“Bədənim belə istədi” - VIII hissə
Roman
Müəllif: Aylin Wise
Tərcümə etdi: Günel Mövlud
***
Səhər 7:00-da zəngli saatım çaldı. Çətinliklə gözlərimi açıb, əlimi uzadıb, əl havasına saatı taparaq, söndürdüm. Onun beşcə dəqiqə sonra təkrar çalacağını bildiyim üçün, bu bir damcı zaman kəsiyini yatıb, yuxumu almağa çalışdım. İkinci zəng çalanda gerçək dünyaya qayıdıb, ayağa qalxmaq istəsəm də, bir cüt güclü qol belimə sarılaraq, məni isti və doğma bir bədənə sıxır.
– Bir az da uzan, – Lena gözləri qapalı halda çiynimdən öpərək deyir.
– Çox istərdim, amma səhər yeməyi hazırlamalıyam, – ikimiz də işə getməliyik, üstəlik, oğlumu da məktəbə göndərməliyəm.
– Pendir-çörək yeyərik də... – o bir daha məni bərk-bərk özünə sıxır. Onun qollarından qurtulmağa çalışarkən əllərim, ayaqlarım havada oynayır və bu hər ikimizi güldürür.
– Sən sudan çıxarılan krab görmüsən? – Lena gülərək soruşur.
–Yox! – deyə, bağırıb, onun əlindən qurtulmaq üçün uğrusuz cəhdlərimə davam edirəm.
– Bax, sən indi o kraba oxşayırsan. – bunu deyib, məni qıdıqlayır. İstəməsəm də, gülməkdən uğunub gedirəm.
…Aradan on ilin keçdiyinə inanmaq elə çətindir ki. Dəfələrlə dönüb ona baxıram və bu insanı tanışlığımızın birinci ilindəki kimi güclü hisslərlə sevdiyimə əmin oluram. Amma bu on il həyatımızdan elə çətinliklər, elə sınaqlarla keçdi ki...
***
Həmin gün biz rəsm qalereyasından ələ-ələ tutaraq, çıxmışdıq. İçimdə elə bir hiss vardı ki, elə bil, onun əlini buraxsam, ürəyim dayanacaq.
Küçədə yaz havası vardı. Moskvada heç vaxt olmayan bir aprel günəşinin ilıqlığını adam bütün canında hiss edirdi. Təbiət oyanmış, ağacları yaşıla bürümüşdü. Sərt Rusiya qışının son soyuq iynələri də şəhərin canından çıxmışdı. Küçədən keçən insanların üzündə baharın gətirdiyi xoş təbəssüm vardı.
Mənsə Lenanın yanında addımlamağın izahedilməz sevincini yaşayır və düşünürdüm ki, bir ömür belə addımlamaqdan yorulmazdım. Sevincdən üzüm alışıb-yanır, ürəyimin döyüntüsü elə artırdı ki, elə bil bu dəqiqə sinəmdən çıxacaq. Hisslərimin fəvvarə kimi vurduğu bu anlarda mənə əzab verən tək şey içimdəki şübhə idi: görəsən, Lena da mənim ona hiss etdiklərimi yaşayırmı...
Sahilə çatanda Lena axır ki, dilləndi:
– O lənətə gəlmiş görüş vaxtı da mən səni düşünürdüm, – o, gözlərini məndən qaçırmağa çalışır, elə bil baxışlarımdan çəkinirdi. – Başa düşməyə çalışırdım, sənlə aramızdan keçənlər nədir...
– Nəsə başa düşdün? – deyib, sanki hər şey onun bu cavabından asılı imiş kimi, əzab içində qovrularaq, gözlədim.
– Sənin kimi qızlar həyatımda az olmayıb. Bəzilərinin kişilərlə münasibəti çox pis olur, sarsılırlar. Bu sarsıntıya görə də, qadınlarla olmağı yoxlayırlar. Belə qadınlar çox vaxt sonra yenə kişilərlə münasibət qurur. Məncə, sənə də indi ancaq dəstək lazımdı, sonra bütün bunlar keçib geəcək.
Lenanın bu sözləri mənə çox pis təsir elədi. Özümü həm rədd edilmiş, həm də təhqir olunmuş kimi hiss edirdim. Ona hisslərimi açmağım mənə indi olduqca axmaq, mənasız bir şey kimi görünür, özümü tamamilə əhəmiyyətsiz adam kimi hiss edirdim.
Onun əlini buraxdım.
– Fikirləşirsən ki, mən sadəcə yoxlamaq istəyirəm? –
– Hər şeyi başa düşürəm və səni qınamıram. İndi sənə çətindir...
Mən onun izahlarına qulaq asmaq istəmirdim. Keçmişdəki münasibətlərini eşitmək istəmirdim. İstəyirdim bu gərginlik, bu səhnə yoxa çıxsın. Özüm də yoxa çıxmaq istəyirdim, çünki təhqir edildiyim bir an da olsun, ağlımdan çıxmırdı. Özümə qarşı olduqca qəzəbli idim.
Amma qəzəbimi də, təhqir olunduğum hissini də birtəhər basdırmağa çalışdım.
– Yaxşı, mən bunu yoxlamaq istəyirəm. – Sənin evinə gedək?
Lena əvvəlcə bir az çaşdı. Sonra gözlərini qıyıb, sanki sözlərimə inanmırmış kimi mənə baxdı. Onun baxışında başqa bir şey də vardı, sanki mən qəfil təklifimlə onun nəzəriyyəsini təsdiqləmişdim. Üzündəki ironik təbəssümdə bir az da məmnunluq vardı, axı mən onun dediklərini təsdiqləmiş olurdum.
Öz maşınımı qalereyanın yanında buraxaraq, Lenanın maşınına mindim. Onun bordo rəngli köhnə “Toyota”sından limon qoxusu gəlirdi. Mən oturacağa söykənib, onun maşını işə salmağını gözləyirdim, Lena isə tələsmədi. Birdən mənə tərəf çevrildi.
– Qurbağa ilə əqrəbin hekayəsini eşitmisən? – deyə soruşdu.
– Nəsə yadıma gəlmir.
– Çay qırağında oturan bir qurbağanın yanına əqrəb yaxınlaşır. Deyir ki, məni çayın o biri tərəfinə keçir. Qurbağa deyir ki, bunu edə bilməz, axı əqrəb onu sancsa, ikisi də öləcək. Əqrəb qurbağanı sancmayacağına and içir. Qurbağa da razılaşır. Çayın ortasında əqrəb qurbağanı sancır. Qurbağa ölüm ayağında soruşur ki, niyə belə axmaq bir hərəkət elədi. Səncə, əqrəbin cavabı necə olur?
– Nə olur? – deyə maraqla soruşdum.
– «Təbiətim belədir». Biz öz təbiətimizi dəyişə bilmirik. Neynək, sənin də “qurbağan” mən olaram, – deyə, o kədərlə əlavə edərək, maşını işə saldı.
Yol boyu danışmasaq da, onun gərgin olduğunu hiss edidrdim. Özüm də sanki iynə üstündə oturmuşdum, indi olanların doğrudan da baş verdiyinə inana bilmirdim. Mən ona nə sübut eləməyə çalışırdım? Ya özümə...
Şənbə günü şəhərdə tıxac olmadığına görə tez çatdıq. Lenanın kirayələdiyi mənzil beşinci mərtəbədə idi. Ötən əsrin altmışıncı illərində Moskvada bir-birinin ardınca ucaldılan, hamısı bir-birinə oxşayan doqquzmərtəbə beton evlərdən birində qalırdı. Bir vaxtlar bizim ailəmizin də mənzili belə evlərdən birində idi.
Liftlə qalxanda da danışmadıq. Lenanın açarları əlində necə gərginliklə oynatdığını görürdüm. Lift kabinəsi onun mərtəbəsində dayananda qəfil hiss elədim ki, burdan qaçmaq, evimə getmək istəyirəm. Ağlım yavaş-yavaş başıma gəlir və anlayırdım ki, bu baş verənlər doğru deyil. Qəzəbim keçmiş, soyuq başla düşünməyə başlamışdım deyə, bayaqkı cəsarətimdən heç nə qalmamışdı.
– Leyla, gəlmirsən? – Lenanın sualını eşidəndə bayaqdan liftin yanında donub qaldığımın fərqinə vardım.
Evə girib, ayaqqabılarımı çıxardanda evə qısa nəzər salıb, özlüyümdə tez təmizliyi və səliqə-səhmanı qiymətləndirdim. Birotaqlı mənzildə hər şey sparta tərbiyəsi görmüş adamlara xas dərəcədə minimal və təvazökar idi. Bir-iki lazım olan mebel, vəssalam. Nəsə dekorativ, ya da bahalı şeylər gözə dəymirdi. Otaqda taxta paltar dolabı, səliqə ilə örtülmüş yataq, üstündə noutbuk olan masa və kətildən başqa heç nə yox idi. Rəngi getmiş divar kağızları bu boz görüntünü daha da kədərləndirirdi. Balkonda duran velsopedi şüşəli qapıdan görmək olurdu.
– Otağın lap əsgər otağına oxşayır, – üzümü Lenaya çevirərək, zarafatla dedim.
– Kitablar üçün divara bir şkaf vurmalıyam, amma ev sahibəsi icazə vermir, – Lena mənə daha çox yaxınlaşdı.
Yanağımı sığallayaraq, qıvrım saçlarımı alnımdan geri daradı. O biri əli ilə belimi tutdu. Onun toxunuşları elə bil içimdə zələzələ yaradırdı. Bütün bədənim elektrikə qoşulmuş kimi titrəsə də, mən yerimdən tərpənə bilmirdim.
Lena donumun zəncirini aşağı çəkdi. Donum əynimdən sürüşüb döşəməyə düşən kimi, o yüngülcə məni itələyib yatağa uzatdı. Yatağa səriləndə Lenanın yataq örtüyünün xoş sərinliyi kürəyimi oxşadı. Sinəmdə nəsə isti bir şey get-gedə daha çox yayılır, qarın nayihəmdə isə gərginlikdən sanki bir düyün əmələ gəlirdi.
Lena çiyinlərimdən öpərək, büsthalterimi çıxarmağa başladı. Onun qaynar dodaqları sinəmi yandırır, əlləri qarnımı, budlarımı oxşayırdı. Mən hər saniyə artan, çox güclü bir ehtiras hiss edirdim. Amma nə qədər özümü toplasam da, rahat ola bilmirdim. İçimdə sanki nəsə vardı və o nəsə mənimlə mübarizə aparırdı. Özümə durmadan sual verirdim ki, o məni sevirmi? Sevmirsə, bu sevgi olmadan yatağa girmək doğrudurmu… İndi, ömrümdə heç vaxt hiss eləmədiyim ehtirası hiss etdiyim anda belə, mən sevgisiz ehtirası qəbul edə bilmirdim.
– Yox, gözlə, – deyib, yataqdan qalxmağa, fikirlərimi toparlamağa çalışdım.
– Nəsə olub?
– Bu düz deyil, – mən tez qalxıb, donumu götürməyə çalışdım.
Geyindiyim müddət ərzində Lena gözlərini məndən çəkmirdi. Bu, məni çox narahat edirdi, onun gözlərinə baxa bilmirdim. Təklif elədi ki, məni mənzil başına qədər aparsın, amma onunla bir az daha vaxt keçirmək mənə çox çətin olardı.
Həmin gün taksi tutub, rəsm qalereyasının yanına gələrək, maşınımı götürdüm. Evə gələndə içimdə olduqca ziddiyyətli hisslər vardı. Dayəni yola salıb, oğlumla oturub cizgi filminə baxdım, amma fikrim tamam uzaqlarda idi.
Bəlkə mən yanılırdım? Bəlkə mən özümlə bağlı da səhv yoldayam? Axı mən qəddar, kobud bir adama ərə getmiş, seçimimdə məyusluq yaşamışdım. Seks həyatımız çox iyrənc alınmışdı. Bədənim ərimi qəbul etməmişdi. Amma bütün bunlar mənim lezbiyan olduğumu təsdiq edirmi?
Lenanı xatırladım. Onun əlləri, dodaqları bu illər ərzində ərimlə bircə dəfə də yaşamadığım ehtirası yaşatmışdı. Bu hisslər yalan, səhv ola bilməzdi axı. Bəs, mən niyə qaçıb gəldim? Sağlam məntiqim deyirdi ki, mənə təkcə seks lazım deyil. Ona olan hisslərim Lenanın düşündüyündən daha dərin və güclü idi. Mən təkcə onun bədənini arzulamırdım, təkcə yatağa girməyi istəmirdim, mən onunla, Lena ilə birlikdə olmaq, onun həyatımda olmasını istəyirdim.
Bəs mən onun yanından belə halda qaçıb gələndən sonra nə etməli? Əvvəl özümü, fikirlərimi, hisslərimi qaydaya salmalı, özüm üçün hər şeyi aydınlaşdırmalı idim. Buna görə də, fikirləşdim ki, əvvəl nəsə bir işlə məşğul olum, sonra da sakitləşib, özümə gəlim.
İş axtarmağa başladım. Universitetdəki səylərim, öyrəndiyim dillər burda köməyimə gəldi. Cəmi iki müsahibədən sonra tikinti şirkətlərindən birində assistent olaraq işə düzəldim. Ofis şəhərin biznes mərkəzlərindən birində, birinci mərtəbədə idi. Mənə işlərimi görmək üçün balaca bir otaq ayırmışdılar. İşim əsasən sənədlər çap etmək, zənglərə cavab vermək, gələnlərin suallarını cavablamaq, konfransları təşkil etmək, rəhbərliyin tapşırıqlarını yerinə yetirmək idi.
İşə böyük həvəslə başlamışdım. Hər gün onlarla əməkdaşın oyan-bu yana gedib-gəldiyi, bir-biri ilə söhbət elədiyi, telefonların durmadan zəng çaldığı, hər dəqiqə hərəkət etməyin lazım olduğu atmosfer çox xoşuma gəlirdi. Bütün günü həvəslə işləyir, aradabir oğlumun yanında oturan dayə ilə danışıb, hər şeyin qaydasında getdiyini öyrənir, yenidən işimlə məşğul olurdum. İş o qədər də çətin deyildi, amma mənim üçün ən vacib olanı boşanmanı, valideynlərimin və qohumların tənələrini, ən əsası, Lenanı burda unuda bilməyim idi.
Uşağı dayənin yanında qoyub, işə getməyim ərimi bərk qəzəbləndirmişdi. Tez-tez mənə zəng edib, təhqir edir, hədələyirdi. Ona izah edə bilmirdim ki, özümü və uşağımı dolandırmaq üçün işləməliyəm. Bu, onun vecinə deyildi. Uşağı saxlamaq üçün bir qəpik də olsun, kömək eləmək barədə isə ümumiyətlə, düşünmürdü. Ancaq deyirdi ki, işsizdir, pulu yoxdur. Bu işsizlik, pulunun olmaması sonralar da, illərlə davam elədi.
Ərimlə barışmamağım anamı da hirsləndirmişdi. Hər axşam zəng edərək, məni fikrimdən daşındırmağa çalışırdı. İndi işləyirdim, ondan maddi olaraq asılı deyildim deyə, anamın üzərimdə hakimiyyəti qalmamışdı, bu isə onu daha çox özündən çıxarırdı.
– Özünü düşünmürsən, barı oğlunu fikirləş! Atasız böyüyən uşaqdan nə olacaq! – o, sakitləşmək bilmirdi.
– Oğlum atasız böyümür. Onun atası ölməyib. Tez-tez görüşürlər. Niyə atasız böyüsün ki, – deyə, yaxamı qurtarmağa çalışırdım.
– Mən onu demirəm. Oğlunun ata-anası bir yerdə yaşaması lazımdır ki, oğlun normal böyüsün.
Hiss edirdim ki, artıq özümdən çıxıram. Axı nə qədər belə davam edə bilərdi. Bitmək bilməyən danlaqlardan, qalmaqallardan, üzümə deyilən sözlərdən bezmişdim. Aylardır, belə davam edirdi. Hiss edirdim ki, daha bir damcı da olsun, hövsələm qalmayıb.
– Ana, sən məni bir azca da olsun, heç düşünürsən? Başa düşmürsən ki, o cür döyülmələrin axırında bir gün şikəst qala bilərdim? Mən sənin kimi yaşamaq istəmirəm, başa düşmürsən!
Bunu deyib, dəstəyi atdım, bir saniyə keçməmiş telefona yenə zəng gəldi. Nömrəyə baxmadan, açıb, bərkdən qışqırdım:
– Bir də mənə zəng eləmə, bəsdi!
– Deyəsən, pis vaxta düşmüşəm? – bu dəfə telefondan tanış, həlim səs gəldi.
– Oy, Nataşa, bağışla. Elə bildim, yenə anamdır zəng edən.
– Ananla nə isti münasibətləriniz var, – deyib, Nataşa güldü.
Nataşa ilə bir az ordan-burdan danışdıq. Hiss edirdim ki, onunla söhbət etdikcə, özümə gəlirəm. Qəfildən o soruşdu:
– Bura bax, Lena ilə aranızda nə baş verir?
Bir anlıq donub qaldım, ona necə cavab verəcəyimi bilmədim.
– Nəyi nəzərdə tutursan ki, – axır ki, özümü toplayıb, soruşdum.
– Lena tez-tez səni soruşur. Mən elə bilirdim, sizin öz aranızda əlaqəniz var.
Məsələ burasında idi ki, mən iki həftədir Lenaya inadla zəng eləmirdim, onun zənglərinə isə cavab vermirdim. Hərçənd, onunla danışmaqdan ötrü ürəyim gedirdi. Hər dəfə ondan sms gələndə içimdə burulğanlar partlasa da, qısa və quru cavab verirdim.
– Biz daha əvvəlki kimi sıx danışmırıq. Lenaya dedim, özünə başqa tərcüməçi tapsın. İndi mənim başqa, daimi işim var. Daha komikslərə vaxt ayıra bilmirəm.
Hiss elədim ki, daha özümü saxlaya bilmirəm. Buna görə də, əlavə elədim:
– Həm də ki, deyəsən, mən aşiq olmuşam.
– Hə, kimdi o xoşbəxt insan? – Nataşa təəccübləndi. Cavab vermədim. Birdən Nataliyanın heyrət dolu səsi gəldi:
– Ola bilməz!
İçimdə baş verənləri Nataliya ilə bölüşəndən sonra özümü bir az daha rahat hiss elədim, elə bil yüngülləşdim. O çox təəccüblənmişdi, mənim bir qadına aşiq olduğuma heç cür inana bilmirdi. Buna baxmayaraq, mənə dedi ki. İstənilən vaxt ona zəng edə, məsləhətləşə bilərəm.
Söhbətin sonunda Nataliya məni öz ad gününə dəvət elədi. Gələn şənbəyə düşürdü. İyirmi beş yaşı münasibətilə o, bütün dostlarını kafeyə dəvət edirdi.
Əlbəttə, başa düşürdüm ki, Lena da orda olacaq. Buna görə də, gələn şənbəni səbirsizliklə gözləyirdim. Amma o gün yaxınlaşdıqca daha çox narahat olurdum. Lenanı görəcəyim ağlıma gələn kimi ürəyim sanki ağzımdan çıxır, içimdə elə bil nəsə sıxılırdı.
Beşinci günün axşamı gecə yarısına qədər yata bilmədim. Bütün axşamı həm ad gününə geyəcəklərimi bir-birinə uyğnlaşdırır, həm də Lena ilə necə danışacağımı planlayırdım. Səhər oyanan kimi oğlumu geyindirib dayəyə verdim ki, atasının yanına aparsın, özüm isə başımı ev işləri ilə qatmağa çalışdım.
Saçlarımı fenlə qurudanda əllərimin əsdiyini hiss edirdim. Bilmirdim, bu, gecə yata bilmədiyimə görədir, yoxsa Lena ilə görüşdən qorxduğuma görə. İki dəfə paltar geyinib soyunandan sonra yaxası dərin dekolteli, qırmızı don seçdim. Mümkün qədər gözəl və qüsursuz görünmək istəyirdim.
Taksi çağırdım, həyacandan qızarmış halda maşına oturub, bütün yol boyu rahatlıq tapmadan getdim. Yolboyu düşünürdüm ki, bəlkə taksini evə döndərim. Kafeyə girəndə, Natalyanın bütün qonaqlarını artıq gəldiyini gördüm. Amma Lena onların arasında yox idi.
Nataliyanın doğum günü üçün kirayələdiyi zalı güllərlə bəzəmişdilər. Hər yerdə onun sevdiyi güllər – ağ qızılğüllər gözə dəyirdi. Nataşanı təbrik edib, masa arxasına keçərək, gələnlərlə tanış oldum. Gözlədiyim kimi, çoxu onun öz çevrəsindən idi, lezbiyan qızlar və bir gey cütlük. Bunun fərqinə varanda düşündüm ki, görəsən, Nataliya heteroseksuallarla da yaxın dostluq edirmi...
Məclisdəkilər olduqca rahat görünürdülər, bir-biri ilə deyib-gülür, uzun illərin dostları kimi zarafatlaşırdılar. Cütlüklərin bir-birinə münasibətində hörmət hiss edirdim, Hətta cütlüklər bir-biri ilə zarafat edəndə də, mən onların arasındakı dərin mənəvi bağlılığı görə bilirdim. Bu adi bir şey olsa da, mənim üçün görünməmiş bir şeydi, çünki nə öz ailəmdə, nə də digər azərbaycanlı qohumlarımızın ailəsində bunu görməmişdim. Gördüyüm şey ancaq kişinin qadına, arvadına yuxarıdan aşağı baxması, əmr etməyi, öz şişirdilmiş kişiliyini hər dəqiqə gözə soxmağı idi.
Bununla yanaşı, az qala bütün gələnlərin cütlük halında olduğunu görəndə birdən-birə məclisdə özümü təklənmiş və yad biri kimi hiss elədim, çünki tək gəlmişdim. Elə bu barədə düşünürdüm ki, birdən kiminsə yanımdakı kətilə oturduğunun fərqinə vardım.
– Hə, axır ki, görüşdük, – Lena gülümsəyərək dedi.
– Axır ki, heç olmasa bir tanış adam gördüm, – onu gördüyümə doğrudan da şad idim. Bütün həyacanım da sanki heç olmamışdı.
Lenanın əynində mavi cins şalvar, təmizliyindən və təzəliyindən parlayan ağ köynək vardı. Olduqca şıq və gözəl görünürdü. O, günəş eynəyini çıxarıb, açıq yaxamı uzun-uzadı süzdü. Büsbütün qızardığımı hiss elədim.
Lena ilə heç nə olmamış kimi deyib-gülür, zarafatlaşırdıq. Hərdən Nataliya mənə tərəf baxırdı, dodaqlarının hərəkətindən hiss edirdim ki, məndən “Hər şey yaxşıdırmı?” deyə soruşur. Başımı razılıq əlaməti olaraq tərpədir və gülümsəyirdim. Doğrudan da, özümü çox yaxşı hiss edirdim. Həyatımda ilk dəfə idi ki, ətrafımdakı insanların yanında özümü çox rahat aparır, öz yerimdə olduğuma inanırdım. Mənə elə gəlirdi ki, həmişə məhz bu adamların yanında olmalıyam.
Məclis bir neçə saat çəkdi. Qonaqların bəziləri gedəndən sonra birdən Nataliyanın ağlına gəldi ki, lezbiyan klubunda rəqs etməyə gedək. Belə qapalı klublarda heç vaxt olmamışdım deyə, bu, mənim üçün olduqca maraqlı idi. Nataliyanın sevgilisi İra və Lena təklif elədilər ki, qonaqları öz maşınlarında aparsınlar. Mən İranın maşınına mindim.
Çox gözə dəyməyən, ikimərtəbəli bir binanın qabağında dayandıq. Pəncərələrin hamısı qalın pərdələrlə kip çəkilmişdisə də, səsdən hiss olunurdu – içəridə bərk şənlik var. İçəri girəndə yanılmadığımızı gördük. Az qala dolu zaldakı bərk musiqi nəinki bizə danışmağa, heç düşünməyə belə imkan vermirdi.
Hamımız birinci mərtəbədəki masanın ətrafına toplaşdıq. Musiqilər bir-birini əvəz edir, o illərin məşhur hitləri səsləndirilirdi. Dicey pultunun yanında gicgahlarındakı tükləri qırxmış, saçlarını qısa vurdurmuş, qulaqlıqlı bir qız dayanmışdı. Onun düz yanında əyinlərində təkcə seksual alt paltarları olan iki qız rəqs edirdi.
Bizimlə gələn qonaqlar rəqsə başladılar, mənsə kənarda dayanıb ortama göz yetirirdim. Bu atmosfer mənə çox yaxşı təsir edirdi. Müxtəlif yaşlarda olan qızlar, qadınlar rəqs edir, bir-birilərinə gülümsəyir, özlərini olduqca rahat hiss edirdilər. Kənardan mənə zillənən bəzi baxışları sezirdim, bu da içimi tərpədirdi. Əgər baxanlar kişi olsaydı, hirslənərdim, amma indi qadınlar baxırdı deyə, bu, xoşuma gəlirdi. Qonşu masadakı bir qadın gözlərini məndən heç çəkmirdi.
– Bara gedirəm, sənə nəsə götürüm? – Lena qulağıma qışqırdı, çünki başqa cürə heç nə eşitmək mümkün deyildi.
– Mineral su. Qazsız. – gözlərimi rəqs edənlərdən çəkmədən cavab verdim.
Bir dəqiqədən sonra sakit musiqi səsləndi. Cütlüklər bir-biri ilə rəqs etməyə başladılar. Qonşu masada bayaqdan məni gözləri ilə yeyən qadın yaxınlaşıb, rəqsə dəvət elədi. Elə bu vaxt gördüm ki, Lena içkiləri alıb, geri qayıdır. Deməli, qadınla rəqs etdiyimi görəcəkdi. Buna görə də, qadınla rəqs eləməyə razı oldum.
Biz rəqs etməyə başlayanda gördüm ki, Lena doğrudan da gözlərini bizdən çəkmir. Düşdüyüm bu vəziyyət məni həm narahat edir, həm də xoşuma gəlirdi.
– Adın nədir? – əlləri ilə ehmalca belimi sıxan rəqs yoldaşım soruşdu. Onun əlləri məni narahat eləmədi, amma nəsə xoş bir şey də duymadım.
– Leyla, – əlimi onun çiyinlərinə qoyaraq, dedim.
– Çox şad oldum, mənim də adım Katyadır. Bura tək gəlmisən? – qadının hardasa qırx yaşı olardı. Çiyinlərinə qədər düşən düz saçlarına ağ cığırlar vardı, amma bu, ona yaraşır, xüsusi bir şarm verirdi. Əyninə kip oturan cins şalvarı, gənclərin geyindiyi gödəkçələrdən olan üst paltarı onun qəlbən çox cavan olduğundan xəbər verirdi.
– Yox, rəfiqələrimlə gəlmişəm, – deyib, gülümsədim. Bu arada rəqsdə fırlandıq və mən Lenanın bizə necə gərgin bir halda baxdığını gördüm.
– Səndən çox xoşum gəlir, – Katya dedi.
– Çox şadam, – gülümsədim və birdən fərqinə vardım ki, bu qadına qarşı heç nə hiss etmədiyim halda ona nəsə ümid verməyim doğru deyil. Buna görə də, tez dedim: – Bura bax, səndən gizlətmək istəmirəm. Burda bir qız var, mən onu sevirəm.
– Hə, sən onu qısqandırmaq istəyirsən? – qadın tez məsələni tutdu. O bunu deyəndə özümdən utandım. Amma Katya əlimi yuxarı qaldırıb, məni fırlatdı, mən az qala yıxılanda məni tez qolları ilə havada tutdu. – Onda gəl, sənə kömək edim.
Həzin musiqi və rəqs bitəndə mən masamıza qayıtmaq istəyirdim, amma rəqs yoldaşım onunla qalıb, başqa rəqslərdə də ona yoldaşlıq etməyimi təkidlə istədi. Bir neçə rəqsi onunla oynadıqdan sonra hiss elədim ki, həm çox yorulmuşam, həm də hündürdaban ayaqqabılarım artıq məni narahat edirdi. Ayaqlarım daha sözümə baxmırdı.
Katyaya təşəkkür edərək, təmiz hava almaq üçün çölə çıxdım. Məclisimizin oturduğu masanın yanından keçəndə Nataliyaya əl elədim və fikir verdim ki, Lena daha masanın yanında yoxdu.
Çölə çıxıb, təmiz havanı ciyərlərimə çəkdim, hiss elədim ki, siqaret tüstüsündən və uca musiqidən sonra beynim, ciyərlərim bir az dincəldi. Klubun daimi müştəriləri olan qızlar elə hey yanımdan gəlib, keçirdilər. Çox yorulduğumu hiss edirdim, məni əsnəmək tutmuşdu. Öz-özümə dedim ki, bir gecə üçün kifayət qədər çox təəssürat aldım, daha evə gedə bilərəm. Saata baxanda gecəyarısından çoxdan keçdiyini gördüm.
– Rəqs edib, doydunsa, səni evə apara bilərəm, – arxadan Lenanın səsi gəldi.
– Çantamı götürüb, gəlirəm, – deyib, ona tərəf baxmadan kluba qayıtdım.
– Gecə xoşuna gəldi? – biz klubdan aralananda Lena soruşdu.
– Çoxdandı, özümü belə yaxşı hiss etmirdim, – dedim.
– Hə, gördüm. Eksperimenti başqa qadınla eləməyi qərara aldın?
Bu sözlərdən sonra mənim şən ovqatımdan əsər-əlamət qalmadı. Bayaqdan yuxum gəlirdi, amma indi yuxum da tamam qaçmışdı. Daha danışmaq istəmirdim. Onun mənə heç bir şans vermək istəməməsi, heç buna cəhd belə etməməsi qüruruma toxunurdu. Əsəbdən üzüm dartınırdı, sinəmdə isə elə bil ağır bir yük vardı. Ağlamaq istəyirdim.
Mənim evimə çatanda Lena maşını saxlayıb, mənə tərəf döndü, amma mən üzümü yana çevirdim:
– Bağışla, – deyərək, əlimi sığalladı. – Özümü lap gic kimi aparıram. Fikir vermə, vurulan adamlarda olur belə şeylər.
Üzümü ona tərəf çevirib, gözlərinin içinə baxdım. Mənə elə gəldi ki, nəfəs almağım bir anlıq dayandı. Ayaqlarımın pambıq kimi yumşaq, əllərim buz kimi soyuq olduğunu hiss edirdim. Boğazım qurumuşdu, hətta ağzımın içində də sərt bir quruluq hiss edirdim, buna görə də danışmaq mənim üçün çətinləşmişdi. Onun sözlərini hara yozacağımı düşünür, cavab tapa bilmirdim. Bu nə idi, Lena mənə sevgisini etiraf edirdi?
Lena irəli gəldi, üzümü əllərini içinə alıb, birinci dəfə dodaqlarını dodaqlarıma toxundurdu. Bu hərəkəti elə incə, elə duyğulu idi ki, ona cavab verməkdən başqa yolum qalmadı. Onun dilini ağzımda hiss edəndə anladım ki, insan ancaq seviyini belə öpə bilər.
Bu an maşının şüşəsində bərk taqqıltı eşidildi. Lenanın əllərindən birtəhər qopub, çölə baxdım və maşının yanında bir kişi qaraltısının dayandığını gördüm. Bu, Samir idi.
Powered by Froala Editor