Roles in lesbian relationship: Butch and Femme
Butch and Femme - features, behaviors, styles, etc. in the lesbian subculture was used to refer to an identity of a male (butch) or female (femme)
18/Apr/22
2296
Lezbiyan münasibətdə rollar: Butch və Femme
Butch və Femme - lezbiyan subkulturasında xüsusiyyətləri, davranışları, tərzləri və s. ilə erkək (butch) və ya dişi (femme) bir kimliyi adlandırmaq üçün istifadə olunub, qadınlar arasında erotik və affektiv dinamikanı təsvir edir. Bu terminlər 20-ci əsrin ortalarında əsasən ABŞ və Britaniyanın işçi sinfi lezbiyan icmaları arasında cinsi və gender praktikasının bir forması kimi səsləndirilməyə başladı. Həmçinin, bu konsepsiya “cinsi münasibətlərin, cinsiyyətin və cinsi kimliyin təşkili yolu” adlanır. Butch-femme mədəniyyəti lezbiyan ikili sisteminin yeganə forması deyil, yəni butch-butch və femme-femme münasibətində olan bir çox qadın var.
Butch - ən çox ənənəvi kişi kimliyi nümayiş etdirən lezbiyanı qeyd etmək üçün istifadə edilən termindir. O, bəzən kişi tipli geylər, biseksuallar və transgender şəxslər tərəfindən də istifadə olunur. Lezbiyan mədəniyyətinin başlanğıcından bəri butch - lezbiyanların cəmiyyətdəki ənənəvi qadın xüsusiyyətlərindən fərqli olaraq erkək özəlliklərini dişilərdən ayırmaq üçün istifadə olunur. 1940-cı illərdə daha çox kişi paltarı geyinən və daha əzələli qadınlardan ibarət butch mədəniyyətinin və butch lezbiyanlarının yüksəlişi müşahidə edildi. Bu, əsasən onları fabrikdə işləmək və taksi sürmək kimi qadınlar üçün geyim kodu olmayan bir neçə işlə məhdudlaşdırırdı.
1950-ci illərdə ABŞ-da McCarthy dövrünün gey əleyhinə siyasəti ilə homoseksual və biseksual qadınlara şiddətli hücumlar geniş vüsət aldı, buna baxmayaraq lezbiyan icması daha güclü şəkildə meydan oxumağa başladı. Hücumlara qarşı müdafiəyə qalxmaq və barları gey qadınların ərazisi kimi saxlamaq ilk növbədə butch-ların öhdəliyinə düşdü. Butch-ın əsas xüsusiyyəti obrazının bu formada sərt və emosional olaraq güclü xarakterli olması idi.
Femme - fransız dilində “qadın” sözü olub, ənənəvi qadın kimliyini nümayiş etdirən lezbiyanı adlandırmaq üçün istifadə olunan termindir. Lezbiyanların tarixi və mədəniyyəti ilə sıx bağlı olan femme - lezbiyanlar arasında butch lezbiyanlardan ayırmaq üçün istifadə edilmişdir. 1990-cı illərdə femme termini biseksual qadınlar tərəfindən də qəbul edildi. Sözün alternativ işlənmə yerləri bəzi qeyri-lezbiyanlarda, xüsusən də gey kişilərdə, biseksuallarda və translarda mövcuddur.
Həm butch, həm də femme kimliyinə sahib olan lezbiyanların ifadəsi və ümumiyyətlə, lezbiyan icmasının cinsi əlaqənin tənzimləyici prinsipi kimi butch-femme anlayışına münasibəti 20-ci əsr boyu dəyişdi. Bəzi lezbiyan feministlər iddia edirlər ki, butch-femme heteroseksual münasibətlərin surətidir, digər şərhçilər isə butch-femme-nin heteroseksual münasibət modelləri ilə rezonans doğuraraq eyni zamanda ona meydan oxuduğunu iddia edirlər. 1990-cı illərdə ABŞ-da aparılan araşdırmalar göstərdi ki, lezbiyanların 95%-i butch/femme kodları ilə tanışdırlar və özlərini və ya başqalarını bu kodlar əsasında qiymətləndirə bilirlər, lakin yenə də bu anlayışı əhəmiyyətsiz hesab edirlər.
Etimologiya və simvologiyası
Femme sözü fransızca qadın sözündən götürülmüşdür. “Erkək” mənasını verən butch sözü isə ilk dəfə Corc Kessidinin Butch Cassidy ləqəbi ilə qeyd edildiyi kimi, qəssab sözünün qısaldılmasından yaranmış ola bilər. Ancaq sözün dəqiq mənşəyi hələ də məlum deyil.
Butch rəssam Daddy Rhon Drinkwater "ehtiras və sevgini" təmsil etmək üçün qırmızı dairə ilə kəsişən qara üçbucağı butch/femme simvolu olaraq yaradıb. Bu simvol ilk dəfə Butch-Femme.com saytında istifadə edilib (sayt hazırda aktiv deyil).
Atributlar
Butch/femme mədəniyyətinin haradan gəldiyini söyləmək çətindir. Fərqli mədəniyyətlərdə və müxtəlif tarixi məqamlarda oxşar davranışları və eyniləşdirmələri izləmək mümkün olsa da, eynicinsli münasibətlərin başa düşülməsində çarpaz eyniləşdirmənin əhəmiyyəti on doqquzuncu əsrin sonunda Almaniya, İngiltərə və ABŞ-da artmışdır. Bu terminlərin kimə şamil oluna biləcəyi və xüsusən də, transarın bu şəkildə müəyyən edilə biləcəyi ilə bağlı mübahisələr var. Həmçinin, butch və femme stereotipləri və tərifləri, hətta yaxın LGBT icmalarında belə ciddi formada dəyişir. Digər tərəfdən, yazıçı Jewelle Gomez XX əsrin əvvəllərindəki butch və femme-lərin gizli transgender kimliklərini ifadə edə biləcəyini düşünürdü.
Judith Butler və Anne Fausto-Sterling kimi alimlər iddia edirlər ki, butch və femme anlayışları "ənənəvi" gender rollarını mənimsəmək məqsədi güdmür. Bunun əvəzinə, onlar iddia edirlər ki, gender zəruri, "təbii" və ya bioloji deyil, sosialdır və tarixən qurulur. Femme lezbiyan tarixçisi Joan Nestle isə femme və butch-ın özlüyündə fərqli cinslər kimi görülə bildiyini qeyd edir.
Feminist baxış
Butch/femme rolları qadın azadlığı və gey azadlıq hərəkatlarının qızğın çağında hücuma məruz qaldı. Bir çox feministlər və lezbiyan feministlər butch/femme mədəniyyətinin lezbiyan münasibətlərinə heteroseksuallıq və patriarxiyanı gətirdiyini iddia edərək, ona etiraz etdi. 1970-ci illərdə bir çox butch və femme daha normativ qadın və ya gender-neytral üslubu qəbul etməyə təşviq edildi. Bu, fəhlə sinfinə aid kişi üslubundan uzaqlaşmaq, femme üçün isə özlərini güclü qadın kimi təsdiqləmək demək idi. Qadınlar həmçinin münasibətlərdə bərabərliyi və eyniliyi müdafiə etməyə təşviq edildi. Bu tip arqumentlərin əsas ideyası qadınların yanlış düşüncə ilə bu rolları mənimsəməyi və əsl istəklərinin nə olduğunu bilməmələri ilə əlaqəli idi. Lezbiyan feministlər, xüsusilə işçi sinfindən olan qaradərili qadınlar üçün universal bir standart olaraq, ağ orta sinif qadınlarla eyni hüquqa malik olmalı olduğunu müdafiə edirdilər.
İyirmi birinci əsrdə qlobal perspektivlər
Butch/femme-nin əhəmiyyəti iyirminci əsrdə queer mədəniyyətindəki bir neçə inkişafla dəyişdirildi. Queer tədqiqatlarında perspektivin əsasən Amerika fokusundan daha qlobal diqqətə keçməsi bir sıra milli və transmilli kontekstlərdə butch/femme mənalarının yenidən nəzərdən keçirilməsini tələb edir. Tənqidçilər və tarixçilər bütün dünyada bəzi gender-keçidli təcrübələrin əhəmiyyəti haqqında yazsalar da (Braziliyada travesti; Yerli Amerika mədəniyyətlərində berdache), 21-ci əsrin əvvəllərindən etibarən müasir Amerikanın queer mədəniyyəti üzərində düşünməyə daha çox üstünlük verilir.
Butch/femme mənası da 1990-cı illərdən bəri trans siyasətin və cəmiyyətin ortaya çıxması ilə dəyişdirildi. Artıq daha çox lezbiyan qadın cəmiyyətdə əsasən kişilərin gördüyü işlə məşğul olurdu deyə, butch anlayışının sərhədləri sual altında qalırdı. Baxmayaraq ki, butch cinsi kimlik və seksuallıq ilə əlaqədar idi, lakin hələ də cəmiyyətdə bu anlayış iş sahələrinə görə dəyişkənlik göstərə bilirdi.
1990-cı illərin sonu və 21-ci əsrin əvvəllərində gey və lezbiyan kimliyinin meynstrim olması həm də butch/femme mədəniyyəti ilə sosial stiqma arasındakı əlaqəyə dair mühüm suallar doğurur. 1998-ci ildə butch/femme kontekstində lezbiyan tənqidçi Sally Munt butch/femme-nin həyat tərzinə çevrilməsini şübhə altına alaraq “niyə əsasən fəhlə sinfi identifikasiyası orta sinif kimi müstəmləkəyə çevrilib?” deyə sual edir.
“Təcavüzkarlar” (“The aggressives”, 2005) sənədli filmində müsahibə götürülmüş bir neçə gənc qaradərili və asiyalı fəhlə sinfi qadınlarının ifadələri aydın göstərir ki, butch/femme XX əsrin ortalarında gəlib-getmiş bir üslub deyil. Müsahibə alınan qadınlar dərindən hiss olunan kişi şəxsiyyətinə şahidlik edirlər. Eyni zamanda film onların küçədə, iş yerində, ailədə təzyiqə məruz qalması, rədd edilməsi haqqında hekayələri, həmçinin lezbiyanların bunlara cəsarətli cavab və hərəkətləri butch/femme-lərin necə sağ qalmağa çalışaraq yaşadıqlarını göstərir.
Müəllif: Güləndam Hədisova
Powered by Froala Editor