İnterseks dedikdə kimləri nəzərdə tuturuq?

LGBTİQ+dakı  “İ” -  "interseks"ləri təmsil edir.

İnterseks - cinsi xüsusiyyətlərdəki və ya reproduktiv anatomiyadakı fərqliliklər üçün istifadə edilən ümumi bir çətir termindir. İntersekslər bu fərqliliklərlə doğulur və yaxud uşaqlıq dövründə inkişaf etdirir. İnsan bədəninin inkişaf etdiyi ümumi iki yolla müqayisədə cinsi orqanlarda, hormonlarda, daxili anatomiyada və ya xromosomlarda bir çox mümkün fərqlilik vardır.

Bəzi interseks xüsusiyyətlər doğuşda müəyyən edilir. Digərləri isə yeniyetməlik dövrünə qədər, ya da yaşamın irəliləyən dövrlərində ortaya çıxmır. İntersekslər adətən bədənlərinə görə bullinqə məruz qalır, ya da çox erkən yaşlarda bədənlərini dəyişdirməyə məcbur edilir və ya buna görə sıxışdırılır. İnterseks xüsusiyyətlərini dəyişdirməyə yönəlmiş əməliyyatarın əksəriyyəti körpəlik dövründə həyata keçirilir.

İnterseks ifadəsi həmçinin bir icmanı təmsil edir. İntersekslər bütün sosio-ekonomik keçmişlərdən, irqlərdən, etnik mənsubiyyətlərdən, gender kimliklərindən və seksual oriyentasiyalardan, inanclardan və siyasi ideologiyalardan asılı olmayaraq mövcuddur. Onlar anatomiyalarındakı fəqli variasiyalarla yaşanan təcrübələri ilə, bu fərqliliklərin insan müxtəlifliyinin bir hissəsi olduğu inancı ilə, insanların öz bədənləri haqqında qərar vermək hüququna sahib olmalı olduğu fikriylə birləşir.

Bəzən intersekslər üçün hermafrodit, ikicinsli kimi ifadələr istifadə olunur. Hermafrodit əsla interseksləri ifadə etmək üçün istifadə edilməməlidir. Bəzi intersekslər bu ifadəni özləri üçün qəbul etsə də, bu, adətən, təhqir hesab olunur. İnterseks bədənə sahib olmaq heç də həm inkişaf etmiş penisə, həm də vaginaya sahib olmaq mənasına gəlmir, bu, şəxslərə görə müxtəlifdir.

“H sözü” mifologiyadan gəlir. İntersekslərin demonizasiya olunması üçün istifadə olunduğu güman edilir. Çox təəssüf ki, bir çox interseks bu təhqirin tibii mənbələrdə istifadə olunması ilə rastlaşıb.

Tibdə intersekslər üçün istifadə olunan digər geniş yayılmış ifadə “Disorder” və ya “difference of sex development” (DSD) - Cinsi İnkişaf Pozuntusudur. Bir çox interseks bədənlərinin “yanlış” olduğu və ya həkimlərin “korrektə edə biləcəyi” anomaliya olduğu fikrini dəstəklədiyi üçün DSD terminini rədd edir.

İnterfobiya nədir və LGBTİQ+ daxilində interfobiya varmı?

Əvvəlcə, interfobiya ifadəsinə aydınlıq gətirmək istərdim. İnterfobiya və ya interseksfobiya dedikdə intersekslərə qarşı ayrı-seçkilik və nifrət nəzərdə tutulur. Məsələn, daha əvvəl haqqında bəhs etdiyimiz hermafrodit, ikisinsli, cinsiyyətsiz kimi ifadələrlə intersekslərə müraciət edilməsi, binarlaşdırma və ya korrektə əməliyyatları və s. buna misal göstərilə bilər. 

İntersekslərin cins xarakteristikalarının və təcrübələrinin eyniləşdiriliməsi, intersekslərə genitaliya ilə bağlı sualların ünvanlanması, cins xarakteristikası və ya genitaliya müxtəlifliyi ifadələri yerinə anomaliya, pozuntu kimi ifadələrin istifadə edilməsi də, həmçinin interfobiyadır. Hətta bəzən interseksliyi üçüncü bioloji cins olaraq qəbul etmək yerinə, onların ana bətnində qaydasında getməyən hansısa proseslərə məruz qalaraq interseks doğulduğu əsas gətirilərək intersekslərin guya əsl cinsinin qadın və ya kişi olduğu iddia edilir.

Cəmiyyətin və səhiyyə sisteminin interfobiyasının fəsadlarına daha çox interseks körpələr və uşaqlar məruz qalır. İnterseks uşaqların bədənlərinə erkən yaşlarda razılıqsız cərrahi müdaxilə geniş yayılıb. Bədəninə cərrahi müdaxilə edilən əksər intersekslər həmin müdaxiləni xatırlamır. İnterseks doğulduqlarını isə əməliyyat izlərini və ya genitaliyalarındakı müxtəllifliyin səbəbini araşdırdıqda müəyyən edə bilirlər. Həyatı boyu interseks olduğunu bilmədən yaşayanlar da heç də az deyil.

Çox təəssüf ki, LGBTİQ+ daxilində də interfobiya var və bu, heç də qeyri-kuirlər arasındakı interfobiyadan aşağı deyil. Bunun əyani nümünəsi kimi əksər hallarda hətta aktivistlər və LGBTİQ+ hüquq müdafiə təşkilatlarının abbreviaturanın müxtəlif formalarında interseksləri vurğulayan “İ” hərfini qeyd etməməsi və interseks hüquqlarını mübarizədən kənarda qoymasını misal göstərmək olar. Söhbət etmək şansım olan interseks aktivistlər bildirirlər ki, onların ölkəsində LGBT təşkilatları bəzən sözdə interseks hüquqları üçün də mübarizə apardıqlarını bildirsələr də, interseks aktivistlər adətən bu mübarizədən təcrid olunur. Məhz bu təcridlərin və seqreqasiyanın nəticəsidir ki, interseks aktivistlər adətən LGBTİQ+ hüquq təşkilatlarında deyil, yalnız interseks hüquqlarının müdafiəsinə fokuslanan təşkilatlarda fəaliyyət göstərməyə üstünlük verir və həmin təşkilatlara daha çox etibar edirlər.


İntersekslər qanunla necə tanınırlar? 

Hər kəsin şəxsi həyatına hörmət edilməsi hüququ vardır. Avropa Birliyinin Fundamental Hüquqlar Xartiyasında (Maddə 7) və Avropa İnsan Hüquqları Konvensiyasında (Maddə 8) oxuduğumuz budur.

Gender kimliyi şəxsin öz imicinin formalaşmasında çox önəmli bir ünsürdür və intersekslər hamı kimi hər hansı bir ayrı-seçkilik olmadan, ədalətli və sadə bir şəkildə genderin hüquqi tanınmasına çatımlılıq azadlığına və haqqına sahibdir.

Bəzi intersekslər onlara doğulduqları zaman təyin edilmiş genderi rədd edir. Bəziləri özləri üçün doğru olan markeri seçməkdə çətinlik çəkir və ancaq zamanla genderini təyin edə bilir. Bəziləri isə kimliyinin zamanla formalaşdığını düşünür və şəxsi inkişaf təcrübələrini əks etdirən bir marker axtarışındadır. Təbii ki, üçüncü gender markerinin (yəni şəxsiyyət vəsiqəsində təkcə qadın və kişi deyil, digərlərinin də qeyd olunması) olduğu ölkələrdə bunlar daha asandır.

Bununla yanaşı, hazırda mövcud olan sistemlər adətən intersekslərin özlərini müəyyən etməsini əngəlləməkdədir, xüsusilə də onların çoxsaylı gender markeri dəyişməsinin qarşısını alaraq və bunun əvəzinə azad və xüsusi bir seçim olması zəruri olan şeyin təməli olaraq tibbi tələbləri diqtə edərək.


İntersekslərin qarşı-qarşıya olduğu çətinliklərin və hüquq pozuntularının aradan qaldırılması üçün dövlətin qarşısına aşağıdakı məsuliyyətlər qoyulmalıdır:


  • Doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi və pasportlar, seçki qeydiyyatı və digər sənədlər daxil olmaqla, şəxsin gender kimliyini, yaxud təyin olunmuş genderini göstərən bütün dövlət sənədlərində şəxsin özünün təyin etdiyi gender kimliyinin qeyd edilməsinin təminatı üçün bütün qanuni, inzibati və digər tədbirlərin görülməsi;


  • Bu tip proseslərin səmərəli, ədalətli və qeyri-diskriminativ olmasından əmin olmaq və aidiyyəti şəxsin ləyaqətinə və məxfiliyinə hörmət etmək.


İnterseks şəxslərə tibbi müdaxilə haqqında çox az hüquqi keys vardır. Bununla bağlı keyslərdən biri Almaniyada baş vermişdir. Belə ki, Köln Əyalət Məhkəməsi yetərli məlumat olmadan 30 il əvvəl bədəninə müdaxilə olunan bir interseksin ağrı və iztirabını qəbul etmişdir. İddiaçı 18 yaşında ikən uşaqlığını və uşaqlıq borularını çıxaran cərrahın əleyhinə xətalı gender təyini və fiziki xəsarət səbəbilə təzminat işi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə prosedurun lazımi icazə alınmadan həyata keçirildiyinə və iddiaçıya təqsirləndirilən cərrah tərəfindən ətraflı şəkildə məlumat verilmədiyinə dair qərar qəbul etmiş və daha sonra zərərçəkənə 100 min avro və əlavə faiz məbləğində təzminat təyin edilmişdir.


Azərbaycanda intersekslərin həyatı necədir? 

Azərbaycanda çox təəssüf ki, interseks olduğundan xəbərdar olan yetkin intersekslərin sayı çox azdır. Bunun başlıca səbəbi isə çox erkən yaşlarda valideynlərin razılığı ilə aparılan və ölkədə hələ də leqal olan binarlaşdırma - həkimlərin düşüncəsi ilə korreksiya əməliyyatlarıdır. Uşağın bədəninə müdaxilə edilib dəyişdirilməsi adətən onun özünü dərk etmədiyi çox kiçik yaşlarda aparıldığı üçün böyüdükdə o, bundan bəlkə də ömrünün sonuna kimi xəbərdar olmaya bilir. Sual yarana bilər ki, “necə olur, insan öz bədənindəki fərqlilikləri anlaya bilmir?” Buna cavab tapmaq üçün yaşadığımız ölkədə bədən, genitaliya və seksuallıq haqqında tabuları və qadağaları düşünmək kifayətdir. Azərbaycanda erkən yaşlardan başlayaraq əhatəli cinsi tərbiyə dərsləri keçirilməməsi, anatomiya dərsliklərində genitaliya və reproduktiv sistem haqqında yetərsiz və yanlış məlumatlar verilməsinin fəsadları ilə ən çox üz-üzə qalanlar yəqindir ki, intersekslərdir.

Az öncə interseks uşaqların bədəninə razılıqsız müdaxilədən bəhs etmişdik. Bununla bağlı bəlkə də bir çoxumuzun qarşısına çıxan bir nümunəni misal gətirmək istəyirəm. Təxminən 3-4 il bundan əvvəl Azərbaycanda fəaliyyət göstərən tibb müəssisələrindən biri öz sosial media hesabında qürurla paylaşmışdı ki, orada valideynlərin də istəyi ilə 3 yaşlı interseks uşağın bədəninə müdaxilə edilərək genitaliyasında dəyişiklik edilib. Onlar bu xəbəri paylaşarkən uşağın genitaliyasında anomaliya ilə dünyaya gələn oğlan olduğunu və bu anomaliyanı aradan qaldıraraq onun bədənini korrektə etdiklərini qürur duyulmalı bir nailiyyət olaraq təqdim etmişdilər və vurğulanmışdı ki, bu ilk belə “nailiyyətləri” deyil. Həmin xəbərə nəinki yetərli qınaq olmadı, hətta alqışlayan çox oldu. Lakin olmalı olan həmin cinayətin törədilməsində təqsirkar olan hər bir kəsin məsuliyyətə cəlb edilməsi, uşağın hüquqlarının müdafiəsi idi.

Sizinlə bölüşmək istədiyim digər həyat hekayəsi bəlkə də ölkə reallığı üçün müsbət nümunə sayıla bilər. Bu, Azərbaycanın rayonlarından birində yaşamış interseks haqqındadır. Onun bədəninə müdaxilə olunmamasının səbəbi bəlkə də doğulduğu dövrdə ölkədə intersekslərə tibbi müdaxilələrin yayılmamış olması idi. Onu və ailəsini tanıyanların bildirdiyinə görə, onun cins xarakteristikası ailəsi tərəfindən erkən yaşlarında müəyyən edilib. Lakin buna baxmayaraq, onun qadın olaraq böyüdülməsinə qərar verilib və buna əsasən ad verilib. Lakin ailənin düşündüyünün əksinə olaraq, onun böyüdükcə gender özünüifadəsi daha maskulin olub. Rayonda adətən onu “erkək filankəs”, ya da “oğlan-qız filankəs” deyə çağırırmışlar. Deyilənə görə, cəmiyyətin mental dəyərlər adı altında qadınlara təyin etməyə çalışdığı qadağalara baxmayaraq, o, adətən kişilərlə dostluq edir, çayxanaya gedir, siqaret çəkir, içki içir və məclislərdə qadınlar yerinə kişilərlə otururmuş.

O, öz yaşadığı dövrdə fərqlilikləri ilə birlikdə qəbul edilib, cəmiyyətdən tamamilə kənarlaşdırılmayıb. Bəlkə də ölkədə bizim bilmədiyimiz belə hekayələr çoxdur, sadəcə biz xəbərdar deyilik.


Azərbaycanda intersekslər qanunvericiliklə müdəfiə olunurmu?

Azərbaycanda LGBTİQ+ hüquqlarının müdafiəsini nəzərdə tutan xüsusi qanunvericilik sənədi yoxdur. Buna əsasən demək olar ki, lokal hüquq sistemi LGBTİQ+ barəsində laqeyddir. Lakin buna baxmayaraq qanunvericiliyin təhliliinə əsasən bəzi ümumi halları qeyd etmək olar.

Azərbaycan Respublikası Konstitusiyasının əsas vətəndaş hüquqları və azadlıqlarının müdafiəsini nəzərdə tutan üçüncü fəsli buna misal ola bilər. Daha spesifik qeyd etsək, bərabərlik hüququnun qorunmasını nəzərdə tutan Konstitusiyanın 25-ci Maddəsinin üçüncü hissəsinə əsasən: dövlət irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Bununun davamı həmin maddənin dördüncü hissəsində qeyd edilir: heç kəsə bu maddənin üçüncü hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan və vətəndaşın hüquq və azadlıqları əleyhinə olan cinayətləri əhatə edən iyirmi birinci fəsli digər bir nümunədir. Həmin fəsildə yer alan bərabərilk hüququnun qorunmasını təmin edən 154-cü maddəsində irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olaraq şəxsin hüquq və qanuni mənafelərinə zərər vurmaqla şəxsin bərabərlik hüququnu pozulduğu halda qanunvericiliklə müxtəlif cəzaların tətbiqi qeyd edilir.

Bu barədə hələ ki, hüquqi praktika olmasa da, Mülki Məcəllənin mülki hüquq pozuntusuna dair maddələrinə (Maddə 1096 və sonrakı) əsasən LGBTİQ+a qarşı nifrət nitqinə görə mülki məsuliyyət məsələsi qaldırıla bilər.

Qeyd etdiyimiz misallara baxmayaraq qanunvericilikdə gender kimliyi və seksual oriyentasiya spesifik olaraq qeyd edilmir. Qanunvericiklə yalnız binar bioloji cinslər tanınır və üçüncü cins olaraq intersekslər kənarda qalır. İntersekslərin bədəninə öz razılığı xaricində cərrahi müdaxilə edilib dəyişdirilməsi hallarının aradan qaldırılmasını nəzərdə tutan spesifik bir maddə yoxdur və daha əvvəl sadaladıqlarımız əsas götürülərək də interseks hüquqlarının müdafiəsinin təmininə çalışan hər hansı hüquqi praktika olmayıb. Həmçinin, həyata və sağlamlığa qarşı cinayət törətmiş şəxsin homofobik, transfobik və ya interfobik niyyəti ağırlaşdıran hal hesab edilmir.

Konstitusiyanın 148-ci maddəsində Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələr ölkə qanunvericiliyinin tərkib hissəsi hesab olunur. Kostitusiyanın 151-ci maddəsinə əsasən Konstitusiya və referendum yolu ilə qəbul olunmuş aktlar istisna olmaqla, beynəlxalq sazişlər ölkə qanunlarından daha üstün hüquqi qüvvəyə malikdir.


Müəllif: Raven


Powered by Froala Editor