History of building heterosexuality in modern Azerbaijan
Historians have been researching the history of homosexuality for years now. However, since people's sex & gender are being assigned at birth we can argue that the question itself is wrong.
17/Dec/20
5367
İllər boyu tarixçilər homoseksuallığın tarixini araşdırmışlar. Lakin insanların cinsi və ya genderi doğuş zamanı təyin edildiyi üçün sualın səhv qurulduğunu iddia etmək mümkündür. Belə ki, övladlarının cins və ya genderini doğuş zamanı təyin etdikləri üçün valideynlər, daha sonra isə məktəb, media və digər institutlar uşaqların həmin təyin edilmiş cins və ya genderə uyğun davranmalı olduqları rollar aşılayır. Seksuallığın əslində bir rol kimi qurulduğunu nəzərə alsaq, bu zaman tarixçilərin məhz niyə homoseksuallıq tarixini öyrəndiklərini sorğulamaq qaçılmazdır. Məsələn, Homoseksual rol yazısında Meri Makintoş iddia edir ki, homoseksuallıq və heteroseksuallıq hər cəmiyyətə xas deyil və İngiltərədə 17-ci əsrdə formalaşıb. Ona görə də bu mövzunu, yəni seksuallığın tarixini daha yaxşı başa düşmək və öyrənmək üçün homoseksuallara müraciət edilən zaman ayrı-seçkiliyə söykənən dildən istifadə etməmək böyük əhəmiyyət kəsb edir.
Bu yazıda mən heteroseksual millətçi kimliyin LGBTİ mövzularını ermənilərlə əlaqələndirən, eyni zamanda, erməniləri və LGBTİ-ləri - anormal və ya anormallıq, heteroseksual azərbaycanlıları - normal və ya normallıq kimi izah və təqdim edən narrativlərin necə qurulduğunu araşdırmağa çalışmışam. Belə ki, burada əsas diqqət ‘erməni həqiqətlərini’ ortaya qoyan Kirpi.info tərəfindən istifadə edilən diskursa yönəldilib. Kirpi.info-nun mediumlarını təhlil etmək üçün Mossenin millətçilik və seksuallıq haqqında yanaşmaları və Fukonun iqtidar və bilik diskursundan istifadə edərək seksuallığın gözardı edilməsini tədqiq etmişəm.
Seksuallıq və millətçilik
Azərbaycanda millətçi ideologiyalar və seksuallıq düşmən obrazının formalaşdırılması ilə sıx bağlıdır. Ona görə də, millətçilik və seksuallıq arasındakı əlaqəni müzakirə edərkən ictimai tarixçi Corc L.Mossenin yazılarına müraciət etmək mühüm təməl hesab olunur. Əlbəttə ki, millətçi ideyalar ictimai və tarixi kontekstdən asılı olaraq bir neçə amilə əsaslanaraq inkişaf edir. Mosse millətçilik ideyalarını öyrənərkən bir qrupun digərinə nisbətdə ekskluzivliyinə və üstünlüyünə diqqət yetirir. "Millətçilik və seksuallıq" kitabında o, müasir dövrdə meydana gələn və bir-birini qarşılıqlı dəstəkləyən anlayışları - millətçilik və hörmətliliyi - araşdırır. Mossenin iddiasına görə, burjua məhsulu olan hörmətlilik anlayışı normallığı müəyyənləşdirir və "sağlam cəmiyyətin" normalarını, davranışlarını və əxlaqını ifadə edir. Nəticədə normallıq və anormalllıq müasir hörmətlilik anlayışının əsas xüsusiyyətlərinə çevrilir və millətçilik bu haçalanmanı gücləndirir və yayır.
Kirpi.info-nun paylaşdığı videoların ikisində Ermənistanın sabiq prezidenti Sarkisyan göy qurşağı köynəyində, digər bütün hökumət rəsmiləri və nümayəndələri isə göy qurşağı rəngli qalstukla təsvir edilib. Bundan əlavə, "Hay Həqiqətləri" layihəsinin multimedia məzmunu ‘Ermənistan haqqında həqiqəti söyləmək’ məqsədi daşıyır. Layihə bu həqiqətlərdən əlavə, cəmiyyətin LGBTİ mövzularına münasibətini də vurğulayır. Belə ki, zamanla "erməni" və "petux" sözləri ümumi təhqirə çevrilərək anormallıqla assosiasiya olunur.
Bu cizgi filmlərinin əsas xüsusiyyəti - göy qurşağı geyimində olan düşmən - həm ermənilərə, həm də homoseksuallara qarşı millətçilik ideyaları və nifrət üzərində qurulmuşdur. Bu da öz növbəsində, LGBTİ-lərə qarşı fobiyaya töhfəsini verir. Mossenin iddasına görə, milləti qorumaq üçün 'normallıqla anormallıq arasındakı xətt möhkəm bir şəkildə çəkilməlidir'. Həmin bu xətti Azərbaycana tətbiq etdikdə ermənilər və homoseksuallar ‘anormallıq’ tərəfində yerləşdirilir. Mosse qeyd edir ki, konspirologiyalar yaymaq və dövlət əleyhinə təxribatçılıq homoseksuallara aid başqa bir xüsusiyyətdir. Bunları nəzərə alsaq, homoseksuallarla konspirologiyaları əlaqələndirən fərziyyələr və iddialar homoseksualların müasir Azərbaycanda millətin düşməni olduğuna inamı gücləndirib. Digər tərəfdən, bunu Sovet dövrünün mirası kimi görmək olar. Sovet İttifaqında da homoseksuallar çox vaxt ‘vətənə xəyanət etdiklərinə görə’ cəzalandırılırdı.
Bu konspirologiyalar ‘sağlam cəmiyyəti’ məhv etmək üçün əməkdaşlıq etdiklərinə inanılan ‘autsayderləri’ təqib edir. Mossenin də dediyi kimi, kənar şəxslərin ‘şərəfə’ sahib olmaq imkanı rədd edilir. Şərəf millətçilik ideologiyalarında kişilik anlayışının ayrılmaz hissəsi kimi görülür. Kirpi.info-nun multimedia məzmunu bu autsayderləri - ermənilər və homoseksualları - insan kimi qəbul edilməyənləri birləşdirir.
Medianın milli kimlik mövzusundakı diskursu ‘əks tərəfin’ müəyyən olunmasını tələb edir. Bu, ‘kişilik’ keyfiyyətlərini əldə edə bilməyənləri təmsil edə bilən bir obraz kimi qurulur. Mosse iddia edir ki, “kişilik idealı həm burjua cəmiyyətinin, həm də milli ideologiyanın əsasını təşkil etmişdir. Kişilik mövcud - normal və anormallıq hesab edilənlər arasındakı nizamı qorumaq üçün tətbiq edilmişdir.” Kirpi.info da milli kimliyi əksi tərəflə təmin edən - eşşək kimi təsvir edilmiş homoseksual erməni prezident görüntüsünü yaradıb. Mosse normallığın tarixən təyin olunduğunu və heç bir qanunun onu təyin edə bilməyəcəyini iddia edir. Buna görə də əslində Kirpi.info-nun media diskursu tarixi şərtlərin məhsuludur. Bu şərtlər normallıqla anormallıq arasındakı fərqləri müəyyən edən sərhədlərlə təyin olunub. Bu sərhədləri keçən hər kəs əks tərəfə - 'cəmiyyətin düşmənlərinə' qoşulur.
İqtidar/bilik və seksuallıq
Avropanı "müasirliyin" vətəni hesab etsək, Azərbaycanın müasirliyini də onun Avropa ilə münasibətlərinə uyğun olaraq müəyyənləşdirmək lazımdır. Fukonun narrativləri Avropa və onun 'xarici' arasındakı seksuallıq mövzusunda fikir ayrılıqlarına, xüsusilə Şərqin seksual mədəniyyətlərini romantikləşdirməyə nəzər yetirərkən daha uyğundur. Fuko Şərq seksuallığını və ya Qərbdən kənardakı seksuallıq anlayışını erotik incəsənət - ars erotica olaraq xarakterizə edir. Di gəl ki, bu haçalanma Şərq cəmiyyətlərində seksual bilik sistemlərini izah etmək üçün yetərli deyil.
Sedqvik homoseksuallıq və heteroseksuallığa verilən tərifdən yaranan böhranı Qərb müasirliyinin özünəməxsus xüsusiyyəti olaraq qeyd edir. Qərbdə bu tərif bir-birinə əks olan iki fikir - haçalanma kimi təqdim olunurdu. Homoseksuallıq tarixinin subyekti olan homoseksualın özünün də hansı şəkildə iqtidar strukturları tərəfindən istehsal edildiyini və cilovlandığını başa düşmək lazımdır. Sedqvik homoseksuallığın heteroseksuallığa zidd və ya qarşı bir nəsnə kimi şərhləndirilməsinin biliyin iqtidarına (power of knowledge) töhfə verdiyini iddia edir. Yəni hakim və ya iqtidar bilik homofobiyadırsa, demək ki o, heteroseksuallıq üzərində qurulmuş və heteroseksuallığa zidd olan homoseksuallıq haqqında danışmaq homofobik iqtidara öz töhfəsini vermiş olur. Azərbaycanda da homoseksuallıq heteroseksuallığa zidd bir nəsnə kimi şərhləndirilir. Bu şərhləndirmə öz növbəsində millətçi ideologiyaların cəhalət iqtidarına töhfə vermiş olur. Fukonun iqtidar / bilik nəzəriyyəsinə görə, Sedqvik cəhalətə biliyin bir hissəsi kimi baxır və bunu müasir dövrdə homoseksuallara qarşı təzyiq vasitəsi hesab edir. Seksuallıq haqqındakı cəhalət millətçilər tərəfindən sorğulanan LGBTİ mövzularının siyasi mövzu kimi təsvir edilməməsinə təsir göstərir. Azərbaycanda isə bu böhran milli mənəvi dəyərləri pozan və ya təhlükə yaradan Qərb təsirinin milli kimliyə zidd olan sualları ilə qurulur. Bu seksuallıq diskursu milli kimliyin siyasi problemlərini doğurur. Ona görə də millətçilik barədə müzakirələr LGBTİ mövzularının perspektivlərini də əhatə edir, bununla da homoseksualları dehumanizə edir, insanlıqdan çıxarır.
Seksual anormallıq Azərbaycanda müəyyən bir iqtidar paylanmasının məhsuludur. Kirpi.info multimedia məzmunlarında olduğu kimi, millətçi ideologiyalar onu düşmənlə əlaqələndirir. Fukonun iddia etdiyinə görə, həqiqət, bilik və iqtidar anlayışları bir-birindən ayrıla bilməz və iqtidar bilik yaradır, bilik isə həqiqət kimi təqdim olunur. Azərbaycana gəldikdə isə, iqtidar tərəfindən yaradılan bu bilik homoseksuallığı düşmən xüsusiyyətlərinə aid etdiyi üçün qəbul etmir. Fuko bu 'repressiv fərziyyəni' - 'burjua' cəmiyyətinin iqtidar/bilik mexanizmlərini sual altına alır. O, iddia edir ki, müasir cəmiyyət seksuallıq mövzusunda mübahisələrin yayılması və çoxalmasına səbəb olub. Bununla da onun kimliyin bir xüsusiyyəti olaraq qurulmasına vəkillik edib. Fukonun fərziyyəsini nəzərə alsaq, o zaman niyə Azərbaycanda millətçi mediada yayımlanan məlumatlarda LGBTİ-lərin və onlarla bağlı mövzuların "milli kimliyə zidd" adlandırıldığını daha asan başa düşmək mümkündür.
Nəticə olaraq
Azərbaycan millətçiliyinin xüsusiyyətlərindən biri olan kişilik standartlara uyğun olmayanlarla müqayisədə daha çox müəyyən edilir. Yəni kişiliyin nə olduğunu yox, nə olmadığını bildirən standartlar xüsusi əhəmiyyət kəsb edir. Bu standartların əsas təyinediciləri a) erməni olmaq və b) homoseksual olmaq - başqa sözlə, millətin düşməni olmaqdır.
Kirpi.info-nun multimedia məzmununun təhlili LGBTİ mövzuları ilə millətçi ideologiyalar arasındakı əlaqəni də göstərməyə kömək etdi. Bu əlaqə heteroseksual azərbaycanlı stereotipi və 'əks tərəf' ilə şərh olunur. Bu haçalanma hakim iqtidar diskursları - millətçi media məzmunu ilə istehsal olunur.
İstinadlar
Foucault, Michel. 1998. The History of Sexuality: Vol. 1. London: Penguin Book.
Healey, Dan. 2018. Russain Homophobia from Stalin to sochi. London: Bloomsbury Academic.
Kirpi-info. 2016. Kirpi İnfo. 05 April. https://kirpi.info/news/1038/sarkisyanin-cizgi-filmi-span-style-colorff173d-font-weightbold-video-span.
Kirpi-info. 2017. Kirpi İnfo. 28 November. https://kirpi.info/news/3245/gayastan-ordusu-ermeni-esgeri-haqqinda-cizgi-filmi-video.
Kirpi-info. 2017. Kirpi İnfo. 27 February. https://kirpi.info/news/2296/azerbaycanda-sarkisyan-haqqinda-yeni-cizgi-filmi-cekildi-video.
Mamedov, Mikail. 2014. “The Stone Dreams scandal: the Nagorny Karabakh conflict and Armenian-Azerbaijani relations in contemporary literature.” Caucasus Survey 42-59.
Mosse, George L. 1985. Nationalism and Sexuality. London: The University of Wisconsin Press.
Nona Shahnazaryan, Aygun Aslanova, Edita Badasyan. 2016. “Under The Rainbow Flags: LGBTI Rights in The South Caucasus.” Caucasus Edition - Journal of Conflict Transformation.
Sedgwick, Eve K. 1990. Epistemology of the Closet. California University Press.
Spivak, Gayatri Chakravorty. 1988. “Can the Subaltern Speak?” In Marxism and the Interpretation of Culture, 271–313. Chicago: University of Illinois Press.
Powered by Froala Editor