Interview with the local Drag Queen - Lady Slim
Drag culture has been at the forefront of entertainment around the world since the late 1960s
17/Jan/22
6250
Yerli Drag Queen ilə müsahibə - Lady Slim
Drag mədəniyyəti 60-cı illərin sonlarından etibarən dünyada əyləncə həyatında ön plana çıxmağa başladı. Sonrakı 80 və 90-cı illərdə drag populyar mədəniyyətdə yer qazandı. Xüsusən də Amerikada teatr, kino və moda sahəsində bir çox drag yer almağa başladı. LGBTQİ+ üsyanlarında öndə gedən drag-lar ifrat feminin geyimləri, makiyajları, binar patriarxal normalara meydan oxumaları ilə hər zaman danışıldı və danışılmağa davam edilirlər. Stonvol iğtişaşlarında səylərinə görə xüsusi seçilən Marsha P. Johnsonun, bir çoxlarımızın həyatına Ru Paulun Drag şouları ilə gələn bu mədəniyyətin Azərbaycanda drag və crosdressing-in hansı izləri qoyduğunu öyrənmək bir çoxlarına maraqlı olardı. 1916-cı ildə “Müsibəti-Fəxrəddin” faciəsindəki “Hürü nənə” rolunu canlandıran Hüseyn Arablinskinin belə əslində drag performativ tamaşa göstərməsi, Qazax rayonunda “Salahlı karnavalı" adlanan adətə görə, kişilərin feminin paltarlar geyinərək Novruzu qeyd etməsi kimi maraqlı faktlarla dolu olan crossdressing və drag performativ tamaşaları hazırda nə yerdədir?
Lady Slim - incə, bir az utancaq, bir az da dəlisov
Azərbaycan efirində də bir zamanlar “Babayev SHOW” adı ilə tanınan Lady Slim “Miss Temaclub 2010”, “Miss elegant 2011” yarışlarında uğurlar əldə edib. Həmçinin, 2010-cu ildə Ukraynanın Odessa şəhərində keçirilmiş "Miss Travesty International 2010", 2011-ci ildə Kişnyov şəhərində keçirilmiş "Dnestr üzərində göy qurşağı" tədbirlərində iştirak edib. Eləcə də məşhur “Kim nə bacarır” televiziya yarışına qoşulub:
"2008-ci ildən bu peşə ilə məşğulam. O zamanlar Azərbaycanda mən bunu qürurla deyirdim. Yadımdadır ki, 2010-cu ildə televiziyada efiri vasitəsi ilə böyük kütlə qarşısında bunu çəkinmədən elan etmişdim. Çünki mən özümdən heç vaxt utanmamışam. Səhnədəki istedada görə daha çox qürur duymaq lazımdır. Bu gün cəmiyyətdəki insanlar "kim nə deyər?", "kim necə baxar?" fikri ilə yaşayaraq öz istedadlarını basdırırlar. Həmçinin ilk drag queen-lərdən olduğum üçün özümdə məsuliyyət hiss edirəm. Drag olaraq özünü böyük bir kütləyə ilk ifadə edən insanlardan olmaq mənə "səhv bir şey göstərmə" düşüncəsini verir. Tamaşaçıların rəğbətini qazanmaq, heç zaman "bu nədir!?" reaksiyasını almamaq üçün çalışıb özümü təkmilləşdirmişəm.”
Tarixçilik, drag queen və drag tarixi
Bakı Dövlət Universitetinin tarix fakultəsində oxumuş Lady Slimin dediyinə görə, Drag mədəniyyətinin tarixi yanları da ona xüsusən maraqlı gəlib:
“Drag mədəniyyətinin həqiqətən çox qədim kökləri var. Məsələn, qədim Yunanıstanda (Afinada) teatrlarda drag performerləri görə bilərik, eyni zamanda qədim Yaponiyada teatrlarda qadınların iştirakına icazə vermədikləri üçün orada "qadın rollarını” "kişi" olaraq təyin edilən insanlar səhnələşdirirdi. O zaman bu teatral formada idi, indi isə drag mədəniyyəti bütün dünyada daha geniş şou formasına keçib.
Drag mədəniyyəti ilə ilk dəfə tanışlığım 2008-ci ilə təsadüf edir. O zamanlar mən Moskvaya səfər etmişdim və səhnədə özümə bir yer axtarırdım. Düzdür, mən tarixi çox sevmişəm, amma bilirdim ki, öz ixtisasıma uyğun işləmək istəmirəm. Bunun nə dərəcədə mümkün olub-olmayacağını bilmirdim. Onu düşündüm ki, mən daha çox səhnəni istəyirəm. Uşaqlıqdan bəri məndə istedad olub, hər zaman parodiyalar edirdim. Ağlıma gəlməzdi ki, mən Moskvaya gedib belə bir şey görərəm və məndə çox da gözəl alınar. Rusiyadaki drag queen-lərdən çox yararlanmışam. Qrim otağında etdikləri makiyajlara, səhnələrinə baxmaq mənə bir çox şey qazandırıb.”
“Efirdə kifayət qədər bu sahəni təbliğ etməyə çalışmışam”
Lady Slim deyir ki, efirdə tanınmağa başladıqdan sonra iştirak etdiyi yarışın prodüserinə dövlət orqanlarından zəng gəlib və onun səhnəyə çıxışı əngəllənib:
“Azərbaycanda 2010-cu ildə mən televiziya efirində çıxış etmişəm. Efirdə o zamanlar mən drag queen yerinə "travesti" deyirdim və ilk "travesti artist" olduğumu söylədim. Həmçinin "istedadlar" yarışmasında iştirak etmişəm, orada jüri Elçin Həmidov, Toppuş bacı (Tünzalə Əliyeva) və Əkbər Əlizadə idi. Jürilər mənim çıxışımı bəyəndilər və çox istiqanlı yanaşdılar. Eləcə də mənə dəstək idilər. Hətta bəzən şouda jürinin özü də müəyyən məqamları axıra qədər anlamırdı. Çalışırdım ki, onların hamısını jürilərə izah edim. Efirdə kifayət qədər bu sahəni təbliğ etməyə çalışmışam. Amma təəssüf ki, ömrü çox uzun olmadı.
Televiziya və yarışmalarda iştirak etdiyim dövrlərdə tamaşaçıların, medianın mənə reaksiyası çox müsbət idi. Azərbaycanda, ümid edirəm ki, nə vaxtsa mənim və mənim kimi sənətçilərin vaxtı gəlib çatacaq, biz də bu ölkədə normal nəfəs ala biləcəyik. O dövrdə də məni qanadlandırıb ümid verən məhz tamaşaçılar, onların göndərdiyi mesajlar idi. Təbii ki, mənfi rəylər də var idi. Bunsuz mümkün də deyil. Ümumilikdə isə, yarış boyu gələn səslərə (yarış daxili xallar) baxdıqda görünür ki, tamaşaçıların rəğbəti var idi.
Haqqımda hazırlanan məqalələrin silinməsi, videoların yığışdırılmasının səbəbi aydın məsələdir. Hətta mənim daha efirə çıxa bilməməyimin səbəbi də odur, verilişin prodüseri mənə gəlib dedi ki, "dövlət orqanları tərəfindən televiziyalara zənglər gəlib", beləcə də, mənim mediaya çıxmağıma qadağa qoyulub.”
“Bir çoxlarından bu ifadəni soruşsanız, onlar heç mənasını belə bilməyəcəklər”
Lady Slimin dediyinə görə, daha əvvəl bu sənəti Azərbaycanda icra etmək istəyənlər olsa da, cəmiyyət basqısı, məkan çatışmazlığı və senzuralar səbəbindən cəhdlər uğursuz alınıb:
“Hazırda ölkədə yaşayıram, xaricə tez-tez qastrol səfərlərim olur. Xaricdə kifayət qədər tamaşaçı kütləsi toplaşan yerlərdə mənim çıxışlarım var. Avropada, Türkiyədə, Birləşmiş Ərəb Əmirliklərində, İsveçrədə və s. ölkələrdə çıxışlarım olub. Əlbəttə, xaricdə işimə daha çox dəyər verirlər, onlara daha çox maraqlı gəlir, drag mədəniyyətindən xəbərdardırlar.
Azərbaycanda, təəssüf ki, görünən olan başqa drag queen yoxdur. Bir çoxlarından bu ifadəni soruşsanız, onlar heç mənasını da bilməyəcəklər. Məndən əvvəl, bildiyim qədəri ilə, Azərbaycanda səhnələr yaratmağa çalışanlar olub, amma göründüyü kimi, bu iş çox qəlizdir. Lakin mən hələ də vaz keçməmişəm. Hələ də qrim otağım, kostyumlarım olduğu kimi qalır. Nə zamansa Azərbaycanda işıq yanacaq.
19-cu əsrdə Azərbaycan teatrı yarandıqda qadınların teatrda iştirakı əngəllənirdi. Beləcə də, həmin rolları kişilər canlandırırdı. Düzdür, o zamanlar onları "mütrüf" adlandırırdılar, çoxlu çətinliklərlərlə üz-üzə qoyurdular. 20-ci əsrin 20-ci illərinə qədər qadınlar səhnədə daha aktivləşdilər. Yəni bu köklər bizim ölkəmizdə var. Elə indinin özündə də o kökləri görürük. Bunu inkişaf etdirmək üçün resurslar, lazımi məkanlar inkişaf etməlidir ki, drag sənətçilər performanslar edə bilsin.”
Günümüzdə crossdressing və drag performanslarını ya dövlətə bağlı olan fobik verilişlərdə, filmlərdə, ya da hansısa serialın dırnaqarası yumoristik parçası olaraq görürük. Kuir mədəniyyətinin əsas parçalarından olan, LGBTİQ+ hərəkatının hər zaman simvolikasına çevrilmiş Drag sənətçilər isə Azərbaycanda məkan, izləyicilərə çıxış, dövlət senzurası kimi bir çox problemlə üzləşdiyi üçün performanslarını qapalı məkanlarda kiçik icmalar üçün edə bilirlər.
Müsahibə aldı və mətni hazırladı: Əli Məlikov
Powered by Froala Editor