Musiqidə kuirbeytinq


Daha öncəki yazımda kuirbeytinqin nə olduğu və seriallar, film və teatrda necə istifadə olunduğu barədə yazmışdım. Budəfəki yazım isə daha öncə də bəhs etdiyim kimi, kuirbeytinqin musiqidə necə istifadə olunması haqqındadır.

Musiqiçilər illərdir, öz musiqilərində gey münasibətlərinə eyham vururlar. Bununla birlikdə, son bir neçə ildə kuirbeytinqi müxtəlif formalarda əhatə edən çoxlu mübahisələr yaşandı: yanıldıcı mahnı sözləri, ictimai performanslar və bəzi pop ulduzlarının "etiketlər"ə girməyi rədd etmə rahatlığı.


Kuirbeytinq pop musiqisində onillərdir ki, var. Madonnanın Britney Spears və Christina Aguilera ilə 2003-də VMA səhnəsindəki öpüşməsindən, karyerasına “I Kissed A Girl” ilə başlayan Katy Perry-yə kimi, pop ulduzları kuir fanatlardan satış əldə etməyə yad deyillər.


Rita Ora 2018-ci ildə Bebe Rexha, Cardi B və Charli XCX-in yer aldığı  ulduzlarla dolu "Girls" trekini yayımlayanda mübahisələrlə qarşılandı. Ora, Billboard-a mahnını biseksual kimi kaminq aut üçün istifadə etdiyini açıqladığı zaman bəzi fanatlar mahnının qadınlar arasındakı münasibətləri təsviretmə üsuluna etiraz etdilər. Pop musiqiçilərdən LGBTIQ+ aktivist Hayley Kiyoko və yaxın zamanda TikTok hesabından lezbiyan kimi kaminq aut etmiş Kehlani mahnının bəzi sözlərindən açıq şəkildə narahat olduqlarını, bunun təhlükəli olduğu düşündüklərini və kuir qadınlarla bağlı stereotipləri davam etdirdiyini bildirmişdilər.


Lady Gaga-nın “Born This Way” mahnısı 10 ildən çoxdur ki, hələ də populyarlığını itirməyib və bir çoxları tərəfindən “LGBT himni” hesab olunmağa davam edir. “Mən belə doğulmuşam” ifadəsinin arxasında gizlənmək bədənimizi öyrənməkdən, gender kimliyimizi və seksuallığımızı araşdırmaqdan, dəyişkənliyi təcrübə etmək və seçimlərimizlə üzləşməkdən daha asan gəlir. Buna görədir ki, cis-het birinin yazdığı və bizi təmsil etdiyi iddia edilən “himn”i sevərək qəbul edir və eləcə də onu LGBTQ+ üçün ikona çevirməkdə problem görmürük.


Bəzi LGBTIQ+ aktivistlər Taylor Swift-in karyerası boyunca musiqi videoları, mahnı sözləri və performanslarında xüsusilə geybeytinq və ya kuirbeytinq elementlərinin yer aldığını və onun bu sayədə LGBTIQ+ fanatların marağını və maliyyəsini cəlb etdiyini iddia edirlər.


uirbeytinq son illərdə sadəcə pop musiqisi ilə kifayətlənməyərək hip-hop və R&B sənətçilərinin musiqi videoları və performanslarında da kifayət qədər yer almağa başlayıb. 2020-ci ildə Lady Gaga və Ariana Grande-nin “Rain On Me” hiti ilə birlikdə gey musiqisevərlərin digər bir sevimlisi olan reperlər Cardi B və Megan Thee Stallion-un qalmaqallı “WAP” hitini buna misal göstərmək olar. Grammy 2021 Musiqi Mükafatları mərasimində mahnı üçün sərgilənən performans mahnının özü kimi bir çox müzakirəyə səbəb oldu. Musiqiçi 2018-də Rita Ora ilə birgə ərsəyə gətirdiyi “Girls” işinə görə kuirbeytinqdə ittiham olunmuşdu və biseksual olaraq kaminq autu da həmin ildə etmişdi. Hər nə qədər bu barədə artıq daha diqqətli olmağa çalışdığını bildirsə də, son iki hitində (WAP və Up) qadın seksuallığı ilə bağlı stereotiplərə rast gəlmək mümkündür. Lakin buradakı digər bir məqam sadaladığım bir çox nümunənin həmçinin performativ biseksuallıqla əlaqəli olması və cis-het kişilərin baxışına və fantaziyalarına xitab etməsidir (bu barədə daha ətraflı başqa bir məqalədə yazacağam). 


Oxşar məqam Cardi B-nin 2021-də yayımlanan “Up” musiqi videosunda həm də COVID səbəbilə müzakirələrə səbəb olan yuxarıdakı səhnədə də qarşımıza çıxır.


Son illərdə populyarlığı gündən-günə artan və əsasən də gənclər və yeniyetmələr tərəfindən sevilən K-pop kuirbeytinq ilə xüsusi diqqət çəkir. K-pop musiqi videoları və rəqs xoreoqrafiyalarının əksəriyyətində qrup üzvləri arasındakı romantik yaxınlıq və ya erotik gərginlik nümayiş etdirilməyə çalışılır.


Bunda fan mədəniyyətinin bir hissəsi hesab olunan şippinqin (shipping – bəyəndiyin cütlüyün birlikdəliyini arzu etmək- red.) də rolu böyükdür. Cənubi Koreyanın konservativ bir ölkə olmasına baxmayaraq gey münasibətlərin xoş qarşılandığı yanlışına düşməyin. Aparılan sorğular müəyyən etmişdir ki, əksər fanatlar üçün sadəcə sevimli idolunun qrup üzvlərindən biri ilə bromance yaşaması kənardan biri ilə heteroseksual münasibət qurmama ehtimalını artırdığı üçün əhəmiyyətlidir.


Şipperlərin fantaziyaları isə öz əksini səhnədəki fan-servislərdə (skinship – yaxın dostlar arasında seksual olmayan toxunuşlar - red.) tapır.


2020-ci ildə Hollandiyada keçirilməli olan Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı təmsil etməsi nəzərdə tutulmuş Samira Efendinin səsləndirdiyi “Cleopatra” mahnısının sözləri bəzi mübahisələrə səbəb olmuşdu. Bəziləri mahnını “biseksual himn” hesab etsə də, ölkədəki vəziyyətimizi əks etdirməməsi səbəbindən bizim üçün heç bir təmsilçiliyi yoxdur. Sadəcə Avroviziya fanatlarının kuir təmsilçiliyinə önəm verməsi və ev sahibi ölkənin LGBTQ+ hüquqlarına görə öncül ölkələrdən olması səbəbindən biseksuallıq potensial qalibiyyət xətrinə mahnı sözlərində istifadə olunmuşdu. 


Nikkie Turtorials ilə müsahibəsində Azərbaycan təmsilçisi nəinki LGBTQ+, ümumiyyətlə seksuallıqdan da danışmır, mahnının azadlıq, özünəinam və gözəllik kimi şeylər haqqında olduğunu bildirir.

Musiqidə kuirbeytinqin bu qədər yer almasının zərərli cəhəti kuirlərin qarşılaşdığı çətinliklərə ifaçılar tərəfindən işıq tutmağa çalışılmamasıdır. Onlar qazanc əldə etmək üçün hər hansı bir şəkildə mariginallaşdırılmış bir kimlikdən istifadə edir və əksər hallarda LGBTIQ+ üçün problem yaradan stereotiplərin davam etməsinə səbəb olurlar. Qəsdən edilməsə belə, taktika problemlidir, xüsusilə fanat bazası böyük ölçüdə gənc, kuir insanlardan ibarət sənətçilərdən söhbət gedirsə.

Halsey, Troye Sivan, Hayley Kiyoko, Kehlani, Rina Sawayama, Sam Smith, Elton John, Olly Alexander, Lil Nas X, Kim Petras, Holland və s. bir çox LGBTQ+ musiqiçilər aktivizmlərini öz yaradıcılıqlarına daşımaqdan çəkinməyərək öz təcrübələri əsasında kuirlərin problemlərini bu yolla işıqlandırmağa və hüquq bərabərliyi üçün mübarizəyə davam edirlər. Hər nə qədər bəziləri kommersiya yönümlü, stereotipik işlər ərsəyə gətirsə də, ümid edək ki, növbəti illərdə daha layiqincə təmsil olunduğumuz musiqiçilər və musiqilər meydana çıxacaq.

Müəllif: Raven

Powered by Froala Editor