Translar və binar normativlər

Gender dəyişilməsi mümkün, daima yenilənən və təkmilləşən bir akt və ya performansdır. Sözsüz ki, gender özünüifadəsi bunun ayrılmaz bir hissəsi sayıla bilər. Gender kimliyimizdən asılı olmayaraq hər birimizin gender özünüifadə şəkli özünəməxsusdur və hər hansı çərçivəyə uyğun olmasını gözləmək yanlışdır. Burada nəzərdə tutduğum yalnız hər hansı bir cəmiyyətə/icmaya məxsus, stereotipləşmiş gender normativləri və gözləntilər deyil. 

Trans çətirinə daxil olan gender kimliklərini mənimsəmiş şəxslərə, hətta bəzən bütün kuirlərə “opposite gender” (əks gender), “uniseks” gözləntiləri ilə binar normativlərə əsasən yanaşılmasıdır. Biz hər nə qədər bizə təyin olunan genderin bizim üçün əhəmiyyətsizliyini vurğulamağa çalışsaq da, dəfələrlə öz gender kimliyimizi və bu barədə düşüncələrimizi ifadə etsək də, gender özünüifadəmizə olan gözləntilər və yanaşmalar bizi hər zaman narahat etməyə davam edir. Biz hər dəfə kimlərəsə görə “kifayət qədər trans”, “yetərincə kuir” hesab olunmuruq. Yaxud da bizim “normal qadın//kişi”, “ adi qız/oğlan” olduğumuz və özümüzü marginallaşdırmağa çalışdığımız vurğulanır.

Özünü qeyri-binar olaraq təqdim edirsənsə, səndən olan əsas gözlənti “gendersiz” və ya “uniseks” stilə sahib olmağındır. Lakin gendersiz görünüş üçün tələblər adətən təyin olunmuş genderə görə fərqlilik təşkil edir. Özünü trans olaraq təqdim etdikdə əsas gözlənti “əks genderə” uyğun geyinmək olur. Məsələn, təyin olunmuş genderin kişidirsə, gözlənti dekorativ kosmetikadan istifadə, ətək və ya don geyinmək, rəngli və ya uzun saçlar, parlaq aksesuarlardan istifadə olduğu halda, təyin edilmiş genderin qadındırsa bu, bütün “feminin” şeylərdən imtina etmək və daha “maskulin” görünməkdir. Beləcə, sözdə “gender stereotiplərini qırmaq” adı altında stereotiplər yenidən həyatımıza tətbiq edilir. Normativləri tamamilə yox etməyə çalışmaq yerinə, yeni normalar və qəliblər yaradılmağa davam edir.

Şəxsi təcrübəmdə yuxarıda qeyd etdiyim hallarla dəfələrlə qarşılaşmışam və çox təəssüf ki, bu, əskər hallarda LGBTİQ+lər və özünü “ally” (müttəfiq) adlandıran şəxslər tərəfindən baş verib. “Ətək geyinmisənsə, deməli trans yox, adi qızsan”, “Davranışların və görkəmin ‘normal qız’ kimidir”, “Kosmetik vasitələrdən istifadə edirsənsə, necə qeyri-binarsan?”, saçın uzunluğu, aksesuarların və ya geyimin forması və s. barədə rəylərlə hər dəfə mənə “kifayət qədər trans” olmadığım izah edilib. Qeyd etdiyim rəylər bəzən sadəcə stil ilə kifayətlənməyib, bədən quruluşumun necə olmalı və ya olmamalı olduğunun müzakirəsi açılaraq body-shaming formasına belə keçə bilir.

Əsas problem genderimizi bu gözlətilərə uyğun və ya uyğunsuz ifadə etməyimiz deyil, binar və paralel olaraq cis-hetero normativlərin bu gözləntilərlərlə translara və kuirlərə tətbiq edilməyə davam etməsidir. Trans olmağın xüsusi bir resepti və ya əməl edilməli olan mütləq qaydaları yoxdur. Genderimizi necə ifadə etmək istəyiriksə, bunu etməkdə azadıq. Bədənlərin, geyimlərin, aksesuarların və ya digər hər hansı bir şeyin genderi yoxdur və genderləşdirilməsinə ehtiyac da yoxdur. Bütün qəlibləri, normaları, tələb və gözləntiləri yaradan insanlardır. Necə görünmək istədiyimiz bizim zövqlərimiz, inanclarımız və bəzən tabularımızla bağlıdır. Donları, kosmetikanı və ya parlaq aksesuarları sevib-sevməmək, özümüzə uyğun hesab edib-etməmək  bizim gender kimliyimizin təyinedicisi deyil və dəyişkənlik dəyişməyən yeganə şeydir.

Müəllif: Raven

Powered by Froala Editor