Being gay in a province
Mənim taleyim siyasi rejimdən deyil, düşüncədən asılıdır…
01/Jul/19
5887
Mənim taleyim siyasi rejimdən deyil, düşüncədən asılıdır…
Mən adımı artıq bir dəfə dəyişmişəm rəsmi olaraq. Amma bu adla da tapdılar məni. Ona görə də, adsız biri kimi danışmaq mənə daha rahatdır.
Mənim doğulduğum ucqar dağ kəndində “gey” sözünün mənasını bilən, ya da bu sözü ömrü boyu eşidən demək olar ki, yox idi. Biz ailədə on bir uşaq idik, mən sonbeşik idim. Özüm yaşda, hətta məndən böyük bacı, qardaş uşaqlarım var idi. Anam milli filmlərdəki köhnə dövr paltarları, enli tumanlar, qaftanlar geyinən, saçlarını səkkiz dənə hörük hörən kənd qadınlardan idi. O, hər gün təndirdə çörək bişirir, həyətdə ocaq qalayıb, yekə qazanlarda böyük külfətimiz üçün yemək bişirirdi.
Atam və böyük qardaşlarım üzləri tüklü, nimdaş paltarlı, papiros və tər qoxusu verən, ailələri ilə kobud danışan və təsərrüfatda işləyən adamlar idi. Ən xırda sözdən çıxmaq, ən xırda nadinclik şillə, təpik, qapazla müşayiət olunurdu. Evimizdə kitab adına ancaq köhnə dərsliklər vardı, onları da cırıb nəsə bükürdülər.
Toyda-yasda kişilər ayrı oturur, birinci yeməyi onlar yeyir, hər şeyə onlar qərar verir, özlərini hər şeyin sahibi kimi aparırdılar. “Kişi ol!”, “Kişi deyilsənmi?”, “Kişilikdən deyil” kimi sözləri hər gün min dəfə eşidirdim.
Mən belə bir yerdə, belə bir ailədə böyüyürdüm.
Məktəbdə yaxşı oxuyurdum, anam buna çox sevinirdi. Böyük bacı-qardaşlarım oxumamışdı, anam indi bütün ümidini mənə bağlamışdı. Həmişə deyirdi: “Atan, bacı-qardaşlarından mənə bir haray olmadı, barı yaşlı vaxtımda sən məni ağ günə çıxararsan.”
Anama çox bağlı bir uşaq kimi böyüyürdüm. Bəlkə də ona görə ki, sonbeşik idim, anam böyük uşaqlarına verə bilmədiyi sevgini mənə verə bilirdi deyə, aramızdakı bağlar daha möhkəm idi. Onunla çoxlu danışır, arzularımı bölüşür, böyük şəhərə gedəcəyimi, orda ev alıb, anamı yanıma aparacağımı, onunla ikimizin bir evdə rahat yaşayacağını xəyal edirdim. Mən bunları anama danışanda, o deyirdi ki, hə, sən də evlənəcəksən, arvadın mənə qulluq edəcək, rahat olacam, sənin uşaqlarına baxacam. Anama etiraz etməsəm də, onun “arvadın olacaq” sözü nədənsə mənə heç cazibədar gəlmirdi.
Böyüdükcə fərqinə varırdım ki, qızlara başqa oğlanlar baxan kimi baxa bilmirəm. Mənim təmizkarlığım, əynimin səliqəsinə fikir verməyim, kitablardan öyrəndiyim kimi mədəni danışmağım, anamla, bacılarımla çox vaxt keçirib, onlarla söhbət etməyim, bütün bunlar atamı, qardaşlarımı, hətta qardaşlarım oğullarını narahat edir, onlar mənə əsəbiləşir, hər iki kəlmədən bir, “özünü kişi kimi apar” deyirdilər.
Gey olduğumun fərqinə varanda əsgər getmişdim. Onda hələ sovet ordusu idi. Orda əskərlərdən gey oriyentasiyası, bunun nə olması barədə dumanlı, dəqiq olmasa da, vəziyyətimi mənə izah edən məlumatlar ala bilmiş, bir az rahat olmuşdum. Onda hələ sovet ordusu idi. Özbək əsgərə vurulmuşdum. Gecələr xəlvət yer tapıb öpüşürdük. Bir gecə bizi bir rus əskər gördü. Məni və dostumu o ki var döydü. Dedi ki, sovet ordusunun adını batırırsız. Sonra gizlində mənə cinsi əlaqədə olmağı təklif elədi. Mən razı olmayanda dedi ki, bunu bütün əsgər və zabitlərə danışacaq. Məsum insan olduğumdan, bunun nə demək olduğunu anlamırdım. O, dediyi kimi elədi və gördüklərini hamıya danışdı. Ondan sonra hərbi xidmət mənim üçün cəhənnəmə çevrildi. Bir erməni əskər məni o ki var döydü. Dedi ki, Qafqazın adını batırmısan. Sonra bir azərbaycanlı əsgər döydü, o da dedi ki, Azərbaycanın adını batırmısan. Gündüzlər hamı görə-görə döyür, gecələr yatağımdan aparıb, zorlayırdılar ki, sən elə bunun üçünsən də…
Hərbi xidməti birtəhər bitirib, kəndimizə qayıtdım. Anam qayğıma qalmağa başladı. Yazıq qadın, başına dolandığı, körpə kimi əzizlədiyi oğlunun başına nələrin gətirildiyini bilsəydi, ürəyi partlayardı.
Anam çox yaşlanmışdı. Arzum şəhərə köçmək, universitet oxumaq, karyera qurmaq olsa da, ömrününü son illərini yaşayan anamı qoyub getmək barədə düşünmürdüm. Heç vaxt düşünmədiyim şeylərdən biri də, anama oriyentasiyam barədə danışmaq idi. Bilirdim ki, məni nə qədər sevsə də, bunu heç vaxt anlamaz və mənə bağışlamaz. Beləcə, anam ölənə qədər oriyentasiyamı gizlədim. Onunla özümü başqa bir adam kimi apardım, neçə il rol oynadım. Onun mənim üçün bəyəndiyi qızlardan imtina etmək üçün bəhanələr axtardım, il ötdükcə çoxsaylı qohumlarımın qınaq, sorğu-suallarına tab gətirdim. Axırda dözə bilmədim. Məni evləndirmələrinə razı oldum. Gey ola-ola, qadınla evlənməyə məcbur oldum. Evləndiyim qadın yəqin ki, gey olduğumu anlamadı, xəstə, ya da nəsə başqa problemi olan biri kimi qəbul elədi məni. Gerçəyi ona da demək ağlıma belə gətirdiyim bir şey deyildi. Rolumu oynamağa davam edir, çalışırdım ki, birtəhər bu vəziyyətdə dəli olmayım.
Sonra anam öldü. Onun ölümü ilə mənim sanki vicdan borcum da bitdi, ödəndi. Daha məni nə ailəyə, nə kəndimizə, nə də evimizə bağlayan bir şey yox idi. Anamın yas mərasimi kəndimizdəki son günlərim oldu. Yas bitən kimi, anamın köhnə, balaca, ağ-qara fotosunu götürüb, paltarlarımı yığıb, kəndimizdən birdəfəlik getdim. Əvvəl bir müddət Bakıda qaldım. Sənətlə maraqlanır, şeirlər yazır, samizdat ədəbiyyat oxuyur, müasir müəllifləri tanıyır, sənət ortamlarına düşməyə çalışırdım. Hələ o vaxt nə olduğundan çoxlarının xəbəri olmayan andeqraund şeirlər yazırdım, düşdüyüm ədəbi çevrələrdə oxuyurdum. O vaxt elə şeirləri heç kim çap etməzdi, amma çap olunmasam da, dar çevrələrdə tanınmağa başlayırdım.
Bu, elə çevrələr idi ki, orda gey olduğumu da deyə bilirdim.
Partnyor tapmaq çox çətin idi. Hər şey gizlində baş verirdi. Mən gey olduğumu gizlətməsəm də, partnyorlarım adətən gizli geylər olurdu. Münasibətlər uzun çəkmirdi, demək olar ki, bütün partnyorlarım sonra evlənirdi. Bu gizlilik, sanki ayıb, dəhşətli bir iş görürəmmiş kimi yaşamaq hisslərimi çox təhqir edirdi. Mən davamlı münasibət, sevgi, partnyorluq istəyirdim, partnyorlarım isə ancaq seks istəyirdi.
Zaman yavaş-yavaş dəyişirdi. Mobil telefonlar, sosial şəbəkələr kəndlə şəhəri yaxınlaşdırdı. İllərlə əlaqə saxlamadığım qohumlarım artıq mənə zəng edir, görüşməyə can atırdılar. Mənim çevrəmi tanımağa çalışır, barəmdə sorğu-sual edir, nə işlə məşğul olduğumla maraqlanırdılar.
Bir gün qardaşım oğullarından biri mənə zəng elədi. Telefonda çox pis söyüşlər söyməyə başladı, məni nəslin adını batırmaqdan ittiham elədi. Dedi ki, bu “ləkəni” ailəmizin adından silməyə and içib. Məni öldürəcəyi, tikə-tikə edəcəyi ilə hədələdi.
Başa düşdüm ki, bu söhbət qohumlarıma çatıb. Onların homoseksuallara münasibəti, kənddə belə bir xəbərin necə əks-səda doğuracağı məlum idi. Ona görə də, qardaşım oğlunun o biri qohumlarla birləşib, məni öldürməsi çox inandırıcı idi.
Artıq başımın çarəsinə baxmalı, həyatımı xilas etməli idim. Buna görə də sənət adamlarına təhlükə anında kömək edən proqramlardan birinə baş vurdum. Çətinliklə olsa da, Avropaya getdim. Amma orda da özümü rahat hiss etmirdim. Qorxu hissi məni izləyirdi. Düşünürdüm ki, qohumlarım bura da gəlib, məni öldürə bilərlər. Bizim yerlərdə bu, elə məsələdir ki, bütün qohumları “səfərbər” edər, pul yığıb, kimisə məhz məni öldürmək üçün Avropaya göndərə bilərdilər.
Qorxduğuma görə illərlə sosial şəbəkələrdən istifadə etmədim. Azərbaycanlılarla əlaqə saxlamadım. Onların Avropada çox olduqları yerlərə getmədim. Hətta adımı dəyişdim. Kəndimizi, qohumlarımı, adımı, başıma gələnləri unutmağa çalışdım.
Avropada sevgi də yaşaya bildim, partnyorlarım da oldu, uzunmüddətli əlaqələrim də. İllərdir sevgilimlə bir yerdə yaşayıram. Mənim yaşadığım rayonda əl-ələ tutmuş, öpüşən gey cütlük görmək çox adi bir şeydir. Bakıda həsrətini çəkdiyim yaradıcı geyimlər, aksesuarlar geyə, taxa bilirəm, özümü istədiyim kimi ifadə edə bilirəm. Dörd yandan ətraf, qohum, valideyn təzyiqi yoxdur. Bəzən o qədər aksesuar taxıram ki, partnyorum deyir, bu qədər lazım deyil axı. Deyirəm, mənim ölkəmdə bunları taxmaq azadlığı yoxdur. Burda var deyə, o azadlıqdan istifadə etmək istəyirəm.
Bir il olar ki, sosial şəbəkələrdən istifadə etməyə başlamışam. Gey qruplara üzv olmuşam. Şəklim və adım özümün deyil. Amma qohumlarım bu qədər gizliliklə də məni tapa bildilər. Arada inboksuma qardaşım oğlundan mesaj gəlir, deyir ki, məni tanıyırsanmı, kiməm? Cavab vermirəm.
Həyatda ən böyük arzum kəndimizi son dəfə görməkdir. O torpaqlarda mən həmişə bədbəxt olmuşam. Amma ora anamın dəfn olunduğu yerdir, doğulduğum yerdir. Bilirəm ki, bu, mümkün deyil. Mən sağ ikən heç vaxt o yerləri görə bilməyəcəyəm.
Bəzən xəbərləri oxuyuram. Siyasi məhbuslar əfv edilir, mühacirlər yaşadlqları ölkənin vətəndaşlığın alıb, vətənlərinə gedib gələ bilir. Amma mənim vəziyyətimdə bu mümkün deyil. Çünki düşmənim siyasi rejim deyil, prezident ya hökümət deyil ki, dəyişəndə, fərman verəndə taleyim ondan asılı olsun. Mənim taleyim, arzularım onlarla, yüzlərlə insandan, onların düşüncələrindən asılıdır.
O düşüncə isə, hələ ki, dəyişmir.
Müəllif: M.Q.