Bu gün İsa Şahmarlının intiharından 7 il keçir


Bu gün Azad LGBT təşkilatının sədri, LGBTQ+ aktivisti İsa Şahmarlının intiharından 7 il keçir. 

O, 22 yanvar 2014-cü ildə göy qurşağı bayrağından özünü asaraq intihar edib. 

Bundan əvvəl o, öz Facebook səhifəsində status paylaşıb:

“Gedirəm. Hamınız haqqınızı halal edin. Bu ölkə, bu dünya mənə görə deyil... Mən xoşbəxt olmağa gedirəm...Anama da deyərsiniz ki, onu çox sevirəm. Hamınız ölümümdə günahkarsız. Bu dünya mənim rənglərimi daşıyacaq qədər güclü deyil. Əlvida”.

AZAD LGBT hüquq müdafiə təşkilatının koordinatoru Lalə Mahmudova o günü belə xatırlayır: “Nə İsanın qohumları onu dəfn edirdi, nə də bizə imkan verdilər, bizi qəbrstanlıqdan qovdular. Ancaq qohumları oradan uzaqlaşdıqdan sonra İsanın qəbrinə yaxınlaşa bildik.” 

“İsa ailəsini çox sevirdi. Lakin bu sevgi birtərəfli idi.”

Mahmudova hüquq-mühafizə orqanlarının nifrət cinayətinin üstünə ciddi düşmədiyini qeyd edərək: “Təəssüf ki, fobiklərin şikayətləri səbəbilə İsanın Facebook hesabı bağlandı, bəlkə ölümü ilə bağlı hər hansısa fakt tapmaq mümkün olardı”, - deyə bildirib. 

“Polis İsanın gündəliyini də məndən aldı, qalın bir gündəlik idi. Qaytarmadılar, işin üstünə də düşmədilər. Çünki LGBTİ+lərə qarşı işlənən nifrət cinayətlərinə, nifrət çağırışlarına polis ciddi yanaşmır.”

Nəfəs LGBTİ Azərbaycan Alyansı bu günü Azərbaycanda Homofobiya ilə Mübarizə Günü elan edib. 2015-ci ildən başlayaraq hər il 22 yanvar tarixi LGBTİ+ icması tərəfindən gey, lezbiyan, biseksual və trans nifrətinə qarşı gün kimi qeyd edilir.

İsanın intiharından 7 il keçməsinə baxmayaraq, ölkədə LGBTİ+lərin vəziyyəti dəyişməyib. LGBTİ+ hüquq müdafiəçisi Vahid Əliyevin sözlərinə görə, ölkədə LGBTİ+lərə qarşı nifrət, fobiya və ayrı-seçkilik sistemli xarakter daşıyır, “təkcə 2017 və 2019-cu illərdə gey və trans seks işçilərinin tutulması, onlara qarşı rəftar - hüquq-mühafizə orqanları tərəfindən zorlanma, məcburi şəkildə saçlarının qırxılması, qısnama və s. qeyri-insani hərəkətlər buna misaldır.”

İLGA-Avropa təşkilatının 2019-cu ildə yayımladığı hesabata əsasən, Azərbaycan LGBTİQ+ hüquqlarına və ölkədəki LGBTİQ+lərin vəziyyətinə görə Avropanın ən pis ölkələri siyahısındadır. 


Powered by Froala Editor