"Pose!" - eternal legacy of LGBTQ+
“Sən o dünyada istədiyin hər şeyi edib insanlar tərəfindən qəbul edilə bilərsən. Təkcə qəbul edilmək yox, hətta pərəstiş oluna bilərsən.”
15/Oct/19
4073
“Poza ver!”- LGBTQ-in əbədi mirası
“Sən o dünyada istədiyin hər şeyi edib insanlar tərəfindən qəbul edilə bilərsən. Təkcə qəbul edilmək yox, hətta pərəstiş oluna bilərsən.” - Bu sözləri Sem Smitin “Promises” mahnısına çəkilən videoklipin əvvəlində bir rəqqas deyir. O dünya dedikdə də Voqinqi (Voguing) nəzərdə tutur. Nədir bəs bu Voqinq?
Voqinq ən bəsit izahla bir rəqs növü olub, 1980-cı illərdə Bal otağı kültürünün (Ballroom Culture) davamı olaraq yaranıb. Rəqsin elementləri Vogue jurnalındaki modellərin pozalarına oxşayır: şaquli və üfüqi əl və ayaq hərəkətləri, həndəsi fiqur formalarına bənzəyən duruşlar, büzülmüş dodaqlar və özündən tamamilə əmin pozalar. Elə buna görə də rəqs Voqinq adlanır.
Voqinq əsasən rəqs növü olaraq bilinsə də, əslində ondan qat-qat artığıdır. Voqinq özlüyündə LGBTQ+ mədəniyyətinin alt mədəniyyəti kimi çıxış edir. Uzun müddət andeqraund mədəniyyət olaraq ancaq qaradərili və Latın Amerikalı gay kişilər və trans qadınlar arasında populyar olsa da, 1990-cı ildən başlayaraq məşhurluğu artmağa başlayıb. Buna da əsas iki hadisə səbəbiyyət verib: Madonnanın Vogue mahnısı və Cenni Livinqstonun Nyu-Yorkun Voq rəqqasları haqqında çəkdiyi “Paris yanır” (“Paris is Burning”) sənədli filmi.
Voqinqin yaranma tarixi və kim tərəfindən yaradıldığı dəqiq deyil. Ancaq 1980-cı illərdən başlayaraq əsasən qaradərili və Latın Amerikalı LGBTQ+ fərdləri tərəfindən yaradıldığı məlumdur. Əslində Voqinq 1980-cı ilə qədər Bal otağı mədəniyyəti adı altında artıq mövcud idi, sonradan özünə məxsus elementləri kəskinləşdiyi və get-gedə meynstrimə çevrildiyi üçün ayrıca bir subkultur halına gəldi.
Voqinq və Bal otağı mədəniyyəti eyni kökdən gəldikləri üçün aralarında xeyli oxşar elementlər var. Bu iki LGBTQ+ mədəniyyətini birləşdirən cəhətlərdən ən vacibi azlıqlar arasında yaranıb yayılmasıdır. Daima cəmiyyət tərəfindən ayrı-seçkiliyə məruz qalan, qəbul edilməyən azlıqlar və hətta onların tərkibindəki azlıqlar - qaradərili və latino geylər, translar, ümumilikdə kvir fərdlər. Voqinqin əsas mahiyyəti də elə buradan gəlir: özlərini tamamilə təhlükəsiz hiss edə biləcəkləri bir cəmiyyət yaratmaq.
Ailələr və ya evlər bu iki mədəniyyətin özək elementlərindən biridir. Voqinqlə məşğul olan rəqqaslar adətən ailələri tərəfindən evlərindən qovulmuş və ailə münasibətləri tamamilə korlanmış LGBTQ+ fərdləri idi. Evlər onları öz himayəsinə götürür və onlar burada ailə kimi yaşamağa başlayırdılar. Öz doğma vaildeynlərindən görə bilmədikləri qayğını burada sonradan qazandıqları valideynlərindən görürdülər.
Evlər tipik ailə rolunu oynayırdı, hər evdə ana (dreq kuinlər) və ya ata və onların himayəsində olan uşaqlar mövcud idi. Bu evlər həm də öz aralarında rəqabətdə idilər, hər kəs öz evini daha məşhur, daha şöhrətli etməyə çalışırdı. Əfsanəvi evlər və onların başçıları Voq rəqqasları arasında çox hörmət edilirdi. House of LaBeija, House of Extravaganza, House of Ninja və s. ən nüfuzlu evlərdən sayılırdı. Bu evləri nüfuzlu edən isə adətən onların əfsanəvi başçıları olurdu.
Villi Ninja Ninja Evinin atası olmaqla bərabər, həm də ümumilikdə Voqinq rəqsinin atası kimi bilinirdi. Voq rəqsinin yaradıcısı dəqiq bilinməsə də, Villi Ninjaya adətən bu rəqsin başçısı və ya yaradıcısı kimi istinad edilir. Villi Ninjanı digərlərindən fərqləndirən bir neçə detal var idi. Bal otağı mədəniyyətindən etibarən rəqqaslar adətən qadın və ya kişi roluna bürünür və öz performanslarını belə sərgiləyirdilər. Onlar ya tamamilə feminin obrazda: makiyajda və hündürdaban ayaqqıbalarda, diqqət cəlb edən parıltılı paltarlar içərisində, və ya əksinə, maskulin obrazda: bığlı, qısa saçlı və kostyumda olmalı idilər. Villi Ninja isə hər ikisini eyni anda edirdi. Uzun saç, makiyaj və qadın paltarında, amma eyni zamanda bığlı və maskulin görkəmdə rəqs edirdi. Femininlik və maskulinliyi birləşdirdiyi və ya arasında kəskin fərqlər qoymadığı üçün gender-flüid və qeyri-binar fərdlərə də xitab edirdi. Kişi dominantlığının üstün olduğu cəmiyyətdə qadına pərəstiş edən alt-mədəniyyətin əsas fiqurlarından biri olub, ancaq burada da stereotiplərə dözməyib onları qırmaq Villi Ninjanı özünəməxsus edən ən əsas keyfiyyətlərdən idi.
Voqinqin meynstrim mədəniyyətə çevrilməsi 1990-cı ildən etibarən Cenni Livinqstonun “Paris yanır” (“Paris is Burning”) filmi məşhurlaşdıqdan sonra başladı. “Paris is Burning” filmi Voqinqin tarixini öyrənmək və 90-cı illərin ən nüfuzlu evləri və onların başçılarını tanımaq üçün çox əhəmiyyətli mənbədir. “Paris yanır” filmindən sonra Voqinqi və hətta daha da əvvələ gedərək Bal otağı mədəniyyətini də araşdıran bir neçə sənədli filmlər çəkildi, ancaq heç biri “Paris yanır” qədər səs gətirə bilmədi. Film Harlemin Voqinq rəqs yarışlarını, rəqqaslar arasındakı rəqabəti və Voqinqə məxsus bütün elementləri və onların mənasını rəqqasların öz dilindən izah edir, o vaxta qədər Voqinq və əsasən Harlemin LGBTQ+ icması üçün çox işlər görmüş trans, gey və kvir fərdləri, dreq kuinləri bizə yaxından tanıdır.
“Paris yanır” filmini tamamlamaq Cenni Livinqstonun 3 ili aldı. Filmdə çəkilən bir çox rəqqaslar isə film tamamlanmadan artıq ölmüşdülər, ya AİDS-dən, ya da cinayətdən. Filmdə görünən transgender qadınlar çox vaxt seks işçisi kimi də işləyirdilər, və sözsüz ki, bu, onlar üçün heç də təhlükəsiz deyildi. Çox vaxt cinayətlər nifrət motivli olurdu.
Hal-hazırda Voqinqi stillərinə görə bölməli olsaq, 3 kateqoriyanın adını çəkə bilərik:
• Köhnə stil Voqinq (1990-cı ilə qədər mövcud olan Voqinq)
• Yeni stil Voqinq (1990-cı ildən sonrakı dövr)
• Voq Fem (1995-dən bəri)
Voq Fem əsasən feminin elementlər üzərində qurulsa da, flüid olmağı ilə də seçilir. Voq Femin rəqs elementləri əsasən 5 hissədən ibarətdir:
1. əl hərəkətləri
2. pişik yerişi
3. ördək yerişi
4. döşəmə performansı
5. spin və ya dip
Aşağıdaki videoda modern Voqinqin əsas 5 elementini çox aydın şəkildə görmək olar.
Bu gün Voqinq təkcə Nyu-Yorkun Harlem ərazisində deyil, bir çox ölkələrdə yayılıb. Xüsusilə Avropada, əsasən də Fransa və Almaniyada Voqinq mədəniyyəti və onun elementləri böyük miqyasda yaşadılır. Adətən LGBTQ+ icmasının böyük olduğu ölkələrdə mövcud olsa da, demək olar ki dünyanın hər yerində Voq rəqqaslarını görmək olar. Pop mədəniyyətində də Voqinqin təsirlərinə rast gəlmək mümkündür, Beyons, Rihanna, FKA Tviqs, Madonna və s. digər məşhur pop ulduzlarının performanslarında Voq rəqsinin elementlərini görmək olar, bu da çox vaxt xoreoqraflarının Voq rəqqasları olması ilə bağlıdır.
Əfsanəvi rəqqasları və başçıları artıq yaşamasalar belə, 19-cu əsrin sonlarından bəri təkamül edərək bu günə qədər gəlib çıxmış Voqinq rəqsi LGBTQ+ mədəniyyətinin ən böyük miraslarından biridir. Voqinq LGBTQ+ fərdləri üçün təhlükəsiz bir məkan və özünüifadə forması olmaqdan əlavə, mübarizənin həmişə qol gücü ilə yox, incəsənətin gücü ilə də aparıla biləcəyini göstərən bir məktəb, ailəsiz LGBTQ+ fərdləri üçün ailə rolunu oynayan bir ev və azlıqların, əzilən icmaların daima rədd edildikləri cəmiyyətə verdikləri ən gözəl cavabları idi: Poza ver!