Homophobia or in between?
Doqquz iqlim qurşağı, Odlar yurdu, Sarı gəlin, dolmanın vətənində primitiv insan haqları mövzularında danışmaq milli-mənəvi normalara uyğun gəlmədiyi hamımıza məlumdur.
14/Mar/20
6026
Doqquz iqlim qurşağı, Odlar yurdu, Sarı gəlin, dolmanın vətənində primitiv insan haqları mövzularında danışmaq milli-mənəvi normalara uyğun gəlmədiyi hamımıza məlumdur. Tabu altında olan mövzular içərisində feminizm, sülh quruculuğu və LGBTQ haqlarını qeyd etmək olar. Bu mövzularda hamı susur: media, incəsənət, bizi əhatə edən insanların əksəriyyəti. Amma siz təsəvvür edə bilərsinizmi ki, əgər ən azından sənətçilərin dilindən bu mövzuları eşitmiş olsaydıq, bəlkə də 8 Mart 2020-ci ildə şahidi olduğumuz biabırçılığa yer verilməzdi, heç bəlkə də o yürüşə ehtiyac qalmayacaqdı? Biabırçılıq təbii ki, yürüşün varlığında deyil, ona olan reaksiyadadır, bunu sosial şəbəkələrdəki rəylərdən görə bilərsiniz.
Amma əsas mövzum bu deyil, məhz bu ilki Avroviziyaya göndərəcəyimiz mahnıdır. İllərdir öz aktuallığını və bədii dəyərini itirən bu yarışmada ölkəmizi Samirə Əfəndi “Kleopatra” adlı mahnı ilə təmsil edəcək. Tam səmimi olmaq üçün onu qeyd etməliyəm ki, biz geylər üçün pop mədəniyyəti həmişə vacib və maraqlı olub, Avroviziya yarışması da istisna hal deyil. Sadəcə təxminən 2012-ci ildən sonra bu yarışmada nə qədər LGBTQ mövzularına toxunsalar da, diqqətə layiq mahnılar birdən-birə yox oldular və həmin ildən bu ilimizə qədər qalib olmuş mahnılar qulaq və zövq üçün terror aktından başqa bir şey deyil. Ümumiyyətlə, yadınızda saxlayın ki, əgər bir gey bir ifaçını bəyənmirsə, bunu heç vaxt əsassız şəkildə etməz, çünki musiqi duyumu bizə sanki doğulduğumuz zaman verilir və buna görə də insanlar geylərin zövqünə inanır və müraciət edirlər.
Samirə xanım səhv etmirəmsə televiziya müsabiqələrinin yetirməsidir, vokal performansı heç də pis deyil. Xanımın Avroviziyadan əvvəlki fonotekasına nəzər salsanız, Samirənin heç də bayağı ifaçı olmadığını özünüz görə bilərsiniz. Amma sizcə mənim Samirə ilə olan davam nədən ibarətdir? Gəlin aydınlaşdıraq.
Sözü gedən “Kleopatra” mahnısı Martın 10-nda tamaşaçıların ixtiyarına buraxıldı və mən də yalnızca müşahidəçi kimi klipə baxmaq qərarına gəldim. Klipin ümumi tematikası qədim Misir mədəniyyətinə həsr olunub və bildiyim qədəri ilə klip Qobustan qoruğunun çöllərində çəkilib. İlk saniyələrindən anlamaq olar ki, təşkilatçılar yenə də babat xərc çəkərək, xarici bəstəkarların ciblərini vergilərimizin pulu ilə doldurublar. 2008-ci ildə hələ ilk dəfə bu yarışmaya qatılanda, Azərbaycan üçün mahnını məhz yerli bəstəkarımız Gövhər Həsənzadəyə həvalə etmişdirlər və çox, amma ÇOX möhtəşəm əsər ortaya qoyulmuşdur (“Day after day”). Lakin sonra nədənsə özümüzkiləri bəyənmədik, getdik İsveç-Norveç-Alman və sairə bəstəkarlardan mahnı almağa. Bu da sənətçilərimizə verilən dəyər, amma əsas mətləbdən yayınmayaq.
Deməli, bu mahnı etnik üslubda bəstələnib, daha çox yunan popunu xatırladır və kompozisiya olaraq, onu dinləyərkən insana “bunu haradasa eşitmişəm” deyə düşündürən primitiv mahnıdır. Yüngülvarı , tez yadda qalan “la-la-la-la" tipli nəqarəti var, amma adam heç rəqs etmək istəmir “Kleopatra”-nın sədaları altında. Avroviziyanın əsas kütləsi LGBTQ icma olduğu üçün, bu mahnıya olan videonun konseptini dünyaca məşhur, əsl gey ikonaları sayılan müğənnilər Beyonse və Keti Peridən oğurlayıblar. Belə ki, həmin video klipdəki təsvirlər demək olar ki, Beyonsenin “Run the world (Girls) sinqlına çəkilmiş klipi xatırladır, klipin əsas mövzusu Misir mədəniyyəti ələlxüsus da Kleopatra obrazına isə Keti Peri hələ 2014-cü ildə “Dark horse” klipində müraciət etmişdi.
Klipi təsvir etmək istəmirəm, özünüz izləyə bilərsiniz, məni narahat edən məqam nə klip nə də performans deyil, mahnının ilk cümləsidir:
“Kleopatra mənim kimi kraliça olub,
Mənim kimi, mənim kimi, mənim kimi.
Heteroseksual, gey və yaxud da bunların qarışığı, qarışığı.”
Artıq burdan o tərəfə mahnıya nifrətim başladı. Azərbaycanın homofob olması heç birimiz üçün sirr deyil, bunu müxtəlif təşkilatların bəyanat və hesabatlarında görməkdən əlavə, ətrafımızda olan istənilən adamı LGBTQ mövzusunda dindirsək, şahidi olarıq. 2017-ci ilin sentyabrında icmamıza qarşı təqiblər başlandı, tutulanlar, zərər çəkənlər, saçları kəsilən transgender şəxslərin sayı 100-ə çatmışdı. ILGA Europe həmin il həyacan təbili çalmışdı, diqqəti Azərbaycan LGBTQ icmasına yönəltməyi tələb edirdi. Həmin ildən sonra da təşkilatın hesabatlarında Azərbaycan ən homofob ölkə kimi qələmə verildi. Madam ki, bizdə homoseksual olduğun üçün nifrətə, ayrı-seçkiliyə məruz qalacağını bilsək, tamamilə haqlı bəyanat idi, amma buna baxmayaraq Samirə Əfəndi öz mahnısında “gey” sözünü rahatlıqla istifadə edir. Mahnı 1 gündür ki, təqdim olunub və hələ ki, dil baryerinə görə tərcüməsi hamıya tam çatmayıb. Mentalitet keşikçiləri üçün ölkəmizi təmsil edəcək mahnıda bu sözə yer olmalı deyil, dərin düşünməyi bacarmayan tolerant insanlar üçün bu cəmiyyətimizin gözündə oriyentasiya məsələsinə diqqət ayırmaq üçün atılmış bir addımdır. Və hələ ki, barmaqla sayılacaq qədər insanlar anlayır ki, hakimiyyət LBGTQ kartını ona görə Avropanın qarşısına atır ki, o kütlənin qarşısında tolerant və sivil cəmiyyət obrazını yaratsın.
Bir düşünün, ana dilimizdə bu cür mahnı çıxsa və auditoriya elə Azərbaycan əhalisi olsa reaksiya nə olar? Ümumiyyətlə hansı sənətçi sənətində gender, oriyentasiya mövzularına toxuna bilər? Heç hansı. Azərbaycanın tolerantlıq mövzusunda məhz ölkə hüdudlarında bir iş görməyib, musiqi yarışmasına mələk obrazında çıxması şəxsən mənim üzümə vurulan sillədir, ki, gücüm ancaq bu yazını yazmağa çatır, eşidilməyim ümidi ilə. İrağ-irağ, qalib olsaq, məyusluğumu, nə cür alçalacağımı təsəvvür edə bilməzsiniz. Hələ YouTube-da həmin mahnıya göy qurşağı, LGBTQ ilə əlaqəli dəstək (tənqid deyil, dəstək) rəylərinin silinməsi də çox biabırçı haldır, özünü “LGBTQ friendly” elan edən yarışma üçün.
Çağırış kimi olmasın, amma bu mahnı iqnor edilməlidir. LGBTQ icması bu ölkədə öz gizli həyatını yaşamağa məcburdur, bu gizliliyə sığınıb, öz balaca dünyamızı yaratmışıq, hətta hərdən o dünyanın lap dərininə qapanan fərdlərimiz elə zənn edirlər ki, onlar tolerant mühitdə yaşayırlar, fərqinə varmırlar ki, o mühiti yaradan məhz onlar kimi queer insanlardır, Azərbaycan cəmiyyəti deyil.
Powered by Froala Editor