We are all trans
What kind of person comes to mind when you say trans? What does that person look like?
07/Jun/21
3605
Hamımız Transıq
Trans dedikdə ağlınızda necə biri canlanır? Həmin insanın görünüşü necədir? Onun fiziki xüsusiyyətləri sizin düşüncələrinizdə necə təcəssüm edir? Məsələn, səsi necədir? Siz onun trans olduğunu asanlıqla təyin edə bilirsinizmi?
Yaşadığımız cəmiyyətdə translara qarşı stereotiplər, hətta stiqmalar həddindən artıq çoxdur. Bunun kökündə dayanan əsas problem insanların özlərini bu barədə məlumatlandırmağa cəhd göstərmək istəməməsidir. Bir trans olaraq kiminsə “mən məlumatsızam, ona görə bilməməyim normaldır” tipli bəhanələrini sadəcə etinasızlıq olaraq qəbul edirəm. “Onlar da insandır”, “onların da yaşamağa haqqı var” səviyyəsində, sanki bizə yaşamağı özü lütf edirmiş kimi yanaşanlardan ümumiyyətlə söz açmağa dəyməz. Məlumata çatımlılığın bu qədər asan olduğu yaşadığımız dövrdə imtiyazı olduğu halda araşdırmaq, öyrənmək istəməyib, sonra tanışlarından kimsə kaminq-aut edəndə ağlına gələn bütün sualları etik olub-olmadığını sorğulamadan ünvanlayan kifayət qədər insanla qarşılaşmışam.
Əslində bəhs etdiyim insanlar sadəcə transların kim olduğunu deyil, ümumiyyətlə genderi sorğulamayıb. Onlar sadəcə özlərinə təyin olunandan kənara çıxmadan komfort zonasında yaşamağa davam ediblər. Ümid edirəm, yazdığım bu mətni oxuyanlar arasında həmin şəxslər də var və yazdıqlarım onların trans tanışlarını qeyri-etik suallardan xilas etməkdə faydalı olar.
Trans özünə təyin etdiyi genderlə ona təyin olunan genderi fərqli olan insanlar üçün istifadə olunan ifadədir. Bütün translar hormon terapiyası və adaptasiya əməliyyatlarına ehtiyac duymur. Translar üçün “qarşı cinsdə hiss etmək” ifadəsini istifadə etmək yanlışdır. Ümumiyyətlə, transları təyin etməyə imkan verən xüsusi kriteriyalar yoxdur. Bir şəxsin trans olub-olmadığını yalnız özü təyin edir və şəxs bəyan etmədiyi müddətcə başqası bunu təyin edib-etməmək iqtidarında deyil. Bu səbəbdən translara özləri danışmaq istəmədiyi müddətdə terapiya və əməliyyatlarla bağlı sualların ünvanlanması qeyri-etik və transfobik davranışdır. Hətta bir çox hallarda seksuallıqla bağlı da suallar ünvanlanır. Qarşınızdakı şəxsin sualınızı cavablandırmağa razı olması sualın qeyri-etik olduğu gerçəyini dəyişmir. Üstəlik, bütün suallarınıza cavab tapa biləcəyiniz möhtəşəm biri var, adı Google-dur, istədiyiniz sualın cavabını fobiyanızı başqalarına nümayiş etdirmədən tapmağınıza kömək edə bilir.
Bəs siz öz gender kimliyinizi sorğulamısınız? Sizə təyin edilən gender sizi hansı dərəcədə ifadə edir? Və ya ümumiyyətlə ifadə edə bilirmi? Gender kimliyiniz sizdən tələb onunan normalarla və gözləntilərlə tamamilə uyğunlaşır?
Gender daima davam edən performansdır, təkmilləşən aktdır, dəyişikliyə meyillidir. Bu səbəbdən bizə diqtə edilən binar gender rolları zamanla əhəmiyyətini itirib, sıradan çıxmağa meyillidir. Dəyişməz olduğuna, dəqiq olduğuna transfobik tibbin bizi inandırmağa çalışdığı bioloji cins anlayışı binar deyil və əsasən xarici reproduksiya orqanlarımıza əsasən bizə təyin edilən genderi ehtiva edir. Hansı ki, biz həmin təyinata uyğunlaşmağa, bunu dəyişməz doğru olaraq qəbul etməyə məcbur deyilik. Yaşadığımız cəmiyyətdəki bütün strukturlar bizim təyin olunan normalara uyğun yaşamağımızı tələb etsə də, gender kimliyimizi təyin etmək iqtidarı yalnız bizə məxsusdur. Sadəcə bir çoxumuz bunun fərqində deyilik və tələb edilən rolu oynamağa davam edirik.
Müəllif: Raven
Powered by Froala Editor