, “onlar kişilərlə bir yerdə ola bilmək üçün bədənlərini dəyişib qadın bədəni edir”. Bu, tamamilə səhv və heteronormativ bir fikirdir. İnsanlar başqaları ilə əlaqədə olmaq üçün yox, bədənlərində özlərini rahat hiss edə bilmək üçün dəyişikliklərdən, əməliyyatlardan keçirlər. Amma gender disforiyası insana öz bədəni ilə problem yaratdığı üçün (disforiyadan əziyyət çəkən şəxs bədəninə yad hiss edə, sahib olmamalı olduğunu hiss etdiyi bədən üzvlərinə toxunulmasından narahat ola bilər) intim münasibətləri çətinləşdirə də bilir, təbii ki.
Buna görə də Qürur Ayında hamının insanlara qarşı daha həssas yanaşıb, gender-spesifik söz və ifadələr istifadə etməkdən qaçacağına ümid edirəm. Heç kəsin sosial disforiyasını tətikləməyək. Həyat onsuz da kifayət qədər çətindir.
Müəllif: Sam