Victims of lexicon, not racism, homophobia ...
Bizim norveç dili kurslarında gəlmələrə kömək edən Edvard adlı bir stajor var. Edvard Qanadan gəlib. Onunla söhbətimiz tutdu, çünki Qanadakı tullantı emal edən şəhərlərin vəziyəti barədə çox oxumuşdum.
16/Apr/21
3857
İrqçilik, homofobiya yox, leksikon qurbanları...
Bizim norveç dili kurslarında gəlmələrə kömək edən Edvard adlı bir stajor var. Edvard Qanadan gəlib. Onunla söhbətimiz tutdu, çünki Qanadakı tullantı emal edən şəhərlərin vəziyəti barədə çox oxumuşdum. Onun ölkəsindəki ekoloji fəlakətlə bağlı xeyli söhbət etdik və sonda mövzu irqçiliyə gəlib çıxdı.
Söhbət əsnasında o belə bir fikir dedi: “Mən Şərq ölkələrinə səfər edəndə, orada küçədə, nəqliyyatda mənimlə danışanda, ya da kiməsə təqdim edəndə bəzən “zənci” deyirlər. Buna əsəbiləşmirəm. Çünki o cəmiyyətlərdə korrekt nitqin, diskriminasiyanın və bənzər şeylərin müzakirələri zəifdir, istifadə edilən dil qüsurludur. Təxmin edirəm ki, orada mənə “zənci” deyən adamın mənə diskriminativ yanaşmaq fikri olmayıb, onun üçün “zənci” normal ifadədir. Amma diskriminasiya, irqçilik kimi mövzuların bol diskussiyası gedən ölkələrdə bu sözü kimsə mənə desə, o adamla mübahisə edərəm, həmin adam dövlət işçisidirsə, məhkəməyə də müraciət edərəm, çünki o adamın çalışdığı qurumda irqçiliklə bağlı təlim keçiblər, korrekt danışmaq öyrədiblər”.
Edvardın sözlərindən sonra Azərbaycanda mətbuatdan tutmuş ədəbiyyata, siyasətçilərin nitqindən tutmuş, sadə vətəndaşların leksikonuna qədər bir çox narrativlərdə meydan sulayan homofobiya, ya da elə görünən dil barədə düşündüm. Qanalı dostumun dediyi kimi, danışanların bir qismi heç homofob deyil, amma istifadə etdiyi dil qüsurludur. “Onlar da bizim kimi insandır da...”, “yazıqlar xəstədir, nə istəyirsiniz” kimi əslində anlayış, mərhəmət göstərmək istəyib, fikri, nitqi qüsurlu ortamda yedişdiyinə görə, qaş düzəltdiyi yerdə, vurub göz çıxaran nə qədər adam var.
Ya da mətbuatımızın bol-bol istifadə elədiyi “Cinsi azlıqlar”, “LGBT nümayəndələri”, “qeyri-ənənəvi oriyentasiya”, “homoseksualist” kimi fobik ifadələr çox vaxt nə məqaləni yazan jurnalistin, nə də onu redaktə edən redaktorun şəxsi qərəz və nifrətindən deyil, mövzu barədə məlumatsız olması, korrekt dilə sahib olmamasından doğur.
Hər birimiz pis halda homofob, yaxşı halda kuir məsələsi ilə bağlı məlumatsız və iqnorçu ortamda böyüyürük. Düşüncə tərzimiz, dilimiz belə ortamlarda formalaşır. Nəticədə, məlumatlanandan sonra belə, dilimiz, istifadə etdiyimiz leksikon bizə oyun oynayır, çünki artıq formalaşmışıq, bəzi şeylər qəlibləşib.
Qızımın bağçasında oyun zalının düz ortasında çoxsaylı şahzadə donları, pirat kostyumları, şalvarlar, saç bəzəkləri, taclar, rəngbərəng şarflar, zər qutuları olan bir dolab var. Bütün uşaqlara deyiblər ki, bu dolabdan kim nə istəsə, götürə bilər, geyinə, istifadə edə bilər. Şahzadə donları seçib geyinən, başlarına tac qoyan oğlanlar, pirat paltarları, qılınc-qalxan götürən qızlar da olur. Müəllimlər “bu paltar qız üçündür”, “bu paltar oğlan üçündür” kimi ifadələrdən istifadə etmir. Bəzən isə kişi bağça müəllimi Şahzadə Elza donu geyinib, uşaqlar üçün mahnı oxuyur. Heç bir uşaq oğlanların şahzadə donu geyinməsinə, ya qızların “kişi kostyumları” seçməsinə təəccüblü baxmır.
Bəli, norveç höküməti öz vətəndaşlarını körpəlikdən fərqli, qarışıq görünüşlərə alışdırır, paltar, rəng, bəzək, aksesuarların genderlərə görə bölünməsinə, seçilməsinə qarşı siyasət aparır. Bağça müəllimlərinə, orta məktəb heyətinə bununla bağlı təlimlər keçilir.
Eyni siyasət rasizmlə bağlı aparılır. Uşaqları körpəlikdən alışdırırlar ki, sənin yaşadığın ölkədə bütün insanlar eyni rəngdə, eyni üz quruluşuna sahib deyil, insanlar fərqli görünür və bu normaldır. Bağçanın oyuncaq qutularında gəlinciklər müxtəlif rəngdədir, Asiya, Afrika görünüşlü bəbəklər sarısaç, mavigözlü gəlinciklərlə eyni saydadır.
Qeyd edim ki, oğlum da həmin bağçanı bitirmişdi və mən bağçada aparılan anti-rasist siyasətinin ilk bəhrəsini oğlumda görmüşdüm. Oğlumla yaşıd olan Kristofer adlı bir uşaq vardı və onun gün uzunu hərəkətləri barədə oğlum tez-tez danışırdı. Bir gün bağçadan gəlib dedi ki, “ana, bağçamıza bir dənə də Kristofer gəlib. Amma o, bu Kristofer kimi deyil, yaşca çox balacadır...” Səhəri gün bağçaya gedəndə təzə Kristoferi gördüm, uşaq qaradərili idi, amma oğlum onun rəngini qeyd etməyi lazım bilməmişdi. Oğlum üçün yeni Kristoferin əvvəlki Kristoferdən fərqi onun yaşı idi, vəssalam.
Pis budur ki, Azərbaycanda ən modern, ən anti-rasist, ən “kuirfriendli” valideynlər belə uşaqlarını cəmiyyətdəki homofobiyadan, rasizmdən qoruya bilmir. Uşaq döyülən bağçalarda, yeniyetmələrin mobbinqə uğrayıb intihar etdiyi məktəblərdə, bir-biri ilə “başını kəsərəm” ilə danışan qohum ortamlarında – uşağı xilas etmək mümkün deyil.
Hökümət irqçi və homofob, cəmiyyət irqçi və homofob, dörd yanımız irqçi və homofob. Əlac qalır ancaq fərdi tərbiyəyə. Amma bir valideyn kimi bütün yükü mən tək çəkə bilmərəm axı. Ortada pedoqoji yanaşma məsələsi var, etik nüanslar var, uşaq qəbuletməsini nəzərə almaq var. Bunların hamısı üçün peşəkar pedaqoqlar lazımdır. Valideyn isə pedaqoq deyil. Üstəlik, homofobiyadan, rasizmdən kənar böyütməyə çalışdığın uşağın məktəbdə, həyətdə çevrəsi ona elə qalmağa imkan verəcəkmi?
Bütün bunlara görə, rasizmlə, homofobiya və digər sosial bəlalarla işləmək fərdlərin deyil, dövlətin işidir. Çünki ancaq “kompleks müalicə”nin effekti ola bilər.
Müəllif: Günel Mövlud
Powered by Froala Editor