“Bədənim belə istədi” - II hissə

Roman

Müəllif: Aylin Wise

Tərcümə etdi: Günel Mövlud

***

Hərçənd, atamın da qəzəb tutmaları var idi, hərdən o da özünü idarə edə bilməyib, məni və qardaşımı döyürdü. 

Ümumiyyətlə, atamı razı salmaq mümkün deyildi. Onun əlindən hamımız əziyyət çəkirdik. Amma anamın vəziyyəti hamımızınkından daha pis idi. O, atamın xoşuna gəlmək üçün dəridən-qabıqdan çıxırdı. Amma səyləri boşuna idi. Anam düşünürdü ki, atam işdən yorğun gəlir, onu gülərüzlə qarşılasın. Atam onun gülümsədiyini görəndə özündən çıxırdı, deyirdi ki, “mən axşama qədər işləyirəm, sən burda dişini ağardırsan”. Anam onu qaraqabaq halda qarşılayanda isə, özündən çıxırdı ki, “mən səhərdən axşama kimi əlləşirəm, deyirəm heç nədən korluq çəkməyəsiz, yenə sənin qaşqabağın yer süpürür!”. Atamın şizofreniya tutmalarına bənzəyən qəzəbli halları anamı o qədər üzmüşdü ki, o, işləmək üçün bir yol axtarırdı. Anam hər təklif olunan işə qaçır, alınmayanda başqasına keçirdi. Bu saysız-hesabsız işdəyişmələr axırda ona gətirib çıxardı ki, anam öz biznesini qurdu. Amma bu barədə hələ sonra…

Ailəmin tam mənzərəsini görə biləndə, deyəsən, on iki, ya on üç yaşım vardı. Artıq anlaya bilirdim ki, atamın bu cür davranışında, anamla davalarında, ona göstərdiyi kobud, hətta vəhşi münasibətdə anamın bir günahı yoxdur. Onların davalarına daha diqqətlə qulaq verir və anamın tamamilə günahsız olduğunu başa düşürdüm. Bunların fərqinə varanda o qədər sarsılmışdım ki, indiyə qədər anam barədə düşündüklərimə görə az qalırdım, özümə nifrət edim. 

O vaxtdan başlayaraq, onların davalarında anamın tərəfini tutmağa başladım. Atam anamı döymək istəyəndə onun üstünə hücum edir, milis çağıracağımı, hətta bir gün gizlicə zəhər verib, öldürəcəyimi deyirdim. Atam əvvəl bərk qəzəbənsə də, bir müddət sonra özünü yığışdırmağa başladı. Daha yanımda anama əl qaldırmırdı. Anama münasibətim tamamilə dəyişmişdi. Artıq anamı sevir, atama isə nifrət edirdim. Anama olan mərhəmət hissim o qədər çox idi ki, bir müddət sonra onu müqəddəsləşdirdiyimi hiss edirdim. Amma bu, əsassız deyildi, axı anam bizi, ailəsini özündən, öz qürurundan üstün tutmuşdu. Bu günə qədər də, anamı dünyadakı ən güclü qadın hesab edirəm, atam kimi bir adamla ömrü boyu yaşamağı bacaran, üstəlik, dəli olmayan qadının dözümü heç nə ilə müqayisəedilməzdir. 

Atamınkı təkcə kobudluq və qəddarlıq deyildi, o əməlli-başlı dəli idi. Artıq ağlım kəsirdi deyə, onun danışdıqlarına fikir verirdim və anlayırdım ki, bu adam normal deyil. Hətta əvvəllər onun sərsəmləmələrinin fərqinə varmadığıma görə, təəccüblənirdim. Onun bütün dərdi-səri anamın valideynləri, qohumları, onların hərəkətləri, həyatları idi. Anam tərəfin istənilən səhvi, onların danışıqlarındakı hər cümlə, az qala hər söz, hər gülümsəmə, hər xırda hərəkət mikroskopla nəzərdən keçirilir, çeynənilir və nifrət sousu altında təqdim edilirdi. 

Mənə maraqlı gəlirdi ki, anam bu vəziyyətə necə dözür, necə dəli olmur? Amma o, dəli olmurdu, dözürdü. Mən böyüyəndən sonra ona dəfələrlə boşanması üçün yalvarsam da, o buna qərar verə bilmirdi. əslində, bəlkə də çox istəyərdi, amma anam qorxurdu. Məni ərə verə bilməyəcəyindən qorxurdu. Deyirdi ki, boşanmış qadının qızını hansı azərbaycanlı ailə alar? Mənim ərə gedə bilməyəcəyim fikri onun üçün ölümdən betər idi. 

Ondan atamı niyə lap başdan tərk etməməyinin səbəbini soruşurdum. Anamın cavabı həmişə eyni olurdu – qadın dözümü, namusu, ləyaqəti barədə uzun-uzadı bir monoloqu vardı. Çılğınlıqla deyirdi ki, o heç vaxt ata-anasının başını aşağı etməyə, onların adına ləkə gətirməyə razı olmazdı. Anam mənə boşanmanın necə böyük bir ayıb, ailə adına bir ləkə olduğunu təlqin edirdi. Deyirdi ki, bir qadın heç vaxt boşanacaq qədər alçalmamalıdır. Deyirdi ki, biz hamımız adətlərimizə hörmət eləməliyik, bizim adətlərdə isə boşanma yoxdur. 

İndi, özümün ailə cəhənnəmim və boşanma yolundan keçəndən sonra başa düşürəm ki, heç bir böyük məqsəd, heç bir bir namus söhbəti özünü belə işgəncələrə məruz qoymağa, sevmədiyin bir adamla bir evdə əzab çəkməyə dəyməz. Çünki ailədə əzab çəkən ananın dərdləri övladlarından yan keçə bilməz. Necə ki, qardaşımla mən də ailədəki bu davalardan əzab çəkir, balaca ürəklərimizi atamıza qarşı nifrətlə doldurmuş olurduq. 

Anam tez-tez bizə öz atasından danışırdı. Sakit, mömin babamı hamımız çox istəyirdik. Anam onun necə yaxşı ər, gözəl ata olduğunu sevə-sevə danışırdı. Babamın nənəmə, öz balalarına olan qayğısından danışmaqdan yorulmurdu. Babam anam üçün kişi idealı, ləyaqət ölçüsü idi və anam başqa heç kimin o mərtəbəyə çata biləcəyinə inanmırdı. Söhbət ana nənəmə gələndə anamın kefi bərk pozulurdu. Nənəmin müstəqilliyi, təkbaşına rayon mərkəzinə, şəhərə, hətta qonşu ölkələrə getməyi, geyimi – hər şeyi anamı utandırır, əsəbiləşdirirdi. Bunun da səbəbi atam və ata tərəfdən qohumlarımız idi. Onlar ana nənəmin hərəkətlərini abırlı qadına yaraşdırmırdılar. Atam onun hərəkətlərini tez-tez anamın üzünə vurur, nənəmi lağa qoyur, hətta bəzən ona görə anamı döyürdü. 

Anam tez-tez xəstə olurdu. Atam heç vaxt xəstələnən anamın qayğısına qalmaz, heç halını da soruşmazdı. Bircə dəfə də yadıma gəlmir ki, atam xəstə yatan anama bir stəkan çay gətirsin. Əksinə, anam xəstə düşən kimi atam qəzəblənir, “evdə yatmaq üçün bəhanə tapmısan” deyib, anamı canından bezdirirdi. Buna görə də, anam çox vaxt xəstə olduğuna baxmayaraq, qalxıb qızdırmalı-qızdırmalı işə gedirdi. 

Doqquz yaşım olanda anamın qanaxması oldu. Həkimlər ona uşaqlıqdankənar hamiləlik diaqnozu qoydular və təcili əməliyyat elədilər. Yadımdadı ki, anamın ölə biləcəyini düşünüb, qorxudan titrəmişdim. Amma anam ölmədi, özünün dediyi kimi, o biri dünyanı görüb, qayıtdı. Yəqin qorxdu ki, atam onu o dünyada da rahat buraxmaz, iki uşağı qoyub, öldüyü üçün onu bağışlamaz. 

Görünür, anamın ölümün bir addımlığından dönməyi necəsə atama təsir etmişdi. Çünki o gündən sonra atam da, anam da bərk dindar oldular. O vaxta qədər onsuz da atamın içki ilə arası yox idi, amma o gündən sonra evimizdə bir daha heç vaxt içki şüşəsi olmadı, tərkibində donuz əti olduğuna görə, kolbasa da süfrəmizdən yoxa çıxdı. O vaxt indiki kimi deyildi, hər dükanda halal kolbasa tapmaq mümkün olmurdu, nəinki mümkün olmurdu, o vaxt belə bir kolbasa növünün olacağı hələ heç kimin ağlına gəlmirdi. 

Amma atam üçün bu dindarlığın heç bir mənası yox idi. Necə qəddar, abırsız adam idisə, elə də qaldı. Nə anamı döyməyindən qaldı, nə ana tərəfimin qeybətini etməkdən. İndi o, sadəcə gündə üç dəfə namaz qıldığını orda-burda fəxrlə deyirdi. Vəssalam, onun möminliyi bundan ibarət idi. 

Valideynlərimin dinə aludə olması mənə də təsir etmişdi. Dinlə bağlı kitablar oxumağa başlamışdım. Yadımdadı ki, Məhəmməd Peyğəmbərin həyatını maraqla oxumuşdum və onun mübarizəsindən bərk təsirlənmişdim. Din məni çox cəlb edirdi. Uşaq məsumluğu ilə özümü dinə həsr etmək, allah sözünü insanlara çatdırmaq, xeyir işləmək istəyirdim. Bu istəklərim dünyanı daha yaxşı, təhlükəsiz və xoşbəxt bir yerə çevirmək istəyimdən doğurdu. Amma evdə atamın qəddarlığını görənda başa düşürdüm ki, dünyanı dəyişə bilmərəm, çünki gücüm heç doğma atamı dəyişəməyə çatmır. Buna görə də bir müddət sonra dindən soyudum. 

Mənim zamanla dindən soyumağım, atamın isə din adından sui-istifadə etməsi anamı bu günə qədər də davam etdirdiyi mömün yolundan çəkindirmir, soyutmurdu. O, dinə bir əqidə kimi baxır, hər kəlməyə itaət edir, ibadətini axsatmırdı. Gündə üç dəfə namaz qılır, Ramazanda oruc tutur, hər gün dini ədəbiyyat oxuyur, otağında bəzəkli Quran saxlayır, hər gün o biri dünyada verəcəyi haqq-hesab barədə düşünür və bizi də o dünya ilə qorxudurdu. Hər dəfə biz nəsə pis bir iş görəndə, ya da onun gözündə pis görünən nəsə edəndə o, bizi cəhənnəmə gedəcəyimizlə hədələyirdi. Onun bizi, xüsusilə də məni cəhənnəm əzabı ilə qorxutmağı hələ də davam edir. 

Anamın dinlə bağlı edə bilmədiyi tək şey, onun ən böyük arzusu – Həcc ziyarətidir. Amma atam ona heç vaxt Həccə getməyə icazə vermədi. Anam isə gündən-günə dinə daha da aludə olurdu. Mənə elə gəlir ki, din onun beynindəki olan-qalan məntiqi də yoxa çıxarıb, yuyub. 

Hərçənd, nə dəyişdiyi çoxsaylı işlərdə, nə də sonradan qurduğu biznesində din ona heç vaxt mane olmadı. 

Beləliklə, atamla anam işləyir, qardaşımla mən də öz başımıza qalırdıq. Bizə əvvəl Azərbaycandan gəlib, Moskvada təhsil alan və tələbəlik illərində evimizdə qalan kiçik dayılarım baxırdı. Onlar anamdan xeyli balaca idilər, anam ikisini də birtəhər hazırlaşdırıb, universitetə qəbul olunmaqlarına kömək etmişdi. Amma sonra dayılarım atamın tənələrinə, eyhamlarına, anama göstərdiyi kobud münasibətə dözə bilmədilər. Anam onlara ailə həyatına müdaxilə etməyi qadağan elədiyinə görə də, səslərini çıxara bilməyən dayılarım köçüb, yataqxanada qalmağa başladılar. 

Onlar köçəndən sonra bizэ bir müddət dayə tutdular. Sonra anam balaca qardaşımın qayğısına qalmağı mənə tapşırdı. Mən balaca yaşımda qardaşımın anası oldum – onu böyütmək, tərbiyə etmək, qorumaq mənim işim idi. 

Qardaşımın bütün qayğısı mənim üstümə düşdü. Onu çimizdirmək, gəzməyə çıxarmaq, dərslərinə kömək etmək, məktəbdə dava düşəndə onu qorumaq, cibxərcliyimi onunla bölüşmək… Hə, bir də, o nəyisə səhv edəndə onu danlamaq da mənim işim idi. Buna görə də, qardaşım adətən mənə qarşı qəzəbli olurdu. Amma dərdlərini də mənimlə bölüşürdü. Mənimlə yaxın olduğu qədər o nə anamla, nə də atamla yaxın ola bilmirdi. 

O vaxtlara, o illərə nifrət edirəm. Bütün uşaqlığım, oyuna, əyləncəyə xərcləyə biləcəyim günlərim, dərsə, maraqlandığım bir məşğuliyyətə ayıra biləcəyim zamanlarım balaca qardaşıma baxmaqla keçdi. Bu sevmək və qayğı göstərmək məcburiyyəti məni dəli edirdi. Buna görə də, təəccüblü deyil ki, böyüyəndə uşaq istəmirdim. Məcburi, erkən “analıq” məndə uşaqlara qarşı xoşagəlməz bir hiss oyadırdı, bunu valideynlərimə də deyirdim. Anam bu sözlərimi eşidəndə bərk acıqlanırdı, qorxurdu ki, ümumiyyətlə ərə getməyim, ailəm olmasın. 

Qardaşımla münasibətlərim, göründüyü kimi, çətin məsələ idi. Anam deyir ki, qardaşım səkkiz aylıq olanda onu qucağıma götürmək istəmişəm və uşağın qollarını elə dartmışam ki, hər iki biləyi yerindən çıxıb. Valideynlərim bizi götürüb, travmatoloji məntəqəyə aparıblar. O “travmatologiya məntəqəsi”ndə işləyənlər məni yaxşı tanıyırdılar. İl uzunu ya biləyim, ya dizim, ya da başqa haramdasa çıxıqlar, yaralar, yanıqlarla ora düşürdüm.

Düz evimizin yanında gözdən uzaq, istifadə olunmayan bir uşaq bağçası vardı. Həyət uşaqları ilə oraya getməyi çox xoşlayırdıq. Hasardan aşıb, həyətdə atılıb qalmış yelləncəklərdə yelləndirdik. Yeddi yaşım vardı o vaxt, bir dəfə yelləncəkdə bərk geri getdim, irəli atılфnda qarşıda yerdən dikələn metal çıxıntının üstünə atıldım. Yerə düşəndə gördüyüm tək şey budumun sümüyü oldu, bir anın içində hər tərəfi qan götürdü. 

Yəqin ki, şok keçirmişdim, buna görə də, ağlamır, qışqırmırdım, sadəcə torpağın üstündə oturub, qalmışdım. Mənimlə oynayan uşaqlar isə bağıra-bağıra evimizə tərəf qaçıb, böyükləri çağırmışdılar. Qardaşım da evimizə qaçıb, anamgili səsləmişdi. Atamla anam həyətə girə bilmədilər, qapı bağlıydı, hasarlar isə onların keçə bilməyəcəyi qədər hündür idi. Uşaqlar məni sürüyərək hasardakı yarıqdan keçirdilər. 

“Travmatoloji məntəqə”yə gedən yolu, qorxmuş atamı və o günlərdə evimizdə qonaq olan əmimin avazımış üzünü xatırlayıram. Özüm də bərk qorxmuşdum. Xəstəxanada özümə gəldim, açıq yarama ağrıkəsici iynə batanda qışqırığım aləmi götürdü. Həkim yaranı tikərkən mən bağırmağımdan qalmırdım, özüm də ağrıdan yox, gördüyüm dəhşətdən ağlayırdım. Atam gözlərimi qapamağa çalışır, mənsə var gücümlə ona müqavimət göstərirdim. 

Ayağıma gips qoydular, bir aydan çox gipslə gəzdim. Çətin günlər idi, biz üçüncü mərtəbədə yaşayırdıq, liftimiz yox idi. Odur ki, həmin ay ərzində, demək olar ki, gəzməyə heç çıxa bilmədim. 

Bütün uşaqlığım boyu saçlarımı “oğlansayağı” deyilən tərzdə qısa vurublar. Saçlarım olduqca qıvrım idi, yuyub-daramaq işi çox idi. Buna görə də, anam başqa analar kimi saçımı uzadıb, darayıb, bəzəmirdi. Saçımı qısa kəsib, işi kökündən həll eləmək ona daha asan idi. Onu başa düşmək də olurdu. Saçlarım həmişəkindən çox uzananda onları daramaq lazım gəlirdi, amma qıvrım olduğuna görə daima dolaşırdı və onları darayanda mən ağrıdan bərk ağlayırdım. Anamın qayğıları isə onsuz da çox idi. 

Atam danışırdı ki, biz təyyarə ilə uçanda – onda dörd yaşım vardı – mən təyyarənin salonunda qaçırmışam, sərnişinlərsə məndən qız, yoxsa oğlan olduğumu soruşurmuşlar. Mən də hər dəfə “oğlanam” deyə cavab verirmişəm və hamı mənə inanırmış! Hə, mən özümü oğlan kimi aparırdım. Həqiqətən, özümü elə hiss eləyirdim. Yeniyetməlik yaşıma qədər fikirləşirdim ki, təbiət, ya da Tanrı anadan olanda məni yanlış bədənə salıb. Fikirləşirdim ki, oğlan olmaq daha yaxşıdı: onların daha çox imtiyazları var, onlar istədiklərini eləyə bilirlər, bir də onlar qızları sevə bilərlər. 

Anladığınız kimi, mən “kişi və qadın” ittifaqından başqa ittifağın imkansız olduğu bir ailədə böyümüşəm. Mənim ailəmdə də, dünyamda da başqa variantlar mövcud deyildi. Mən tam məlumat izolyasiyasında yaşayırdım. Heç yadıma gəlmir ki, qəzetlərdə, televiziyada, ya da heç olmazsa, məktəbdə fərqli variantların mövcudluğu haqqında nəsə eşidim.  

Valideynlərim Rusiyada yaşasalar da, öz adət-ənənələrini son dərəcə qısqanclıqla qoruyurdular. Özləri içki içmirdilər, bizə də həmişə deyirdilər ki, əgər belə bir şey eləsək, lənətlənəcəyik.  Mən on iki yaşıma qədər əmin idim ki, Azərbaycanda heç kim alkoqol içmir. Valideynlərim içindən çıxdıqları cəmiyyəti və mədəniyyəti ideallaşdırmışdılar və bizim buna qeydsiz-şərtsiz inanmağımızı istəyirdilər. 

Məktəbi bitirənə qədər anam qaşlarımı almağa, makiyaj eləməyə icazə verməmişdi. Deyirdi ki, ancaq vulqar rus qızları belə davranırlar. 

Həyətdə dostlarım vardı. Məktəbdə, demək olar ki, dostum yox idi. Təkcə bir qız. Amma o da sinifdə çıxdaş idi, çünki boyca hamıdan uzun idi, ümumiyyətlə, yaşına görə hər kəsdən böyük görünürdü. Bir dəfə qəribə bir mənzərə ilə qarşılaşdım: anası bir kişi ilə birlikdə Tanyanın ardınca gəldi və kişinin onun atası olduğunu dedi, amma Tanya qışqıra-qışqıra kişinin onun atası olmadığını deyib qaçdı. Bu hadisə mənə yaman bərk təsir eləmişdi. Səbəbini izah eləyə bilmirəm. 

Mən məktəbdə çox dəcəl idim. Tez-tez mənə irad tutur, valideynlərimə şikayət edirdilər. Rüblüklərimdə davranışa görə həmişə iki yazılırdı. İbtidai məktəbdə daha çox oğlanlarla dostluq eləyirdim, qızlarla həmişə darıxırdım, üstəlik onlarla nə haqda danışacağımı da bilmirdim. 

Üçüncü sinifdə oxuyanda biz yenə başqa evə köçdük. Təzə məktəbdə dostlarım olmadığını deyə bilmərəm, amma onların arasında mənə ən yaxın olanı təkcə Olya idi. Sonra öyrəndim ki, sinif yoldaşımız Lena da Olya ilə eksklüziv dostluğa iddialı imiş. O, mənə yarış təklif elədi, qalib gələn Olya ilə dostluq eləyəcəkdi. Mən razılaşmadım, dedim ki, Olya kiminlə dostluq edəcəyini özü seçməlidi. Olyanın seçimi mənim xeyrimə olmadı.

Altıncı sinifdə valideynlərim məni özəl məktəbə keçirdilər. Orda Anya ilə tanış oldum. 

Anya sinfin ən mehriban və ünsiyyətcil qızı idi. Bütün oğlanlar onu sevirdilər. Yəqin mən də özümü oğlan kimi görürdün, çünki Anyanın cazibəsinə mən də tutulmuşdum.  Ona vurulmamaq mümkün deyildi: o, orta məktəbdə ən populyar qız idi. 

Qəribədi, amma Anya ilə dostlaşdıq, bir-birimizin evinə qonaq getməyə başladıq. Yadımdadı ki, bir dəfə onlara qonaq getmişdim və biz gəzməyə çıxmışdıq. Bir mağazaya girdik. Mənim üstümdə o vaxtlar çox bahalı olan komikslər jurnalını almaq üçün yığdığım pul vardı. O zamanlar bu, cibxərcliyini toplayan bir uşaq üçün böyük məbləğ idi. Anya dəftərləri üçün yapışdırma almaq istədi, mən bir an tərəddüd elədim, ancaq sonra bütün pulumu onun yapışdırmalarına xərclədim.

Düzdü, sonra bir anlıq  hissə qapıldığıma görə peşman oldum, amma onu məmnun eləməyi çox istəyirdim. 

Bir dəfə qışın oğlan çağında Anya bizdə qonaq olanda oğlanlardan kimi bəyəndiyindən danışırdı, sonra mənim kimi bəyəndiyimi soruşdu. Mən qorxmadım, cavab verdim ki, əslində mənim qızlardan xoşum gəlir, ən çox da ondan. Anya heç nə demədi. O söhbətdən sonra axşamımız bir az səssiz keçdi və tez bitdi. Həmin andan etibarən Anya məktəbdə mənimlə az-az danışmağa başladı, o da sadəcə ehtiyac olanda. Artıq bir-birimizə qonaq da getmirdik. 

Onun  yeni ən yaxın rəfiqəsi vardı. 

Mənim isə o hadisədən sonra daha məktəbdə ən yaxın rəfiqəm olmadı. 

Mən bütün diqqətimi dərslərimə cəmləmək qərarına gəlmişdim. Əgər həmin ilə qədər bir az tənbəl idimsə, məktəbdə üçlə, dördlə oxuyurdumsa, indi çox oxumağa başlamışdım, artıq canlı ünsiyyət mənə maraqlı deyildi. Kitablar mənim üçün yaxın dostları, rəfiqələri, ümumiyyətlə, hər kəsi əvəz eləyirdilər. Nəticədə, əlaçı oldum.

Məktəbdə yaxın dostlar tapmasam da,  milliyyətimə görə özümə qarşı bir dəfə də olsun, qərəzli münasibət hiss eləməmişdim. Məncə, bunun səbəbi o idi ki, valideynlərimdən fərqli olaraq, mənim, ruslar barədə də heç bir önyarğım yox idi. Mən rusları özümdən daha yaxşı, ya da daha pis hesab eləmirdim. Hamı kimi olmağa çalışırdım. Məni ümumi kütlədən fərqləndirən yeganə şey zahiri görünüşüm idi. Ancaq çox sevinirəm ki, uşaqlığımda irqimlə bağlı travmalı tərbiyə olmayıb. Valideynlərim tez-tez deyirdilər ki, “qara” olduqları üçün onlara qarşı münasibət pisdir. Milis işçiləri tez-tez atamı saxlayıb sənədlərini yoxlayırdılar, bu, onu çox qəzəbləndirirdi. Amma açıq danışmalı olsaq, atamla anamın özləri də ətraflarındakı ruslara xüsusi bir snobizmlə yanaşırdılar, onları əyyaş və fahişə adlandırırdılar. 

Biz hər yay Azərbaycana – kəndə, nənələrimin yanına gedirdik. Valideynlərim məzuniyyət üçün yay fəslini seçirdilər, yəqin ona görə ki, məni qohumlarının himayəsinə verərək, bir az dincəlmək istəyirdilər.

Kəndin həddindən artıq gözəl təbiəti vardı. Nənələrimin bağçalarında barlı-bəhrəli böyük gavalı, alça, gilas, armud ağacları ucalırdı. Mən hər dəfə nar ağaclarının necə parlaq, yaqut rəngli çiçəklər açdığını görürdüm, amma məhsul yığılan zaman orda olmurdum. 

Növbə ilə gah ata nənənim, gah da ana nənəmin yanında qalırdım. Hər ikisində özümü çıxdaş hiss eləyirdim, çünki Azərbaycan dilində güc-bəlayla danışırdım. Düzdü, bir müddət sonra sürətlə danışmağa başlayırdım, ancaq ilk zamanlar çoxsaylı əmi-dayı uşaqları ilə ünsiyyət qurmaqda çətinlik çəkirdim. Yay tətilinin ilk günləri geridə qalandan, mən də azərbaycanca birtəhər danışmağa başlayandan sonra, nəhayət, mühitə alışmağa, həyətdə oynamağa, meyvə ağaclarına dırmaşmağa nail olurdum, hərdən də çoxsaylı, amma qısa çəkən, sonra hər şeyə rəğmən barışıb, oyuna davam elədiyimizdən çəkindirməyən davaların iştirakçısı olurdum. 

Ata nənəmin evi ana nənəminkindən daha kiçik və yoxsul idi. Amma biz, yəni bütün uşaqlar vaxtımızın çoxunu bağda, ya da həyətdə keçirdiyimizə görə evlər arasındakı bu fərq o qədər də hiss olunmurdu. Ata nənəmin evində damda yuyunurduq: onların böyük dəmir ləyəni vardı, bibim parçla bizə su tökür, biz də növbə ilə yuyunurduq. 

Anamın valideynlərinin evində hər şey başqa cür idi. Nənəmlə babam hündür təpədə ikimərtəbəli möhtəşəm bir ev tikdirmişdilər. Geniş eyvanlı, şərq üslubundakı daş ev ağ rəngə boyadılmış və çoxlu balaca, köməkçi tikililərlə əhatə olunmuşdu. Xalalarım və dayıarvadlarının çörək, lavaş bişirdikləri təndirxana bütün yayı işləyirdi, çünki nənəmlə babamın daima qonaqları olurdu, onlara ləzzətli ev çörəyi yedirtmək lazım idi.

Daş evə bitişik yay mətbəxində gənc və subay xalalarım gündə üç dəfə on-on beş nəfər üçün yemək hazırlayırdılar. Böyük həyətin o biri ucunda su ilə dolu mavi bak asılmışdı. Onu saxlayan dirəklərin altında isə nənəmin həftədə bir dəfə qonaqlar və ev sahibləri üçün qızdırılan hamamı göz oxşayırdı. Hamamda çimmək üçün nəzərdə tutulmuş əsas zal, soyunub-geyinmə otağı və qazanxana vardı. Orda həmişə səliqə ilə üst-üstə yığılmış (nənəm buna nəzarət edirdi) odunlar, ocaq, nöyüt bankası və oxunmuş qəzetlər olurdu (onları atmırdılar, ocaq qalamaq üçün istifadə edirdilər). 

Hamamla eyni sırada daha iki dam yerləşirdi. Birində nənəm ərzaqları saxlayırdı: çoxlu un, qoz, kartof, soğan, paxla çuvalları, yumurta (nənəmin gözlərdən uzaqda saxladığı toyuqları yumurtlayırdı onları) və təzə meyvə-tərəvəz yığılmış qutular. Meyvələrin böyük hissəsi nənəmin gözəl bağından toplanırdı. O bağa təkcə nənəm girirdi, nəvələrə ora daxil olmaq qəti şəkildə yasaqlanmışdı. Tərəvəzləri isə qonşuluqda yaşayan, səliqəli, evcanlı dayım əkirdi. 

İkinci damda nənəm baramaqurdu yetişdirirdi.  Onları həsir, asma rəflərdə saxlayır, tut yarpaqları ilə yemləyirdilər, yayın axırlarında isə nənəm minlərlə baramanı şaxlardan qoparıb, dövlətə satmaqdan ötrü bütün ailəni başına yığırdı. Anamgilin kəndində çoxları bu işlə məşğul olurdu. 

Bir dəfə mən həmin dama girdim. 

Divar boyu çoxlu rəflər, rəflərdə isə baramalar – qeyri-adi mənzərəydi. İçərinin özünəməxsus, turşumuş qoxusu vardı. Tələsik ordan çıxdım. Yeri gəlmişkən, mənim fobiyam var: soxulcanlardan dəhşət qorxuram. Doğrudan. Onları görəndə dəli kimi bağırıram. Hərdən içində soxulcanların olduğu kabuslar görürəm – bunlar gördüyüm ən dəhşətli yuxulardı. 

Ana nənəm tayı-bərabəri olmayan xama hazırlayırdı. Biz onu lavaşa çəkib yeyirdik. O xama həyatım boyu yediyim ən ləzzətli şey idi və elə də qalır. 

Kənd həyatı şəhərdəkindən xeyli fərqlənirdi. Mənim üçün Azərbaycana getmək həmişə köklərinə qayıtmaq kimi bir şey idi. Sıfırlanmaq kimi. Kənddə hər şey sadə, buna görə hətta darıxdırıcı idi. Moskvada mən, demək olar ki, heç yerə getmirdim, həyatım ev və həyət, sonralar da məktəb arasında keçirdi. 

Adətən, kənddə məni bütün qohumların evlərinə aparırdılar. Xalalarım, dayılarım həmişə məni görəndə səmimi-qəlbdən sevinirdilər. Atamın qohumları sonra başına qaxmaq üçün anam haqqında hansısa pis təfərrüatları öyrənməyə çalışırdılar, ona görə də, o tərəfdə mənimlə ancaq belə şeylərə görə maraqlanırdılar. Hələ uşaqkən hiss eləmişdim ki, atamın qohumlarının anama və onun ailəsinə qarşı duyduqları kin-küdurət qatı paxıllıqdan başqa bir şey deyildi. Anamın ailəsi həddindən artıq zəhmətkeş idi. Onlar varlı olmasalar da, həyat şərtləri ata tərəfinkindən qat-qat yaxşıydı. Atamın qohumlarının nənəmin  təmizkarlığından, səliqəliliyindən və təkəbbüründən, anamın tərbiyəli, təmizkar bacılarından, üzüyola və dindar babamdan zəhlələri gedirdi.

Mən vaxtımın böyük hissəsini uşaqlarla keçirirdim, ona görə də böyüklərlə o qədər də maraqlanmırdım. Kəndin kənarındakı dəmir yolunu, yolboyu uzanan arxları, Səma xalamın məni apardığı rayon mərkəzini xatırlayıram. Sadəcə yaddaşımda qırıntılar kimi qalıb. 

Çox şeyi yaxşı xatırlamıram və yaddaşıma həkk olunmuş hadisələrin həyatımda niyə baş verdiyini özümə izah eləyə bilmirəm. Bu gün bütün bunlar niyə oldu deyə, özümə sual verirəm. Bunu anlamaq üçün hətta hipnoz seansına da getmək istəyirdim, ümid eləyirdim ki, mütəxəssis həmin hadisələrdən əvvəl baş verən əskik kadrları beynimdən tapıb üzə çıxara bilər. Ki, pazl nəhayət, tamamlansın, mən hər şeyi anlayım və sakitləşim. 

Yadımda bircə şey qalıb: mən anamın uzaq qohumlarıgildə qalmışdım. Deyəsən, nənəmin bacısı qızı, ya da nəsə belə bir şey idi. Nənəmdən fərqli olaraq, onlar kasıb idilər, balaca evləri vardı, həyətləri də nənəmgilinki kimi geniş və hərəkətli deyildi. O ailədə mən yaşda uşaq yox idi, yadımdadı ki, orda darıxırdım. 

Gecə məni onların qızı Ramilə ilə yatızdırdılar. Onda Ramilənin 15-16, mənimsə cəmi altı yaşım vardı. Bilmirəm, hər şey necə başladı. Ancaq yadımdadı ki, qız mənim əlimi ayaqlarının arasına qoydu və hərəkət etdirməyimi istədi. Yadımdadı ki, onun boynundan öpməyimi tələb elədi və necə öpməli olduğumu göstərdi. Qəfil məni tər basdığını hiss elədim, nəfəs ala bilmədim, hava almaq üçün tumançaq halda bayıra qaçdım. Ramilənin yaşlı anası həyətdə oturmuşdu…


Ardı var...


Powered by Froala Editor