How does the minimum wage affect trans people?
Ilham Aliyev signed a decree on setting the minimum wage in the country at 300 manat from January 1, 2022
31/Jul/22
4490
Minimum əmək haqqı translara necə təsir edir?
İlham Əliyev 2022-ci il yanvarın 1-dən ölkədə minimum əmək haqqının 300 manat müəyyən edilməsi barədə sərəncam imzalayıb. Bu sərəncama görə artıq 50 manat artırılan maaş limiti, əlbəttə, transların həyati təhlükə altında transfob mühitlərdə işsizlik problemləri ilə mübarizə aparmağa davam etmələrinə heç bir müsbət təsirini göstərməyəcək. Sistematik şəkildə baş verən transfobiya və trans kimliklərin yox sayılması Azərbaycanda transların qida, iş və təhlükəsizliyə çatımlılığını məhdudlaşdırır. Məsələn, təsəvvür edək ki, gedirik Bravo kimi hegemon supermarketlər şəbəkəsinin birinə və kassirlərdən biri trans qadındır. Yox, təsəvvür edə bilməzsiniz, çünki Azərbaycanda heç bir işəgötürən transları "kifayət qədər" görmədiyi üçün xidmət sektorunda da yer ayırmayacaq. Əlbəttə, birbaşa trans olduğu üçün qəbul etmədiyini deməyəcək, lakin "sizinlə əlaqə saxlayacağıq" bəhanəsindən sonra otaqdan uzaqlaşan transın addım səsləri azaldıqda, həmin sakitliyi müdirin, yaxud da köməkçi(lər)sinin gülüş səsləri basdıracaq.
Lap düşünək ki, iş sahibləri necəsə oldu və əngəl yaratmadı, transı işə aldı. Həmin məkana gələn müştərilər tərəfindən və ya digər işçilər tərəfindən yaranan transfob mühitlə bağlı rəhbərlik hansı alternativi yaradacaq? Əlbəttə, heç bir şey. Uzağa getməyək, bir müddət əvvəl fəaliyyətini dayandıran və QHT-çi LGBTQ+lərin də sevərək getdiyi məkanlardan biri sayılan "Saqi Wine Bar" adlı bir bar var idi. Bütün işçiləri isə translar. Həmin yerin sahibinin transları "qara qaşına, qara gözünə" vurulduğu üçün götürmədiyini bilirəm. Bəs nə üçündür?
Mətbəxdə çalışan trans qadın cəmi 300 manata həm mətbəxdə çalışırdı, həm mətbəxi təmizləyirdi, həm şef köməkçiliyini edirdi. Əmək müqaviləsiz işlədiyi üçün də şəxs öz təcili vəziyyətində belə adicə bankdan pul belə ala bilməzdi. Orada çalışan başqa bir trans kişi isə oraya qarson olaraq təyin edilmişdi. Lakin necə oldusa, birdən yerləri təmizləmək də onun boynuna qaldı. Daha əvvəl çalışan başqa bir qeyri-binar yoldaş isə az qala məkan sahibinin şəxsi köməkçisinə çevrilmişdi. Eləcə də barista olan digər trans kişi də.
Mən həmin məkan haqda xəbər hazırlamaq istəyirdim və 7-8 nəfər köhnə kuir işçi açıq şəkildə müsahibə verməyə də hazır idi. Elə bunu eşidən məkan sahibi də daha sonra maaşları 400 manata qaldırmışdı. Çox təəssüflər olsun ki, məkan bağlandıqda oradan hirslə ayrılan yoldaşlar vaxtikən onlara "gəlin məsələni ictimailəşdirək" dedikdə işlərini itirməmək üçün az qala "get rədd ol" deyirdilər. Mən başa düşürəm ki, trans kimliyimizlə iş tapmaq kifayət qədər çətindir, həmin yoldaşlar orada ikən işlərini itirmək istəmirdilər. Lakin ictimailəşdirməyi düşündüyüm zaman da mən oradakı vəziyyəti nəzərə alaraq hərəkət edəcəkdim. Elə həmin məkan sahibinə də bu maraqlıdır: translar işsizlik probleminə görə istismara susmağa davam edəcəklər.
Hətta "Saqi Wine Bar" adlı o məkanda yaşanan başqa bir işçi istismarını ictimailəşdirdiyim zaman bir kuir işçi də mənə yaxınlaşaraq: "məkan sahibindən (adını dedi) üzr istəsən yaxşıdır", - demişdi. Təssüf, çox təəssüf. İndi isə dolmanın vətəninə qayıdıram.
Ölkədə illeqal sayılan seks işçiliyi ilə məşğul olmaq trans qadınların azsaylı məhdud seçimlərindən biri olduğu periodda seks işçiliyinin qanunla qadağan sayılması, şəxsin azad seçimi olmaqdan çıxarılması və sistem tərəfindən canavarlaşdırılması qəbulolunmazdır. Hazırda məhz şəxsiyyət vəsiqəsində cins xanasına "kişi" yazılan trans seks işçiləri - "kişi" yazılan şəxslər seks işçiliyi etsə də, insan alveri ilə saxlanıla, külli miqdarda cərimələnə və həbs oluna bilərlər deyə, vəsiqələrini tranzisiya əməliyyatlarına girsələr də, dəyişə bilmirlər. Məhz təhlükəsizlikləri üçün. Yəni dövlət babanın qoyduğu tranzisiya qadağasının ikiqat görünməz qalxanları məhz seks işçilərinə də fərqli şəkildə təsir edir. Bəs deyək, tranzisiya keçmək istəsəyən şəxslərin problemləri?
Gender adaptasiya periodunda fiziki adaptasiyalar üçün hormon qəbulu, əməliyyat xərcləri, əlavə olaraq digər xərclər 300 manatla qarşılanmayacaq qədər çoxdur. Bu bloqu hazırlayarkən dostum Dənizlə söhbətləşdim və ona transiziyasında çıxan xərcləri, ümumən çıxmasını gözlədiyi xərcləri soruşdum və belə bir nəticə alındı: ümumən apteklərdə hormonal terapiya üçün preparatları çox təsadüfən tapmaq olur. Qiymətlər isə Türkiyə qiymətindən ortalama 4 dəfə bahadır. Buna görə düzgün hormonları qəbul etmək üçün mütləq şəkildə hormonları Türkiyədən gətirməli olur. Dərmanın ölkəyə gəlməsi üçün isə mütləq həmin gətirilən ölkədən kimsə gəlməlidir. Xaricdən dərman gətirənlər də 3-4 aylıq dərmanı depolamağa: birdəfəyə almağa məcbur qalırlar. Hazırdan qol əzələlərini əritmək üçün lazımı olan alət isə ümumən bilinməz səbəbdən ölkəyə buraxılmır.
Hormonal terapiya orta hesabla (həkim və yaranan əlavə xərcləri çıxmaqla) aylıq 40-50 azn xərc tutur. Mənə maraqlı olan başqa sualı soruşmaq istəyirəm ki, translar, xüsusən də fiziki gender adaptasiya mərhələsi keçirən translar minimum əmək haqqı ilə xərclərini necə qarşılaya bilər? Əgər translar 300 manatlıq maaş verən iş yerlərinə belə buraxılmırlarsa, seks işçiliyindən başqa alternativ iş şansları nədir? Əgər tək iş seks işçiliyidirsə, seks işçiliyinin illeqal olaraq hegemonların monopoliyasına çevrilməsi necə adlanmalıdır? İlham Əliyev özü 300 manatla dolana bilər? Əgər İlham Əliyev özü transiziya etsəydi və ya yuxarıda sadalanan ayrı-seçkiliklərə məruz qalsaydı, nə edərdi?
Müəllif: Əli Məlikov
Powered by Froala Editor