Performative bisexuality
In a previous article on queerbaiting in music, I noted that many of the examples I listed were also related to performative bisexuality
02/Sep/22
1551
Performativ Biseksuallıq
Musiqidə kuirbeytinq haqqındakı ötən məqalədə sadaladığım nümunələrin bir çoxunun həmçinin performativ biseksuallıqla əlaqəli olduğunu qeyd etmişdim. Bir çoxumuz sevimli sənətçimizin bizlərə “dəstək” olmasına inanmaqla məşğul olduğundan, bir çox önəmli məsələni gözdən qaçırırıq. Məsələn, bəlkə də ortada diqqət cəlb etmək üçün belə olsa, dəstəyə dair heç bir şey yoxdur və hədəf kütləsi tamam başqadır. Bütün bunları sorğuladıqda çox fərqli cavablar tapmaq mümkündür. Bizim “dəstək” olaraq qəbul etdiyimiz sevimli pop ulduzlarımızın öpüşməsi bəlkə də sadəcə performativ biseksuallıqdır.
Performativ biseksuallıq nədir?
Urban Dictionary-yə əsasən, performativ biseksuallıq – heteroseksual partnyoru cəlb etmək niyyəti ilə auditoriya önündə homoseksual aktlar gerçəkləşdirməkdir. Burada əsasən diqqəti cəlb olunmağa çalışılan şəxs cis-het kişi, diqqət cəlb etməyə çalışan isə cis qadındır.
Adrienne Rich 1980-ci ildə yayımlanan “Məcburi heteroseksuallıq və lezbiyan mövzudluğu” (“Compulsory heterosexuality and the lesbian existence”) məqaləsində qatı sosial normalara uyğunlaşmaq üçün qadınları heteroseksual olaraq müəyyənləşdirəcək “məcburi heteroseksuallığ”ın gərəkli olduğunu önə çəksə də, bu araşdırma heteroseksul identifikasiyalı qadınların digər qadınlarla adətən kişilərin qarşısında qrup partiləri, barlar və klublar kimi və s. sosial mühitlərdə homoerotik davranışlar sərgilədiyinə dair artan məlumatlar işığında “məcburi biseksuallıq” ehtimalını sorğuladı.
Performativ biseksuallıq haqqında qadınların hekayələrini araşdırmaq üçün fərqli keçmişlərə sahib qırx qadınla əsaslı görüşlər keçirildi. Daha gənc qadınlar (18-38 yaş) cəmiyyət içində daha çox performativ biseksuallıq təcrübələri olduğunu bildirsə də, daha yaşlı qadınlar (39-59 yaş) intim olaraq biseksual performans göstərməyə daha çox məcbur edildiyini bildirdi (məsələn, başqa qadınların da olduğu qrup seks üçün). Bundan əlavə, performativ biseksuallıq ilə əlaqəli təcrübələr tutarlı bir şəkildə LGBTQ+ hüquqlarını dəstəkləyən siyasi görüşü vəd etmirdi, bu da davranışlar və düşüncələr arasında bir ayrılma olduğunu göstərirdi.
Performativ biseksuallıq – əsasən qadınların bisekssuallığı mənimsəməsindən daha çox, cis-het kişilərin həzzinə xidmət etmək məqsədilə qadınların seksuallığını kontrol və manipulyasiya etmək üçün cəhdlərin simvolu kimi özünü göstərir. Daha sadə desək, cis-het kişilərin lezbiyan fantasiyaları və kuir qadın fetişlərinə xidmət edir. Mediada bunun bir çox nümunəsi var.
Meynstrim pornoqrafiya bu fetişizasiyanın üzərində qurulub – qadınlar arasında erotika və seksin heteroseksist kişi fantasizasında təzahürü əsasında. Bu səbəbdəndir ki, müasir mediada irəli çəkilən erotika daima iki və daha çox feminin, hətta ultra-feminin qadın arasındakı erotikadır. Bunu daha təhlükəli edən digər məqam isə qadınların könüllü şəkildə və ya kommersiya məqsədilə öz seksuallıqlarını kişilərin həzzlərinə görə formalaşdırmaqda və ya təqdim etməkdə problem görməməsidir. Filmlərdə, reklamlarda, musiqi videolarında bununla bağlı nümunələr həddindən artıq çoxdur. Bu da öz növbəsində biseksuallıq və kuir qadınlar haqqında zərərli stereotiplərin davam etməsinə xidmət göstərir: biseksuallığın real olmadığı cəfəngiyyatı, qadınlar arasındakı seksual münasibətlərin cis-het kişi (və onun möhtərəm penisi) olmadan daha dəyərsiz olduğu səfsətəsi kimi. Feminin lezbiyanların “saxtakar” hesab olunması, “əsl lezbiyan”ların maskulin olmalı olduğu iddiası da həmin stereotiplər silsiləsindəndir. Yəni qadınlar müəyyən şəkildə davranandıqda, müəyyən şəxslərlə münasibət yaşadıqda, müəyyən siyasi görüşü mənimsədikdə “kuir” hasab oluna bilər.
Əksər cis-het kişilər hələ də qadınların seksuallığı və bədəni üzərindəki qərarları haqqında özlərini qərarverici şəxs olaraq görməkdə heç bir problem görmür. Ötən məqalədə də misal gətirdiyim VMA 2003 Madonna, Britney, Christina performansı, Cardi B-nin WAP (Megan Thee Stallion ilə birgə) və Up hitləri və performanslarına, eləcə də bənzər bir çox ekran işi və performansa cis-het heteroseksist kişilərin (məşhurlar daxil olmaqla) necə reaksiya verdiyini araşdırıb, analiz etdikdə bunu aydın görmək olur.
Hər bir qadın öz bədəni və seksuallığı üzərində tam azadlığa sahibdir və qərarverici şəxs heç bir halda, partnyor olsun-olmasın, kişilər deyil. Qadınların seksuallıqla bağlı öz təcrübələrinə mediada, ekran işi və performanslarda yer verməsində də heç bir təhlükə və ya problem yoxdur. Sadəcə bunun auditoriyaya necə təsir edə biləcəyi, hansı yanlış fikirləri və stereotipləri dəstəklədiyi və kimlərə zərər verə biləcəyi barədə kifayət qədər düşünməyə ehtiyac var.
Müəllif: Raven
Powered by Froala Editor